Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Möhtərəm şəhidlərimizin davranış və xasiyyətləri bugünkü gəncliyə əyani surətdə aşılanmalıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər ölkənin dörd bir yanından gəlmiş minlərlə müəllimlə görüşdü. Yüksək insani keyfiyyətlərə, elm və biliyə əsaslanan cəmiyyətin qurulmasında müəllimin uca məqamından və əvəzsiz rolundan bəhs etdi. Ali Məqamlı Rəhbər təlim və tərbiyədə yeni milli sənədin icrası üçün dəqiq proqramların vacibliyini xatırlatdı və İslami Şura Məclisi seçkilərinin ikinci mərhələsinə işarə edərək vurğuladı: “İran xalqı bir daha seçkilərdə öz ayıqlığını, bəsirətini, düzgün seçim qabiliyyətini nümayiş etdirəcəkdir”.

İslam İnqilabının Rəhbəri Müəllimlər gününə təsadüf edən bu görüşdə Ustad Şəhid Ayətullah Murtəza Mütəhərrinin xatirəsini ehtiramla yad edərək müəllimlər gününü təbrik etdi. Müəllimin ali mərtəbəsi, yüksək mənəvi dəyərindən bəhs edərək əlavə etdi: “Müəllim sənətinin ən mühüm cəhəti odur ki, istedadlı, parlaq gələcəyi olan, hissiyatlı və zərif duyğulu insanlar onun ixtiyarındadırlar. Və müəllimin səy və təcrübəsi nəticəsində bu uşaqlardan, gənclərdən görkəmli alimlər, əməlisaleh, bilikli və bacarıqlı insanlar yetişə bilər”.

Həzrət Ayətullah Xamenei insanların birliyi, təhsil və tərbiyəsi, müəllimin qədirşünaslıqla qiymətləndirilməsi, məqamının uca tutulmasını tövsiyə edərək xatırlatdı: “Müəllimin düzgün, tədbirli, cəfakeş əməyi, şübhəsiz ki, cəmiyyətin möhkəm özüllərini quracaqdır ki, bu da mədəniyyət, əxlaq, davranış problemlərinin həllinə gətirib çıxaracaqdır”.

Ali Məqamlı Rəhbər həmçinin Təhsil və Tərbiyə Nazirliyinin başdan-başa bütün ölkəni, hətta ən uzaq bölgəni belə əhatə edən əvəzsiz xidmətlərinə işarə edərək bunları nazirliyin məsuliyyəti kimi səciyyələndirdi. Ali Məqamlı Rəhbər əlavə etdi: “Son illərdə təhsil və tərbiyə sahəsində təqdirəlayiq islahatlar həyata keçirilmişdir ki, onlardan  da ən mühümü  yeni milli sənəddir. Lakin əsas məsələ bu sənədin həyata keçirilməsidir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Yeni milli sənədin təlim və tərbiyədə tətbiq olunması üçün dəqiq planlaşdırma və strategiya hazırlamaq və məqsədə çatana qədər ona əməl etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei ölkədə təhsil və tərbiyənin böyük əhəmiyətinə və gənclərin düzgün tərbiyə edilməsində, cəmiyyətin əxlaqi keyfiyyətlərinin yüksəldilməsindəki roluna işarə edərək xatırlatdı: “Təhsil və tərbiyə yeniyetmə və gənclər üçün örnək yaratmalıdır. Ən  gözəl örnək və nümunə isə şəhid yeniyetmələr və gənclərdir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Möhtərəm şəhidlərimizin davranış və xasiyyətləri, o cümlədən qeyrət, çalışqanlıq, sədaqət, sülhsevərlik, fədakarlıq, uzaqgörənlik, insanlarla, ata-ana və dostlarla xoş rəftar kimi keyfiyyətlər bugünkü gəncliyə əyani surətdə aşılanmalıdır”.

İslam İnqilabının Rəhbəri xatırlatdı: “Təhsil və tərbiyədən əlavə, təbliğat strukturları, “Səda və Sima” Teleradio şirkəti, dövlət strukturları və ruhanilərin öhdələrinə qəhrəmanları tanıtmaq və gənc nəslə nümunə göstərmək kimi ağır bir məsuliyyət düşmüşdür”.

Həzrət Ayətullah Xamenei öz çıxışının digər qismində 9-cu çağırış İslami Şura Məclisinə seçkilərin ikinci mərhələsinə işarə edərək əlavə etdi: “İran xalqı hər zaman ayıq-sayıqlıqla, lazımi məqamda öz işlərini həyata keçirir. Bunun bariz nümunəsi  mart ayinda seçkilərin birinci mərhələsində insanların fəallığı, aktiv iştirakı idi ki, xalqımızın düzgün mövqe seçmək bacarığını da burada rolu vardır”.

Ali Məqamlı Rəhbər 9-cu çağırış İslami Şura Məclisi seçkilərinin hələ başa çatmadığına işarə edərək vurğuladı: “İran xalqının 15 may cümə günü atacağı böyük addımlar, sakitliklə seçki qutularına yaxınlaşaraq  9-cu çağırış Şura Məclisinə səs vermələri  bir daha xalqımızın düzgün seçim qabiliyyətini bütün dünyaya göstərəcəkdir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, dünyanın hazırkı vəziyyətində xalqlar müvəffəqiyyət əldə etmək üçün gərək seçimlərində ayıq-sayıq olsunlar və öz tələblərini meydana çıxarsınlar. Ali Məqamlı Rəhbər əlavə etdi: “Uca Yaradanın lütfü sayəsində, İran xalqı seçimdə rahat, gözüaçıq və mövqeyini düzgün müəyyənləşdirə biləndir. Öz düşmənini də yaxşı tanıyır. Onun riyakarlığına, özünü dost kimi qələmə verməsinə aldanmır”.

Həzrət Ayətullah Xamenei seçkiləri ölkədəki əmin-amanlığın təzahürlərindən biri kimi dəyərləndirdi və xatırlatdı:

“Keşməkeşli şəraitdə, imperialist qüvvələrin hücum etdikləri bir dövrdə İran xalqı öz hüququnu və gələçək nəslini qorumağı baçardı”.

İran xalqı üçün gələcək üfüqlərin  çox işıqlı olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Uca Yaradanın mərhəməti sayəsində, şübhəsiz ki, İran İslam Respublikasının sabahı bu günündən daha gözəl olaçaqdır”.

Görüşün əvvəlində Təhsil və Tərbiyə naziri cənab Hacı Babayi sənədi bünyadinin qəbul edilməsinə işarə edərək dedi: “Bu sənədin icra edilməsi üçün 12 xüsusi işçi qrupu, ölkə üzrə 750 qərargah təşkil edilmişdir”. O, təhsil və tərbiyə sisteminin dəyişilməsi, tərbiyənin keyfiyyətinin artırılmasına işarə edərək əlavə etdi: “Bədən tərbiyəsi və sağlamlıq üçün müavinətlərin verilməsi, milli Quran əzbərləmə yarışlarının təşkili, min idman zalının tikilməsi, fəlakətlərdən zərər görənlərə qayğı göstərilməsi, bütün kəndlərdə məktəbli geyiminin təkmilləşdirilməsi, əlaçı məktəblilərə diqqət göstərilməsi bu sahədə görülmüş işlərin nəticəsidir”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /