Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qərbin qadına yanaşma tərzi alçaldıcıdır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam dünyasının mindən artıq üzdə olan, ziyalı və mücahid xanımı ilə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə qeyd etdi ki, möhtəşəm islami oyanış hərəkatında qadınların rolu əvəzsizdir. O, İslam İnqilabının qələbəsində və davam etdirilməsində İran qadınlarının iştirakının bərəkətli bir təcrübə olduğuna toxunaraq aşağıdakıları vurğuladı: “Mübarək islami oyanış hərəkatında qadınların iştirakının davam etdirilməsi, daha da gücləndirilməsi və genişləndirilməsi, heç şübhəsiz, ardınca müsəlman xalqları üçün saysız-hesabsız qələbələr gətirəcək”.

Ali Məqamlı Rəhbər bildirdi ki, dünyanın 85 ölkəsindən ziyalı müsəlman qadınlarının “Qadınlar və islami oyanış” mövzusuna həsr edilmiş beynəlxalq konfransda iştirak etməsi İslam dünyasının qadınlarının biri-birini daha yaxından tanıması üçün dəyərli bir fürsətdir. O, əlavə etdi: “Qoy bu konfransda əldə etdiyiniz tanışlıq və qarşılıqlı əlaqə müsəlman qadınların kimliyinin dirçəlişi prosesində qalıcı və effektiv bir hərəkatın formalaşdırılması üçün müqəddimə olsun”.

“100 ildir ki, Qərb müsəlman qadınlarını öz dini kimliklərindən uzaqlaşdırmaq məqsədilə hərtərəfli və çox mürəkkəb xarakterli səylər göstərir” – deyən Həzrət Ayətullah Xamenei vurğuladı: “İslam dünyasının üzdə olan qadınlarının bu kimliyi dirçəltmək uğrunda səy göstərməsi İslam ümmətinə ən böyük xidmətdir. Çünki müsəlman qadınlarının qürur və heysiyyət hissi, məlumatlılığı və gözüaçıqlığı islami oyanış hərəkatının gedişinə, İslam ümmətinin nüfuzunun yüksəlməsinə güclü və heyrətamiz təsir göstərəcək”.

Qərbin qadına yanaşmasının təhqiramiz olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Qərblilər öz mədəniyyətlərinin dərinliyində qadına bir əşya, kişinin həzz alması üçün vasitə kimi baxırlar və əllərində olan bütün imkanları bu məqsədi gerçəkləşdirmək naminə səfərbər ediblər. Buna baxmayaraq, onlar xalqların qətl və qarət edilməsi, ölkələrin sərvətinin talanması, zorla müharibəyə cəlb edilməsi və bu qəbildən olan cinayətlərinə “azadlıq tələbi”, “insan haqları” və “demokratiya” adı qoyduqları kimi, bu mənəviyyatsız, naqis və azdırıcı yanaşmaya da hiyləgərcəsinə “azadlıq” adı veriblər”.

İslamın qadına yanaşmasının Qərbdən 180 dərəcə fərqləndiyini bildirən Həzrət Ayətullah Xamenei vurğuladı: “İslam dininin qadına yanaşması onun ehtiramını, böyüklüyünü, müstəqil şəxsiyyətini və kimliyini tanımaqdan, inkişafını və mükəmməlləşməsini qəbul etməkdən ibarətdir”.

İran qadınlarının müxtəlif elm, siyasət və idarəetmə sferalarında uğurlu iştirak təcrübəsinə istinad edən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslami mühitdə qadın elm və siyasət xadimi, yaradıcı bir şəxsiyyət kimi inkişaf edir, ən önəmli ictimai məsələlərdə ön sıralarda yer alır, buna baxmayaraq QADIN olaraq qalmaqda davam edir və bundan qürur duyur”.

“Qərbdə ailənin əsaslarının sarsılması, qeyri-qanuni doğulan övladların sayının artması Qərb mədəniyyətinin qadına yanaşma tərzinin nəticələrindəndir” – deyən Həzrət Ayətullah Xamenei  əlavə etdi: “Qərb ən ağır zərbələri məhz bu nöqtədən alacaq, ictimai hadisələrin nəticələrinin tədricən özünü büruzə verməsi ilə çöküb, iflasa uğrayacaq!”

İslam dininin yanaşmasında qadın və kişinin müştərək insani xüsusiyyətlərə malik olduqlarını bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “İnsanın yaranışının, inkişaf və yüksəlişinin davam etdirilməsində, tarixin axarında qadın və kişidən hər birinin öhdəsinə, fiziki xüsusiyyətlərinə əsasən, özünəməxsus rol düşür. Onu da qeyd edim ki, qadının rolu – yəni bəşər nəslinin davam etdirilməsi vəzifəsi kişininkindən daha mühümdür”.

O, əlavə etdi: “İslamın ailə ilə bağlı qayda-qanunlarını, cinsi münasibətlərlə əlaqədar qoyduğu məhdudiyyətləri məhz bu aspektdən yanaşaraq araşdırmaq və dərk etmək lazımdır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, İslam dini baxımından qadının hansı rola malik olduğunu işıqlandırmaq və bu rolu önə çəkmək İslam dünyasının üzdə olan, ziyalı qadınlarının öhdəsinə düşən ən mühüm məsuliyyətdir. O, İran cəmiyyətində son 33 il ərzində baş vermiş dəyişikliklərdə qadınların əsaslı rol oynadığına istinad edərək dedi: “Qadınlar ictimai dəyişikliklərdə, inqilablarda və islami oyanış hərəkatında da həlledici rola malikdirlər. Çünki dünyanın istənilən yerində qadınlar hansısa ictimai dəyişiklikdə şüurlu və məlumatlı surətdə fəal iştirak edirlərsə, həmin hərəkatın inkişafına və qələbəsinə qarant vardır. Bu reallıq Misir, Liviya, Bəhreyn, Yəmən və İslam dünyasının digər nöqtələrində gedən proseslərdə qadınların iştirakının davam etdirilməsini və daha da gücləndirilməsini qəti şəkildə labüd edir”.

“İslami oyanış heyrətamiz və misilsiz bir hərəkatdır” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Riskləri düzgün qiymətləndirmək, mümkün bəla və təhlükələrə qarşı mübarizə aparmaq şərti ilə, bu hərəkat tarixin hazırkı kursunu dəyişdirə bilər”.

Şimali Afrikada, eləcə də islami oyanış hərəkatının cərəyan etdiyi digər regionlarda müsəlman xalqlarının həyata keçirdikləri inqilabları yüksək dəyərləndirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Başda Amerika və İsrail olmaqla, bu hərəkatın qarşısında çaş-baş qalmış imperialistlər var qüvvələri ilə prosesləri cilovlamağa və istədikləri səmtə yönəltməyə çalışırlar”.

Ali Məqamlı Rəhbər bildirdi ki, imperializm dünyasının islami oyanışı cilovlamaq üçün işlətdiyi metodlar sırasında xalqların proseslərdə iştirak stimulunu azaltmaq, region ölkələrində xalqın müxtəlif təbəqələrinin başını qondarma problemlərlə, yaxud ixtilaf törədici  məsələlərlə qatmaq planları da yer alır. O vurğuladı: “Müsəlman xalqları bu məkrli planlara qarşı müqavimət göstərsələr və ictimai-siyasi hadisələr meydanında qalmaqda davam etsələr, onların imperializm dünyası üzərində qələbəsi mütləqdir. Çünki xalqların iştirakı və imanı qarşısında imperialistlərin qılıncı küt və yararsızdır”.

Son 33 ildə İslamın və İranın düşmənlərinin işlətdiyi ardıcıl, lakin uğursuz planlara toxunan Həzrət Ayətullah Xamenei dedi: “Bu günlərdə qərblilər İran əleyhinə sanksiyalarla bağlı hay-küy qaldırıblar, lakin onlar anlamırlar ki, son 30 ildə tətbiq etdikləri sanksiyalarla özləri İran xalqını istənilən sanksiyaya qarşı “peyvənd” ediblər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Son 30 ildə İran xalqı bütün məkrli planlara və sanksiyalara qarşı canı, malı və əzizləri ilə müqavimət göstərərək inkişaf edib. Belə ki 30 il əvvəlki ilə müqayisədə, bu gün biz 100 dəfə güclüyük”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /