Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dünyanın ən zorakı dövlətləri BMT Təhlükəsizlik Şurasında hökmranlıq edir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) günortadan sonra BMT-nin baş katibi cənab Ban Ki Mun və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü. Görüş zamanı İran sivilizasiyası və mədəniyyətinin  tarixi keçmişinə toxunan Ali Məqamlı Rəhbər dedi: “İranın sivil-mədəni məsələlərdəki mühüm və yüksək mövqeyini nəzərə alaraq demək olar ki, İran İslam Respublikası İslam dinindən qaynaqlanan bəşər sivilizasiyası və mədəniyyətini genişləndirmək üçün müsbət zəminə malikdir”. Çıxışının davamında bəşəriyyəti narahat edən müştərək problemlərə, o cümlədən nüvə silahından tərksilah mövzusuna toxunan Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “İran İslam Respublikası “Orta Şərqdə nüvə silahı olmasın!” mövqeyi üzərində israrla durub və BMT nüvə silahı ilə bağlı mövcud olan narahatlıqların aradan qaldırılması üçün ciddi səy göstərməlidir”.

İsrail rejiminin Amerika və bəzi digər dövlətlər tərəfindən atom silahı ilə təchiz olunduğuna toxunan Həzrət Ayətullah Xamenei dedi: “Bu, region üçün böyük bir təhlükədir və BMT-dən bununla bağlı tədbir görməsi gözlənilir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Təəssüf ki, BMT-nin tərkibi qüsurludur. Dünyanın atom silahına malik olan, bu silahdan istifadəyə də yol vermiş ən zorakı dövlətləri Təhlükəsizlik Şurasında hökmranlıq edirlər”.

Həzrət Ayətullah Xamenei BMT-nin baş katibinin Suriya ilə bağlı səsləndirdiyi fikirlərə, İran İslam Respublikasından bu böhranın həllinə yardımçı olmasını istəməsinə toxunaraq əlavə etdi: “Suriya məsələsi bu ölkənin günahsız əhalisinin qurban getməsi ilə nəticələnən olduqca acınacaqlı bir məsələdir”.

Ali Məqamlı Rəhbər vurğuladı: “İran İslam Respublikası öz dini etiqadına və təlimlərinə əsasən, Suriyadakı böhranın həlli istiqamətində istənilən səyi göstərməyə hazırdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Lakin Suriya böhranının həlli üçün təbii bir şərt vardır ki, bu da ölkə daxilindəki məsuliyyətsiz qruplaşmalara silah göndərilməsinin qarşısını almaqdan ibarətdir”.

“Suriyanın hazırkı vəziyyəti ölkənin əksər sərhədlərindən buradakı müxalif qruplaşmalara silahların sel kimi göndərilməsinin nəticəsidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Suriya dövlətinin əlində silahın olması təbiidir, çünki hər bir dövlət kimi Suriya dövlətinin də ordusu var”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Suriya ilə bağlı acı həqiqət budur ki, bir qrup dövlət Suriyadakı müxalif qruplaşmaları öz əvəzinə ölkə rəhbərliyinə qarşı müharibəyə məcbur edib. Başqalarının əvəzinə aparılan bu müharibə Suriyada mövcud olan bugünkü böhranın reallığıdır”.

Həzrət Ayətullah Xamenei dedi: “Suriyada müxalif qruplaşmaların əli ilə öz əvəzlərinə hökumətə qarşı müharibə aparan dövlətlər cənab Kofi Annanın layihəsinin icrasına da mane oldular və bu layihənin nəticə verməsinə imkan yaratmadılar”.

O, əlavə etdi: “Nə qədər ki bu olduqca təhlükəli plan bəzi dövlətlər tərəfindən Suriyada davam etdirilir bu ölkədə vəziyyət dəyişməyəcək”.

Sözünün davamında BMT baş katibinin İranın nüvə məsələsi ilə bağlı səsləndirdiyi fikirlərə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Amerikalılar İranın nüvə silahı əldə etmək niyyətində olmadığını çox yaxşı bilirlər. Onlar sadəcə bəhanə axtarırlar”.

Həzrət Ayətullah Xamenei İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sıx əməkdaşlıq etdiyinə toxunaraq dedi: “Agentlik öz qərarlarına əsasən, İran İslam Respublikasına elmi-texnoloji cəhətdən kömək göstərməlidir, lakin Beynəlxalq Atom Enerjisi Agentliyi nəinki bunu etmir, əksinə daim İranın nüvə tədqiqatlarına əngəl olur”.

“Qərblilər özləri bəzi virus proqramları, o cümlədən “Staksnet” vasitəsilə elektron-texniki təxribatlar törətdiklərini etiraf edirlər” – deyən Ali Məqamlı Rəhbər  əlavə etdi: “Beynəlxalq Atom Enerjisi Agentliyi bu məsələyə nə üçün münasibət bildirmədi?”

Həzrət Ayətullah Xamenei İranın Amerikanın birinci rəsmisi tərəfindən nüvə ilə təhdid olunduğunu da qeyd edərək cənab Ban Ki Muna dedi: “Biz BMT-nin təcili surətdə bu təhdidə qarşı çıxacağını gözləyirdik”.

İran İslam Respublikasının nüvə silahının istehsalı və istifadəsinin qadağan olması ilə bağlı mövqeyini bir daha vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Bizim bu mövqeyimiz Amerika və Qərb dövlətlərinə xoş gəlmək niyyətinə yox, dini etiqadımıza əsaslanır”.

Ali Məqamlı Rəhbər sözünü BMT baş katibinə xeyirxah bir məsləhətlə yekunlaşdıraraq dedi: “Atom silahından tərksilah mövzusunda heç bir dövləti nəzərə almayın və bu gün əlinizdə olan fürsətdən düzgün istifadə edin”.

Görüş zamanı BMT-nin baş katibi cənab Ban Ki Mun İranı Qoşulmama Hərəkatına sədrlik etməsi münasibəti ilə təbrik edərək bu ölkənin regionda son dərəcə mühüm, effektiv rol və nüfuza malik olduğunu qeyd etdi. O dedi: “Suriya məsələsi ilə bağlı mən BMT-nin baş katibi olaraq, İran İslam Respublikasından xahiş edirəm ki, öz nüfuz və qüdrətindən istifadə edərək Suriyadakı böhranın həlli üçün zəmin hazırlasın”.   

Cənab Ban Ki Mun əlavə etdi: “Biz düşünürük ki, Suriya dövlətinə və oradakı müxalif qruplaşmalara silah göndərilməsinə son qoymaq lazımdır”.

İranın nüvə məsələsi ilə bağlı narahatlığını da ifadə edən cənab Ban Ki Mun ölkənin Beynəlxalq Atom Enerjisi Agentliyi və “5+1 qrupu” ilə daha geniş əməkdaşlıq etməsini xahiş etdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /