Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Onlar nüvəsi olan İrandan yox, İslamı olan İrandan qorxurlar!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei  minlərlə İmam Xomeyni (r.ə) aşiqi ilə İslam Respublikasının banisinin pak hərəmində baş tutan görüşü zamanı mərhum imamı “xalqın atası”, “mehribanlıq, güc və dözümün təcəssümü” adlandırdı. İmamın milli qürurun oyanışı, xalqın daxildən möhkəmləndirilməsi istiqamətində uzaqgörənliklə səy göstərdiyinə toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “Tarixə imzasını yazmağı bacaran İran xalqı məhz bu amillərə söykənərək İran İslam Respublikasının timsalında başqa xalqlara dünya imperializminin nüfuz dairəsindən kənar olan, uğurla inkişaf edən İslam dövlətinin bir modelini təqdim etmiş, dünyadakı hegemon qüvvələri qorxuya salmışdır. Xalqımız bu yolu tərəqqinin zirvələrinə yetişənə və düşməni qəti surətdə ruhdan salana qədər davam etdirəcək. Şübhəsiz ki, müsəlman xalqlarının və İran xalqının gələcəyi keçmişindən daha yaxşı olacaq!”

Bu gün səhər – İslam İnqilabının böyük liderinin vəfatının 23-cü ildönümündə misilsiz bir ehtişamla baş tutan mərasim zamanı Həzrət Ayətullah Xamenei rəcəb ayının 13-nün ümmətin atası Həzrət Əmirülmöminin Əlinin (ə) mübarək doğum günü ilə əlaqədar olaraq, Atalar günü kimi qeyd olunduğuna toxunub, aşağıdakıları vurğuladı: “Dahi liderimiz İmam Xomeyni (r.ə) isə bu millətə ata olub. Çünki o, bir yandan ata mehribançılığının və mərhəmətinin, digər tərəfdən isə güc və mətinliyin təcəssümü idi”.

Ali Məqamlı Rəhbər həmçinin İmam Xomeynini “hal-hazırda dünyada baş qaldırmış islami hərəkatın atası” adlandıraraq əlavə etdi: “İmam Xomeyninin xarakter və təbiətinə xas əsas cizgilərdən biri də ölkəyə milli qürur ruhiyyəsini aşılamaq, xalqda milli məfkurəni oyatmaq idi”.

Ali Məqamlı Rəhbər bildirdi ki, İmam Xomeyninin ölkəyə milli qürur psixologiyasını aşılamaq üçün başlatdığı böyük hərəkat cəmiyyətin reallıqlarına əsaslanır və əqli mühakimələrlə məhdudlaşmır. Quranın qürur, şərəf və heysiyyətlə bağlı məntiqini açıqlayan Həzrət Ayətullah Xamenei dedi: “Quranın məntiqinə görə, həqiqi, mükəmməl şərəf və heysiyyət Allaha və Onun cəbhəsində olanlara aiddir”.

“Quranın məntiqinə görə, qürur və heysiyyəti Allahdan istəmək lazımdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bir fərdə, yaxud cəmiyyətə gerçək şərəf və heysiyyət nəsib olduqda bu şərəf möhkəm bir sədd kimi, həmin cəmiyyətin üstünə hücuma keçmək, onu mühasirəyə alıb məhv etmək istəyən düşmənin səylərini puç edir”. O vurğuladı: “Bu şərəf və heysiyyət fərdi və ictimai təfəkkürdə özünə nə qədər dərin yer tutsa, onun qoruyucu təsiri bir o qədər çox aşkara çıxar və sonda insan və cəmiyyət o mərhələyə çatar ki, böyük düşməndən – yəni Şeytandan da qorunar”.

Həzrət Ayətullah Xamenei İmam Xomeyninin (r.ə) şərəf və heysiyyətə bariz nümunə olduğunu bildirərək dedi: “Mərhum imam həyatı boyu – istər elm və tədris sahəsində, istər olduqca ağır keçən inqilabi mübarizə illərində, istərsə də ölkədə hakimiyyətə başçılıq etdiyi dövrdə Əziz və Mərhəmətli Allaha təvəkkül etalonu olub”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Məhz bu səbəbdən də hamının “Qeyri-mümkündür!” – deyə israr etdiyi böyük işlər imamın gəlişi ilə mümkün oldu, keçilməz, sarsılmaz görünən bütün sədlər imamın varlığı sayəsində aşırdıldı”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, dahi imamın özü qürur və mənəviyyat təcəssümü olmaqdan əlavə, xalqda da şərəf və heysiyyət ruhunu oyatdı. O dedi: “İran xalqı İmam Xomeynidən və İslam İnqilabından aldığı qürur dərsləri sayəsində özündəki bacarıqları kəşf edə bildi və ilahi vədlərdən əksəriyyətinin gerçəkləşməsinə, o cümlədən zəiflərin hegemonlar üzərində qələbəsinə öz gözləri ilə şahid oldu”.

Bu diyarın eniş-yoxuşlarla dolu bir tarixi olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Biz iranlılar uzun əsrlik tariximiz boyunca müxtəlif etapların, qürur və zillətin şahidi olmuşuq. Tariximizin İslam İnqilabı ilə sonuclanan 200 illik etapı çox çətin, zillət dolu, qaranlıq bir dövr olub”.

Ali Məqamlı Rəhbər Qacar və Pəhləvi dövrünün zillət və çətinliklərinə misal olaraq ölkənin dünya və regionda gedən proseslərdən kənar qalmasını, iqtisadiyyat sferasında günü-gündən daha çox müşahidə olunan geriləməni, elm və texnologiyanın qətiyyən inkişaf etməməsini, hakim dairələrin yadelli müstəmləkəçilərdən alçaldıcı asılılığını qeyd etdi.

Rüsvayçı “Gülüstan” və “Türkmənçay” müqavilələrinə, onlarla şəhərin İrandan ayrılmasına toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “Həmin alçaldıcı dövrdə yadellilər xaricdən asılı Pəhləvi rejimini hakimiyyətə gətirərək İranı siyasi, iqtisadi və mədəni cəhətdən sərbəst şəkildə talanan bir meydana çevirdilər”.

İran hakimlərinin 200 il öncə yadellilərin ağalığı qarşısında yol verdikləri rüsvayçı davranışlara bir neçə nümunə gətirən Həzrət Ayətullah Xamenei dedi: “Əlbəttə ki, o dövrdə Əmirkəbir, tənbəki olayında Ayətullah Şirazinin verdiyi fətva, din alimlərinin Məşrutə məsələsinə müdaxiləsi və neftin milliləşdirilməsi uğrunda baş qaldırmış hərəkat kimi istisnalar var idi. Lakin bu istisnalar ya çox qısa sürmüş, ya da tamamilə uğursuzluğa düçar olmuşdu. Nəticədə, tarixdə imzası olan bu böyük xalqın boynuna zorla zillət və zəiflik qoyulmuşdu”.

Həzrət Ayətullah Xamenei Böyük İslam İnqilabını “İran xalqı üçün zillətin sonu və izzətin başlanğıcı” adlandıraraq aşağıdakıları vurğuladı: “İnqilabın qələbəsi ilə tarixin vərəqi tamamilə çevrildi. İmam Xomeyni bütün diqqəti milli ruhun oyanışı üzərində cəmləyərək “Biz bacarırıq!” mədəniyyətini bu mömin xalqın canının dərinliklərinə oturtdu”.

Həzrət Ayətullah Xamenei Quran ayələrinə istinadən qeyd etdi ki, iman insanda qürur və heysiyyət yaradır. O, əlavə etdi: “Xalqın dahi və müdrik imamı əzm və stimul dolu insanları tapıb üzə çıxararaq bu mömin camaatı meydanlara çəkib gətirdi. Allahın müəyyən etdiyi mübarək qaydaya əsasən, camaatın proseslərdə fəal iştirakı Yaradanın Öz mömin bəndələrinə əsirgəmədən nazil etdiyi sonsuz rəhmətinin xalqımıza cəlb olunması üçün zəmin yaratdı”.

Ali Məqamlı Rəhbər bildirdi ki, imamın bütün söhbətlərində, çıxışlarında xalqın daxildən möhkəmləndirilməsinin əhəmiyyəti xüsusilə vurğulanırdı. O dedi: “İmam milli qürur psixologiyasının oyanışında əsas yeri özünü öyüb qürrələnməyə ayırmırdı. O daha çox xalqın daxildən möhkəmləndirilməsi məsələsini önə çəkirdi. Milli qürur və tərəqqi ruhiyyəsinin möhtəşəm diyarımızda bu cür genişlənməsinə səbəb olan da məhz bu oldu”.

“Tənəzzül və durğunluğa səbəb olan amillərə qarşı mübarizə xalqın ardıcıl tərəqqi və nüfuza qovuşması üçün əsas şərtdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İnkişafımıza əngəl olan amillərdən bəziləri öz içimizdədir, bəziləri isə düşmənlərimiz tərəfindən zorla boynumuza qoyulur. Əgər yenidən inqilabdan öncəki Cəhənnəm vəziyyətinə düşmək istəmiriksə, bütün bu amillərə qarşı sayıqlıqla mübarizə aparmalıyıq”.

İnqilabın dördüncü onilliyinin “Tərəqqi və ədalət onilliyi” adlandırıldığına toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Tərəqqi özünün geniş və gerçək mənasında fərdi və ictimai həyatın bütün maddi-mənəvi aspektlərini, o cümlədən azadlıq, ədalət, rifah və yüksək əxlaqı əhatə edir. Buna görə də biz əziz imamımızın xalqımıza göstərdiyi yol ilə irəliləməliyik”.

“İran xalqı və İslam Respublikası milli qürur və tərəqqinin təcrübədən keçmiş, uğurlu modelidir” – deyən Ali Məqamlı Rəhbər bu gerçək tərəqqinin göstəricilərinə nümunə gətirərkən aşağıdakıları qeyd etdi: “Son 33 il ərzində İran xalqı siyasət, hərb, iqtisadiyyat və təhlükəsizlik sahəsində İslam dövlətini aradan götürmək məqsədilə cızılıb icra olunan bütün planlara qalib gəlib. Bu reallıq şanlı İran xalqının inkişafının ən mühüm göstəricilərindəndir”.

İran xalqının inkişafının daha bir inkaredilməz göstəricisi kimi, İranın regionda və dünyada gedən proseslərə açıq-aşkar təsir gücü əldə etməsini qeyd edən Ali Məqamlı Rəhbər İsrail və Amerikanın bəzi rəsmilərinin və siyasətçilərinin bunu etiraf etdiklərini xatırladaraq dedi: “Xalqımızın və dövlətimizin son 30 il ərzində nümayiş etdirdiyi mətanət, qürur və dözüm qlobal və regional miqyaslı mühüm proseslərə dərin təsir gücü əldə etməyimizlə nəticələnib”.

Həzrət Ayətullah Xamenei tərəqqinin digər real göstəriciləri sırasında ölkənin dörd bir yanında xalqa ardıcıl olaraq genişmiqyaslı quruculuq və rifah xidmətlərinin göstərilməsini, gənc iranlı mütəxəssislər tərəfindən ən mürəkkəb konstruksiyalı zavodların və sənaye müəssisələrinin layihə və inşasının həyata keçirilməsini qeyd etdi.

Mövzunu davam etdirən Ali Məqamlı Rəhbər bildirdi ki, dünyanın rəsmi mərkəzlərinin də təsdiqlədiyi kimi, ölkədə elmin sürətli templə inkişaf etməsi İranın diqqətəlayiq tərəqqisinin göstəricisi olan digər əhəmiyyətli faktlardandır.

O dedi: “Beynəlxalq elmi mərkəzlərin rəsmi hesabatlarına əsasən, ötən il İranın elmi inkişafı dünya ölkələrinin orta elmi inkişaf göstəricisindən 11 dəfə artıq olub. Eyni zamanda ölkəmiz nüvə, nano texnologiyalar, kök hüceyrələri, aerokosmos və biotexnologiya kimi sahələr üzrə parlaq nailiyyətlər əldə edərək öndə gedən ölkələr sırasında yer alır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, İrandakı ardıcıl və parlaq xalq hakimiyyəti millətin son 30 ildə həqiqi inkişafa nail olmasının daha bir göstəricisidir.

İndiyə qədər xalqın 10 prezident seçkisində, xüsusilə də 10-cu prezident seçkilərində son dərəcə fəallıqla iştirak etdiyini, bircə gün belə olsun təxirə salınmadan 9 parlament çağırışının işə başladığını qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Bu 33 ildə siyasi xarakterli və ya təhlükəsizliklə bağlı heç bir insident, heç bir hərbi təhdid ölkəmizdə xalq hakimiyyətinin parlaq inkişaf prosesinə zərbə vura bilməyib”.

İnqilabi stimul və şüarların öz aktuallığını qoruyub saxlamasını İran xalqının inkişafına daha bir nümunə olaraq qeyd edən Ali Məqamlı Rəhbər bu illər ərzində İslam İnqilabının qələbə çaldığı günün hər dəfə çox möhtəşəm və emosional şəkildə bayram edildiyini bildirdi. O dedi: “Cəmiyyətimizdə mənəviyyat əhval-ruhiyyəsi də getdikcə dərinləşməkdədir. Əlbəttə, bəziləri bu məsələdə azsaylı bir qrupun davranışlarına istinad edərək cəmiyyətdəki ümumi atmosferlə bağlı yanlış mühakimə yürüdə bilərlər. Lakin müxtəlif təbəqələrdən olan insanların, xüsusilə də universitet tələbələrinin “İtikaf” kimi dini mərasimlərdə məna dolu iştirakı xalqımızın mənəvi cəhətdən də uğurla irəlilədiyini göstərir”.

Həzrət Ayətullah Xamenei dedi: “Sadalanan reallıqlar onu göstərir ki, İslam bayrağı altında birləşmiş, mərhum İmam Xomeyninin ilahi dəvətini və hərəkatını rəhbər tutan, milli qürur ruhuna arxalanan, daxildən möhkəmlənən İran və iranlılar bütün aspektlərdə inkişaf etməkdədir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İran xalqının inkişafı, onun dünya və region xalqları üçün örnəyə çevrilməsi İslam İnqilabının düşmənlərini qorxu və təşvişə salan əsas səbəbdir. O, əlavə etdi: “Dünyanın siyasi dairələrinin nüvə sahəsində irəliləyişlər əldə edən İranın təhlükəli ola biləcəyini şişirtmələri yalandan başqa bir şey deyil. Çünki onların əsas qorxusu nüvəsi olan İrandan yox, İslamı olan İrandandır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İmperializmin gücünün əsaslarını sarsıdan reallıq bu oldu ki, İran xalqı Amerikaya və digər hegemon dövlətlərə söykənmədən, hətta onlara qarşı mübarizə apararaq inkişaf və tərəqqiyə nail olmağın mümkünlüyünü sübuta yetirdi”.

O dedi: “Amerika və digər iddialı dövlətlər xalqları, onların ziyalılarını və siyasi liderlərini inandırmağa çalışırlar ki, Amerikanın nüfuz dairəsindən kənarda inkişaf etmək mümkün deyil. Halbuki İran xalqı bunun əksini sübut edib və xalqlara əməldə reallaşmış böyük bir dərs keçib!”

Ölkənin inkişaf göstəriciləri haqda söhbətini yekunlaşdıran Ali Məqamlı Rəhbər İran xalqına xitabən aşağıdakıları vurğuladı: “Siz – böyük bir xalqın nümayəndələri 30 ildən artıq müddət ərzində rekord səviyyəli bir inkişafa nail olmusunuz. Lakin indiyə qədər əldə etdiklərinizlə qane olsanız, sözsüz ki, məğlubiyyətə uğrayacaq və yenidən geri gedəcəksiniz. Məhz buna görə də inkişaf və tərəqqi kursu ilə durmadan irəliləmək lazımdır!”

İnkişafın əsas zirvələrinə doğru irəliləyişdə vəzifəli şəxslərin də son dərəcə böyük məsuliyyət daşıdığını qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Vəzifə məsuliyyəti daşıyan insanlara bu yolda istənilən durğunluğa yol vermək, özündən müştəbehlik, eqoizm, qəflət, lüks həyata meyllilik, dünya ləzzətlərinə can atmaq, var-dövlət toplamaq, özünü ətrafdakılara sevdirmək üçün çalışmaq qadağandır. Zirvələrə yalnız bu qadağalara riayət edərək yetişmək mümkündür!”

O vurğuladı: “Biz – vəzifə postu tutan şəxslər – eynilə dahi liderimiz İmam Xomeyni kimi, özümüzü bu bəlalardan qorumalıyıq!”

Həzrət Ayətullah Xamenei üzünü gənclərə, tələbələrə, vəzifəli şəxslərə, din alimlərinə, cəmiyyətə təsir gücünə malik olan insanlara tutaraq aşağıdakıları vurğuladı: “Siyasət, elm və texnologiya, xüsusilə də əxlaq və mənəviyyat sferaları daxil olmaqla bütün sahələrdə inkişaf zirvələrinə doğru hərəkətimizi durmadan davam etdirməli, irəlilədikcə nöqsanlarımızı aradan qaldırmalıyıq”.

O, əlavə etdi: “İnkişaf zirvələrinə doğru ardıcıl irəliləyişimiz düşmənin yaratdığı əngəllərin, o cümlədən sanksiyaların neytrallaşmasına səbəb olacaq”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Sanksiyalar İran xalqının irəliyə doğru hərəkətinə əngəl ola bilməz. Onların yeganə təsiri xalqımızın Qərbə nifrətinin daha da dərinləşməsi olacaq”.

Həzrət Ayətullah Xamenei dedi: “Hazırda İran xalqı dağın yamacı ilə qalxmaqdadır və bir gün o, zirvəyə yetişəndə xəbis niyyətli düşmənçilik və qarşıdurmalar da sona çatacaq”.

Çıxışının digər qismində Ali Məqamlı Rəhbər qeyd etdi ki, Yəmən və Bəhreyndən tutmuş Misir, Liviya və Tunisdə,  habelə yatmış vulkana bənzər digər region ölkələrində baş qaldıran inqilab və hərəkatlar xalqların İslam bayrağı altında milli qürur, ədalət və azadlıq əldə etmək üçün çalışdıqlarına bariz nümunədir. O dedi: “Bu hərəkatlar haqda danışarkən islami oyanış məsələsinə toxunmaq tamamilə əsaslıdır. Çünki xalqlar ədalət, azadlıq, öz prinsip və dəyərlərinə əsaslanan xalq hakimiyyəti istəyirlər. Region xalqlarının Allaha olan imanını nəzərə alsaq, həmin prinsip və dəyərlərin İslam dinindən ibarət olduğunu demək mümkündür. Məhz buna görə də regiondakı hərəkatların mahiyyətini islami oyanış təşkil edir”.

Ali Məqamlı Rəhbər Qərbin və Qərbdən asılı olan dövlətlərin regiondakı inqilablarla əlaqədar, problemin mahiyyətini başqa cür təqdim etməyə, bu hərəkatları faydasız proseslər kimi qələmə verməyə çalışdıqlarını deyərək əlavə etdi: “Cəmiyyətə təsir gücünə malik olan şəxsiyyətlər, həmçinin region xalqları ehtiyatlı olmalıdırlar ki, aldanmasınlar”.

Son dövrdə baş vermiş inqilablarla əlaqədar olaraq, regionda siyasi-ictimai atmosferin ciddi surətdə dəyişdiyini vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Hal-hazırda baş verənlər inanılmazdır, gələcəkdə isə daha böyük dəyişikliklərin şahidi olacağıq!”

Regiondakı ictimai-siyasi dəyişiklikləri daha ətraflı açıqlayan Ali Məqamlı Rəhbər dedi: “Misir xalqının qiyamı pik nöqtəyə çatanda Qərb dövlətlərinin və regiondakı müstəbid hökumətlərin əksəriyyəti Mübarək rejimini, xalqın əzilməsini dəstəklədilər. Misir xalqının qələbəsindən sonra isə həmin dövlətlər, habelə onlardan asılı olan, “xalq”, “camaatın hüquqları” kəlmələrini eşitmək belə istəməyən diktaturalar xalqın hüquqlarından, demokratiyadan dəm vurmağa başladılar. Bu, regionun ümumi atmosferində ciddi dəyişikliklərin baş verdiyini göstərir”.

Ali Məqamlı Rəhbər Misiri “böyük bir ölkə”, oranın xalqını isə “regionda nüfuza və təsir gücünə malik olan qədim bir xalq” adlandıraraq dedi: “Yadlara muzdurluq edən korrupsiyaçı hökumət başçıları Misir xalqını illərlə zəlil vəziyyətdə saxlayaraq bu ölkəni İsrailin strateji xəzinəsinə çevirmişdilər. İndi isə bu xəzinə qəsbkar sionistlərin əlindən çıxıb”.

Həzrət Ayətullah Xamenei Hüsni Mübarək hökumətinin hətta 22 günlük hərbi əməliyyatlar zamanı olduğu kimi, Qəzzada yaşayan bir milyon yarım insanın həbsxanaya atılması hesabına olsa belə, İsrail rejiminin təhlükəsizliyini təmin etmək missiyası daşıdığını qeyd edərək dedi: “Hüsni Mübarək rejiminin süqutu ilə hal-hazırda İsrail özünü tamamilə təklənmiş vəziyyətdə hiss edir, böyük çaşqınlıq və təəccüb içərisindədir”.

“Qəsbkar İsrail rejimi rəsmilərinin İran əleyhinə qaldırdığı hay-küy, səsləndirdikləri hərbi təhdidlər onların keçirdiyi qorxu və dəhşət hislərindən, çarəsiz və əliboş vəziyyətdə olmalarından irəli gəlir” – deyən Ali Məqamlı Rəhbər vurğuladı: “İsrail rejiminin başında duranlar yaxşı bilirlər ki, bu gün hər zaman olduğundan daha zəifdirlər, atılan hər bir səhv addım və ya nalayiq davranış ildırım kimi elə onların öz başına düşəcək”.

Sionist rejiminin qeyd-şərtsiz himayədarları kimi, Qərb və Amerikanın çox əlverişsiz vəziyyətə düşdüklərini bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu gün iqtisadi, sosial və maliyyə problemləri ucbatından öz camaatı ilə üz-üzə qalmış Qərb çarəsiz vəziyyətə düşüb və əslində, bunu hər vasitə ilə ört-basdır edərək özünü güclü və ehtiyacsız göstərməyə çalışır”.

“Avropada Amerikanın sözü ilə oturub-duran bir neçə administrasiyasının hakimiyyətdən getməsi, xalqların Amerikaya olan nifrətinin günü-gündən artması Qərbin ciddi böhran içində olmasına digər nümunələrdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Onlar müəyyən insidentlər törətməklə bu böhranı Asiya, Afrika və regionumuza köçürmək istəyirlər”.

Amerika və Qərbin böhranı köçürmə metodları sırasında yenicə inqilab etmiş ölkələrdə etnik, tayfa və dini zəmində ixtilafların yaradılmasını, inqilabları özlərinə əks çevirmə planlarını qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Bu gün amerikalılar etnik və dini zəmində ixtilaflar yaratmaqda peşəkar olan ingilislərin təcrübəsindən istifadə edirlər. Buna görə də şiə və ya sünniliyindən asılı olmayaraq, regionun bütün xalqları, din alimləri və akademik elitası düşmənin dəyirmanına su tökməmək üçün ayıq-sayıq olmalıdır”.

Amerika  və Qərbin bu tip tədbirlərini “sərsəm davranışlar” adlandıran Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Onlar öz böhran və problemlərini ört-basdır etmək, zehinləri aldatmaq üçün İranın nüvə məsələsini şişirdir, mövzunu qlobal problemlərin başında duran bir problem kimi qələmə verir, yalandan nüvə silahı söhbətini ortaya atırlar. Halbuki reallıq bu deyil və onların səyləri heç bir nəticə verməyəcək”.

İran İslam Respublikasının regiona ümidlə yanaşdığını bildirən Ali Məqamlı Rəhbər dedi: “Əlbəttə, regionda baş verən hadisələr bəzi region ölkələri üçün Amerikanın əvəzinə müəyyən addımlar atmaq fürsəti yaratdı. Lakin Allahın lütfü ilə, inqilab etmiş ölkələrdə, xüsusilə də Misirdə asayiş və sabitlik yenidən bərpa olunacaq, regiondakı diktator rejimlər hakimiyyətdən uzaqlaşdırılacaq”.

Bəhreyn hadisələrinə də toxunan Həzrət Ayətullah Xamenei Bəhreyn xalqına daha artıq zülm olunduğunu dedi. O, əlavə etdi: “Bəhreyn xalqı heç bir əsas olmadan müstəbid bir hökumətin əli ilə əzilir. Onların etirazlarına ən aqressiv formada cavab verilir. Halbuki Bəhreyn xalqı demokratik bir ölkədə ehtiyac duyulan ən bəsit şərtin təmin olunmasını istəyir”.

Ali Məqamlı Rəhbər dedi: “Bəhreyndə xalqın istəyinə cavab vermək əvəzinə, məsələni məzhəb ixtilafı, sünni-şiə problemi ilə əlaqələndirməyə, camaatın pozulan hüquqlarını gizlətməyə çalışırlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Allahın fəzli sayəsində, region xalqlarının mübarizəsi, bütün səy və əziyyətləri nəticə verəcək, lakin onlar ehtiyatlı olmalıdırlar ki, etnik mənsubiyyət, məzhəb və din zəminində qəsdən körüklənən qarşıdurmaların oduna yanmasınlar”.

Sonda Ali Məqamlı Rəhbər vurğuladı: “Heç şübhəsiz, müsəlman xalqlarının və İran xalqının gələcəyi keçmişindən daha yaxşı olacaq!”


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /