Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Tələbələr siyasətdə, elmdə, əxlaq və mənəviyyatda yüksək amalları rəhbər tutmalıdırlar!

Bu gün (çərşənbə axşamı) günortadan sonra ölkə universitetlərinin minə yaxın fəal və seçilən tələbəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə üz-üzə və səmimi bir atmosferdə görüşdü. Təxminən üç saat yarım davam edən görüş zamanı tələbələr Ali Məqamlı Rəhbərlə söhbət edərək universitetlər, elm, mədəniyyət, ictimaiyyət, siyasət və iqtisadiyyatla bağlı müxtəlif məsələlər haqda fikir mübadiləsi apardılar.

Görüşün əvvəlində müxtəlif universitet təşkilatlarını, birlikləri və tələbə ocaqlarını  təmsil edən, siyasət, elm və mədəniyyət sferasında fəallıq göstərən 11 tələbə 2 saat yarıma yaxın vaxt ərzində ölkədəki müxtəlif məsələlərlə bağlı fərqli görüşlərini ifadə etdilər. Daha sonra Ali Məqamlı Rəhbər tələbələrin ortaya qoyduğu sualları cavablandıraraq qeyd etdi ki, tələbə kollektivlərindən dövlətin ən böyük gözləntisi onların siyasətdə, elmdə, əxlaq və mənəviyyatda yüksək amalları rəhbər tutmasıdır. Həzrət Ayətullah Xamenei ölkədəki problemlərə tənqidi, neytral, insaflı və ümid dolu yanaşmanın vacib və arzuolunmaz məqamlarını şərh etdi.

Çıxışının əvvəlində Ali Məqamlı Rəhbər universitetləri təmsil edən nümayəndələrin görüş zamanı ortaya qoyduqları məsələlərə toxunaraq bildirdi ki, qeyd olunan məqamlar çox yaxşı idi və tələbə ictimaiyyəti içərisindəki atmosferi əks etdirirdi. O vurğuladı: “Bu mətləblərdən bəziləri problemlərin çözümünə yol aça bilər, bəziləri isə aidiyyətli qurumların rəsmilərinin ciddi diqqət yetirməli olduğu faydalı məqamları əhatə edir”.

Daha sonra Həzrət Ayətullah Xamenei tələbərin toxunduğu bəzi məqamlara münasibət bildirdi.

Ali Məqamlı Rəhbərin toxunduğu məqamlardan biri tələbələr arasında siyasi tolerantlığın zəruriliyi məsələsi oldu. O bununla bağlı aşağıdakıları qeyd etdi: “Prinsip və dəyərlərə dəqiqliklə sadiq qalmaq, eyni zamanda müxtəlif zəminlərdə, o cümlədən siyasi zəmində həmfikir olmadığın insanlara tolerant yanaşmaq əsla bir-biri ilə ziddiyyət təşkil etmir”.

Tələbələrin vurğuladığı digər bir məqama -  rəsmilərin universitetlərə gəlib tələbələrlə görüşməməsi məsələsinə toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu, tamamilə haqlı bir iraddır. Hakimiyyətin üç qolunun başçıları, orta ranqlı məmurlar, Dövlət Teleradiosunun rəhbərliyi, Silahlı Qüvvələrin və Keşikçi Korpusun komandanları da daxil olmaqla bütün rəsmilər universitetlərdə olmalı, tələbələrin fikirlərini dinləyərək öz fikir və arqumentlərini ortaya qoymalıdırlar. Belə olan surətdə gənc nəsil üçün şübhəli qalan, tələbələrdə sual doğuran əksər məqamlar ortadan qalxacaq”.

Ali Məqamlı Rəhbər məhkəmə orqanlarının bəzi tələbə təşkilatları və tələbə veb-saytlarına münasibətdə  kəskin mövqe tutduğu ilə əlaqəli səsləndirilən fikirlərə toxunaraq dedi: “Əlbəttə, ədliyyə orqanlarının bu hallarla bağlı öz arqumentləri var və onlar açıqlanarsa, yəqin ki, şübhə doğuran bəzi məqamlar ortadan qalxar. Lakin mən belə düşünürəm ki, fikirlərini kəskin şəkildə ifadə etdiyinə görə gənc bir tələbəyə qarşı kəskin mövqe tutmaq lazım deyil”.

Həzrət Ayətullah Xamenei tələbələrdən birinin qeyd etdiyi ədalətə əsaslanan iqtisadi yanaşma, İslam dininin kapitalizmə yanaşması məsələlərinə toxunaraq dedi: “Ölkədə iqtisadi yanaşma ədalətə əsaslanmalıdır və bu, Konstitusiyanın 44-cü maddəsinin siyasətləri ilə heç bir ziddiyyət təşkil etmir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “44-cü maddədəki siyasətlər şərh edildikləri formada icra olunsalar, sözsüz ki, bu, üzdəniraq kapitalizmlə, ölkənin irimiqyaslı qərarlarında kapitalizmin mehvər rolu kəsb etməsi ilə sonuclanmaz”.

O, əlavə etdi: “Hazırda Avropa və Qərbin günü-gündən daha artıq üzləşdiyi iqtisadi problem və sıxıntılar kapitalizm sisteminin təbiətindən, yəni kapitalın hakimiyyətindən qaynaqlanır”.

“Sosialist görüşlərin iqtisadi təfəkkürə qalib gəlməsindən ehtiyatlı olmaq lazımdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “44-cü maddədə nəzərdə tutulan siyasətlər şərh olunmuş çərçivədə icra olunsalar, sözsüz ki, bu maddə ədalətə əsaslanan iqtisadiyyatın tamamlayıcı elementi olacaq”.

Müqavimət iqtisadiyyatının hücum iqtisadiyyatından fərqləndiyini qeyd edən Ali Məqamlı Rəhbər tələbələrdən birinin hücum iqtisadiyyatı ilə bağlı səsləndirdiyi fikirlərə toxunaraq dedi: “Bu sahədə universitetlər tərəfindən dəqiq bir açıqlama təqdim olunsa, ola bilsin, bundan müqavimət iqtisadiyyatının tamamlayıcı elementi kimi istifadə etmək olar”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Müqavimət iqtisadiyyatı dedikdə müdafiə xarakterli tədbirlər, ətrafına sədd çəkmək nəzərdə tutulmur. Müqavimət iqtisadiyyatı hətta sanksiya və təzyiqlər şəraitində belə, bir xalqın inkişaf edib çiçəklənməsi üçün şərait yaradan iqtisadiyyatdır”.

Həzrət Ayətullah Xamenei tələbələrdən birinin “Tənqid etmək düşmənin pazllarını tamamlamaq deməkdirmi?” sualına cavab olaraq aşağıdakıları vurğuladı: “Mən tənqidin olmamasının heç bir vəchlə tərəfdarı deyiləm. Əksinə, daim bu barədə israr edirəm ki, tələbə cərəyanı öz tənqidi mövqeyini qoruyub saxlamalıdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İntəhası tənqidi fikir bildirərkən diqqət yetirmək lazımdır ki, onun ifadə tərzi düşmənin dəyirmanına su tökməsin”.

Tələbələrdən birinin “Professionalların bəzi rəyləri Ali Məqamlı Rəhbərliyin rəyi  ilə üst-üstə düşmür. Bu fərqlilik dini rəhbərliyə və İslam dövlətinə müxalif çıxmaq kimi dəyərləndirilməlidirmi?” sualını Həzrət Ayətullah Xamenei aşağıdakı kimi cavablandırdı: “Ali Rəhbərliyin rəyindən fərqlənən heç bir ekspert rəyi dini hakimiyyətə müxaliflik kimi dəyərləndirilməməlidir”.

O vurğuladı: “Professional səviyyədə, dəqiqliklə yerinə yetirilmiş elmi işdən alınan istənilən nəticə həmin işin müəllifi üçün mötəbərdir və rejimə müxalifət kimi yozulmamalıdır”.

Ali Məqamlı Rəhbər həmçinin tələbələrdən birinin səsləndirdiyi fikirlərə toxunaraq bildirdi ki, tələbə təşkilatlarının islami oyanış hərəkatının tərkib hissəsi olan tələbə kollektivləri ilə sıx əlaqədə olması vacibdir.

Həzrət Ayətullah Xamenei həmçinin tələbələrdən birinin Ali Kiberməkan Şurasının zəif fəaliyyət göstərməsi ilə bağlı fikrinə də münasibət bildirdi. O dedi: “Sözügedən şuranın fəaliyyətinin nəticələrini görmək üçün tələsmək lazım deyil. Çünki belə işlər bir neçə il zaman tələb edir”.

Çıxışının ikinci hissəsində Həzrət Ayətullah Xamenei tələbə ictimaiyyətinə qarşı duyduğu bəzi gözləntiləri qeyd edərək vurğuladı: “Universitet güclü bir axındır. Bu axın azad olsa və düzgün istiqamətləndirilsə, ölkəni tam olaraq düzgün istiqamətə yönəldər”.

Tələbə kollektivlərinin sonsuz güc və potensialının iki amilə – coşub-daşan gənclik qüvvəsinə və elmdən, tələbəlikdən qaynaqlanan qüvvəyə söykəndiyini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Universitetlərimiz İslam İnqilabından sonra dəfələrlə güclənmiş yüksək ruh və özünəinama söykənərək bütün gözləntilərə cavab verə bilərlər”.

Bu gözləntilərin nədən ibarət olduğunu açıqlayan Həzrət Ayətullah Xamenei ideallara can atmanı əsas gözlənti olaraq vurğuladı və mövzunu üç aspektdən: siyasətdə, elmdə, əxlaq və mənəviyyatda ideallara can atma aspektlərindən şərh etdi.

O, əlavə etdi: “Elmdə ideallara can atmaq elmin zirvələrini hədəfə almaq deməkdir. Bu məqsədə çatmaq üçün yaxşı oxumaq vacib şərtdir”.

Bu məntiqə əsaslanan Həzrət Ayətullah Xamenei ölkədəki milyonlarla tələbəyə xitabən dedi: “Bu gün dərs oxumaq, elm öyrənmək, araşdırmalar aparmaq – bir sözlə tələbənin əsas işinə ciddi yanaşmaq bir cihaddır”.

Əxlaq və mənəviyyatda ideallara can atmanı şərh edən Ali Məqamlı Rəhbər bildirdi ki, universitet ictimaiyyəti saf  olmalı, dinə və dəyərlərə bağlı olmalıdır.

Çıxışının bu hissəsində Ali Məqamlı Rəhbər universitetləri dinə müxalif mühitlər hesab edən yanaşmanın köklərini araşdıraraq bunu kəskin tənqid etdi. O bildirdi ki, bu mürtəce və tamamilə yanlış yanaşmanın tarixi İranda universitetlərin təşkil olunduğu ilkin dövrlərə – İslam İnqilabından bir neçə onillik öncəyə gedib çıxır. O dövrdə bəziləri öz kimliyini və dəyərlərini ayaq altına atan qərbyönlü ziyalılar nəslini yetişdirməyə çalışırdılar.

Belə bir yanaşmanın qəbuledilməz olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Universitetlər din, əxlaq, saflıq və mənəviyyat məkanıdır. Biz universitetlərimizi elə görmək istəyirik ki, onların qapısından içəri daxil olan hər kəsin din və mənəviyyata meyli artsın”.

İdeallara can atmanın zəruri və arzuolunmaz məqamlarını açıqlayan Ali Məqamlı Rəhbər dövlət rəsmiləri ilə görüşü zamanı toxunduğu məqama – “siyasətdə ideallara can atma reallığı görmə ilə paralel olmalıdır” fikrinə toxunaraq çox mühüm bir məsələni qeyd etdi: “İdeallara can atmanı aqresiya ilə qarışdırmaq lazım deyil. Aqresiya nümayiş etdirmədən də prinsip və dəyərlərə son dərəcə bağlı olmaq mümkündür”.

Emosiyaları kontrol etməyin, hisslərin pik həddə çatdığı məqamda qərar qəbul etməkdən çəkinməyin vacib olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Son 2-3 il ərzində tələbə təşkilatları müxtəlif siyasi-ictimai hadisələrdə təqdirəlayiq və fəal iştirak ediblər. Lakin həmin illərdə elə hallar olub ki, təşkilatlar tələbələrin pak və müqəddəs duyğuları əsasında düzgün olmayan müəyyən qərarlar qəbul edib, addımlar atıblar. Çünki qərar qəbul edərkən emosiyalara yox, tükü-tükdən seçən, dəqiq araşdırmalara əsaslanmaq lazımdır”.

İdeallara can atma ilə emosiyalara qapılma arasındakı sərhədi daha aydın izah etmək üçün bir misal gətirən Ali Məqamlı Rəhbər İslam Respublikasının regiondakı müstəbid rejimlərə kökündən müxalif olduğunu bildirərək dedi: “Bu müstəvidə dövlətin mövqeyinin tam aydın olduğuna baxmayaraq, ənənəvi diplomatik fəaliyyətlərin əleyhinə çıxmaq lazım deyil”.

O dedi: “Tələbə kollektivlərinin ideallara can atma vəzifəsi ilə ölkənin mənafeyini nəzərə almaq, qanuna əməl etmək, işləri müdriklik və uzaqgörənliklə idarə etmək arasında ziddiyyət yoxdur. Yəni həm emosiyaları aşıb-daşan, ideallara can atan bir gənc olmaq, həm də eyni zamanda ölkənin idarə edilməsi, maraqları ilə bağlı məsələlərin əksinə çıxış etmədən davranmaq mümkündür”.

Çıxışının bu hissəsini yekunlaşdıran Həzrət Ayətullah Xamenei dedi: “İdeallara can atma məsələsinin mənasına və dərinliyinə varmaq lazımdır. Aqresiv və kobud davranışlardan çəkinib, reallığı və ölkənin maraqlarını nəzərə alaraq qərar qəbul etmək və addım atmaq lazımdır. Daim yadda saxlamaq lazımdır ki, ideallara can atmaq dəyər, prinsip və ideallara sadiq qalmaq, müxalif mövqedə olanlara təsir etmək və onların təsiri altına düşməmək deməkdir”.

Çıxışının davamında: “Tələbə təşkilatları ölkədə gedən müxtəlif proseslərdə fiziki və intellektual iştirak etməlidirlər” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Tələbə medialarında mədəni iş aparmaq, öz rəy və mövqeyini ifadə etməklə intellektual iştirakı təmin etmək mümkündür. Eyni zamanda düzgün qərarlar verməyi bacaran tələbə təşkilatlarının fiziki iştirak nümayiş etdirməsi də məqsədəuyğundur”.

Tələbə təşkilatları içərisində emosiyalar əsasında qəbul edilən qərarların mənfi nəticələr verə biləcəyini qeyd edən Həzrət Ayətullah Xamenei bu kimi qərar və addımların qarşısının alınması üçün aşağıdakı təklifi verdi: “Tələbə təşkilatları verilən qərarları və atılan addımları idarə edəcək bir mərkəz yaratmalı, müxtəlif məsələlərlə bağlı öz Aralarında məsləhətləşib, hərtərəfli düşünülmüş bir qərar qəbul etməli, hansı addımı atacaqlarını müəyyənləşdirməli, bütün tələbələr də bu qərarlara riayət etməlidirlər. Belə olan halda emosiyalardan irəli gələn qərar və addımlar tələbə təşkilatlarının ayağına yazılmaz”.

Sözünə davam edən Həzrət Ayətullah Xamenei etik cəhətdən ciddi əhəmiyyət kəsb edən bir qaydanı tələbələrə xatırladaraq: “Bilmədiyinizi danışmaqdan çəkinin!” – dedi.

O, üzünü ölkədəki bütün tələbələrə tutaraq dedi: “Sizdən xahiş edirəm ki, namaz və oruca ciddi yanaşdığınız qədər, qeybətdən, kimisə ittiham etməkdən, bilmədiyiniz şeyləri danışmaqdan çəkinməyə də ciddi surətdə səy göstərin”.

Ali Məqamlı Rəhbər gənc tələbələrə onları büdrədə biləcək daha bir təhlükəli məqamla – vəzifə postuna həvəslə bağlı da tövsiyə verdi.

O dedi: “Düzdür, bir vaxtlar dəyərləri rəhbər tutan tələbə təşkilatları dünyanın təmtərağına meyl göstərmirdilər, lakin indi vəziyyət belə deyil və bəzi təşkilatlarda, bəzi şəxslər üçün vəzifə postu məsələsi əhəmiyyət kəsb edə bilər.  Siz gənclər hər kəsi asanlıqla büdrədə biləcək bu məsələyə qarşı ehtiyatlı olun, çünki vəzifə hərisliyi mənəm deyən insanları da xar edir”.

Ali Məqamlı Rəhbərin bugünkü çıxışının daha bir mehvəri düşmənin soyuq müharibədə qarşıya qoyduğu məqsədlərə diqqət yetirilməsi ilə bağlı oldu.

Həzrət Ayətullah Xamenei tələbələrə müraciət edərək dedi: “Dini etiqadınız baxımından mən sizi soyuq müharibənin zabitləri hesab edirəm. Məhz buna görə də təkidlə vurğulayıram ki, düşmənin soyuq müharibədə güddüyü əsas məqsədi, yəni xalqın və rəsmilərin hesablamalarını dəyişmək məqsədini ciddi surətdə nəzərə alın”.

“Düşmənin əsas hədəfi xalqın qəlbi, zehni, təfəkkürü və iradəsidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Onlar açıq-aşkar deyirlər ki, iranlıları öz hesablamalarını dəyişməyə məcbur etmək üçün nə isə etmək lazımdır. Xalqımızın bu nəticəyə gəlməsinə nail olmaq istəyirlər ki, imperializmə və dünyanın hegemon dövlətlərinə qarşı mübarizəni davam etdirmək iranlıların xeyrinə deyil. Soyuq müharibənin zabitləri düşmənin bu hədəfini dərk edərək ona qarşı düzgün mübarizə aparmalıdırlar”.

Düşmənin soyuq müharibədəki əsas hədəfinə qarşı düzgün mübarizə yolunun nədən ibarət olduğunu açıqlayan Ali Məqamlı Rəhbər dini biliklərin səviyyəsinin artırılması məsələsini vurğuladı.

Ali Məqamlı Rəhbər tələbələrə aşağıdakı tövsiyəni verdi: “Dini biliklərinizin səviyyəsini internet saytlarında, bloqlarda və sairdə müzakirə mövzusuna çevirməyin. Çalışın ki, Qurana, ustad Mütəhhərinin, eləcə də teoloji mərkəzlərin digər qocaman və gənc din alimlərinin əsərlərinə söykənərək dini biliklərinizi günü-gündən artırasınız”.

Ümid dolu, pessimist baxışın ən əsas məsələ olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei bildirdi ki, dini mövzuda mütaliəni artırmaq, ölkənin reallıqlarına gözüaçıq yanaşmaq, vicdanlı tənqid, ardıcıl və bərabər nəzarət ölkənin tələbə kollektivlərinin əsas vəzifələri sırasına daxildir. O vurğuladı: “Bütün bunlar ağıl və təmkinlə, ifrat və təfritdən uzaq şəkildə həyata keçirilməlidir”.

Ali Məqamlı Rəhbər dedi: “Ölkənin reallıqları qəlblərdə ümidi artırır. Bu parlaq ümid şüasını öz qəlbinizdə, eləcə də insanlarımızın qəlbində bacardığınız qədər yaşadıb artırın!”

Görüş zamanı Ali Məqamlı Rəhbərin çıxışından öncə müxtəlif universitetləri təmsil edən fəal tələbələrdən aşağıda adları sadalanan 12 nəfəri elm, ali təhsil, cəmiyyətdəki siniflər, mədəniyyət, siyasət, sosial həyat və iqtisadiyyatla bağlı müxtəlif məsələlər haqda rəy və görüşlərini ifadə etdilər:

Əli Həsənzadə - Tələbə Bəsic Təşkilatının nümayəndəsi;

Cavad Moxtari Əliabadi – doktoranturanın son ilinin kimya ixtisası üzrə ən yaxşı tələbəsi;

Mehdi Əmiriyan – Vəhdətin Möhkəmləndirilməsi İdarəsinin nümayəndəsi;

Buşra Hatefquçani – doktoranturanın son ilinin fizioterapiya ixtisası üzrə ən yaxşı tələbəsi;

Əli Cəmşidi – İslamyönlü Müstəqil Tələbə Təşkilatları Alyansının nümayəndəsi;

Məhəmmədyasir Turabi – tələbə cihad dəstələrinin nümayəndəsi;

Məhəmməd Pəhləvan Kaşi – Tələbələrin İslam Cəmiyyəti Birliyinin nümayəndəsi;

Məhsa Qurbani – tələbə elmi təşkilatlarının nümayəndəsi;

Mehdi Xucigi – Tələbə Ədalət Hərəkatının nümayəndəsi;

Süheyl Kiyaruş – tələbə medialarının nümayəndəsi;

Leyla Abdullazadə - Azad Universitetin doktorantura şöbəsinin beynəlxalq iqtisadiyyat ixtisası üzrə ən yaxşı tələbəsi;

Məhəmmədhüseyn Abdullahi – tələbə ocaqları və heyətlərinin nümayəndəsi;

Tələbə təşkilatlarını və fəal tələbələri təmsil edən natiqlər çıxışlarında əsasən aşağıdakı məqamlara diqqət çəkdilər:

-    diplomatik korpusun regionda gedən bəzi proseslərə qarşı passiv reaksiyasının tənqidi;

-    Ölkənin siyasət və media məkanında İslam əxlaqının zəifliyindən narazılıq;

-    2009-cu il iğtişaşlarına dəstək verənlər bağışlanmalı və İran xalqından rəsmən üzr istəməlidir;

-    Bəzi orta səviyyəli rəhbər kadrların azad sözə dardüşüncəli yanaşmasının tənqidi;

-    Vəzifəli şəxslərin qərarlarında və tədbirlərində qanuna əməli surətdə və hərtərəfli riayət olunmasının vacibliyi;

-    Vəzifəli şəxslərin siyasi hərc-mərcliyə girmədən xalqa xidmət etməsinin zəruriliyi;

-    İranın istənilən bəhanə və izahla, istənilən formada geri çəkiləcəyi təqdirdə imperializm cəbhəsinin daha da artıq cürətlənəcəyi;

-    Seçki marafonuna qatılmağa can atan fəal siyasətçilərin yalan vədlərdən və siyasi oyunlardan çəkinməsi zərurəti;

-    Şişirdilmiş təbliğat üzərində qurulan seçkinin cəmiyyətdə kök atmasından, qüdrət və sərvət mərkəzlərinin seçkidə həlledici rolu ələ almasından nigaranlıq;

-    Rəsmilərin təfriqə salmaq üçün fürsət axtaran ünsürlərə qarşı sayıq olmasının vacibliyi;

-    Dövlətin insan potensialından mükəmməl istifadə, bu potensialın yalnız seçki və yürüşlərlə məhdudlaşdırılmasından çəkinmək;

-    Ehtiyatlı olub düşmənin dəyirmanına su tökməmək, eyni zamanda riskləri düzgün dəyərləndirmək, zəif cəhətləri ağılla bəyan etmək;

-    KİV tərəfindən bəzi dəyərlərə uyğun olmayan, insanlara pis nümunə ola biləcək modellərin yaradılmasının, ölkədəki reallıqların qeyri-düzgün, pessimsit çalarlarda təqdim olunmasının tənqidi;

-    Milli teleradioda düzgün iqtisadi mədəniyyət, müqavimət iqtisadiyyatı mövzusunda xalq üçün örnək ola biləcək nümunələrin yaradılması, lüks və dəbdəbəli həyatın təbliğindən çəkinmək;

-    Bəzi idman növlərinə milyardlarla pul xərclənməsinin məntiqi və iqtisadi izahının olmaması, bu məsələnin ölkənin intellektual elitasına göstərdiyi mənfi təsir;

-    Qərbin iqtisadi sanksiya və təzyiqlərinin nəticəsiz olması;

-    Mədəniyyət sferasında vahid yol xəritəsinin olmaması, mədəniyyət qurumlarının bəzi fəaliyyətlərində həmrəyliyin yoxluğu;

-    Hökumətin uğur və nailiyyətlərinin ictimaiyyətə çatdırılması işində kreativlik və təşəbbüskarlığın az olmasının tənqidi;

-    Bəzi qanunlarda, özəlliklə də hərbi xidmətlə bağlı qanunlarda dəfələrlə dəyişikliklər edilməsinin tənqidi;

-    Bəzi mədəni və icra strukturlarında  soyuq müharibəyə, onun tələblərinə qarşı düzgün və münasib yanaşmanın olmaması;

-    Kiberməkanın yaratdığı imkanlardan bəhrələnmək üçün kompleks planın işlənib hazırlanması zərurəti:

-    Ali Kiberməkan Şurasının zəif fəaliyyət göstərməsinin tənqidi;

-    Universitetlərdə mədəniyyətlə bağlı kompleks yanaşmanın, dəqiq planlamanın olmaması;

-    İqtisadi sistemdə öz mənfəətini güdən tamahkar insanlara və qanun pozucularına qarşı ibrətverici tədbirlər görülməsinin vacibliyi;

-    Üçlü hakimiyyət qüvvələri və dövlət strukturlarının Ali Məqamlı Rəhbərin korrupsiya ilə bağlı 8 maddəlik fərmanının icrasına ciddi diqqət ayırması zərurəti;

-    İqtisadiyyat sahəsində öz mənfəətini güdən tamahkar insanlara qarşı ciddi tədbirlər görülməsinin, bəzi iqtisadi problemlərlə mübarizə üçün elmi və koordinasiyalı planlamanın həyata keçirilməsinin vacibliyi;

-    Sanksiyaların şansa çevrilməsi üçün planlama;

-    Ədalətlə yanaşı, tərəqqiyə də diqqət yetirilməsi;

-    İnternet məkanında çəkinmədən, fəal iştirak etməyin, mənfi, məhdudlaşdırıcı münasibətlər qurmaq əvəzinə, bu texnologiyanın yaratdığı imkanlardan istifadə etməyin vacibliyi;

-    İran sərmayəsinə, İslamın bəyənib qəbul etdiyi sərmayədarlığa, bununla mənfəətpərəst kapitalizm arasındakı fərqlərə düzgün tərif verməyin vacibliyi;

-    Kənd təsərrüfatı sektoru ilə bağlı siyasətlərin səbatsızlığı;

-    Bəzi qeyri-hökumət təşkilatları və qurumlarının yoxsulluğun aradan qaldırılması məsələsinə Qərbə xas modellər əsasında müdaxiləsi ilə bağlı xəbərdarlıq;

-    Əqli mülkiyyət hüquqlarının qeydiyyatı sisteminin təkmilləşdirilməsi;

-    “İqtisadiyyatın xalqa həvalə edilməsi” mövzusunun dəqiq açıqlanması, 44-cü maddədə nəzərdə tutulan siyasətlərlə kapitalizmə doğru irəliləməmək arasındakı sərhədin müəyyənləşdirilməsi;

-    Hücum iqtisadiyyatı müqavimət iqtisadiyyatının tamamlayıcı elementi kimi;

-    Ölkənin yorulmaq bilməyən insanların zəhmət və çalışqanlığına böyük ehtiyac duyması;

-    Universitetlərdə aparılan elmi tədqiqat işlərinin ölkənin ehtiyaclarına uyğun istiqamətləndirilməsinin əhəmiyyəti;

-    Universitetlərlə sənaye sektoru arasında qarşılıqlı etimad yaradılması zərurəti;

-    Universitet elmi şuralarına üzvlər seçərkən qanunla müəyyən olunmuş meyarlara və ədalətə riayət olunmasının vacibliyi;

-    Universitetlər tərəfindən islami oyanışla bağlı nəzəriyyənin işlənib hazırlanmaması;

-    Humanitar elmlər sahəsində dəyişikliklərin həyata keçirilməsi işinin ali təhsil sistemində mövcud olan bürokratik əngəllərlə qarşılaşması;

-    Ödənişli ali təhsil və qeyri-kommersiya universitetləri kimi təzahürlərin tənqidi;

-    Başqa ölkələrin tələbələri ilə qarşılıqlı əlaqələrin artırılması üçün lazımi infrastrukturların yaradılması zərurəti;

-    İslam universiteti məsələsinə formallıqdan uzaq, dərindən yanaşma;

-    Humanitar elmlərin islamiləşməsi işində lazımi dinamiklik və dəyişikliklərin olmaması;

-    Universitetlərdə tətbiqi sahələrin genişləndirilməsi və gücləndirilməsi;

-    Fəal və seçilən tələbələrlə daha sıx və sistemli əməkdaşlıq;

-    Universitetlərin məişət rifahı imkanlarının və tələbə yataqxanalarının özəlləşdirilməsi siyasətinin tənqidi;

-    Universitetlərdə azad fikir kafedralarının sözün həqiqi mənasında reallaşdırılmaması;

-    Məhkəmə sistemində tələbə təşkilatları və tələbə hərəkatlarına qarşı dözümlü yanaşmanın vacibliyi;

-    Üçlü hakimiyyət qüvvələri başçılarının və digər rəsmi şəxslərin tələbələrlə görüşmək, onların suallarını cavablandırmaq üçün ali təhsil müəssisələrində olmamasının tənqidi;

-    Ölkə elminin inkişafı üçün elmi mərkəzlərə, elm və texnologiya parklarına aid infrastrukturların təkmilləşdirilməsinin əhəmiyyəti;

-    Ənənəvi tibb kimi qeyri-medikamentoz metodlardan istifadənin genişləndirilməsi üçün lazımi zəminin yaradılması.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /