Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İxlasla görülən işlər İslam Respublikasının əsaslarını möhkəmləndirir

Mərhum Hacı Abdullah Valinin (1) vəfatının ildönümü ərəfəsində onun ailəsi ilə görüşən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei iş görərkən ixlaslı və dözümlü olmağın müsbət təsir və bərəkətlərinə toxunaraq dedi: “Hay-küysüz, ixlasla görülən işlər ümumilikdə İslam Respublikasının əsaslarına təsir göstərərək onu möhkəmləndirir”.

Aşağıdakı mətn Ali Məqamlı Rəhbərin mərhum Hacı Abdullah Valinin ailəsi ilə görüşü zamanı söylədiklərindən bir parçadır:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Mərhum Hacı Abdullah Vali o insanlardandır ki, onun adı, heç şübhəsiz, İslam İnqilabının və ölkəmizin tarixində qalacaq və yaxşılıqla anılacaq. Uca Yaradan Öz dərgahında ona ali dərəcələr nəsib etsin!

Mənim Hacı Abdullah Vali ilə yaxından tanışlığım olmayıb, haradasa görüşdüyümüzü də xatırlamıram, buna baxmayaraq, onu uzaqdan-uzağa tanıyırdım və Bəşagerddə xalqa dəyərli xidmətlər göstərməklə məşğul olduğunu bilirdim. Həmin məntəqəni – özləri demişkən Bişgərdi tanıyırdım. Biz İranşəhrdə olduğumuz üçün Delqan, Bəşagerd və Meynab məntəqələrindən dost-tanışlarımız böyük əziyyətlə bu çətin və uzun yolu qət edərək bizi görməyə gəlirdilər (Delqan Bəşagerddən İranşəhrə gedən yolun üstündə olduğu üçün hamısı Meynab yolunun üstündədir). Bəşagerddən də yanıma gələnlər olurdu.

Bir vaxtlar Bəşagerddən ruhaniyə oxşayan yaşlı bir kişi gəlmişdi (elm əhli deyildi, sadəcə başına ağ bağlamışdı). Heç adı da yadımda deyil. Oranın camaatının kasıblığından gileylənirdi. O, bir ifadə işlətdi, o qədər xoşuma gəldi ki, otuz neçə ildən sonra hələ də yadımda qalıb. Dedi ki, orda su hay-haydır, çörək vay-vay. Delqanın o tərəflərində su çoxdur, amma münbit torpaqlar yoxdur; nəticədə, çörək də yoxdur. İnqilabdan əvvəl sanki orda, ümumiyyətlə, kənardan gələn bir insan yox idi – yəni hökumət orqanları ora qətiyyən fikir vermirdilər.

Sonralar – İslam İnqilabından sonra gənc, mömin, inqilabçı bir insan qalxıb həmin yerə gedir, yaşadığı şəhərdə, evində və həyatında bağlı olduğu hər şeyi işi ilə əlaqədar göndərildiyi bu yerə köçürür. Qardaşlarını da çəkib arxasınca aparır. İnsafla demək lazımdır ki, sizlər də çətinliyə dözmüsünüz ... Siz şəhərdəki həyatınızı, ailənizi, xanımlarınızı, uşaqlarınızı, valideynlərinizi – hər şeyi burda qoyub ora getmisiniz, səssiz-səmirsiz xalqa xidmətlə məşğul olmağa başlamısınız. Nə bir yerə adınızı yazdırmısız, nə də gördüyünüz işləri reklam etmisiz ... Elələri  var ki, bir iş görmək istəyəndə hələ bir şey etməmiş reklama başlayırlar. Reklam tabloları uzun müddət asılıb qalır, amma ortaya bir iş çıxmır. Bəziləri isə işi görürlər və onu heç yerdə reklam etmirlər. Mərhum Hacı Abdullah Valinin və sizin gördüyünüz işlər bu ikinci qəbildəndir – yəni özünüzü heç yerdə reklam etmədən gedib, Allah xətrinə real işlər görmüsünüz. Bu, olduqca dəyərlidir. Bilin ki, belə səssiz-səmirsiz, ixlasla görülən işlər nəinki təkcə
Uca Yaradanın dərgahında sizə ali dərəcələr qazandırır, həm də ümumilikdə İslam Respublikasının əsaslarına təsir göstərir. Bu cür işlər binanın tikintisi zamanı istifadə olunan və ona möhkəmlik bəxş edən sementə bənzəyir. Belə ixlaslı işlərin həyata keçirilməsi sayəsində kimsənin xəbəri olmadan İslam Respublikasının əsasları möhkəmlənir. Ölkənin müxtəlif yerlərində, əhali arasında gördüyü işləri səs-küyə səbəb olmaq, onun-bunun diqqətini cəlb etmək, tərifini qazanmaq niyyəti ilə yox, Allah xətrinə, ixlasla görən insanlar varsa, onların əməyi dövlətin özünü kökündən möhkəmləndirir. Bu, cansız bir bədənə üfürülən ruha bənzəyir. Odur ki sizin gördüyünüz işlər bu qədər dəyərlidir ...

Bu xüsusiyyətlər – ixlas və işi davamlı olaraq görmək çox dəyərlidir!  Baxın, rəvayətlərdə mənəvi işləri – təvəssül, zikr, dua və sairi də ardıcıl surətdə görmək lazım olduğu deyilir. Rəvayətlərdə buyurulur ki, hər hansı bir ibadəti ən azından bir il ərzində müntəzəm olaraq yerinə yetirin. Tutaq ki, hansısa müstəhəb namazı hər gecə, yaxud hər həftənin müəyyən olunmuş gecəsində qılmağı qərara almısınız. Bunu bir il ərzində ardıcıl surətdə etmək tövsiyə olunur (hərçənd ömrünün sonuna qədər davam etdirmək daha yaxşıdır). İbadəti ardıcıl surətdə yerinə yetirmək o əmələ başlamağın özündən  ayrı – yeni bir elementdir.

فلذلك فادع و استقم كما امرت

“(Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol!” (“Şura” surəsi, ayə 15)

Səbat işi düzgün kurs və istiqamətində yerinə yetirməkdə davam etmək deməkdir. Əlhəmdulillah, siz işinizdə ardıcıl və səbatlı olmusunuz ...

Xanımlara, özəlliklə də sizlərin həyat yoldaşlarınıza bir şeyi də deyim: görülən işin savabının önəmli bir hissəsi sizə aiddir. Çünki siz bu insanların yanında olmasaydınız, deyinib gileylənsəydiniz, dava-dalaş salsaydınız, necə olardı? O, nə həyat olardı? Sizlər burda olmasaydınız, ərləriniz dözüb tap gətirə bilməzdilər. İnsanda nə qədər stimul olsa da, dözə bilməzdi. Məhz sizin ərlərinizlə çiyin-çiyinə olmağınız onlara ürək-dirək verib, cürət verib ki, gediblər. Bunlar çox əhəmiyyətlidir ...


_____________________________
1 Hacı Abdullah Valini Həzrət İmam Xomeyninin (r.ə) “Bəşagerdin harayına yetişin!” çağırışına ləbbeyk deyərək ucqar və yoxsul Bəşagerd məntəqəsinə köçən və orada cihad fəaliyyəti göstərən insanlara parlaq nümunələrdən biri adlandırmaq olar.
Şəri vəzifəsinə əməl edən Hacı Abdullah Vali illərlə bəşagerdlilərlə birgə yaşamışdır. İxlas və səylə xidmət göstərdiyi 23 il ərzində o, bu yoxsul məntəqəni nisbətən abadlaşdırmağa müvəffəq olmuşdur. Belə ki Hacı Abdullah Valini, doğrudan da, cihad əzmli müdiriyyətin simvolu adlandırmaq olar. Bu böyük hicrət və cihad 1361-ci ildə başlamış və 1384-cü il ordibeheşt ayının 8-də onun dünyadan getməsi ilə sona çatmışdır. Ruhu şad olsun!



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /