Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müqavimət iqtisadiyyatı şüar yox, gerçəkləşməsi vacib olan bir reallıqdır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei elm və texnologiya sferasında tədqiqat aparan mütəxəssislər, novator insanlar, habelə elmi əsaslı şirkətlərin, elm və texnologiya parklarının rəsmiləri ilə bu gün günortadan sonra baş tutan görüşündə elmin ölkənin coşub-daşan, tükənmək bilməyən sərmayəsi olduğunu bildirdi. Milli qürur və heysiyyətin yüksəlişində, ölkənin siyasi qüdrətinin və suverenliyinin artmasında elmi biliklərə əsaslanan iqtisadiyyatın mühüm roluna toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bu gün İran tarixin həssas və unudulmaz bir mərhələsini yaşamaqdadır. Hər kəsin öhdəsinə düşən məsuliyyəti düzgün dərk etməsi və bu məsuliyyəti layiqincə yerinə yetirməsi, heç şübhəsiz, İran xalqını müjdə verən üfüqlərə, nəzərdə tutulan ideallara çatdıracaq”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Ölkəmiz inkişaf etməkdədir və İran xalqını irəliyə aparan yolda heç bir çıxmaz, aradan qaldırılması mümkün olmayan maneə yoxdur!”

Ölkəni yüksək hədəf və amallara aparan yolda siyasət, iqtisadiyyat və təbliğat müstəvisində bəzi təzyiqlərin mövcud olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqı əzm və iradə ilə özünü nəzərdə tutduğu nöqtəyə çatdırmaqda qərarlıdır!”

Ali Məqamlı Rəhbər vurğuladı: “İran xalqı bütün əzmi ilə meydandadır. Təzyiqlər və süni maneələr bu xalqın qətiyyətindən, iradəsindən və amallarından kiçikdir”.

Ali Məqamlı Rəhbər hazırkı şəraitin stimulverici, eyni zamanda zəhmət və çətinliklərlə dolu olduğunu qeyd edərək dedi: “İslamı rəhbər tutan İranın hazırkı şəraiti idman yarışlarının keçirildiyi arenalara bənzəyir. Yorğunluq və narahatlığa baxmayaraq, bu arenada olmaq insana həvəs verir və idmançılar böyük şövq və stimulla ora ayaq basırlar”.

“Hazırkı həssas və taleyüklü mərhələni uğurla geridə qoymağın yollarından biri müqavimət iqtisadiyyatına ciddi yanaşmaqdır” – deyən Həzrət Ayətullah Xamenei vurğuladı: “Müqavimət iqtisadiyyatı şüar yox, gerçəkləşməsi vacib olan bir reallıqdır!”

Həzrət Ayətullah Xamenei bildirdi ki, müqavimət iqtisadiyyatının ən gözəl təzahürlərindən, ən effektli komponentlərindən biri bu iqtisadiyyatı daha da möhkəmləndirmək qabiliyyətinə malik olan elmi əsaslı şirkətlərdir.

“Gerçək iqtisadi inkişaf elmi biliklərin köməyi ilə maddi sərvətlərin istehsalından asılıdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Elmi əsaslı şirkətlərə ciddi yanaşılsa, onların kəmiyyət və keyfiyyət baxımından genişlənməsinə dəstək verilsə, ölkə iqtiasdiyyatı elmi yolla sərvətlərin yaradılması vasitəsilə gerçək çiçəklənməyə nail olar”.

“Neft kimi tükənən resurslar sayəsində sərvət istehsal etmək özünü aldatmaqdır!” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Xam məhsulun satışı İslam İnqilabından öncəki uzun illərdən miras qalmış bir tələdir. Təəssüf ki, ölkəmiz bu tələyə düşüb. Çalışmaq lazımdır ki, İran xalqı ondan qurtulsun”.

Ali Məqamlı Rəhbər bildirdi ki, İran üçün istənilən vaxt neft quyularının ağzını bağlaya biləcək səviyyədə özünəinamlı olmaq, xammal və filiz satışını dayandırmaq olduqca əhəmiyyətli bir məsələdir. O vurğuladı: “Belə bir mərhələyə yalnız elmə söykənərək, elmi əsaslı şirkətləri inkişaf etdirib genişləndirərək çatmaq mümkündür”.

Prezidentin Elm və Texnologiya Məsələləri üzrə Müavinliyi tərəfindən elmi əsaslı şirkətlərə dəstək verilməsi istiqamətində görülmüş tədbirlərin sevindirici olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu sahədə bəzi zəif cəhətlər və problemlər də var ki, onları araşdırıb üzə çıxarmaq və ən qısa zamanda aradan qaldırmaq lazımdır”.

Tədqiqatçıların və novator mütəxəssislərin ortaya qoyduğu məsələlərə toxunan Ali Məqamlı Rəhbər banklar və maliyyə müəssisələri tərəfindən həyata keçirilən ənənəvi və köhnə qiymətləndirmə sistemini, elmi əsaslı şirkətləri risk faktorlarından qoruyacaq xüsusi sığortaların olmamasını zəif zəhətlər sırasında qeyd edərək dedi: “Dövlət qurumları ideya müəllifi olan istedadlı insanları üzə çıxararaq onlara dəstək verməklə, ixtiraları izləməklə yeni elmi əsaslı şirkətlərin qurulması üçün zəmin yaratmalıdırlar”.

Bəzi xarici ölkələrin yerli istedadların üzə çıxarılması və cəlb edilməsi istiqamətində sərmayə qoyduqlarını qeyd edən Ali Məqamlı Rəhbər bu təzahürün məntiqi yolla qarşısını almaq, tələb olunan təşviqedici, dəstəkverici tədbirləri həyata keçirmək lazım olduğunu bildirdi. O dedi: “Elmi əsaslı şirkətlər sahəsində mövcud olan problemlərən biri də bu şirkətlərə dövlət dəstəyi ilə bağlı qanunun icra olunmamasıdır. Sözügedən qanunun icrası ilə bağlı qaydalar mümkün qədər tez bir zamanda ictimaiyyətə açıqlanmalıdır”.

Ali Məqamlı Rəhbərin toxunduğu digər məqamlar ölkənin elmi imkanlarının, həmçinin çatışmazlıqların təyin olunması məqsədilə informasiya bankının yaradılması, elmi əsaslı şirkətlərin fəaliyyət sferasının genişləndirilməsi, bu şirkətlərdə özəl sektorun gücləndirilməsi oldu.

“Ölkə iqtisadiyyatının sərvətlərin elmi əsaslı şirkətlər tərəfindən istehsalı əsasında qurulması gerçək iqtisadi qüdrətin qazanılması, həmçinin özünəinam, özünütəminetmə, milli qürur ruhiyyəsinin güclənməsi, ən nəhayət, ölkənin siyasi qüdrətinin artması üçün zəmin yaradacaq” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mümkün maneələri aradan götürüb, lazımi zəmin yaradaraq elm adamlarını, ziyalıları və sərmayədarları elmi əsaslı şirkətlərin yaradılmasına təşviq etməliyik”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “5-ci inkişaf planında 20 min elmi əsaslı şirkətin təsis olunması nəzərdə tutulur, biz isə bundan daha yüksək perspektivləri qarşıya məqsəd qoymalıyıq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /