Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı Allaha beyət yolunda mətin və sarsılmazdır!

Bu gün  – rəcəb ayının ilk günü, Həzrət İmam Baqirin (ə) mövludu və Xürrəmşəhrin fəth olunduğu 3 xordad tarixində İmam Hüseyn (ə) adına Hərbi Akademiyada İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə müdavimlərin buraxılış mərasimi keçirildi. İmam Hüseyn (ə) adına Akademiyanın həyətinə daxil olan Ali Baş Komandan ilk olaraq İmam Zamanın (ə.f) şəhid məxfi əsgərlərinin məzarlarını ziyarət edib “Fatihə” oxuyaraq Müqəddəs Müdafiədə şəhid olmuş insanların xatirəsini yad etdi. Daha sonra Ali Baş Komandan meydanda düzlənmiş hərbi birləşmələri salamladı. Mərasim zamanı çıxış edən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İran xalqının nüfuz və iqtidarının günü-gündən artması onun Allaha beyət yolunda mətin və sarsılmaz olmasının nəticəsidir. O vurğuladı: “Daim avanqard olan İran xalqı “Ədalət və tərəqqi” onilliyində özünün daha artıq inkişafa, ədalətin daha artıq gerçəkləşməsinə aparan sürətli irəliləyişinə davam edir. Zülm, imperializm və zorakılıq cəbhəsi isə zahiri hay-küyünün tam əksinə, zəifləyib süquta uğramaqdadır”.

İran xalqının gələcəyə ümidlə baxdığını, bu xalq üçün irəlidə işıqlı üfüqlərin açılacağını vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Ölkəmiz vüqarlı və başıuca gənclərimizindir. Onlar daim avanqard sıralarda olmuş İran xalqının yolunu günü-gündən daha möhkəm addımlarla davam etdirməlidirlər ki, İslam ümmətinin yüksəlişi gerçəkləşsin”.

“Əvvəlki nəslin çəkdiyi zəhmət və əziyyətlər sayəsində, səadət zirvələrinə aparan yol daş-qalaqdan təmizlənərək hamarlanıb” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə ki, yolun hamar olması qarşıda heç bir zəhmət və çətinliyin olmayacağı demək deyil. Bu kursu davam etdirmək üçün əvvəlki kimi mətin və sarsılmaz olmaq lazımdır”.

Ali Baş Komandan Ordu, Keşikçi Korpus və Bəsic də daxil olmaqla Silahlı Qüvvələrin Allaha beyətdə mətin və dönməz olmalarını yüksək qiymətləndirdiyini deyərək vurğuladı: “Silahlı Qüvvələr Müqəddəs Müdafiə illərində unudulmaz və parlaq bir təcrübəyə imza atdılar. Bu təcrübədən gələcəyə işıq saçan çıraq kimi daim faydalanmaq lazımdır”.

Mərasimdə İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı general Cəfəri korpus və Bəsic Təşkilatının tərkibindəki dörd təyinatlı silahlı qüvvələrin hazırlığı, onların imkanlarının “İslam Dövlətinin Müdafiə Doktrinası”nın tələblərinə uyğun yüksəldilməsi haqda məlumat verərək Keşikçi Korpusun kompleks təlim-tərbiyə sistemi çərçivəsində həyata keçirdiyi təlim proqramlarına toxundu.

İmam Hüseyn (ə) adına Zabitlər və İnqilab Keşikçiləri Akademiyasının komandanı keşikçi admiral Murtəza Səffari də akademiyanın tətbiq etdiyi elmi tədqiqat, təlim və döyüş hazırlığı proqramları haqda məlumat verdi.

Mərasim zamanı Həzrət Ayətullah Xamenei Hərbi Akademiyanın müəllim və tələbələrindən, komandirlərdən, əlil və veteranlardan, şəhid ailələrindən bir qrupuna hədiyyələr təqdim etdi, İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın məzun və müdavimlərini təmsil edən nümayəndələrə isə Ali Məqamlı Rəhbərin əlindən hərbi rütbə və epoletlərini almaq iftixarı nəsib oldu.

Mərasimin davamında İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müdavimləri hazırladıqları “Nəhnu Əmmar” adlı marş-nümayiş layihəsini icra etdilər. Tələbələrin nümayiş proqramının digər hissəsi döyüş təlimlərinə həsr olunmuşdu. Sonda meydanda düzülmüş hərbi birləşmələr Ali Baş Komandanın önündən paradla keçdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /