Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmənin təzyiqləri İranın öz hesablamalarını yenidən nəzərdən keçirməsinə səbəb olmayacaq!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət rəsmiləri və hökumət nümayəndələri ilə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, İran xalqı və İslam dövlətinin son 32 il ərzindəki mütərəqqi hərəkatının  sirri reallığı görmə ilə yanaşı olan yüksək amallara can atmadır. İran xalqı və İslam dövlətinin həlledici əhəmiyyətli bacarıq və potensiala malik olduğunu vurğulayan Ali Məqamlı Rəhbər düşmənin mürəkkəb xarakterli planlarına qarşı mübarizənin vacib məqamlarını, olar-olmazlarını şərh etdi.

Həzrət Ayətullah Xamenei olduqca həssas və incə bir kombinasiya olan “reallığı görmə ilə yanaşı, yüksək amallara can atma” məfhumunu düzgün qavramağın vacib olduğunu qeyd edərək dedi: “Reallığı düzgün qiymətləndirərək yüksək amallara can atma kombinasiyası, əslində, dərin və hərtərəfli düşüncə çərçivəsində cihad əzmi ilə hərəkət etmək deməkdir. Bunun üçün isə xalqın bütün təbəqələrinin və dövlət adamlarının məlumatlı və gözüaçıq olmasına, bütün sferalarda birlik və həmrəyliyə ehtiyac var”.

Ali Məqamlı Rəhbər İslam dövlətinə qarşı inqilabın qələbəsinin ilk günlərindən etibarən yönəlmiş tədbirlərə, o cümlədən terror aktlarına, etnik iğtişaşlara, İran İslam Respublikasının zorla cəlb olunduğu, 8 il davam etmiş müharibəyə, ardıcıl iqtisadi sanksiyalara, 1378-ci ilin tir ayında və 1388-ci ildə baş verən olaylara toxunaraq dedi: “İran xalqının möhtəşəm bacarıq və potensialı İslam dövlətinin bütün bu çətinliklərdən uğurla keçib getməsinə, hər bit etapda əvvəlkinə nisbətən daha qüdrətli və möhkəm olmasına yol açdı”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İslam dövlətinin öz irəliləyiş kursunda iti döngələrdən, çətin aşırımlardan uğurla keçməsinin şərti reallığı qəbul edərək yüksək amallara can atma kombinasiyasının qorunub saxlanması, ölkənin və xalqın potensialına, bacarığına düzgün yanaşmadır.

Ali Məqamlı Rəhbər yüksək amallara can atma ilə reallığı qəbul etmənin uyğun gəlmədiyini deyən bəzi insanların bu fikrini rədd edərək dedi: “İslam İnqilabının  amallarından əksəriyyəti xalqın arzu və istəkləri ilə üst-üstə düşür. Məhz buna görə də onlar cəmiyyətin şəksiz və obyektiv reallıqlarından hesab olunur”.

Ali Məqamlı Rəhbər milli qürurun, imanlı həyat tərzinin, ölkənin idarəetməsində iştirakın,  hərtərəfli inkişafın, iqtisadi və siyasi müstəqilliyin, beynəlxalq nüfuza malik olmanın xalqın gerçək arzuları sırasında yer aldığını qeyd edərək: “Xalqın bu istəkləri İslam İnqilabının idealları ilə yüzdə-yüz üst-üstə düşür. Onlar reallığı qəbul etməklə yüksək amallara can atmanın heç də bir-biri ilə ziddiyyət təşkil etmədiyini göstərir”.

“Reallığa diqqət yetirmədən, məntiqi və rasional mexanizmlərdən istifadə etmədən ideallara cam atmaq xəyalpərəstlikdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İdealların şüar səviyyəsində qalmaması üçün xalq və dövlət rəsmiləri onları məntiqi və ardıcıl şəkildə izləməlidir”.

Cəmiyyətdəki reallıqları gözardına vurmağın qeyri-düzgün mühakimələrə, yanlış kurs seçiminə səbəb olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Öz davranışlarımızı reallıq əsasında tənzimləməliyik. Çünki bu yolda büdrəməkdən, büdrəmələrə yol açan maneələrdən ehtiyatlı olmaq çox əhəmiyyətlidir”.

Bu maneələrdən bəziləri haqda ətraflı danışan Ali Məqamlı Rəhbər “reallıqla bağlı fantaziyalar” məsələsinə toxundu. O dedi: “İslam dininin və inqilabın düşmənləri özlərindən reallıq qondarmaq, mövcud olmayan şeyləri reallıq kimi qələmə verməklə xalqımızı və rəsmilərimizi yanlış mühakimələrə sövq etməyə çalışırlar”.

Həzrət Ayətullah Xamenei mövzu ilə əlaqədar olaraq, düşmənlərin İran xalqının güc və bacarığını cılız kimi qələmə vermək, imperialist cəbhəsinin imkanlarını isə şişirtmək səylərinə toxunaraq dedi: “Əgər biz bu qondarma reallığın əsirinə çevrilsək, özümüzün və ya düşmənimizin gücünü dəyərləndirərkən səhvə yol versək, yanlış yola üz tutmuş olacağıq”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, bahasını ödəmədən amallara yetişəcəyini güman etmək insanın büdrəməsinə səbəb olan amillər sırasına daxildir. O, əlavə etdi ki, reallıqların yalnız bir qisminə əsaslanmaq, real məsələləri yanaşı surətdə gözdən keçirməmək büdrəməyə səbəb olan və ehtiyatlı olmağı tələb edən digər bir amildir.

Həzrət Ayətullah Xamenei bildirdi ki, ölkənin bütün reallıqlarının paralel surətdə gözdən keçirilməsi böyük optimizm üçün zəmin yaradır. O dedi: “Bu reallıqlar göstərir ki, İran xalqını ideallarına aparan yol maneələrlə dolu olsa da, bu yolda heç bir çıxmaz yoxdur”.

“İslam İnqilabının düşmənləri İran xalqının yolunu çıxmaza dirənmiş bir yol kimi qələmə verməyə çalışırlar” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Onlar açıq-aşkar deyirlər ki, təzyiq və sanksiyaları gücləndirməklə İran rəsmilərini öz hesablamalarını yenidən nəzərdən keçirməyə məcbur etmək lazımdır. Lakin reallıqları nəzərə aldıqda bu nəticəyə gəlirik ki, biz nəinki hesablamalarımızı yenidən nəzərdən keçirməməliyik, hətta xalqın tutduğu yolu daha artıq qətiyyətlə davam etdirməliyik”.

Mövcud reallıqların bir qismini şərh edən Ali Məqamlı Rəhbər dedi: “Bir neçə imperialist dövlətin İslam Respublikasına qarşı mübarizə aparması, onların günü-gündən artan, mürəkkəb xarakterli təzyiqləri nəzərdən qaçırılmamağı tələb edən bir reallıqdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, böyük siyasi, iqtisadi və media imkanlarına malik olan bu dövlətlər əllərindəki, həqiqətən, güclü media-təbliğat mexanizmi vasitəsi ilə özlərini beynəlxalq ictimaiyyət kimi qələmə verməyə çalışırlar, lakin bu, reallığa qətiyyən uyğun gəlmir.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, bu bir neçə hegemon dövlətin böyük ordusu da var. Lakin Amerika bu orduların üstündən əlini çəksə, onlar bir heçdirlər və qlobal hesablamalarda əsla nəzərə alınmırlar”.

O dedi: “Daha bir reallıq budur ki, həmin imperialist dövlətlərin İslam Respublikası ilə düşmənçiliyinin səbəbi məhz ölkədəki hakimiyyət quruluşu modeli ilə bağlıdır. Onlar isə İran xalqına qarşı çıxmalarının səbəbini nüvə problemi və insan haqlarının müdafiəsi ilə əlaqələndirməyə çalışırlar”.

Həzrət Ayətullah Xamenei dedi: “Sözsüz ki, Amerika, İsrail, İngiltərə və digər müstəmləkəçilərin insan haqları məsələsində arxada qoyduqları qara keçmişlə onların bu yalanlarına heç kəs inanmaz”.

O dedi: “Reallıq budur ki, İran xalqının İslam İnqilabı bu əhəmiyyətli ölkəni imperialistlərin çəngindən qoparıb, İslam dünyasında getdikcə genişlənməkdə olan bir oyanışın, stimulun baş qaldırmasına səbəb olub. Məhz buna görə də onlar İslam Respublikasına zərbə vurmaqla başqa xalqlara İrandan örnək götürməmələri üçün dərs vermək istəyirlər”.

“Daha bir reallıq da budur ki, İslam dövlətinin üzləşdiyi hazırkı təzyiqlər yeni deyil” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bir vaxtlar Fars Körfəzindəki İran gəmiləri hücuma məruz qalır, yaxud neft terminalları və sənaye mərkəzləri düşmən tərəfindən bombardman edilirdi. Bu gün isə İslam dövlətinin bədxahları İrana yaxınlaşmağa cürət etmirlər”.

Həzrət Ayətullah Xameneinin qeyd etdiyi daha bir reallıq İslam dövlətinin sanksiya və təzyiqlər şəraitində müxtəlif sferalarda, xüsusilə də mürəkkəb və inhisarlaşdırılmış elm sahələrində ardıcıl surətdə inkişaf etməsi oldu.

Ali Məqamlı Rəhbər bildirdi ki, sanksiyalara qarşı mübarizədə İslam dövlətinin güc və özünəinamının artması daha bir reallıqdır. O vurğuladı: “Digər bir reallıq isə budur ki, İslam dövlətinə qarşı Amerika və İsrailin başçılığı altında mübarizə aparan cəbhə keçmişdəki ilə müqayisədə dəfələrlə zəifləyib”.

O dedi: “Regionda baş verən hadisələrdən və inqilablardan sonra İsrailin ona qarşı təhlükənin mövcudluğunu daha artıq qəbul etməsi, sionist rejiminin Livanda 33, Qəzzada isə 22 gün davam etmiş hərbi əməliyyatlarda məğlub olması, Amerikanın İraqda üzləşdiyi aqibət, Əfqanıstanda getdikcə artan, heç cür tükənmək bilməyən problemləri, Orta Şərq siyasətinin fiaskoya uğraması qarşı cəbhənin günü-gündən daha artıq zəiflədiyinə nümunələrdir”.

“İslam dövlətinə qarşı çıxan Qərb dövlətlərinin böhranla üzləşməsi mövcud reallıqlardan daha biridir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Avropa Birliyində və Avrozonada ciddi iqtisadi böhran təhlükəsinin mövcudluğu, bir neçə Avropa ölkəsində qeyri-sabit şəraitin yaranması, bu ölkələrdən bəzilərində hökumətlərin süqutu, Amerikada yüksək büdcə kəsirinin müşahidə olunması, “99 faiz” hərəkatının formalaşması diqqət yetirilməsi vacib olan mühüm hadisələrdir”.

O vurğuladı: “Qərb ölkələrinin üzləşdiyi iqtisadi problemlər ölkəmizin iqtisadi problemlərindən əsaslı şəkildə fərqlənir. Belə ki bizim problemlərimiz zirvəyə dırmanarkən çətinliklərlə üzləşən, buna baxmayaraq, irəliləməyə davam edən alpinist qrupunun problemlərinə bənzəyir. Qərbin iqtisadi problemləri isə qar uçqununun altında qalmış avtobusun problemlərinə bənzəyir”.

Həzrət Ayətullah Xamenei Şimali Afrika və regionda baş vermiş dəyişikliklərin digər reallıqlardan biri olduğunu qeyd edərək dedi: “İslam dövlətinin imkanlarının genişlənməsi də son dərəcə mühüm olan reallıqlar sırasına daxildir”.

Ölkədə olduqca zəngin neft, qaz və mədən resurslarının mövcud olduğuna toxunan Ali Məqamlı Rəhbər dedi: “Ölkəmizin insan potensialı, 75 milyonluq əhalisi, özəlliklə də gənc, ali təhsilli, yüksək ruhlu ictimaiyyəti mövcud reallıqlardan, dövlətimizin güclü cəhətlərindən biridir. Bu sadalananlar inkişafımızın da mühüm amillərindən biri hesab olunur”.

Mövzunu davam etdirən Ali Məqamlı Rəhbər cəmiyyəti kontrol siyasətinə də toxunaraq sözügedən siyasətə yenidən baxılmasının vacib olduğunu vurğuladı. O dedi: “90-cı illərin əvvəllərində müəyyən maraqlar nöqteyi-nəzərindən bu siyasətin icrası düzgün idi. Lakin bunun sonrakı illərdə davam etdirilməsi səhv bir addım idi”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Elmi araşdırmalar göstərir ki, cəmiyyəti kontrol siyasəti davam etdirilərsə, tədricən köhnələcək və sonda biz hökuməti dəstəkləyən toplumun azalması ilə üzləşəcəyik. Buna görə də rəsmilər cəmiyyəti kontrol siyasətinə ciddi şəkildə yenidən baxmalı, KİV, cəmiyyətə səslənmək səlahiyyəti olan şəxslər, o cümlədən ruhanilər bu mövzuda mədəniyyətin formalaşdırılması istiqamətində iş görməlidirlər”.

Ali Məqamlı Rəhbər digər reallıqlar sırasında İranın istənilən bəhanə və izahla yumşalıb geri çəkiləcəyi təqdirdə düşmənin daha da ürəklənəcəyini qeyd etdi və fikrini misallarla əsaslandırdı.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Rəsmilərimizin danışığında Qərb və Amerikaya yaltaqlıq notları özünü büruzə verdiyi mərhələdə özü şər mücəssəməsi olan bir şəxs İran İslam Respublikasını “şər ocağı” adlandırmağa ürək etdi”.

Ali Məqamlı Rəhbər həmçinin nüvə mövzusunda İran tərəfindən bəzi güzəştlərə yol verildiyi dövrü xatırladaraq dedi: “Qərblə müəyyən kompromisə getmə, geri çəkilmənin nəticəsi olaraq, o zaman onlar o qədər irəli getdilər ki, mən şəxsən məsələyə müdaxilə etməyə məcbur oldum”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Həmin dövrdə qərblilər o qədər ürəklənmişdilər ki, hətta rəsmilərimiz 3 sentrifuqa ilə razılaşanda buna etiraz edirdilər. Bu gün isə ölkədə 11 min sentrifuqa fəaliyyətdədir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, o güzəştlər davam etdirilsəydi, heç şübhəsiz, bu gün nüvə sahəsində əldə olunmuş irəliləyişdən, ölkənin elmi inkişafında müşahidə olunan canlanma və təşəbbüsdən əsər-əlamət olmazdı.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, Qərbin sanksiya silahına qarşı tədbirli surətdə mübarizə aparılacağı təqdirdə o da kəsərsiz və təsirsiz olacaq və bu, digər bir reallıqdır. O dedi: “Hal-hazırda İslam dövlətinə göstərilən təzyiqlər ölkəmiz üçün müvəqqəti bir çətinlik, geridə qalacaq bir mərhələdir, çünki onun uzun müddət davam etdirilməsi Qərb ölkələrinin xeyrinə deyil”.

İslam Respublikasına göstərilən təzyiqlərin yalnız Amerika və İsrailin mənafeyinə uyğun olduğunu deyən Həzrət Ayətullah Xamenei vurğuladı: “Sanksiyalara qoşulmuş digər ölkələr bu addımı Amerikanın təzyiqi altında, yaxud ondan çəkindikləri üçün atıblar və bu vəziyyət davam etməyəcək”.

“İrana qarşı tətbiq olunan neft sanksiyalarına 20 ölkənin qoşulmaması, bəzi Qərb dövlətlərinin isə sanksiyalardan yan ötməyə çalışması hazırkı şəraitin davam etməsinin qeyri-mümkün olduğunu göstərir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bütün bu reallıqlar göstərir ki, Allaha təvəkkül edərək risk və təhlükələrə daha çox hazır olmaq, ağıl və müdrikliklə müqavimət yolunu davam etdirmək lazımdır”.

Ali Məqamlı Rəhbər: “Qarşıdurma şəraitində əldə olan imkan və potensialdan tədbirlə, uzaqgörənliklə istifadə Bədr və Xeybərdəki  şəraitin həqiqi mənasıdır” – deyərək əlavə etdi: “Ölkədəki problemlərə bu gözlə baxmaq, ideallardan və təşviqedici reallıqlardan ilham almaq lazımdır”.

İqtisadiyyatın ölkə və onun irəliləyişi üçün çox mühüm mövzu olduğunu deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Hazırkı şəraitdə düşmənin iqtisadi təzyiqlər göstərməkdə məqsədi milli rifah və yüksəlişə zərbə vurmaq, xalqı rəsmilərdən və hökumətdən soyudub uzaqlaşdırmaq üçün onu çətinliyə salmaqdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Düşmənin planlarının ölkə iqtisadiyyatı üzərində cəmləndiyi bir neçə il əvvəldən aydın idi. Məhz buna görə də son illər üçün irəli sürülən şüarlar: “Qənaətli istehlak”, “İkiqat əzm və zəhmət”, “İqtisadi cihad”, “Milli istehsal, İran insanının əməyinə və sərmayəsinə dəstək” şüarları bütöv bir iqtisadi sistemin birləşdirici halqaları olaraq ortaya qoyulmuşdu ki, ölkənin iqtisadiyyat sferasındakı ümumi hərəkatı nizama salınsın”.

“İqtisadi təzyiqlərə qarşı mübarizənin yolu müqavimət iqtisadiyyatı həyata keçirməkdir” – deyən Ali Məqamlı Rəhbər bu iqtisadiyyatın zəruri tələblərini şərh edərək əlavə etdi: “44-cü maddənin siyasətlərini icra edərək iqtisadiyyatı xalqın ixtiyarına vermək, özəl sektorun gücünü artırmaq, neftdən asılılığı azaltmaq, istehlakı idarə etmək, vaxtdan, mövcud resurs və imkanlardan maksimum istifadə etmək, konkret proqramlar əsasında hərəkət etmək, qanun və siyasətlərdə qəfil dəyişikliyə yol verməmək müqavimət iqtisadiyyatının başlıca əsaslarından hesab olunur”.

Həzrət Ayətullah Xamenei istehlakın idarə olunması ilə bağlı aşağıdakıları dedi: “Bu gün istehlakda balansın gözlənilməsi cihad səviyyəli bir hərəkətdir. Bütün dövlət və qeyri-dövlət strukturları, həmçinin əhali israfdan çəkinmə, daxili məhsuldan istifadə məsələlərinə ciddi yanaşmalıdır”.

Mübarək Ramazan ayının 4-cü günü baş tutan görüşdə Ali Məqamlı Rəhbər rəsmilərə və xalqa bu bərəkət dolu ayını günlərini və gecələrini qənimət bilməyi tövsiyə etdi.

Çıxışının sonunda Ali Məqamlı Rəhbər birlik və həmrəylik məsələsinin olduqca əhəmiyyətli olduğunu bildirərək rəsmilərə xitabən dedi: “Xoşbəxtlikdən, xalqımız vəhdətdədir. Siz də faydasız ixtilaflardan, bu ixtilafları mediaya yansıtmaqdan çəkinib xalqın vəhdətini qoruyun”.

O vurğuladı: “Hakimiyyətin üç qolunun bir-birini qarşılıqlı şəkildə ittiham etməsi çox zərərli bir haldır. Rəsmilər bilsinlər ki, bu iş heç bir vəchlə onlara xalq arasında nüfuz və hörmət qazandırmır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu, bir reallıqdır ki, müəyyən problemlərimiz var, lakin onları onun-bunun boynuna atmaq yox, birlik və tədbirlə həll etmək lazımdır. Bu, heç şübhəsiz, mümkün olan bir işdir”.

Görüşün əvvəlində ölkə başçısı Mahmud Əhmədinejad dövlətin dəyərlərə, tövhid, ədalət, azadlıq, xalqa hörmət, vicdanlı xidmət və ölkənin inkişafı kimi millətin hüququ sayılan prinsiplərə məsuliyyətlə yanaşdığını qeyd edərək hökumətin müxtəlif sferalardakı 7 illik fəaliyyəti barədə məruzə etdi.

Cənab Əhmədinejad İrana məxsus peykin kosmosda yer alması, ölkənin kosmik kluba qoşulması, daxili reaktorlar üçün yanacaq istehsalı, uranzənginləşdirmə komplekslərində 11 min sentrifuqanın fəaliyyətdə olması, 20 adda radiodərman preparatının istehsal olunması, İranın elmi inkişaf tempinin qlobal elmi inkişaf tempi ilə müqayisədə dəfələrlə sürətli olması haqda məlumat verərək dedi: “Əhali, xüsusilə də gənclər arasında ümid və özünəinam ruhunun gücləndirilməsi dövlətin yürütdüyü strategiyalar içərisində başda durur”.

Son 7 illə bağlı bəzi statistik rəqəmləri qeyd edərək bu dövrü əvvəlki dövrlərlə müqayisə edən ölkə başçısı tibb sahəsində elmi məhsuldarlığın 8 dəfə, regionun elmi məhsuldarlığında İranın payının 4 dəfə, Elmlər Nazirliyinin təşəbbüsü ilə mötəbər beynəlxalq jurnallarda çap olunmuş elmi məqalələrin sayının isə 4 dəfədən də çox artdığını bildirərək dedi: “Dünya elminin inkişafında İranın payı 1978-ci ildə 0.1 faiz olmuş, 2005-ci ildə 0.3 faizə, 2011-ci ildə isə 1.2 faizə yüksəlmişdir. Bu rəqəmlər son 7 ildə bu sahədə 12 dəfə artımın müşahidə olunduğunu göstərir”.

Çıxışının digər qismində cənab Əhmədinejad ölkənin sənaye sektorunda əldə etdiyi nailiyyətlərə toxundu. O, müxtəlif sahələrdə istehsalın həcminin artdığını qeyd edərək dedi: “İran avtomobil istehsalı sahəsində dünya üzrə 13-cü, polad istehsalında 17-ci, mis istehsalında isə 10-cu yeri tutur”.

Cənab Əhmədinejad bildirdi ki, neft və qaz sahəsində investisiya qoyuluşunun həcmi 2005-ci ildə 21 trilyon tümən olmuş, 2011-ci ildə 110 trilyon tümənə çatmışdır. O, əlavə etdi: “Cənubi Parsın bütün fazalarının istifadəyə verilməsi ilə müştərək yataqların işlənməsi problemi də ortadan qalxır”.

Ölkə başçısı əlavə etdi: “Yol və şəhərsalma sektoruna qoyulmuş 335 trilyon tümənlik sərmayədən əlavə, son 7 ildə 6 milyon 719 min yeni yaşayış evi tikilmişdir”.

Aqrar istehsalın həcminin 2011-ci ildə 110 milyon tona çatdığını xəbər verən cənab Əhmədinejad kənd təsərrüfatı məhsullarının ixracının 2005-ci ildə 2.27 milyon ton olduğunu, ötən il isə bu rəqəmin 5.51 milyon tona çatdığını dedi. Ölkə başçısı müasir suvarma sistemləri sahəsində əldə edilmiş nailiyyətlərə, kənd təsərrüfatı məhsullarının emalı sənayesinin potensialına və bu sferada aparılan araşdırmalara toxundu.

Dövlətin mədəniyyət sferasına daha artıq diqqət ayırdığını da vurğulayan ölkə başçısı mədəniyyət sahəsinin ümumi büdcəsinin 9.3 dəfə, din sferasının büdcəsinin isə 27.6 dəfə artırıldığını qeyd edərək dedi: “2011-ci ilin sonuna qədər 27 tarixi əsər dünya miqyasında təsdiq olunmuş və İran 32-ci yerdən 14-cü yerə yüksəlmişdir”.

Çıxışının digər qismində cənab Əhmədinejad Cini indeksinin 2005-ci ildə 0.423 faiz olduğunu, 2011-ci ildə isə azalaraq 0.38 faizə çatdığını, orta iqtisadi inkişaf göstəricisinin hər il 6 faiz təşkil etdiyini qeyd etdi. Ölkə prezidenti Konstitusiyanın 44-cü maddəsinə müvafiq olaraq dövlət şirkətlərinin özəlləşdirilməsi ilə bağlı aşağıdakıları dedi: “2005-ci ilə qədər 3 trilyon tümən həcmində özəlləşdirmə həyata keçirilib. Bu rəqəm 2011-ci ilin sonuna qədər 115 trilyon tümənə çatıb”.

Ölkə başçısı həmçinin “Subsidiyaların məqsədyönlü istiqamətləndirilməsi” layihəsinin icrası sayəsində enerji sərfində 32 milyard dollarlıq qənaət olunduğunu bildirdi, hökumətin vergi gəlirlərində islahatların aparılması, əlavə dəyər vergisi, xarici investisiya, bölgü sistemindəki islahatlar, büdcənin neftdən asılılığının azaldılması sahələrində həyata keçirdiyi layihələri sadaladı.

Cənab Əhmədinejad X hökumətin fəaliyyət müddəti başa çatana qədər ölkədə 905 böyük layihənin tamamlanması üçün dövlətin xüsusi layihə hazırladığını dedi. O bildirdi ki, bu layihələr sırasında AES-lər, dəmir yol şəbəkələri, 9 emal zavodu, idman komplekslərinin tikintisi ilə bağlı layihələr var və onların tamamlanması üçün  168 trilyon tümən həcmində sərmayə qoyuluşuna ehtiyac var.

Ölkə başçısı bildirdi ki, bu nailiyyətləri sadalamaqda və onları ötən dövrlərlə müqayisə etməkdə məqsəd keçmişdəki xidmətləri gözdən salmaq, yaxud heç bir zəif və problemli cəhətin olmadığını iddia etmək deyil. O, əlavə etdi: “Nailiyyətlər haqda geniş danışmaqda məqsədimiz xalqımızın imkanlarını bir daha vurğulamaq, bir daha bu məqamı xatırlatmaqdır ki, prinsip və ideallara sadiq qalaraq, xalqın gücünə arxalanıb Allaha təvəkkül edərək daha artıq sürətlə irəli getmək mümkündür”.

Çıxışının digər hissəsində ölkə başçısı düşmənin İranın neft bazarını, xarici valyuta mübadiləsini iflic  etmək məqsədilə bu ölkəyə ağır sanksiyalar tətbiq etməyi planlaşdırdığını, bunun üçün bütün təcrübə və bacarığını səfərbər etdiyini, bu sahədə genişmiqyaslı psixoloji müharibə apardığını qeyd edərək bildirdi ki, bu planları nəticəsiz qoymaq üçün hakimiyyət qüvvələrinin, Operativ Qurumlar Qərargahının və Xüsusi İqtisadi Tədbirlər Qərargahının nümayəndələri arasında üç səviyyədə iclaslar keçirilir.

Cənab Əhmədinejad həmçinin imperialistlərin regiondakı xalq inqilablarını düzgün kursdan yayındırmaq istiqamətində də planlar qurduqlarını xatırladaraq dedi: “İmperialist bloku çıxmaza doğru irəliləyir və xalqlar fəal hərəkətə keçərək bu kursu dəyişdirəcəklər”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /