Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bəzi xarici qüvvələr regionun bəzi ölkələrindəki problemləri Livana sirayət etdirməyə çalışırlar

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Livan Respublikasının prezidenti ilə bu gün (cümə axşamı) günortadan sonra baş tutan görüşündə bu ölkənin regionda xüsusi əhəmiyyətə və həssaslığa malik olduğunu qeyd etdi. O dedi: “Bəzi xarici qüvvələr regionun bəzi ölkələrindəki problemləri Livana sirayət etdirməyə çalışırlar. Livandakı partiya və tayfaların birliyi və əməkdaşlığı, mühüm bir dəyər olan müqavimətin üzərində möhkəm durmaları bu manevrləri uğursuzluğa düçar edə bilər”.

Livanı regionda mühüm və həssas bir ölkə adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “Livanın liderləri və görkəmli şəxsiyyətləri gözəl bir təcrübə nümayiş etdirməyi, din, məzhəb və tayfa mənsubiyyəti zəminində qəsdən körüklənən münaqişələrə qarşı səbatlı olub müqaviməti dəstəkləməklə bir çox problemləri həll etməyi bacarıblar”.

Livanda vətənin birliyi və bütövlüyü ilə bağlı fikirlərin səsləndirilməsinin düzgün siyasət olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Livanın daxilində və xaricində bəzi qüvvələr xəyallarında müəyyən planlar qururlar, lakin siz – baş nazir və parlament sədri prosesləri çox yaxşı idarə edirsiniz. Bu koordinasiyanı qoruyub saxlamaq lazımdır”.

Suriyaya istənilən xarici müdaxilənin əleyhinə çıxmaq məsələsini  vurğulayan  Həzrət Ayətullah Xamenei  dedi: “Suriya məsələsini həll etməyin yeganə yolu bu ölkədəki məsuliyyətsiz qruplaşmalara silah göndərilməsinin qarşısını almaqdır”.

Görüş əsnasında Livan prezidenti cənab Mişel Süleyman Tehranda Qoşulmama Hərəkatının sammitinin çox gözəl və yüksək səviyyədə keçirilməsinə görə Ali Məqamlı Rəhbərə qədirdanlığını ifadə edərək İran-Livan əlaqələrinin əvvəlkindən də artıq genişləndirilməli olduğunu vurğuladı. O dedi: “Ümidvaram ki, bu sammit və İran İslam Respublikasının Qoşulmama Hərəkatına sədrlik etməsi müxtəlif mövzular, o cümlədən Fələstin məsələsi ilə bağlı müsbət və əməli nəticələrin əldə olunması üçün şərait yaradacaq”.

Livan prezidenti həmçinin ölkəsindəki vəziyyət, müdafiə mövzusunda aparılan strateji danışıqlarla bağlı açıqlama verərək dedi: “Biz düşünürük ki, Livan əvvəl olduğu kimi, yenə də müqavimətə ehtiyac duyur. Livan hökuməti danışıqlar, qarşılıqlı anlaşma və əməkdaşlıq üçün zəmin yaratmaqla Livana xaricdən istənilən formada gərginliyin sirayət etdirilməsinin qarşısını alacaq”.

Cənab Mişel Süleyman həmçinin Suriyada gedən proseslərə də toxunaraq dedi: “Livan Suriyaya istənilən xarici müdaxilənin əleyhinədir və bu ölkədəki problemlərin danışıqlar yolu ilə həllini tapmalı olduğunu vurğulayır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /