Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dövlətin Mənafeyini Müəyyənləşdirən Şura İslam dövlətində kollektiv müdrikliyin təcəssümüdür

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın yeni çağırışına təyin olunmuş sədr və üzvlərlə bu gün (bazar günü) günortadan sonra baş tutan görüşündə şuranı “İslam dövlətində kollektiv müdrikliyin təcəssümü” adlandıraraq vurğuladı: “Ölkənin ən önəmli problemlərindən bir qismi həllini sözügedən şurada tapır. Bu, DMMŞ-in son dərəcə mühüm mövqeyə malik olduğunu göstərir”.

Bu mühüm mövqeyin nədən ibarət olduğunu daha geniş surətdə açıqlayan Ali Məqamlı Rəhbər şuranın konstitusiya ilə müəyyən olunmuş vəzifələrinə toxunaraq dedi: “Şuranın öhdəsinə düşən böyük əhəmiyyətli işlərdən biri də dövlətin ümumi siyasətləri ilə bağlı Rəhbərliklə məsləhətləşmələr aparmaq, əslində, rejimin və üçlü hakimiyyət qüvvələrinin başlıca funksiyasını təşkil edən bu siyasətləri tənzimləməkdir”.

Həzrət Ayətullah Xamenei şuranın öhdəsinə düşən digər vəzifələr sırasında ölkədəki problemli məsələlərin həllini qeyd edərək dedi: “Şuranın daha bir vəzifəsi çıxmaza dirənmiş, həlli çətin olan situasiyalarda nəyin daha məqsədəuyğun olduğunu müəyyənləşdirməkdir”.

Dövlətin mənafeyi ilə bağlı qərar qəbul edərkən hansı çərçivə və meyarların əsas götürülməli olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Şuranın dövlətin mənafeyi ilə bağlı aldığı qərarlar üzvlərin mütləq əksəriyyəti tərəfindən dəstəklənməlidir”.

Həzrət Ayətullah Xamenei həmin meyarlar sırasında, verilən qərarın əhəmiyyətinə görə prioritetlik dərəcəsini də qeyd edərək dedi: “Dövlətin mənafeyinə uyğun variant kimi qəbul olunan bütün qərarlar üçün konkret zaman periodu müəyyənləşdirilməlidir”.

Ölkənin və hakim rejimin irəliləməkdə olduğunu qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “DMMŞ ölkədəki problemlərə nikbin yanaşaraq rejimin bu irəliləyişinə yardım etməlidir”.

Sonda Həzrət Ayətullah Xamenei çəkdikləri zəhmətə görə cənab Haşemi Rəfsəncaniyə və şuranın keçmiş çağırışının üzvlərinə qədirdanlığını ifadə edərək dedi: “Yeni şura üzvləri növbəti mərhələdə ciddi fəaliyyət göstərməklə yanaşı, mütəxəssislərin rəyindən yararlanaraq problemləri dəqiqliklə araşdırmalı, vəzifələrini həvəs və ruh yüksəkliyi ilə yerinə yetirməlidirlər”.

Görüşün əvvəlində Ali Məqamlı Rəhbərə təşəkkürünü bildirən şura sədri cənab Haşemi Rəfsəncani yeni ilin “Milli istehsal, İran insanının əməyinə və sərmayəsinə dəstək ili” elan edilməsinə toxunaraq dedi: “Yeni ilin belə bir şüarla adlandırılması ölkə üçün önəmli və zəruri olan məsələdir. Bu şüarın əməli surətdə gerçəkləşməsi ölkənin inkişafına və irəliləyişinə böyük təsir göstərəcək”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /