Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerika zorakılıq, zülm, xalqların işinə qarışma, müharibə törətmə simvoluna çevrilib!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra ölkə universitetlərində fəaliyyət göstərən yüzlərlə professor, tədqiqatçı və elmi işçi ilə görüşdü. Görüş əsnasında Ali Məqamlı Rəhbər dünyanın yeni bir siyasi, iqtisadi və sosial quruluşa keçid, dəyişikliklər mərhələsində olduğunu dedi. Bu möhtəşəm dəyişikliklərdə İran xalqının xüsusi mövqe və rolunun nədən ibarət olduğunu açıqlayan Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Ölkəmizin elitası, o cümlədən universitet ictimaiyyəti tarixin bu həssas mərhələsində öhdəsinə düşən son dərəcə mühüm vəzifələrə əməl etməklə dünyanın yeni düzənində İranın yüksək mövqe tutmasına həlledici kömək edə bilər”.

Həzrət Ayətullah Xamenei dünyada müşahidə olunan hazırkı keçid şəraitinin zahiri baxımdan I Dünya müharibəsindən sonrakı dəyişikliklər etapı, Avropa müstəmləkəçiliyinin ortaya çıxdığı dövrlə müqayisə oluna biləcəyini qeyd etsə də, aşağıdakıları vurğuladı: “Qeyd etdiyim mərhələlərdən fərqli olaraq, gələcək qlobal dəyişikliklərin tendensiyası dünya xalqlarından bir qisminin ümumi güc və imkanlarının digərlərinin güc və imkanları ilə dəyişməsi istiqamətində olacaq”.

Hazırda dərin qlobal dəyişiklik və kataklizmlərin müşahidə olunduğu fikrini dəlil və misallarla əsaslandıran Ali Məqamlı Rəhbər islami oyanış hərəkatına toxunaraq dedi: “Müxtəlif müsəlman xalqları içərisində müsəlman kimliyi və təfəkkürünün oyanması dünyanın gələcək düzənində nə qədər dərin dəyişikliklərin baş verəcəyindən xəbər verən misilsiz  bir nişanədir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, hazırkı dəyişikliklər mərhələsinin digər bir göstəricisi Amerika başda olmaqla Qərbin Asiyanın qərb regionları üzərində ağalığı ələ keçirmək planlarının məğlubiyyətlə nəticələnməsidir. O, əlavə etdi: “Amerikanın bu mühüm və həssas region üzərində ağalığı ələ keçirmək üçün göstərdiyi cəhdin uğursuzluğu İraq və Əfqanıstan olaylarında aşkara çıxdı. Bu, dünyanın necə dərin dəyişikliklərlə üz-üzə qaldığının daha bir əlamətidir”.

Ali Məqamlı Rəhbərin hazırda dünyanın yeni bir quruluşa doğru irəliləməkdə olduğunu sübuta yetirmək üçün istinad etdiyi daha bir sübut Avropada baş verən hadisələr, bu qitənin qüdrətli dövlətlərinin qaranlıq gələcəyi oldu.

Ali Məqamlı Rəhbər əlavə etdi ki, Avropanın son nəticədə onu çökdürəcək hazırkı vəziyyəti taktiki, yaxud strateji səhvlərdən yox, dünyagörüşündəki əsaslı yanlışlıqlardan qaynaqlanır.

Həzrət Ayətullah Xamenei dünyanın yeni bir vəziyyətə doğru irəliləməkdə olduğuna 4-cü sübut kimi Amerikanın öz nüfuzunu get-gedə itiriməsini qeyd etdi.

O dedi: “Amerika onilliklər boyunca xalqlar arasında sərvət, elm, hərbi və qeyri-hərbi texnologiya baxımından bir nömrəli dövlət kimi yüksək nüfuza malik olub. Hazırda isə bu dövlət nəinki heç bir nüfuza malik deyil, hətta dünya ictimaiyyətinin gözündə zorakılıq, zülm, xalqların daxili işinə qarışma, müharibə qızışdırma simvoluna çevrilib”.

Dünyanın gələcək düzənində müşahidə olunacaq dərin dəyişikliklərin əlamətlərini şərh etdikdən sonra Ali Məqamlı Rəhbər bir reallıq kimi, İran xalqı və İslam Respublikasının bu keçid mərhələsində mühüm və həssas mövqeyə malik olduğunu açıqladı. O bildirdi ki, bu mövqeyin dərk edilməsi xalqın, elitanın və rəsmilərin çiyninə ağır vəzifələr qoyur.

Həzrət Ayətullah Xamenei bildirdi ki, hazırkı qlobal dəyişikliklərdə İranın xüsusi mövqeyə malik olduğuna başqa bir dəlil İslam İnqilabından ilham almış islami oyanış, İslam dövlətinin bünövrəsinin dini etiqad, iman, ağıl və sədaqət üzərində misilsiz şəkildə möhkəmlənməsidir.

O, əlavə etdi: “Bu dəlillərdən başqa, Allahın İrana bəxş etdiyi böyük sərvət və resurslar, o cümlədən enerji mənbələri və yüksək istedada malik olan insan potensialı dünyanın hazırkı dəyişikliklər vəziyyətində ölkəmizə diqqətəlayiq mövqe və özəlliklər qazandırır”.

Mövzu ilə bağlı Həzrət Ayətullah Xamenei Qərbin bəşəriyyətə yeni fikir və ideyalar təqdim etməkdə qeyri-məhsuldar, aciz olduğuna toxunaraq aşağıdakıları vurğuladı: “Qeyri-məhsuldar Qərbdən fərqli olaraq, İslam Respublikasının siyasət, dövlət idarəçiliyi, əxlaq, mədəniyyət, sosial həyat və iqtisadiyyatın müxtəlif aspektləri ilə bağlı bəşər cəmiyyətinə deyəsi yeni, dalğa yaradacaq sözləri var”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, dini xalq hakimiyyəti, sivilizasiyanın mənəviyyata əsaslanması, siyasət, sosial həyat və iqtisadiyyatın müxtəlif sferalarında dinin gündəlik yaşamla çulğaşması İslam dövləti və İran xalqının dünya xalqlarına çatdırdığı yeni söz və ideyalardandır.

Ali Məqamlı Rəhbərin dünyada gedən dəyişikliklərdə İranın xüsusi mövqeyə malik olduğunu isbat etmək üçün misal gətirdiyi dəlillərdən sonuncu İslam dövləti və İran xalqının imperialist Qərbin işlətdiyi müxtəlif metodlar qarşısında mətinlik və səbatla durması ilə bağlı oldu. O dedi: “İran, onun xalqı, elitası və rəsmiləri Qərbin təhdidləri, qəsdən törətdiyi müharibə və ixtilaflar, terror və qətllər qarşısında mətinliklə müqavimət göstərir. Bu reallıq da bu böyük ölkəyə xüsusi özəllik qazandırıb”.

Dünyanın əsaslı dəyişikliklər mərhələsinə daxil olduğunu, İran İslam Respublikasının bu dəyişikliklərdə xüsusi mövqeyə malik olduğunu şərh edəndən sonra Həzrət Ayətullah Xamenei ortaya belə bir sual qoydu: Bəs görəsən bu olduqca mühüm hadisələr qarşısında universitetlərin və teoloji mərkəzlərin çiyninə hansısa məsuliyyət düşür, ya yox?

Həzrət Ayətullah Xamenei qarşıya belə bir sual da qoydu: Universitetlər və teoloji mərkəzlər bu mühüm prosesləri kənardan seyr edə, hansısa rol oynamağa təşəbbüs göstərməyə bilərlərmi?

Bu sualları cavablandıran Ali Məqamlı Rəhbər dedi: “İran xalqının bu olduqca mühüm tarixi mərhələdən uğurla keçməsi və özünəməxsus rol oynaması üçün, ilk növbədə, ölkənin elm xadimlərinin çiyninə məsuliyyət düşür. Sözsüz ki, universitetlər bu dəyişikliklərə təsir göstərəcək birinci dərəcəli elementlərdəndir”.

Universitetlərin bu dəyişikliklərdə son dərəcə böyük və həssas rola malik olduqlarını qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Universitetlər öhdələrinə düşən məsuliyyətə əməl edərək elə bir rol oynaya bilərlər ki, bu dəyişikliklərdə ölkəmiz, xalqımız və tariximiz qazansın. Bu məsələ hazırkı həlledici etapda elitanın və akademik ictimaiyyətin nə qədər həssas rola malik olduğunu göstərir”.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər universitet müəllimlərinə və akademik elitaya ehtiramını ifadə edərək bu görüşü elmə, ali təhsil ocaqlarında dərs deyən müəllimlərə hörmətin simvolu adlandırdı. O dedi: “Professorların qeyd etdiyi faydalı məqamlardan ölkə miqyaslı qərarların qəbulunda istifadə etmək lazımdır”.

Universitet elitasının gözəl, faydalı ideyalarının reallaşması üçün icra layihələrinin təqdim edilməsinin vacib olduğunu bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Professorlar, yeni ideya sahibləri diqqəti icra strategiyalarını təqdim etmək üzərində cəmləyərək bu istiqamətdə daha artıq səy göstərməlidirlər”.

Ölkənin müxtəlif sferalarda, o cümlədən elm sahəsində qazandığı nailiyyətlərə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Bu nailiyyətlərlə yanaşı, elmi tədqiqatların idarə olunması və fəaliyyət  proqramlarının hazırlanması sahəsində mənfi cəhətlər də vardır ki, onları aradan qaldırmağın yeganə yolu universitetlərin elmi-mütəxəssis potensialını bu problemin həlli naminə mərkəzləşdirməkdir”.

Ali Məqamlı Rəhbərin toxunduğu digər bir məqam elmin bitərəf olması, siyasətə qarışdırılmaması barədə söylənən fikirlərlə bağlı idi.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Elm həqiqətlərin kəşfi mərhələsində bitərəfdir, lakin elm müəyyən tendensiyaya xidmət edirsə, heç bir vəchlə bitərəf deyil və dünyanın hazırkı vəziyyəti buna şahiddir”.

O, əlavə etdi: “Necə olur ki, elm əsrlər boyu imperializmə, xalqların istismarına, silah istehsalına, insan qırğınlarına və müharibələrə xidmət edə bilir, ədalətə, dəyərlərə və İslamın mesajlarına isə xidmət edə bilmir?”

Ali Məqamlı Rəhbər daha bir çaşdırıcı məqama – ölkənin elmi aparatının dövlət və qeyri-dövlət istiqamətləri üzrə iki yerə ayrıldığı barədə yayılmış yanlış təsəvvürə toxunub dedi: “Bəziləri “tələbə, universitet müəllimi və dövlət təşkilatı” anlayışlarını təhqiramiz ifadələr kimi təqdim etməyə çalışırlar. Halbuki tələbələri, universitet müəllimlərini, yaxud hansısa bir dövlət təşkilatını himayə etmək İslama, ilahi dəyərlərə əsaslanan bir dövlət və hökumət üçün fəxrdir”.

O, əlavə etdi: “Universitetlərdə haqq cəbhəsi uğrunda çalışıb əziyyət çəkmək mədəniyyəti genişləndirilməlidir. Əlbəttə ki, bu məsələdə universitet müəllimləri mühüm rola malikdirlər”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Haqq cəbhəsi uğrunda çalışıb əziyyət çəkmək mədəniyyətinin genişləndirilməsi, əslində, elə soyuq müharibənin komandanlığını həyata keçirmək deməkdir ki, bu da universitet müəllimlərinin öhdəsinə düşür”.

Çıxışının sonunda Həzrət Ayətullah Xamenei rəsmilərin milli innovasiyalar sisteminin yaradılması barədə ciddi düşünməli olduqlarını vurğulayaraq dedi: “Milli innovasiyalar sistemi, əslində, ölkənin elmi aparatları arasındakı makro və mikro səviyyəli zəncirvari əlaqələri əks etdirir. Belə bir sistemin olmamasından yaranan boşluq kəskin şəkildə hiss olunur və bu istiqamətdə çarə axtarmaq lazımdır”.

O vurğuladı: “Milli innovasiyalar sisteminin ən mühüm vəzifəsi ölkədə elmi-innovativ prosesin gedişini izləmək və istiqamətləndirməkdir”.

Ali Məqamlı Rəhbər görüşdə şəhid nüvə alimlərinin ailə üzvlərinin də iştirak etdiklərini  qeyd edərək vurğuladı: “O əzizlərimizin xatirəsi İran xalqının yaddaşından, bu diyarın tarixindən heç bir zaman silinməyəcək!”

3 saat davam edən görüşün əvvəlində universitet müəllimlərindən 13 nəfəri müxtəlif məsələlərlə bağlı görüşlərini ifadə etdilər.

Tehran Tibb Elmləri Universitetinin müəllimlərinin nümayəndəsi, Razi Beynəlxalq Elm Festivalının yaddaqalan siması və laureat tədqiqatçısı Dr. Qulamrza Purmənd müalicəni yox, sağlamlığı hədəf alan yanaşmanın rolu və təsiri haqda ətraflı danışdı.

Pedaqoji Universitetin professoru, humanitar elmləri tədris edən universitet müəllimlərinin nümayəndəsi Dr. Mənsur Etisami də iqtisadi mövzularda, özəlliklə də qənaətli istehlak və müqavimət iqtisadiyyatı məsələlərində dini mənbələrdən və islami təlimlərdən istifadənin vacib olduğunu qeyd etdi.

Dr. Etisami iqtisadiyyat fənnini tədris edən professor və müəllimlərin yüksək potensialından ölkənin iqtisadiyyat üzrə intellektual klubu kimi istifadə olunmasını istədi, ali təhsil müəssisələrində iqtisadiyyat fənnindən dərs deyən bir qrup müəllimin “Sanksiyalar əleyhinə iqtisadiyyat” layihəsini işləyib hazırladıqlarını xəbər verdi.

Üçüncü natiq – Tehran Universitetinin elektrokimya sahəsi üzrə ixtisaslaşmış doktorantı, “Beynəlxalq elm xadimi” titulunun sahibi  Dr. Fərnuş Fəridbod qeyd etdi ki, ölkənin kompleks elmi planının hazırlanması planlı elmi inkişafda əhəmiyyətli addımdır.

Dr. Fəridbod əlavə etdi: “Yeni ideya – istehsal” siklini reallaşdıracaq operativ planlaşdırma və kifayət qədər sərmayə qoyuluşu ölkənin elmi inkişaf tempini daha da sürətləndirə bilər”.

Görüşün növbəti çıxışçısı texniki fənn müəllimi, elektrik mühəndisliyi sahəsi üzrə tam professor, ölkənin nümunəvi universitet müəllimi Dr. Əhməd Çəldavi oldu. O qeyd etdi ki, ölkənin 8 illik Məcburi Müharibə illərində qazandığı təcrübə İran xalqının təhdidləri şansa çevirməyi bacardığını göstərir. Dr. Çəldavi dedi: “Hazırkı şəraitdə də düzgün planlama və zəhmət sayəsində həmin təcrübə təkrarlana bilər”.

Dr. Çəldavi texniki universitetlərdə dərs deyən müəllimlərin nümayəndəsi kimi iki təklif irəli sürdü: 1. Sənaye sahiblərinin, universitetlərin professor və tədqiqatçılarının iştirakı ilə “Böyük sənaye” intellektual klubunun təşkil olunması; 2. İslam dünyasındakı professorların iştirakı ilə seminarların təşkil olunması.

Professorların Bəsic Təşkilatının nümayəndəsi Dr. Seyfullah Sədəddin çıxışında qeyd etdi ki, bəsici professor və tələbələrin iştirakı ilə dəyirmi masaların təşkil olunmasının bir sıra müsbət təsirləri ola bilər. O, humanitar elmlərdə dəyişikliklərin həyata keçirilməsi üzrə 23 işçi qrupunun, eləcə də soyuq müharibə üzrə işçi qruplarının təşkil olunduğu haqda məlumat verdi.

İncəsənət kafedralarında dərs deyən müəllimlərin nümayəndəsi, İncəsənət Universitetinin Elmi Şurasının üzvü Dr. Seyid Həsən Şəhrestani isə çıxışını incəsənət sahəsində dəyişikliklərin həyata keçirilməsinin, İslam İnqilabından ruhlanan incəsənətin inkişaf etdirilməsinin vacibliyi ətrafında qurdu.

O vurğuladı ki, İslam dini baxımından incəsənətin əsasları ilə bağlı nəzəriyyə işlənməli, kino və teatr əsərlərinin əsas materialı kimi roman janrına əvvəlkindən də artıq  diqqət yetirilməlidir. Dr. Şəhrestani şəhərsalmada orijinal və ənənəvi memarlığa diqqət yetirilməməsini tənqid etdi.

7-ci natiq – Şiraz Universitetinin elmlər doktoru,  müəllim və nümunəvi tədqiqatçı Dr. Əfsanə Səfəvi İranın elmi inkişaf tempinin qürurverici olduğunu bildirərək dedi: “Universitetlərin daha da müstəqil olması bu tempi sürətləndirə bilər”.

Dr. Səfəvi həmçinin ölkədəki mütəxəssislərə dərin etimad göstərilməsi, tədqiqatçılara daha artıq dəstək verilməsi, ölkənin sənaye ehtiyaclarını qarşılayacaq bankın təsis  olunması ilə bağlı istəyini ifadə etdi.

Tibbi parazitologiya sahəsi üzrə elmlər doktoru, Tehran Tibb Elmləri Universitetinin müəllimi Dr. Mehdi Natiqpur çıxışını universitet elmi şuralarının üzvləri üçün həyata keçirilən “Bilikləri artırma” layihəsi ətrafında quraraq müəllimlərin elmi-pedaqoji potensialını gücləndirməyin, bu potensialdan tələbələrin intellektual-mədəni baxımdan yetişdirilməsində istifadə etməyin zəruri olduğunu qeyd etdi. O bildirdi ki, düzgün planlama bu ideyanı reallaşdırmağın yeganə yoludur.

Ali Məqamlı Rəhbərlə universitet müəllimləri və tədqiqatçılar arasında baş tutan görüşün 9-cu natiqi Tehran Universitetinin iqtisadiyyat müəllimi Dr. Həmid Əbrişəmi idi. Dr. Əbrişəmi ölkə iqtisadiyyatının hazırkı vəziyyətinə riskləri dəyərləndirmə yanaşması əsasında nəzər salaraq dedi: “İslam əxlaqına əsaslanacaq arzulanan iqtisadi proqramın olmaması hazırkı vəziyyətin yaranmasına yol açan ən mühüm amildir”. Dr. Əbrişəmi etik-mənəvi iqtisadiyyatın müqavimət iqtisadiyyatının tamamlayıcı elementi olduğunu bildirdi.

Görüşün 10-cu çıxışçısı – İran tarixi üzrə elmlər doktoru Dr. Şəhram Yusififər isə qeyd etdi ki, ölkənin elmi sistemində elmi tədqiqatlar mehvər olmalıdır. O dedi: “Elmi tədqiqat mərkəzlərinə ikinci-üçüncü dərəcəli qurumlar kimi baxılır. Bu yanaşmanı dəyişmək lazımdır”.

Dr. Yusififər tədqiqat mərkəzlərində elmi şuraların üzvü olan şəxslərin statusuna yenidən baxılmasını, elmi tədqiqat mərkəzləri üçün rəhbər işçilərin yetişdirilməsini, elmi tədqiqat etikasının genişləndirilməsini arzu etdiyini bildirdi.

Şərif Sənaye Universitetinin elektrik mühəndisliyi üzrə elmlər doktoru Dr. Nuşin Biqdeli əyalət universitetlərinin ölkənin elmi inkişafında ciddi iştirakı üçün zəmin yaratmağın vacibliyini vurğuladı.

Dr. Biqdelinin çıxışında aşağıdakı məqamlar da vurğulandı: ölkənin irimiqyaslı problemlərinin həlli üçün ölkənin bütün universitet müəllimlərinin bilik və potensialından istifadə olunmalıdır, universitetlərdə çalışan xanım müəllimələrin və elm xadimlərinin timsalında iranlı müsəlman qadına nümunə yaradılmalıdır, universitetlərin daxili qanunlarında, elmi şuraya üzvlərin alınması qaydalarında dəfələrlə dəyişikliklər edilməməlidir.

Beynəlxalq ticarət hüququ üzrə elmlər doktoru, Azad Universitetin elmi şurasının üzvü Dr. Məsud İxvanfərd də çıxışında azad fikir kafedralarının yaradılması məsələsində formal, səthi xarakterli işlərdən çəkinmək lazım olduğunu qeyd etdi. O, humanitar elmlərə bərabər səviyyədə və hərtərəfli yanaşmaq lazım olduğunu, xüsusilə də elmi materialların yenidən işlənməsi, struktur islahatların aparılması, dəyərli kadrların yetişdirilməsi işində bu məqamın böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi.

Görüşün sonuncu – 13-cü natiqi, Şərif Sənaye Universitetinin mexanika mühəndisliyi üzrə elmlər doktoru Dr. Həsən Salariye çıxışında ölkənin elmi inkişaf tempinin daha da sürətlənməsinə hansı amillərin əngəl olduğunu nəzərdən keçirərək aşağıdakı məqamları qeyd etdi:

-    elmi tədqiqatlarda komanda halında işlərin zəif aparılması;

-    elmi tədqiqatların yuxarıdan idarə olunmasında dəfələrlə dəyişikliklərin edilməsi;

-    sənayenin müxtəlif sahələrində rəhbərliyin risklərə açıq olmaması;

-    bəzi müəssisə rəhbərlərinin yerli elmə etimad göstərməməsi;

-    universitetlərdə tətbiqi biliklərin zəifliyi;

-    sənayenin zəif cəhətlərinin aradan qaldırılması məqsədilə professorlar arasında elmi rəqabətin az olması.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /