Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qərb sivilizasiyası ayaq basdığı hər yerə yalnız fəsad və istismar gətirib!

Bu gün – Quranın nazil olduğu mübarək Ramazan ayının ilk günündə, günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Quranla ünsiyyət məclisi quruldu.

Quranın mənəvi rayihəsi və təravəti ilə dolub-daşan bu nurani məclisdə Quran qariləri, hafizlər və ustadlar müqəddəs kitabdan ayələr tilavət etdilər, xor qrupları Ramazan ayının fəziləti işığında Uca Yaradana həmd-səna oxudular.

Quran eşqinə qurulmuş məclisdə çıxış edən Həzrət Ayətullah Xamenei bildirdi ki, İran İslam Respublikası Qurandan və ilahi hidayətdən qaynaqlanan mənəviyyata söykənəcək bir sivilizasiya qurmağa iddialıdır.  İnsanların əxlaq və mənəviyyatdan uzaq maddiyyata əsaslanan Qərb sivilizasiyası tərəfindən istismar olunduğunu qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Qərbin əxlaq və insan haqları barədə yalançı iddialarına bariz nümunə bu dövlətlərin Myanmada minlərlə müsəlmanın qətli qarşısında susmalarıdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Qərb sivilizasiyası ötən əsrlər boyunca da ayaq basdığı hər yerdə fəsaddan və insanların istismarından başqa heç bir nəticə verməyib”.

O dedi: “Nüfuza, rifaha, maddi və mənəvi cəhətdən inkişafa, gözəl əxlaqa və düşmən üzərində qələbəyə yalnız Quran təlimlərinə əməl etməklə nail olmaq mümkündür”.

Müsəlman xalqlarının oyanışına işarə edən Həzrət Ayətullah Xamenei dedi: “Müsəlman xalqları ilahi vəhyə, əxlaq və mənəviyyata əsaslanan bir sivilizasiyanın bünövrəsini qoya bilsələr, bəşəriyyət səadətə qovuşacaq!”

Quranla ünsiyyətdə ağıl və sevginin birgə kombinasiyasının çox faydalı olduğunu qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Quranın əqli prinsipləri sevgi ilə çulğalaşarsa, bu müqəddəs kitabın təlimlərinə əməl edilməsi üçün zəmin yaranar, nəticədə, müsəlman cəmiyyəti günü-gündən daha böyük uğurlar qazanar”.

Ölkədə, xüsusilə də gənclər arasında Quranla ünsiyyət tendensiyasının genişlənməsindən məmnunluq duyduğunu bildirən Həzrət Ayətullah Xamenei Quranın ehtiva etdiyi təlimlər haqda dərindən düşünmək və onlara əməl etmək lazım olduğunu vurğuladı.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /