Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müsəlman ölkələrinin nailiyyətlərini gözü götürməyənlər var

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İndoneziya Respublikası prezidentinin müavini cənab Budiyano və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə Qoşulmama Hərəkatının başlıca amallarına, hərəkata üzv olan ölkələrin son dərəcə yüksək imkan və potensiala malik olduğuna toxunaraq vurğuladı: “Qoşulmama Hərəkatının banilərinin əsas hədəfi formal bir qurum yaratmaq olmayıb. Onlar canlı və effektiv bir hərəkatın əsasını qoymaq istəyiblər. Bu hədəfi indi yenidən dirçəltmək lazımdır”.

O, əlavə etdi: “Qoşulmama Hərəkatına üzv olan ölkələr, o cümlədən onun banilərindən olan İndoneziya kimi ölkələr öz aralarında əməkdaşlıq edib, imkanlarını reallaşdıraraq beynəlxalq və regional məsələlərin həllində effektiv və həlledici iştirak nümayiş etdirməlidirlər”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, Qoşulmama Hərəkatı çərçivəsində icrası mümkün olan zəminlərdən biri də üzv ölkələrin təcrübə və nailiyyətlərindən istifadə olunmasıdır. O dedi: “Əlbəttə, müstəqil və müsəlman ölkələrin nailiyyətlərini gözü götürməyənlər də var. Onların məkrli planlarından ehtiyatlı olmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei məzhəb zəminində, özəlliklə də şiə və sünnilər arasında ixtilaf və toqquşmaların yaradılmasını təhlükəli planlardan biri adlandıraraq dedi: “Belə tədbirlər bəzi dövlətlərin dəstəyi, satqın ünsürlərin vasitəsilə həyata keçirilir. Hazırda Əfqanıstan və Pakistanda buna nümunələr görmək mümkündür”.

O dedi: “Əlqaidə” və “Taliban” regionda Amerikanın havadarlarının əli ilə yaradıldı. İndi də Amerika onlarla mübarizə bəhanəsi ilə Əfqanıstan və Pakistan kimi ölkələri bombardman edir. Əsl məqsəd isə bu ölkələrdə ağalığı ələ keçirməkdir”.

Ali Məqamlı Rəhbər İndoneziya, Misir və Liviyada qəsdən etnik və məzhəb zəminində müharibələrin salınması təhlükəsi ilə bağlı xəbərdarlıq edərək müsəlman ölkələrinin əvvəlkindən də artıq əməkdaşlıq etməli olduqlarını vurğuladı.

Görüş əsnasında İndoneziya prezidentinin müavini cənab Budiyano Tehranda Qoşulmayanlar Hərəkatının sammitinin yüksək səviyyədə keçirilməsindən məmnun qaldığını bildirərək İran və İndoneziya arasında iqtisadi əməkdaşlıq üçün olduqca geniş zəmin mövcud olduğunu dedi. O, əlavə etdi: “Tehranda baş tutmuş müzakirələrdə qərara alındı ki, hər iki ölkənin özəl və biznes sektoru daha da fəallaşdırılsın və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin yolları araşdırılsın”.

Qoşulmama Hərəkatına üzv olan ölkələrin beynəlxalq məsələlərin həllində daha qabarıq və effektiv rol oynamaq üçün mühüm potensiala malik olduqlarını qeyd edən cənab Budiyano İndoneziya əhalisinin dini və etnik tərkibinin müxtəlifliyi ilə bağlı aşağıdakıları dedi: “İndoneziya dövləti daim müxtəlif etnik və dini mənsubiyyətli insanların bu ölkədə sülh, asayiş və birlik şəraitində yaşaması üçün münasib zəmin yaratmağa çalışmışdır”.

İndoneziya prezidentinin müavini həmçinin iqtisadiyyat sahəsində mütəxəssis olduğunu qeyd edərək Ali Məqamlı Rəhbərə müraciətlə dedi: “Mən cənabınızın müqavimət iqtisadiyyatı ilə bağlı fikirləri ilə tanış olmuşam və onların olduqca yeni və maraqlı olduğunu düşünürəm”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /