Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hakimiyyətin hər üç qolu İslamı, xalqı və ölkənin suverenliyini müdafiə cəbhəsində yer alır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri, yüksək vəzifəli rəsmiləri və hakimlərlə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə qeyd etdi ki, cəmiyyətdə ədalətli mühakimənin gerçəkləşdirilməsi məqsədilə ədliyyə strukturunun təkmilləşdirilməsi əsas hədəfdir.  Bu hədəfə çatmaq üçün vacib olan bəzi məqamları geniş şərh edən Ali Məqamlı Rəhbər hazırkı şəraitdə bütün dövlət strukturları, özəlliklə də üçlü hakimiyyət qüvvələri arasında əməkdaşlığın şəri cəhətdən vacib və lazımlı olduğunu bildirdi. O vurğuladı: “Hökumət, parlament və Məhkəmə Hakimiyyəti hamılıqla vahid cəbhədə – İslamı, İran xalqını, ölkənin suverenliyini və milli kimliyini imperialist dövlətlərin hərtərəfli hücumlarından müdafiə cəbhəsində yer alıblar. Onlar ixtilaf doğuran, marginal məsələlərdən çəkinərək bir-birinə yardım etməlidirlər”.

Şəhid Ayətullah Beheştinin və İslam İnqilabının daha 72 havadarının şəhid edildiyi günün – 1360-cı il tir ayının 7-si tarixinin ildönümündə Müqəddəs İmam Rza (ə) hərəminin salonlarından birində baş tutan görüş zamanı Ali Məqamlı Rəhbər Şəhid Beheştini və 7 tir şəhidlərini təqdir edərək bildirdi ki, ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, İslam dövlətinin nəzərdə tutduğu ədalətli mühakimənin gerçəkləşdirilməsi bir çox problemlərin həlli, fəsadların aradan qaldırılması üçün zəmin yarada bilər. O, əlavə etdi: “Ölkədə mövcud olan imkan və potensialı nəzərə alsaq, qəti şəkildə demək olar ki, gərgin əmək, təşəbbüskarlıq və bu potensialın səfərbər edilməsi sayəsində ədliyyə sisteminin təkmilləşdirilməsi kimi böyük bir məqsədə çatmaq mümkündür”.

Ədliyyə strukturunun təkmilləşdirilməsi üçün ehtiyac duyulan infrastrukturlar haqda ətraflı danışan Həzrət Ayətullah Xamenei dedi: “Kompleks, mükəmməl, dəqiq, hərtərəfli bir proqramın işlənib hazırlanması hakimiyyətin bu qolunun təkmilləşdirilməsi üçün vacib olan ən əsas işlərdən biridir”.

O vurğuladı: “Kompleks proqramın işlənib hazırlanması çox əhəmiyyəti bir işdir, lakin bundan daha əhəmiyyətlisi bu proqramın icrası, praktikada reallaşdırılması, bu istiqamətdə sürətli templə iş aparılmasıdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Sürətli templə iş aparılması dedikdə tələm-tələsik iş görmək nəzərdə tutulmur. Bu iş diqqət və təmkinlə, amma təxirə salınmadan həyata keçirilməlidir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, məhkəmələrdə çıxarılan hökmlərin professional baxımdan güclü və dəqiq olması ədliyyə strukturunun təkmilləşdirilməsi üçün vacib olan digər bir amildir. O dedi: “Məhkəmələrdə çıxarılan hökmlər mahiyyətcə o qədər dəqiq və güclü olmalıdır ki, fiqh və hüquq sahəsinin mütəxəssisləri tərəfindən araşdırılarsa, hökmü çıxaran hakim heç bir narahatlıq keçirməsin”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Məhkəmə hökmlərinin dəqiqliyi ilə əlaqədar, ədliyyə sisteminin işində geniş tədbirlər həyata keçirilməlidir. Çünki birinci instansiya məhkəmələrində çıxarılan qərarların dəfələrlə apelyasiyaya təqdim olunması ümumilikdə hökmlərin forma və mahiyyətcə nöqsanlı olduğunu göstərir”.

Məhkəmə strukturunun fəaliyyətində geniş yayılmış bir siyasət kimi mövcud olan və tez-tez rast gəlinən azadlıqdan məhrumetmə cəzasının tətbiqini azaltmaq lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Azadlıqdan məhrumetmə cəzasının tətbiqi mümkün olduğu qədər minimuma endirilməlidir. Çünki həbsxana arzuolunmaz bir şeydir və bunun dustaqların özlərinə, ailə üzvlərinə, hətta insanların iş mühitinə böyük təsiri var”.

İnsan heysiyyətinin qorunmasını olduqca mühüm və həssas məsələlərdən biri adlandıran Ali Məqamlı Rəhbər dedi: “Təəssüflər olsun ki, bu məsələdə ayrı-ayrı şəxslərə qarşı cürbəcür şayiələr yayan, qara piar aparan bəzi mətbuat orqanlarının və internet saytlarının payı böyükdür. Buna baxmayaraq, Məhkəmə Hakimiyyəti heç bir vəchlə bu cür təbliğatın təsiri altına düşməməlidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Məhkəmə Hakimiyyətinin rəhbər və yüksək vəzifə postları üçün kadr hazırlığının həyata keçirilməsi də bu strukturun təkmilləşdirilməsində mühüm şərtlərdən biridir.

Çıxışının digər qismində Ali Məqamlı Rəhbər hakimiyyətin üç qolu arasında əməkdaşlığı ölkənin hazırkı ehtiyaclarından biri adlandıraraq dedi: “Bu gün dünyanın hegemon dövlətləri İslam Respublikasına və onun İslam dünyasına ilham verən hərəkatına zərbə vurmaq üçün bütün imkanlarını səfərbər ediblər”.

“İslam dünyasının hazırkı oyanışı, xalq kütlələrində bu dininin amallarına günü-gündən daha böyük həvəs və marağın yaranması İslam Respublikasının İslam dünyasının ictimai rəyində özünə getdikcə daha möhkəm yer tutmasının nəticəsidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam dövlətinin hər bir uğuru və ya elmi nailiyyəti, xalqımızın izdihamlı seçkilər kimi möhtəşəm ictimai hərəkatları, İslam Respublikasının imperializmin hegemonluğu qarşısında mətin müqaviməti – bunların hər biri  xalqları İslamın təlimləri əsasında öz müstəqillikləri uğrunda mübarizə aparmağa ruhlandıran amillərdir. Məhz buna görə də hegemon və zorakı dövlətlər bütün imkanlarını İran xalqı üzərində mərkəzləşdiriblər ki, bu əsas ocağı sönükləşdirsinlər”.

Həzrət Ayətullah Xamenei İslam dövləti əleyhinə yaradılan qalmaqalları, xüsusilə də insan haqları və nüvə enerjisi ilə bağlı yayılan söz-söhbəti bu çərçivədə dəyərləndirərək vurğuladı: “Özlərini yalandan “dünya ictimaiyyəti” adlandıran bu zorakı dövlətlər İran İslam Respublikasını xalqın dəstəyindən məhrum etməyə çalışırlar”.

Bu məkrli planı ətraflı şərh edən Ali Məqamlı Rəhbər dedi: “İmperialist dövlətlərin sanksiyaları tətbiq etməkdə əsas hədəfi İran xalqıdır. Onlar təzyiqlərlə camaatı təngə gətirib, İslam dövlətindən uzaqlaşdırmaq istəyirlər, lakin Allahın lütfü sayəsində, bu planları da boşa çıxacaq. Çünki onlar xalqımızı və rəsmilərimizi hələ də tanıya bilməyiblər”.

O vurğuladı: “Düşmənin bu hiyləsi xalqımıza yaxşı aydındır. Buna görə də camaatımız müxtəlif sferalarda daha fəal və həvəslə iştirak edir. İnsafla demək lazımdır ki, dövlət rəsmiləri də bütün qüvvələrini səfərbər ediblər”.

Amerikanın İran İslam Respublikasını blokada şəraitinə salmaq üçün hərtərəfli səy göstərdiyinə toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün onlar özləri ciddi və həllolunmaz problemlərin məngənəsindədirlər. Halbuki Allahın lütfü sayəsində, İran ehtiyac duyduğu bütün imkanlara malikdir”.

Həzrət Ayətullah Xamenei İranın güclü cəhətləri sırasında ölkənin daxili sərvət və potensialını, gözəl xalqını, dəyərli insan resurslarını, xarici borcunun olmamasını qeyd edərək dedi: “Hazırkı şəraitdə düşmən İslam Respublikasına güc verən bu resursları dövlətimizin əlindən mümkün qədər çıxarmaq üçün var gücü ilə meydandadır. Lakin digər tərəfdən rəsmilərimiz bu planı puç etmək üçün bütün qüvvələrini səfərbər ediblər”.

O vurğuladı: “Belə bir şəraitdə bütün dövlət strukturlarının və üçlü hakimiyyət qüvvələrinin bir-biri ilə əməkdaşlıq etməsi şəri baxımdan vacib və qəti surətdə lazımlıdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Dövlət strukturları, hakimiyyətin üç qolu arasında istənilən fikir ayrılığı ölkənin ziyanına işləyir. Odur ki hamı bir-biri ilə əməkdaşlıq etməlidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Hökumət, parlament və ədliyyə vahid cəbhədə – İslamı, şanlı İran xalqını, ölkənin suverenliyini və heysiyyətini müdafiə cəbhəsində yer alır. Buna görə də əl-ələ verib yardımlaşma prinsipə çevrilməli, bir-birinin işi ilə əlaqəli bəzi çəkişmələr aradan qaldırılmalıdır”.

Ali Məqamlı Rəhbər dedi: “Əgər tərəflərdən hər biri daim o birinin işinə qarışsa, problem həll olunmayacaq. Buna görə də hakimiyyət qüvvələrindən hər biri, o cümlədən Məhkəmə Hakimiyyəti öz vəzifəsini mükəmməl surətdə yerinə yetirməli və digərləri ilə əməkdaşlıq etməlidir”.

Ali Məqamlı Rəhbər Haqq yolunda çalışıb səy göstərənlərə yardım olunacağı barədə verilmiş ilahi vədin qəti və şübhəsiz olduğunu bir daha qeyd etdi.

Həzrət Ayətullah Xamenei həmçinin səylərinə görə Məhkəmə Hakimiyyətinin sədrinə və rəsmilərinə, hakimlərə və ədliyyə strukturunda çalışan digər kadrlara təşəkkür və qədirdanlığını bildirdi.

Görüşün əvvəlində Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani ədliyyə sisteminin 3 illik fəaliyyəti ilə bağlı məlumat verdi. O, Ali Məqamlı Rəhbərin vurğuladığı iki mühüm amilə, o cümlədən Məhkəmə Hakimiyyətinin iqtidarının və ictimaiyyət arasında etimadının qorunmasına toxunaraq  bu məqsədlərə çatmaq üçün ədliyyə orqanları tərəfindən görülən tədbirləri şərh etdi.

Ayətullah Amoli Laricani ədliyyə strukturunun həyata keçirdiyi tədbirlər sırasında inkişaf və yenidənqurma tədbirlərini, yeni texnologiyalardan istifadəni, nəzarət məsələsinə xüsusi diqqət yetirilməsini, strateji araşdırmalar üzrə müavinliyin işə başlamasını, kompleks proqramın işlənib hazırlanmasını, korrupsiyaya qarşı qətiyyətli mövqe tutulmasını, qaçaqmalçılara və asayiş pozucularına qarşı amansız mübarizə aparılmasını, sənədlərin qeydiyyatı və daşınmaz əmlakın reyestri ilə əlaqəli məsələlərin tənzimlənməsini, cinayətkarlığın qarşısının alınması mövzusuna xüsusi diqqət yetirilməsini, Qərbin insan haqları ilə bağlı təbliğat hücumlarına qarşı mübarizə aparmaq məqsədilə beynəlxalq təşkilatlarda fəal iştirakı qeyd etdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /