Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Allaha iman insanda güclü və effektiv stimul yaradır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan əvvəl İran İslam Respublikası Ordusunun Quru Qüvvələri Qərargahının yerləşdiyi məkana gələrək silahlı qüvvələrin sözügedən qolunun fəaliyyəti və nailiyyətləri ilə yaxından tanış oldu.

İlk öncə Müqəddəs Müdafiə şəhidlərinin memorialını ziyarət edən Ali Baş Komandan “Fatihə” oxuyaraq Uca Yaradandan şəhidlərin ruhuna dərgahında ən ali dərəcələri nəsib etməsini dilədi.

Daha sonra Həzrət Ayətullah Xamenei Ordunun Quru Qüvvələrinin təlim, elmi-tədqiqat, hərbi mühəndislik və döyüş fəaliyyətlərini, o cümlədən layihə və konstruksiyası yerli mühəndislərə aid olan “Paraşütlə tullanma təlimlərinin simulyasiyası layihəsi”ni əks etdirən sərgiyə baxış keçirməklə yanaşı, Sərpole-Zəhabdakı “Əbuzər” qarnizonunda yerləşən hərbi birləşmələr, eləcə də Ordunun Quru Qüvvələrinin Zahidandakı qabaqcıl aviadəstək qrupu ilə videobağlantı vasitəsilə söhbət etdi.

Ordunun Quru Qüvvələrinin döyüş və əməliyyat birləşmələrinin komandanları qarşısında çıxış edən Ali Baş Komandan bildirdi ki, silahlı qüvvələrdə ən mühüm məsələ dinə imandan qaynaqlanan təşəbbüs və stimula önəm verilməsidir. O vurğuladı: “Silahlı qüvvələrin idarəetməsində dərin və sarsılmaz dini stimulun gücləndirilməsi məsələsi daim diqqət mərkəzində saxlanmalı, bu mövzu bir anlıq belə olsun nəzərdən qaçırılmamalıdır”.

Uca Yaradana və qeyb aləminə imanın insanda güclü və effektiv stimul yaratdığını vurğulayan Ali Baş Komandan əlavə etdi: “Güclü, sarsılmaz stimulun mömin və qəhrəman insanlara göstərdiyi təsir həssas və taleyüklü anlarda aşkara çıxır. Necə ki İslam döyüşçüləri, ölkəmizin silahlı qüvvələri mükəmməl surətdə təchiz olunmuş, böyük dövlətlərdən dəstək alan Səddam ordusuna qarşı 8 il ərzində müqavimət göstərib sonda qələbə çalmağı bacardılar”.

Həzrət Ayətullah Xamenei silahlı qüvvələrdə bu müqavimət əhval-ruhiyyəsini gücləndirməyin son dərəcə vacib və əhəmiyyətli olduğunu qeyd edərək dedi: “Əlbəttə, hərbi komandanlar da elmi biliklərdən bəhrələnmək, şəxsi keyfiyyətlərini gücləndirməklə yanaşı, özlərində ixlas ruhiyyəsi tərbiyə etməli, dünyaya bağlılıqdan uzaq olmalıdırlar”.

“Quru Qüvvələri İİR Ordusunun mehvəri, mühüm hissəsidir” – deyən Ali Məqamlı Rəhbər sözügedən qüvvələrdə planlaşdırma, dəstək və təlimin əhəmiyyətini vurğuladı.

Ordunun Quru Qüvvələrinin seçmə komandanları, zabitləri, hərbi müdavimləri və kadr heyəti qarşısında çıxış edən Ali Baş Komandan ötən 30 il ərzində İran Ordusunun yüksələn xətt üzrə inkişaf etdiyinə toxunaraq aşağıdakıları vurğuladı: “Bu gün İran İslam Respublikasının Ordusu ölkədə xalqın iradəsinə ən çox əsaslanan strukturlardan biridir, Allahın, İslamın ordusudur və həqiqətən, milli mənafeyə xidmət edir!”

Həzrət Ayətullah Xamenei işğalçı dövlətlərin milli maraqların keşiyində duran ordular formalaşdıqları ilə bağlı iddialarına toxunaraq dedi: “Bu dövlətlərin iddialarının əksinə olaraq, həmin ordular siyasi hakimiyyət hərisliyinə, despot hökumətlərin qorunub saxlanmasına xidmət edir. Millətin mənafeyi onlar üçün heç bir əhəmiyyət kəsb etmir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İraq və Əfqanıstanda camaatı qıran, cinayətlər törədən Amerika ordusu, doğrudanmı, bütün bunları öz xalqının milli mənafeyi naminə edir?!”

Həzrət Ayətullah Xamenei dedi: “İran İslam Respublikasının Ordusu xalqına və milli mənafeyə xidmət edən yeganə ordudur. Onun şəxsi və komandan heyətinin əqidə və emosiyaları da eynilə xalqınkı kimidir!”


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /