Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hegemon dövlətlərin siyasətinə qarşı yeganə mübarizə yolu müstəqil və müsəlman ölkələrinin əməkdaşlığıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Banqladeşin baş naziri xanım Şeyx Həsinə Vaced və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (cümə günü) səhər baş tutan görüşündə İran və Banqladeşin qədim mədəni tarixinə, uzaq keçmişdə Banqladeşdə fars dilinin geniş yayılmış olduğuna toxunaraq vurğuladı: “Dərin mədəni əlaqələr siyasi, beynəlxalq, ictimai və iqtisadi əməkdaşlıqlar üçün münasib zəmindir”.

Banqladeşin İslam Konfransı Təşkilatında, Qoşulmama  Hərəkatında və “D8” qrupunda nüfuzlu mövqeyə malik olduğunu qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Müsəlman ölkələrinin əməkdaşlığı, biri-birinin potensialından yararlanması, heç şübhəsiz, müsəlman xalqlarının mənafeyinə, onların qüdrətinin günü-gündən artmasına xidmət edəcək”.

Hegemon dövlətlərin siyasətinə qarşı yeganə mübarizə yolunu müstəqil və müsəlman ölkələrinin yaxınlaşmasında və əməkdaşlığında gördüyünü bildirən Həzrət Ayətullah Xamenei dedi: “Bu birlik və əməkdaşlıq ciddi surətdə mövcud olsaydı, hazırda Suriya və Bəhreyndəki təəssüfləndirici hadisələrin şahidi olmaq məcburiyyətində qalmazdıq”.

Görüş əsnasında Banqladeşin baş naziri xanım Şeyx Həsinə Vaced Ali Məqamlı Rəhbərin sözlərini təsdiqləyərək dedi: “Müstəqilliyini əldə etmiş ölkələr və müsəlman ölkələri öz imkan və potensiallarını səfərbər edərək hegemon dövlətlərin başqa  ölkələrin əvəzinə qərar qəbul etməsinə mane olmalıdırlar”.

O həmçinin vurğuladı: “Banqladeş İranla müxtəlif sahələrdə, özəlliklə də iqtisadiyyat və ticarət sferasında əlaqələrini genişləndirməyi arzu edir”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /