Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalqlar imperializmə müqavimət göstərərək öz müqəddəratlarını təyin etməlidirlər!

Bu gün səhər – əzəmətli İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərlik missiyası üçün seçildiyi mübarək Məbəs bayramı günündə dövlət rəsmilərindən, müsəlman ölkələrinin səfir və nümayəndələrindən, şəhid ailələrindən bir qrupu ilə görüşən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Bu gün bəşər cəmiyyəti besətdən doğan saysız-hesabsız nurlar içərisindən 2 şeyə təcili ehtiyac duyur: məfkurələrin oyanışı və mənəvi saflaşma”.

Əzəmətli Məbəs bayramı münasibətilə İran xalqını və İslam ümmətini təbrik edən Ali Məqamlı Rəhbər dedi: “Müsəlman xalqlarının yenidən Məhəmmədin (s) dininə üz tutması onu göstərir ki, onlar mütəmadi olaraq qazandıqları təcrübələr nəticəsində Qərb və Şərqin materialist məktəblərinin bəşəriyyətin real ehtiyaclarını təmin etməkdə aciz olduğunu, yalnız besətin təlimlərinin bəşəriyyəti gerçək səadət və tərəqqiyə çatdıra biləcəyini dərk ediblər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bəşər cəmiyyətinin bütün problemlərinin kökündə onun besətin iki əsas məsələsindən: dərin düşüncə və məfkurədən, habelə nəfsin təmizlənməsindən uzaqlaşması durur. O dedi: “İnsanın əxlaqi problem və nöqsanlardan qurtulması besətin böyük hədəfidir. Bu hədəfin gerçəkləşməsi ilə xalqların əsas problem və çətinliklərinin həlli üçün zəmin yaranacaq”.

“Peyğəmbərlərin besətinin əsas və mühüm hədəflərindən biri də bəşəriyyətin düşüncə və təfəkkür gücünü oyatmaqdır”  – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu gün bəşər cəmiyyəti təfəkkürə, ağıl işlətməyə, xalqları hər tərəfdən əhatə etmiş problemlərin kökündə nəyin durduğu haqda düşünməyə kəskin ehtiyac duyur”.

Hegemon dövlətlərin regionun bəzi ölkələrində açıq-aşkar zülmə yol verdiklərini, çoxsaylı insan ölümünə səbəb olduqlarını qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Dünyanın zülmkar dövlətlərinin üzdəniraq yanaşmasında insan faktorunun  qətiyyən yeri və nüfuzu yoxdur. Qərb ölkələri iqtisadi böhranla üz-üzə qaldığı zaman da dünya şahid oldu ki, hegemon dövlətlər camaatın yox, bankların və kapitalist şirkətlərinin problemlərini həll etmək haqda düşünürlər”.

Xalqları bir daha bu açıq-aşkar reallıqlar haqda düşünməyə dəvət edən Həzrət Ayətullah Xamenei dedi: “Bütün bu problemlərin mənşəyi imperializmin dünyaya ağalıq etməsində, yer üzündə iki qütbün – “imperialistlər”in və “imperializmin zülmü altında əzilənlər”in – formalaşmasındadır. Bunun həlli isə xalqların “imperializmin zülmünə boyun əymək” mövqeyindən imtina etməsində, fəaliyyətsizliyə son qoymasındadır”.

“Dünyadakı hegemon qüvvələr region xalqlarının inqilablarını kontrol altında saxlamaq və düzgün kursundan yayındırmaq üçün durmadan səy göstərirlər” –  deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqlar Allahın onlara bəxş etdiyi düşüncə və təfəkkür xəzinəsinə arxalanıb, Uca Yaradanın möminlərə kömək vədinə nikbin yanaşaraq öz ayaqları üstündə durmalı, imperialistlərə müqavimət göstərib öz müqəddəratlarını təyin etməlidirlər!”

Böyük İran xalqının nüfuz və iqtidarının müqavimət və mücahidənin verdiyi gözəl nəticələrə açıq-aşkar nümunə adlandıran Həzrət Ayətullah Xamenei dünyaya ağalıq etmək istəyən hegemon qüvvələrin İslam Respublikasına qarşı mübarizə aparmaq üçün əl-ələ verdiklərini qeyd edərək dedi: “Ötən 33 il ərzində müdrik xalqımız və sevimli ölkəmiz ardı-arası kəsilmədən dünyanın bütün güclü dövlətlərinin birgə qurduğu məkrli planlara məruz qalıb. Onların məqsədi müqavimət və tərəqqinin bu canlı nümunəsinin digər xalqlara örnək olmasının qarşısını almaq olub. Lakin Allahın fəzli sayəsində, bütün müstəmləkəçilərin İran xalqını səhnədən kənarlaşdırmaq üçün göstərdiyi səylər bu dəfə də, mütləq və mütləq, puça çıxacaq”.

Allahın yardım vədlərinin gerçəkləşməsi üçün hərəkətə keçmək, əziyyətə qatlaşıb səy göstərmək, riskə hazır olmaq lazım olduğunu deyən Həzrət Ayətullah Xamenei Quran ayələrinə istinadən aşağıdakıları əlavə etdi: “Qələbə vədinin gerçəkləşməsi üçün sırf mömin olmaq kifayət deyil. Bunun üçün səbir və mücahidəyə ehtiyac var”.

Ali Məqamlı Rəhbər İslam dövlətinin düşmənlərinə aşağıdakıları ünvanladı: “Səbirli və mücahid İran xalqına qarşı uğursuz mübarizə təcrübəsindən dərs götürsünlər və bilsinlər ki, vəhdət və mətinliyi Qurandan öyrənib, öz kimliyini dərk etmiş bir xalqın qarşısında təkəbbür, özünü dartmaq və yersiz gözləntilər heç bir nəticə verə bilməz”.

İslam düşmənlərinin şiə və sünniləri bir-birinə qarşı kökləmək siyasətinə toxunan Həzrət Ayətullah Xamenei vəhdəti İslam dünyasının önəmli ehtiyacı adlandırdı. O, bəzi ünsürlərin təfriqəçi fəaliyyətini tənqid edərək dedi: “İslamı ümumiyyətlə qəbul etməyən, şiə və sünnilik haqqında, əsasən, təsəvvürü olmayan şəxslər imperialistlərin casus xidməti orqanlarının istəyi ilə ictimaiyyət qarşısında şiəliyin yayılmasından narahatlıq keçirdiklərini bildirərək təfriqə alovunu körükləyirlər”.

Çıxışının sonunda Həzrət Ayətullah Xamenei müsəlman xalqlarına birləşməyi, müdrik və mətin olmağı tövsiyə edərək İslam ümmətinin, Allahın inayəti sayəsində, öz düşmənlərinə qalib gələcəyinə, besətin hədəflərinin tam olaraq gerçəkləşəcəyinə ümidvar olduğunu bildirdi.

Ölkə prezidenti, parlament sədri, Məhkəmə Hakimiyyəti və Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın başçılarının iştirak etdiyi görüşün əvvəlində cənab Mahmud Əhmədinejad əziz İslam peyğəmbərinin (s) Besət bayramı münasibətilə hər kəsi təbrik edərək dedi: “Bu gün bəşəriyyət ilahi təlimlərə, sonuncu peyğəmbərin besətinin özündə ehtiva etdiyi mesajlara hər zaman olduğundan daha artıq ehtiyac duyur”.

“Materialist dövlətlərin bəşər cəmiyyətinin ehtiyaclarını təmin etməkdə aciz olduğu sübuta yetib” – deyən ölkə prezidenti əlavə etdi: “Allahın mübarək vədlərinə əsasən, habelə xalqların gözüaçıqlığı, cihad əzmli səyləri sayəsində imperialistlərin və sionistlərin büsatına, hökmən, son qoyulacaq, bəşəriyyətin sülh və asayiş içərisində yaşaması, səadət və tərəqqiyə qovuşması üçün yol açılacaq!”


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /