Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İraq xalqının gələcək üfüqləri bugünkü vəziyyətindən daha parlaq olacaq!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi günü) səhər İraqın baş naziri Nuri Maliki və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər ərəb dünyasında və regionda İraqın qüdrətinin günü-gündən artdığına toxunaraq bunun İran İslam Respublikasını son dərəcə sevindirdiyini bildirdi. O vurğuladı: “İraqın qüdrətinin artırılması istiqamətində göstərilən səylər, xüsusilə də ardıcıl elmi cihad üçün zəmin yaradılması, həmçinin ölkənin dörd bir yanında quruculuq hərəkatına start verilməsi İraq dövlətinin və xalqının uğurlarını ikiqat artıracaq, mövqeyini daha da möhkəmləndirəcək”.

“Son aylar ərzində ortaya çıxmış bəzi məsələlər, baş vermiş olaylar İraq dövlətinin və xalqının ərəb və müsəlman dünyasındakı qüdrətinin təzahürüdür” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Həmin məsələlərdən biri də Amerika hərbçilərinin ölkədən tamamilə çıxarılmasıdır. Bu, İraqda hökumətin güclü mövqe nümayiş etdirməsi, millətin və ictimaiyyətin öz iradəsini qətiyyətli şəkildə ortaya qoyması sayəsində əldə olunmuş böyük bir uğur, mühüm bir hadisədir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İraqın qüdrətinin göstəricisi olan daha bir fakt Ərəb Liqasının sammitinin Bağdadda keçirilməsidir. O dedi: “Müəyyən qüvvələr İraqı ərəb dünyasından kənar bir ölkə kimi qələmə vermək üçün çox çalışdılar. Lakin Ərəb Liqasının sammitinin Bağdadda keçirilməsi ilə hal-hazırda İraq liqanın başında durur və ölkənin baş naziri Ərəb Liqasının sədridir”.

İraqın ərəb dünyasında çoxillik tarixi keçmişə malik olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Bu tarixi keçmiş, habelə İraqın təbiət və insan resursları nəzərə alınarsa, ölkənin gerçək nüfuz və iqtidarına geri dönəcəyi günün uzaq olmadığını demək mümkündür”.

İraqın günü-gündən artan iqtidarına düşmən kəsilən qüvvələrin mövcud olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Hər bir ölkənin iqtidarı müəyyən fona, mexanizmlərə ehtiyac duyur. Onlardan ən əhəmiyyətlisi elmi inkişaf, quruculuq və xalqa yüksək xidmətdir”.

Həzrət Ayətullah Xamenei İranın elmi inkişaf sahəsində müsbət təcrübəyə malik olduğunu, bu işdə təsəvvüredilməz nəticələr əldə etdiyini qeyd edərək əlavə etdi: “Ərəb dünyasının istedadlı elm xadimlərinin mərkəzi olan İraqda məqsədyönlü elmi hərəkata start vermək, akademik ictimaiyyəti və görkəmli elm adamlarını elmi cihada həvəsləndirmək lazımdır”.

Ali Məqamlı Rəhbər quruculuq məsələsinə də toxunaraq aşağıdakıları dedi: “Gəncləri təşkilatlandıraraq, lazımi zəmin hazırlayaraq İraqın hər yanında bir quruculuq, xalqa xidmət cihadı başlatmaq lazımdır”.

Sonda Həzrət Ayətullah Xamenei vurğuladı: “İraq xalqının gələcək üfüqləri bugünkü vəziyyətindən daha parlaq olacaq!”

Ali Məqamlı Rəhbərlə görüşündən son dərəcə məmnun olduğunu bildirən İraqın baş naziri cənab Nuri Maliki Tehranda apardığı danışıqlara toxunaraq dedi: “Allahın lütfü sayəsində, İran və İraq arasında müxtəlif sferalarda əlaqələr genişlənib, hər iki ölkənin sənaye və kommersiya sferalarını təmsil edən müxtəlif heyətlər daim get-gəl edərək məsləhətləşmələr keçirir”.

Cənab Nuri Maliki Tehran danışıqlarının iki ölkə arasında əməkdaşlığın əvvəlkindən də çox genişlənməsi üçün zəmin yaradacağına ümidvar olduğunu bildirdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /