Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Təbii fəlakətlərə irəliyə sıçrayış üçün fürsət kimi baxmaq lazımdır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei zəlzələdən zərər çəkmiş Şərqi Azərbaycan vilayətinə səfərinin yekunu olaraq, bu gün (cümə axşamı) günortadan sonra vəli-fəqihin bölgə üzrə nümayəndəsi, Şərqi Azərbaycan valisi və vilayətin digər rəsmilərinin iştirakı ilə valiliyin inzibati binasında iclas keçirdi.

Ali Məqamlı Rəhbər zəlzələdən ziyan çəkmiş məntəqələrdə əhaliyə göstərilən ilkin xidmətlərin, o cümlədən çadırların paylanması tədbirinin misilsiz olduğunu qeyd etdi. O vurğuladı ki, rəsmilər xəsarət almış evlərin yerində gözəl və möhkəm evlərin tikilişinə başlamaq üçün müvafiq proqramlar işləyib hazırlamaqdan əlavə, insanların ilkin ehtiyaclarının qarşılanması, xüsusilə də onların isinmək üçün lazım olan vasitələr, ədyal, tibbi ləvazimat, içməli su və s. ilə təmin olunması istiqamətində səy və xidmətlərini davam etdirməlidirlər. Belə ki bu qəbildən olan zəruri ehtiyacların təcili surətdə qarşılanması təbii fəlakətdən ziyan çəkmiş insanlara mənəvi-psixoloji rahatlıq baxımından olduqca yüksək təsir göstərəcək.

“Xalqın, xüsusilə də xeyriyyəçi və humanist insanların yardımlarının davamlı şəkildə qəbul edilməsi üçün şərait yaratmaq çox əhəmiyyətlidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Təbii fəlakətlərə irəliyə sıçrayış üçün fürsət kimi baxılsa, sözsüz ki, zəlzələdən ziyan çəkmiş bölgələr gələcəkdə tərəqqi və quruculuq baxımından əvvəlkindən daha yaxşı vəziyyətdə olacaq”.

Sonda Həzrət Ayətullah Xamenei Şərqi Azərbaycan əhalisinin yüksək mənəvi keyfiyyətlərini, xüsusilə də bu bölgənin camaatının dillərdə gəzən qeyrət və təpərini qeyd edərək aşağıdakıları vurğuladı: “Hazırda zəlzələyə məruz qalmış Arasbaran məntəqəsinin mömin əhalisi rəşadət və şücaəti ilə daim məşhur olub”.

İclas zamanı Ali Məqamlı Rəhbərin çıxışından öncə vəli-fəqihin nümayəndəsi və Təbrizin imam-cüməsi Ayətullah Müctəhid Şəbüstəri təbii fəlakətdən ziyan çəkmiş Şərqi Azərbaycan vilayətinə gəlməklə bölgə əhalisinin müsibət və əziyyətlərinə məlhəm olan Həzrət Ayətullah Xameneiyə qədirdanlığını bildirdi.

Şərqi Azərbaycanın valisi cənab Əlirza Beygi də çıxış edərək zəlzələdən ziyan çəkmiş əhaliyə göstərilən xidmətlər, müvəqqəti məskunlaşdırma tədbirləri, həmçinin hökumət kabinetinin iclasında təbii fəlakət bölgələri ilə bağlı qəbul olunmuş qərarlar haqda məlumat verdi.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /