Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalqın razılığını qazanmaq Allahın da razılığını qazanmaq üçün zəmin yaradır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra Daxili İşlər Naziri və Ali Baş Komandanın Polis Qüvvələri üzrə müavini, Polis Qüvvələrinin Baş Komandanı, habelə sözügedən qüvvələrin digər komandirləri və sıravi heyəti ilə görüşdü. Çıxışı əsnasında Ali Məqamlı Rəhbər qeyd etdi ki, xalqın razılığını qazanmaq Allahın razılığını qazanmaq üçün zəmin yaradan bir amildir. O dedi: “Rəsmi şəxslər öz iş fəaliyyətləri ilə camaata asayiş və rahatlıq bəxş edə bilsələr, sözsüz ki, Allahın da razılığını qazanarlar!”

Polis Qüvvələrinin şəxsi heyətini “İslam dövlətinin əsgərləri” kimi dəyərləndirən Həzrət Ayətullah Xamenei bildirdi ki, asayiş və təhlükəsizliyin təminatı ölkənin başlıca ehtiyaclarından biri olmaqla yanaşı, ardıcıl və mütəşəkkil planlama üçün şərait yaradan amillər sırasındadır. O vurğuladı: “Cəmiyyətdə asayiş və təhlükəsizlik bərqərar olunmasa, o ölkənin inkişaf və yüksəlişi istiqamətində hansısa planlı, mütəşəkkil işin həyata keçiriləcəyinə zəmanət vermək olmaz”.

Ölkənin inkişafı və irəliləyişi üçün kollektiv müdrikliyə əsaslanan, canıyananlıqla işlənib hazırlanan, gərgin səylə həyata keçiriləcək fəaliyyət proqramlarının vacib olduğunu vurğulayan Ali Məqamlı Rəhbər bildirdi ki, bu proqramların reallaşması və düzgün icrası cəmiyyətdə təhlükəsizliyin, daxili asayiş hissinin təmin olunmasından asılıdır.

Fərdlərin, eləcə də qurumların məruz qala biləcəyi bəzi təhlükələri sadalayan Həzrət Ayətullah Xamenei aşağıdakıları qeyd etdi: “Ayrı-ayrı şəxslər mənəvi-ideoloji cəhətdən təhlükə hədəfinə çevrilə bildikləri kimi, qurumlar da müəyyən zərbə və fəsadlara məruz qala bilərlər. Ona görə də bu istiqamətdə daim müdriklik və uzaqgörənliklə, kifayət qədər diqqətlə lazımi ehtiyat tədbirləri görülməlidir”.

“Vətəndaşların düzgünlük, etibar və dindarlığa, çalışdıqları qurumda vəzifə borclarının icrasına diqqət yetirməsi, həmçinin cəmiyyətin mənafeyini öz şəxsi mənafelərindən üstün tutması hər bir ölkənin inkişaf və yüksəlişinə zəmin yaradır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Hansısa cəmiyyətdə insanlar bu əhval-ruhiyyə ilə işləsələr, o cəmiyyət, heç şübhəsiz, zirvələrə yüksələr, möhkəm və sarsılmaz qüdrət əldə edər”.

Görüşün əvvəlində – Ali Məqamlı Rəhbərin çıxışından öncə Polis Qüvvələrinin Baş Komandanı general Əhmədi Moqəddəm bu qüvvələrin cinayətkarlığın nisbətən azaldılması, narkotik maddələrin daha çox aşkarlanması, sərhəd xidməti sektorunda struktur və funksional cəhətdən irəliləyişlərin əldə olunması, yol-nəqliyyat hadisələrinin sayının azaldılması, hüquq-mühafizə orqanlarının əhaliyə göstərdiyi xidmətlərin artırılması, əhalinin polisdən razılığının yüksəldilməsi istiqamətində gördüyü işlər haqda hesabat verdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /