Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam İnqilabı ilə başlamış yol davam edəcək!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əlil və veteranlardan bir qrupu ilə görüşü zamanı Müqəddəs Müdafiə illərini incəliklə işlənmiş, gözəl bir tabloya bənzədərək dedi: “İslam İnqilabı ilə başlamış yol davam edəcək! İnsanları Müqəddəs Müdafiə günlərindəki gözəlliklərlə yaxından tanış etmək üçün yüksək sənət meyarlarına cavab verən minlərlə kitab yazılmalıdır ki, döyüşçülərin fədakarlığı ən xırda detalları ilə xalqa açıqlansın”.

Məcburi Müharibə illərində döyüşmüş insanların uğurlu, dəyərli, olduqca böyük və heyranedici bir işə imza atdıqlarını deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müqəddəs Müdafiə illərində öhdəsinə mühüm və həssas bir məsuliyyət götürmüş sizlər bilməlisiniz ki, kiçik cihaddan sonra, növbə dəfələrlə daha ağır və çətin olan böyük cihada gəlib çatıb”.

Böyük və kiçik cihadın özəlliklərini açıqlayaraq müqayisə edən Ali Məqamlı Rəhbər dedi: “Ölkənin hazırkı şəraitində dəyər və prinsiplər üzərində möhkəm durub, siyasət, sosial həyat, iqtisadiyyat və mədəniyyətin müxtəlif sferalarında təqvaya riayət etməyin dəyəri və əhəmiyyəti daha yüksəkdir”.

Həzrət Ayətullah Xamenei bu barədə aşağıdakıları da qeyd etdi: “Bu gün biz iki düşmənlə – xəbis imperializmlə və içimizdəki nəfslə üz-üzəyik. Atdığı addımlarda, qəbul etdiyi qərarlarda təqvaya riayət etməyi bacaran insan özünün mənəvi yüksəlişi və maddi tərəqqisi üçün zəmin yaratmış olur”.

Yaradana doğru mənəvi yüksəlişə nail olmaq üçün günahdan çəkinməyin vacib şərt olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Günaha yol verməməklə yolun yarısını qət etmiş oluruq. Əlbəttə ki, siyasət, icra, idarəçilik, təbliğat və din sferasında vəzifə məsuliyyəti daşıyan şəxslərin günahı dəfələrlə geniş aspektlər kəsb edir”.

Rəsmilərin düzgün davranışının cəmiyyətə də sirayət etdiyini deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mübarizlik və düzgün davranış nümayiş etdirməklə biz cəmiyyəti də buna təşviq etmiş oluruq. Əlbəttə, onu da bilməliyik ki, İran xalqının bu hərəkatı ayrı-ayrı şəxslərin mübarizədən usanması və səbirsizliyi ucbatından sarsılıb, düzgün kursundan yayınmayacaq!”

Sonda Ali Məqamlı Rəhbər dedi: “İslam İnqilabı ilə başlamış bu yol davam edəcək! Siz özünüz şahidi olmusunuz ki, ümumxalq hərəkatının gedişində müəyyən şəxslər məsuliyyət yükünü çiyinlərindən atsalar da, yüksək ruhiyyəli gənclər dərhal bu yükü öhdələrinə götürüblər və inşallah, onu mənzil başına çatdıracaqlar!”


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /