Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmperialistlər xalqımızın qarşısında heç vaxt qalib çıxa bilməyəcəklər!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı və hökumət kabinetinin üzvləri ilə bu gün (cümə axşamı) səhər keçirdiyi görüşdə dövlətin bəzi güclü cəhətlərini sadalayaraq müqavimət iqtisadiyyatının ölkənin inkişaf tempini davam etdirmək üçün yeganə yol olduğunu bildirdi. O vurğuladı: “Dövlət və qeyri-dövlət sektorlarının bütün potensialından istifadə, əhalinin məişət problemlərinin həlli istiqamətində ciddi səy göstərmə, korrupsiyaya qarşı mübarizə, milli istehsala dəstək vermə, israfçılıqla mübarizə müqavimət iqtisadiyyatının zəruri tələbləridir”.

“Dövlət həftəsi”nin əvvəlində baş tutan görüş zamanı Ali Məqamlı Rəhbər şəhid Rəcayi, Bahonər və Əraqinin xatirələrini ehtiramla yad edərək bildirdi ki, bu dəyərli insanları uca tutmaq İslam İnqilabı diskursunu və şəhidlik dəyərini yaşatmaq deməkdir.

“Dövlət həftəsi” xidmətlərinə görə icraedici hökumətə, dövlət strukturlarının rəsmilərinə və digər əməkdaşlarına təşəkkür etmək üçün fürsətdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu həftə hökumətin fəaliyyəti ilə bağlı məlumatları xalqa təqdim etmək, insanları bu sahədəki həqiqətlərlə tanış etmək üçün fürsət yaratmaqdan əlavə,  icraedici hökumətin özünü daxildən dəyərləndirməsi, güclü və zəif cəhətlərini nəzərdən keçirməsi üçün də şans verir”.

Xalqa xidmət üçün insana verilən fürsətlərin sürətlə əldən çıxdığını bildirən Ali Məqamlı Rəhbər ölkə başçısına və nazirlərə X hökumətin qalan bir illik fəaliyyət dövrünü qənimət bilməyi tövsiyə edərək dedi: “Bu bir il ərzində də böyük və əhəmiyyətli işlər görmək mümkündür”.

Ali Məqamlı Rəhbər X hökumətin fəaliyyətində 4-cü ilin iki – daxili və xarici aspektdən əhəmiyyətli olduğunu bildirərək dedi: “İmperialist dövlətlər İranı geri çəkilməyə vadar etmək üçün bütün imkanlarını səfərbər ediblər. Dövlətimiz də öz növbəsində ölkənin bütün güc və potensialından istifadə edib, müxtəlif sahələrdə inkişaf tempini davam etdirməklə düşmənlərin bu mənasız fantaziyasını heç etməlidir”.

“X hökumətin fəaliyyətinin son ili işlərin sahmana salınması baxımından da əhəmiyyətlidir” – deyən Ali Məqamlı Rəhbər nazirlər kabinetinin üzvlərinə müraciətlə aşağıdakıları vurğuladı: “Siz çalışqanlığınızla tanınırsınız. Bu xüsusiyyətinizi xalqa xidmət üçün əlinizə düşmüş fürsətin son anına qədər ciddi surətdə qoruyun”.

Bəzi problemlərin və zəif cəhətlərin mövcudluğuna baxmayaraq, ölkənin ümumi kursunun irəliyə istiqamətləndiyini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Hətta qlobal müşahidə mərkəzləri də İranın sürətli templə inkişaf etdiyini etiraf edirlər. Lakin bəziləri bu sahədə yanlış dəyərləndirmələrdən irəli gələn fantaziyalara qapılıblar”.

Xaricilərin İran əleyhinə qurduqları plan və layihələrin uğursuzluğa düçar olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Həmişə yadınızda olsun ki, dünyanın hegemon qüvvələri düşmənçilikdən əl çəkmirlər. Üzləşdikləri hər uğursuzluqdan sonra yeni bir tədbirə əl atırlar. Buna görə də ölkəmizin rəsmiləri də daim yeni mübarizə tədbirləri axtarıb tapmaq barədə düşünməlidir”.

“Düşmənin ssenari və planlarını öncədən proqnozlaşdırmaq bu planlara qarşı mübarizə meydanında üstünlük qazanmaq üçün şərait yaradır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Düşmənlərin ssenarisini hələ onlar qərar qəbul etməmişdən öncə oxuya bilsək, daha uğurlu tədbirlər görəcəyik”.

Ali Məqamlı Rəhbər əsas və genişmiqyaslı məsələlər başda olmaqla icraedici hakimiyyətin gördüyü işlərə xüsusi diqqət yetirməyin vacib olduğunu dedi. O, əlavə etdi: “Bu kimi məsələlərə xüsusi diqqət ayrılması ilk növbədə nazirlər kabinetinin öz üzvlərinə aiddir. Hökumətin bütün üzvləri qəbul olunan qərarlarda özlərini şərik və məsuliyyətli bilməli, tam koordinasiya ilə hərəkət etməlidirlər”.

Ali Məqamlı Rəhbərin görüş əsnasında verdiyi daha bir tövsiyə ölkənin bütün imkanlarından istifadə, daxildə və xaricdəki insan-intellekt potensialından bəhrələnmə ilə bağlı oldu.

Zəif cəhətləri də araşdırıb aradan qaldırmaq lazım olduğunu bildirən Həzrət Ayətullah Xamenei dövlətin bəzi güclü cəhətlərini şərh edərək dedi: “Ölkənin müxtəlif regionlarında genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi, elm və texnologiya sferasında diqqətəlayiq inkişafın əldə olunması, xarici siyasət və beynəlxalq məsələlər arenasında İranın mövqeyinin yüksəlməsi, sadə yaşayış tərzi, lüks həyatdan uzaqlıq, imperializmin əleyhinə çıxmaq, inqilabi ideologiya ilə qürur duymaq, xalqla daha sıx əlaqədə olmağa səy göstərmək kimi inqilabi dəyərlərin hökumətin sözündə və əməlində qabarıq xarakter kəsb etməsi dövlətin güclü cəhətləri sırasına daxildir. Bu xüsusiyyətlərin bərəkəti və müsbət təsirləri bol olmuşdur”.

Ali Məqamlı Rəhbər X hökumətin digər özəllikləri sırasında fövqəladə dərəcədə gərgin səy və çalışqanlığı qeyd edərək aşağıdakı tövsiyəsini verdi: “Bu səylərinizin yüksək keyfiyyətli işlərlə müşayiət  olunmasına çalışın və verilən vədlərin reallaşması üçün xüsusi əzm göstərin”.

Çıxışının davamında Həzrət Ayətullah Xamenei Amerika və digər imperialist dövlətlərinin düşmənçi xarakterli səylərinin son illər ərzində getdikcə artmasının köklərini araşdıraraq 4 amilə toxundu: İslam Respublikasının ardıcıl inkişafı, inqilabi şüarların canlanması, region xalqları arasında böyük və olduqca mühüm oyanışın müşahidə olunması, İranın bu xalqlara örnək olmasının qarşısını almaq.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar aşağıdakıları qeyd etdi: “Bu günlər bəziləri “Nə üçün özünüzə düşmən qazanır, düşmənçilik edirsiniz?” deyirlər. Lakin bu sözlər yanlış təhlillərdən irəli gəlir”.

O, əlavə etdi: “İmam Xomeyninin (r.ə) dövründə də imperialistlərin ədavəti bitib-tükənmək bilmirdi. Çünki imam inqilabı, İslamı və İranı qətiyyətlə müdafiə edirdi. Bu reallıq göstərir ki, İran xalqı və rəsmiləri qətiyyətli mövqe tutduqca düşmənin siması daha da sərtləşir. Əlbəttə ki, imperialistlər bu xalqın qarşısında heç vaxt qalib çıxa bilməyəcəklər!”

Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei mövcud bəzi problemlərə toxunaraq dedi: “Problemlərin böyük bir qismi orta və kasıb təbəqənin məişət məsələləri ilə bağlıdır. Onların aradan qaldırılması üçün ciddi əzm göstərmək, tələb olunan proqramları işləyib hazırlamaq və həyata keçirmək lazımdır”.

Mövcud problemlərin köklərini araşdıran Ali Məqamlı Rəhbər dedi: “Bəzi problemlər inflyasiyadan qaynaqlanır. Əlbəttə ki, ölkəmizdə əmtəə çatışmazlığı yoxdur, lakin bahalıq, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması kimi məsələlər həllini gözləyir. Bu işdə bütün inzibati və əməliyyat sferaları məsuliyyət daşıyır”.

“İranlı və xarici ekspertlər artan likvidliyi mövcud problemlərin kökündə duran amillərdən biri hesab edir” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Elm və təcrübəyə əsaslanıb, əməkdaşlıq edərək likvidliyin idarə olunması üçün bir yol tapmalı, artmış likvidliyi istehsal mərkəzlərinə yönəltməlisiniz”.

Özəl sektorun gücləndirilməsinin müqavimət iqtisadiyyatının dayaqlarından biri olduğunu deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “44-cü maddənin siyasətlərini mümkün qədər tam diqqət və tələbkarlıqla həyata keçirmək lazımdır”.

Müqavimət iqtisadiyyatına tərif verən Həzrət Ayətullah Xamenei dedi: “Bu iqtisadiyyatda həm ölkənin inkişaf tempi qorunur, həm də iqtisadi sistemin düşmənin xəbis planları sarıdan üzləşə biləcəyi risklər azalır”.

“Müqavimət iqtisadiyyatının zəruri tələblərindən biri də dövlət və qeyri-dövlət sektorunda bütün maddi və insan potensialından istifadə olunmasıdır” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Xalqa, həqiqətən, yüksək qiymət verməlisiniz!”

Həzrət Ayətullah Xamenei iqtisadi korrupsiyaya qarşı mübarizənin investisiyanın artımına, sağlam investorların cəlb olunmasına və iqtisadiyyatın daha artıq rövnəqlənməsinə səbəb olduğunu bildirərək əlavə etdi: “İqtisadi korrupsiyaya münasibətdə ən xırda elementi belə qaçırmayan iti və uzaqgörən gözlə ehtiyatlı olmaq, buna qarşı mübarizə aparmaq lazımdır. Burada hökumətlə ədliyyə strukturunun qarşılıqlı əməkdaşlığı vacibdir”.

İstehsalın himayə edilməsi, problemlə üzləşmiş istehsalat birliklərinə və zavodlara diqqət ayrılması, kiçik və orta istehsalat birliklərinin aktivləşdirilməsi, maliyyə resurslarının idarə olunması və milli istehsala hərtərəfli dəstək verilməsi Ali Məqamlı Rəhbərin hökumət kabinetinə təkidlə verdiyi tövsiyələrdən digəri idi.

Müqavimət iqtisadiyyatında israfçılıqla mübarizənin də mühüm yer tutduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu məsələdə həm mədəniyyət formalaşdırma işini həyata keçirən qurumlar, özəlliklə Dövlət Teleradiosu, həm də icra strukturları məsuliyyət daşıyır”.

“Nazirlər kabinetinin hökumət strukturlarında qənaətin vacibliyinə diqqət ayırması məni sevindirir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dövlət orqanlarında yerli istehsal məhsullarından istifadə məsələsini də ciddi surətdə qaldırmaq və bu strukturlarda xarici mallardan istifadəni qadağan etmək lazımdır”.

Ali Məqamlı Rəhbərin X hökumətə tövsiyə etdiyi daha bir məqam elmi əsaslı  şirkətlərə diqqət ayrılması, onların problemlərinin həlli ilə bağlı idi.

Milli birliyin son dərəcə mühüm olduğunu bir daha vurğulayan Həzrət Ayətullah Xamenei rəsmiləri ciddi şəkildə koordinasiyaya dəvət edərək aşağıdakıları vurğuladı: “Məsuliyyət sferaları müəyyən olunub. Hakimiyyətin hər üç qolu bir-biri ilə əməkdaşlıq və koordinasiya əsasında fəaliyyət göstərməlidir”.

Ali Məqamlı Rəhbər milli birliyin gücləndirilməsi məsələsində KİV-in, geniş auditoriyaya xitab etmək imkanına malik olan şəxslərin və internet saytlarının da mühüm rol oynadığını qeyd etdi.

Mədəniyyət sahəsində səthi işlərdən çəkinməyin, dərin mahiyyətli işlərlə diqqət yetirməyin vacib olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Tam ehtiyatlı olun ki, hücuma keçən mədəniyyət ümumi mədəniyyəti təsir altına salıb, ona xələl gətirməsin”.

Həzrət Ayətullah Xameneinin üçlü hakimiyyət qüvvələrinin rəsmilərinə xitabən vurğuladığı daha bir məqam ölkə diplomatiyasında inqilab əhval-ruhiyyəsinin qorunub saxlanması, regionda gedən proseslərdən düzgün və məntiqi surətdə bəhrələnməyə səy göstərməklə bağı oldu.

Ali Məqamlı Rəhbərin ölkə başçısı və hökumət nümayəndələrinə son tövsiyəsi isə bu idi: “Allah naminə iş görün! Xalqa və dövlətə xidmət etmək şansının bircə anını da əldən verməyin! Heç kəs görməsə də, Allah görür və bütün bu fəaliyyətlərinizə ikiqat mükafat verir”.

Görüş əsnasında ölkə başçısı cənab Mahmud Əhmədinejad da şəhid Rəcayi və Bahonərin xatirələrini ehtiramla yad edərək dedi: “Dövlət öz prinsiplərinə – yəni ədalət, xalqa məhəbbət və xidmət, ölkənin yüksəlişi uğrunda zəhmət, inqilabın dəyərlərinə və əsas kursuna bağlılıq kimi prinsiplərə sadiqdir”.

Ölkə başçısı elm və texnologiya, səhiyyə, xarici siyasət, müdafiə, kəşfiyyat, mədəniyyət, Dövlət Teleradiosu, mədəni irs, nüvə tədqiqatları, ali və orta təhsil, gənc nəslin tərbiyəsi, kommunikasiya və ətraf mühit sferalarında görülmüş işlərə toxunaraq vurğuladı ki, müxtəlif sahələrdə müsbət və diqqətəlayiq tədbirlər həyata keçirilib.

Cənab Əhmədinejad həmçinin cari ildə ixtisar olunmuş büdcə layihəsinin də işlənib hazırlandığını qeyd edərək dedi: “İxtisar olunmuş büdcə layihəsi elə formada hazırlanıb ki, quruculuq işlərinə, istehsal və məşğulluq sferalarına zərər dəyməsin”.

Cənab Əhmədinejad öz birinci müavininin rəhbərlik etdiyi Xüsusi İqtisadi Tədbirlər Qərargahı tərəfindən görülmüş işlərin sanksiyalara qarşı mübarizədə müsbət rol oynadığını və gözəl nəticələr verdiyini qeyd edərək dedi: “Hökumət bu fikirdədir ki, hazırkı şəraitdə idarə rəhbərlərinin bütün diqqəti əməli işlərin həyata keçirilməsi üzərində cəmləməsi zəruri məsələlərdən biridir”.

Görüş zamanı İqtisadiyyat və Maliyyə Naziri də ölkənin iqtisadi vəziyyəti ilə bağlı hesabat verərək dedi: “Düşmənlərin sanksiyaları daha da şiddətləndirmək istiqamətində göstərdikləri bütün səylərə baxmayaraq, İran iqtisadiyyatı Orta Şərqdə əsas inkişaf qütblərindən birinə çevrilib”.

Dr. Hüseyni neft gəlirləri nəzərə alınmadan ötən il iqtisadi inkişafın 5.1 faiz təşkil etdiyini bildirərək dedi: “Mötəbər qlobal mərkəzlərin statistik məlumatlarına əsasən, İran iqtisadiyyatı ümumi daxili məhsulun həcminə görə dünyanın 17-ci böyük iqtisadiyyatına çevrilib və GDP meyarlarına əsasən, son illərdə region üzrə 2-ci və 3-cü yerləri tutub. Xarici investisiyanın həcmi 2005-ci ildə 1600 milyon dollar təşkil etdiyi halda, 2011-ci ildə bu rəqəm 4300 milyon dollara çatıb”. İqtisadiyyat Naziri öz hesabatında həmçinin son 4 il ərzində qeyri-neft məhsullarının ixracının 2.3 dəfə, birja dəyərinin isə 2.8 dəfə artdığını da qeyd etdi.

Cənab Hüseyni dedi: “Son illər ərzində bank depozitlərinin həcmi 2.1 dəfə artıb. Bank resurslarının 65 faizi 3 sektora: kənd  təsərrüfatı, sənaye və mədən, eləcə də tikinti-inşaat sektorlarına yönəlib”.

İqtisadiyyat Naziri hələ də iki rəqəmlə ifadə olunan işsizlik və inflyasiyanın ölkənin zəif cəhətlərindən olduğunu bildirərək dedi: “Ötən il işsizliyin göstəricisi 2.1 faiz azalaraq 12.3 faizə çatmışdır.  İnflyasiya isə 1.9 faiz artımla 21.5 faizə çatmışdır”.

Cənab Hüseyni dedi: “Subsidiyaların istiqamətləndirilməsi layihəsinin icrası, valyuta məzənnəsinin artımı, idxal olunan məhsullarda qiymət artımı, bəzi maliyyə spekulyasiyaları inflyasiyanın artımına səbəb olmuş amillər sırasında yer alır”.

İqtisadiyyat Naziri ölkə iqtisadiyyatının cari il üçün perspektivlərini dəyərləndirərək dedi: “Sanksiyaların şiddətləndiyinə baxmayaraq, dövlət xərclərə qənaət edib xüsusi tədbirlər həyata keçirməklə daxili imkanları aktivləşdirməyə, özəl və kooperasiya sektorlarının iqtisadi arenada daha fəal iştirakını təmin etmək üçün Milli İnkişaf Fondunun dəstəyi ilə onlara yardımçı olmağa çalışır”.

Dövlətin Konstitusiyanın 44-cü maddəsinin tam icrası istiqamətində göstərdiyi səyləri şərh edən cənab Hüseyni dedi: “İqtisadi fəaliyyət atmosferinin yaxşılaşdırılması, qənaət, iqtisadiyyatı idarə edən qurumlar arasında birlik və həmrəylik, ölkədəki vəziyyətin ümidsiz çalarlarda deyil, reallıqda olduğu kimi təqdim edilməsi “Milli istehsal, İran insanının əməyinə və sərmayəsinə dəstək” ilini inkişafla, ölkənin iqtisadi vəziyyətinin daha da yaxşılaşması ilə arxada qoymağımız üçün şərait yaradacaq vacib şərtlərdəndir”.

Görüş əsnasında Mərkəzi Bankın baş direktoru da bank sistemi, maliyyə mənbələri və ehtiyatları haqqında hesabat təqdim etdi.

Kreditlərin ayrılması üçün bank sisteminin bütün gücündən istifadə olunduğunu qeyd edən cənab Bəhməni dedi: “Bu kreditlərin 37 faizi sənaye və mədən sektoru, 20 faizi kənd təsərrüfatı, 25 faizi mənzil tikintisi, 10 faizi ticarət xidmətləri, 8 faizi isə ixracat üçün nəzərdə tutulub”.

2012-ci ilin birinci rübündə sənaye və mədən sektoruna ayrılmış kreditlərə toxunan cənab Bəhməni dedi: “Ayrılmış kreditlər 31.2 faiz təşkil edib. 2011-ci ilin sonu ilə müqayisədə bu rəqəm sənaye və mədən sektoruna ayrılan kreditlərin həcminin artdığını göstərir”.

Mərkəzi Bankın baş direktorunun öz hesabatında qeyd etdiyi digər məqamlar likvidliyin artımı, ixracat və idxalatın kontrolu üçün xüsusi elektron şəbəkə sistemlərinin işə salınması ilə bağlı idi.

Ölkənin qızıl və valyuta ehtiyatlarının çox yaxşı səviyyədə olduğunu deyən cənab Bəhməni Amerika və Avropanın İrana göstərdiyi iqtisadi təzyiqlərə toxunaraq dedi: “Bank sistemi xüsusi təşəbbüskar tədbirlərin köməyi ilə bu məhdudiyyətlərin əksəriyyətini idarə edə bilib”.

Sonda Mərkəzi Bankın baş direktoru “Subsidiyaların istiqamətləndirilməsi” layihəsinin birinci mərhələsinin icra olunduğuna toxunaraq dedi: “Bu qanunun icrası ilə cəmiyyətdə təbəqələrarası fərqin göstəricisi olan Cini indeksi 0.40 faizdən 0.38 faizə enib”.

Görüş zamanı Sənaye, Mədən və Ticarət Naziri də özəlliklə istehsalat sektorundakı iqtisadi göstəriciləri təqdim etdi. Cənab Qəzənfəri 9-cu və 10-cu hökumətlərin fəaliyyətdə olduğu dövrdə sənaye sektorunda investisiya qoyuluşunun 7 dəfə, mədən sektorunda isə 6 dəfə artdığını bildirərək dedi: “Son 7 ildə 51 min sənaye və mədən layihəsi həyata keçirilib”.

Nazir bildirdi ki, cənab Əhmədinejadın hökumətə başçılıq etməyə başladığı 2005-ci ildə ölkədə fəal mədənlərin sayı 3600 olmuşdur, cari ildə isə bu rəqəm 5000-dir. O, əlavə etdi: “İstehsal olunan mədən məhsullarının həcmi də 155 milyon tondan 340 milyon tona çatmışdır”.

Sənaye, Mədən və Ticarət Nazirinin təqdim etdiyi digər statistik məlumatlar avtomobil istehsalı potensialının 2005-ci ildə 960 min olması,  2011-ci ildə bu rəqəmin 2 milyona çatdırılması, bu müddət ərzində sement istehsalının, təqribən, 3 dəfə artırılması, polad istehsalının həcminin isə son 7 ildə 2 dəfə artırılması ilə bağlı idi.

Cənab Qəzənfəri dedi: “Müxtəlif sferalarda istehsalın şaquli xətt boyunca inkişafını nəzərə alaraq demək olar ki, hazırda İran sement istehsalına görə dünyanın 4 qabaqcıl ölkəsi sırasında, qurğuşun və sink istehsalına görə Orta Şərqdə birinci yerdə, avtomobil istehsalına görə dünya üzrə 13-cü yerdə, polad istehsalına görə dünya üzrə 17-ci yerdə, mis istehsalına görə isə dünya üzrə ilk onluqdadır”.

Sənaye, Mədən və Ticarət Nazirinin hesabatında qeyri-neft məhsullarının ixracının 7-ci və 8-ci hökumətlərin fəaliyyəti dövründə 31 milyard dollar həcmində olduğu, 9-cu və 10-cu hökumətlərin dövründə isə bu rəqəmin 139 milyard dollara çatdığı ilə bağlı məlumat da yer alırdı.

O dedi: “Müqayisə olunan dövrlər ərzində mühəndis-texniki vasitələrin ixracı 3.6 milyard dollardan 18 milyard dollara çatmışdır. Ümumilikdə, ixrac olunan mühəndis-texniki avadanlıqların və xidmətlərin həcmi 4.3 dəfə artmışdır”.

İdxalatda azalma, ixracatda isə artım tendensiyasının müşahidə olunduğuna toxunan cənab Qəzənfəri dedi: “Bu müddət ərzində idxalatın ixracata olan nisbəti 50 faiz yaxşılaşma ilə 2.6-ya çatmışdır”.

Sənaye, Mədən və Ticarət Naziri çıxışında özəl sektor və sənətkarlarla ciddi və geniş əməkdaşlığın qurulması məsələsini də önə çəkdi.

İran xalqının düşmənlərinin iqtisadi təzyiqlərinə də toxunan cənab Qəzənfəri dedi: “Qarşıya çıxan maneələrin düzgün idarə olunması sayəsində sənaye və mədən müəssisələrində istehsalın həcmində artım tempi müşahidə olunub. Bu isə ölkə üçün gözəl perspektivlər açır”.

Görüş zamanı Əkinçilik Cihadı Naziri də hesabatla çıxış edərək suvarma və torpaq sahəsində görülmüş infrastruktur tədbirləri haqda məlumat verdi. O dedi: “Bu infrastruktur tədbirləri sırasında təzyiqli suvarma sisteminin genişləndirilməsi, suvarma metodlarında islahatların həyata keçirilməsi də yer alır. Nəticədə, ölkənin kənd təsərrüfatı torpaqlarının 1 milyon 200 min hektarı təzyiqli suvarma sistemi vasitəsi ilə sulanır”.

Cənab Xəliliyan qeyd etdi ki, 9-cu və 10-cu hökumətlərin fəaliyyəti dövründə suvarma və torpaq sahəsində həyata keçirilmiş infrastruktur layihələrinin ümumi artımı 192 min hektar ərazini əhatə etmişdir. O dedi: “Bu rəqəm 2005-ci ildən əvvəlki dövrdə həyata keçirilmiş tədbirlərdən 3 dəfə artıqdır”.

Əkinçilik Cihadı Nazirinin hesabatında qeyd olunan digər mühüm məqamlar 22 milyon 400 min ton həcmində potensiala malik olan 3619 generasiya müəssisəsindən istifadə olunması, quşçuluq və maldarlıq müəssisələrində struktur islahatların həyata keçirilməsi, sağlam ərzaq layihələrinin sayının artımı, o cümlədən bioloji kontrol əməliyyatlarının icrası, xəstəliklərlə qeyri-kimyəvi mübarizə üsullarının tətbiqi ilə bağlı idi.

Cənab Xəliliyan kənd təsərrüfatı məhsullarının ixracında ticarət balansının müsbət olduğunu qeyd edərək dedi: “2011-ci ildə ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi idxal olunan məhsullardan 1.64 milyard dollar artıq olmuşdur”.

O, kənd təsərrüfatı və bağçılıq məhsullarının istehsalı ilə bağlı aşağıdakıları qeyd etdi: “2011-ci ildə 77 milyon ton bitkiçilik, 80 milyon 300 min ton bağçılıq, 720 min ton balıqçılıq, 14 milyon 300 min ton maldarlıq və quşçuluq məhsulu istehsal edilmişdir”.

Ali Məqamlı Rəhbərin hökumət nümayəndələri ilə görüşü Neft Nazirinin hesabatı ilə davam etdi.

Cənab Qasimi Cənubi Parsla bağlı aşağıdakıları qeyd etdi: “Bu bölgədə dövriyyədə 56 milyard dollarımız var. Bu sərmayənin gəlir gətirməsi ilə qarşıdakı 3 ildə qaz kondensatlarının istehsalının həcmi 1.2 milyon barelə, qaz istehsalının həcmi isə 1.2 milyard kub metrə çatacaq”.

Neft Naziri dedi: “9-cu və 10-cu hökumətlərin fəaliyyətdə olduğu dövr ərzində, ümumilikdə, neft, qaz və neft-kimya sektoruna 140 milyard dollar həcmində investisiya qoyulub. Bu, əvvəlki hökumətlərin fəaliyyət dövrləri ilə müqayisədə 5 dəfə çoxdur”.

Düşmənin İrana qarşı neft sanksiyaları tətbiq etmək səylərinə toxunan cənab Qasimi dedi: “Allahın köməyi, ölkəmizdəki mütəxəssislərin əzmi sayəsində, texniki avadanlıqların ölkə daxilində konstruksiyası hərəkatına start vermişik. Ümidvarıq ki, həyata keçirilən fəaliyyət proqramlarının nəticəsi olaraq, yaxın gələcəkdə bu tip avadanlıqların ixracçısına da çevriləcəyik”.

Neft Naziri həmçinin 9-cu və 10-cu hökumətlərin fəaliyyəti dövründə 19 kəndə qaz çəkildiyi  barədə xəbər verərək dedi: “Neft məhsullarının istehsalı 261 milyon litrə çatıb”. Cənab Qasimi bunu da qeyd etdi ki, “Subsidiyaların istiqamətləndirilməsi” layihəsinin icrası nəticəsində benzin sərfi 67 milyon litrdən (2005-ci ilin statistikası) 59 milyon litrə qədər azalıb. Halbuki sözügedən layihə icra olunmasaydı, cari ildə benzin sərfinin həcmi 130 milyon litrə çatacaqdı. Neft Naziri bu yolla 30 milyard dollara qənaət olunduğunu bildirdi.

Neft Naziri dedi: “Hazırda həyata keçirilən proqram nəticəsində, 2 yataq istisna olmaqla bütün müştərək neft və qaz yataqlarında fəal iş gedir. Qarşıdakı iki ay ərzində həmin 2 yataqda da istehsala başlanılacaq və bu yataqlardan, ümumilikdə, 1 milyon barel neft hasil ediləcək”.

Nazirlər Kabinetinin öz fəaliyyət sferası ilə bağlı hesabatla çıxış edən sonuncu üzvü Yol və Şəhərsalma Naziri oldu.

Cənab Nikzad təqdim etdiyi hesabatda 9-cu və 10-cu hökumətlərin fəaliyyəti dövründə 21 milyon 600 min çoxmərtəbəli yaşayış binasının tikildiyi, çoxmərtəbəli binaların həyət evlərinə olan nisbətinin artdığı, 1 milyon 880 min kənd evində möhkəmləndirmə tədbirlərinin həyata keçirildiyi, ötən 7 il ərzində şəhərlərdə çoxmərtəbəli yaşayış binalarının sayının 1.5 dəfə artdığı, sənayeləşmə potensialının yüksəldiyi, şose və magistralların çəkilişində artımın müşahidə olunduğu barədə məlumat verdi.

Yol və Şəhərsalma Naziri həmçinin limanların potensialının artırıldığını, sərnişin vaqonlarının və yük lokomotivlərinin inkişaf etdirildiyini, avtomobillərin sayındakı artıma baxmayaraq, yol qəzaları nəticəsində baş verən insan itkisinin azaldığını da qeyd etdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /