Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalqların Quranın yolu ilə irəliləməkdə davam etməsi bütün məkrli planları puç edəcək!

Həzrət Əbulfəzl Abbasın (ə) mübarək mövludu günündə 29-cu Beynəlxalq Quran Müsabiqəsinin seçilən ustadları, qariləri və hafizləri İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşərək Qurani-Kərimlə nurlu bir ünsiyyət məclisi qurdular, Quranın səmavi ayələrindən tilavət edərək Uca Yaradana həmd-səna etdilər.

Müqəddəs İmam Rza (ə) hərəminin salonlarından birində baş tutan görüş zamanı Ali Məqamlı Rəhbər bildirdi ki, ilahi ayələri onların mənası haqda dərindən düşünərək oxumaq, Quranın təlimlərini dərk edib ondan dərs götürmək müsəlman xalqlarının ehtiyac duyduğu əsas məsələdir. O dedi: “Quranın gözəl səs və melodiya ilə tilavət edilməsi əsas məqsəd deyil. Bunlara qəlblərin Allah qarşısında itaətkar vəziyyətə gətirilməsi, insanda Quran təlimlərinin dərkinə müəyyən hazırlığın yaranması üçün  vacib müqəddimələr olaraq diqqət yetirilməlidir”.

“İran xalqının Qurani-Kərimə olan sevgi və bağlılığı ilahi nemətdir və buna görə Uca Yaradana qəlbimizin dərinliklərindən şükür etməliyik” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi:  “İran xalqı materializmin hökm sürdüyü dünyada Quranın və İslamın hakimiyyət bayrağını dalğalandırdığı üçün fəxr edir. Xalqımız səbir və dözümlə, çətinliklərə sinə gərərək bu nurlu bayrağın parıltısını günü-gündən daha da artırır, uzaqgörənliyi, qüdrəti və ardıcıl inkişafı ilə düşmənlərin məkrli planlarını puça çıxarır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İran xalqının bir müsəlman xalqı kimi öz qürur və heysiyyətini qoruyub saxlaması Quranın həyatbəxş dərslərinə əməl etməyin nəticələrindəndir. O dedi: “Müsəlman xalqları bu parlaq nümunədən onu öyrənirlər ki, imanı olan, Allahın vədlərinə inamla yanaşan, Quran və İslam yolunda dözüm nümayiş etdirən, düşmənin yalançı təbəssümünə və hiylələrinə aldanmayan bir xalq ən mürəkkəb hərbi texnikaya, ən genişmiqyaslı siyasi, iqtisadi və kəşfiyyat planlarına qalib gəlir”.

Amerika və sionizmin region xalqlarının islami hərəkatına qarşı mübarizə aparmaq məqsədilə işlətdikləri planlara, atdıqları addımlara toxunan Ali Məqamlı Rəhbər dedi: “Qəddar və qaniçən düşmənlər xalqların islami hərəkatının genişlənməsi və dərinləşməsi əleyhinə mübarizə aparırlar. Buna baxmayaraq, xalqların Quranın göstərdiyi yolla irəliləməkdə davam etməsi bu məkrli planları puç edəcək!”

Həzrət Ayətullah Xamenei bildirdi ki, Qurani-Kərimin hifzinə və qiraətinə həsr olunmuş tədbirlərin mümkün qədər çox təşkil olunması, bu ilahi kitabla əlaqəli tədris kurslarının genişləndirilməsi ölkədə ümumi ictimai atmosferin Qurana daha çox yaxınlaşmasına səbəb olacaq. O dedi: “Destruktiv amillərin mövcudluğuna baxmayaraq, dua və mənəviyyat əhli olan iranlı gənclərin sayı digər ölkələrdəki gənclərin sayı ilə müqayisəedilməzdir ki, bunun üçün də şükür etməyimiz lazımdır”.

“Beynəlxalq mərkəzlər İran xalqının elmi inkişaf tempinin dünya elminin orta inkişaf tempindən 11 dəfə sürtəli olduğunu etiraf edirlər” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu xalq öz mömin gənclərinə arxalanaraq elm, siyasət və quruculuğun bütün sferalarında inkişafa davam edəcək!”

Görüş əsnasında vəli-fəqihin nümayəndəsi, Vəqflər və Xeyriyyə İşləri Komitəsinin sədri Höccətül-İslam vəl-muslimin Məhəmmədi 29-cu Beynəlxalq Quran Müsabiqəsi haqda məlumat verərək dedi: “Bu dəfə dünyanın 68 ölkəsini təmsil edən 103 qari və hafiz 14 nəfərdən ibarət beynəlxalq münsiflər heyətinin qarşısında rəqabət apardılar”.

Höccətül-İslam vəl-muslimin Məhəmmədi əhalinin bu müsabiqəni olduqca isti qarşıladığına toxunaraq qari və hafizlər içərisində gənclərin geniş yer almasının müjdə verən bir hal olduğunu bildirdi. O, əlavə etdi: “Vəqflər Təşkilatı  4 illik perspektiv planına əsasən, Allahın köməyi ilə, 1 milyon qari və 1 milyon hafiz yetişdirməyə çalışır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /