Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Media strukturları daxili məhsulun istehlakını mədəniyyətə çevirmək istiqamətində ciddi səy nümayiş etdirməlidirlər!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin üç hakimiyyət strukturunun rəsmiləri ilə bu gün (çərşənbə axşamı) günorta keçirdiyi görüş zamanı onların hamısını birliyə, həmrəyliyə, səmimi əməkdaşlığa, milli istehsalı dəstəkləmək, bu istiqamətdə kütləvi mədəniyyət formalaşdırmaq üçün ciddi səy göstərməyə çağırdı. O vurğuladı: “Novruz bayramı, yeni ilin başlaması ölkənin inkişafını daha da sürətli templə davam etdirmək, milli və daxili istehsal sahəsində böyük və ciddi bir addım atmaq üçün yeni əzm, ideya, həvəs, ümid və stimul yaratmalıdır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, yeni ilin rəsmi şəxslər üçün mübarək olub-olmaması onların öhdələrinə düşən vəzifələrini layiqincə yerinə yetirməsindən, İslam yolunda çalışıb-vuruşmasından asılıdır. O, əlavə etdi: “Vəzifəli şəxslər ciddi, ixlaslı fəaliyyətləri ilə ilahi fəzl və rəhmətin ölkəyə cəlb olunması üçün zəmin yarada bilsələr, sözsüz ki, yeni il xalq üçün də mübarək olacaq!”

Yenicə başlamış ilə “Milli istehsal, İran insanının əməyinə və sərmayəsinə dəstək ili” adı verilməsinin hansı amillərlə bağlı olduğunu açıqlayan Həzrət Ayətullah Xamenei dedi: “Ölkənin qarşıya qoyulmuş yüksək hədəflərə doğru müsbət irəliləyişi, mövcud şərait və imkanlar, həmçinin İslam dövlətinin düşmənlərinin bütün diqqəti iqtisadi problemlərə yönəltməsi haqda ümumi nəticə çıxardıqda aydın olur ki, hazırkı şəraitdə milli istehsala dəstək verilməsi ölkənin zəruri ehtiyacıdır”.

İmperialist blokunun İran İslam Respublikasına qarşı iqtisadi təzyiqləri gücləndirmək üçün hərtərəfli səy göstərdiyini qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam dövlətinin əleyhdarlarının həyata keçirdiyi genişmiqyaslı tədbirlərə baxmayaraq, ölkəmizin rəsmiləri və gəncləri əzm və imanları, ayıq-sayıqlıqları, düşmənin imkanlarını və səylərini düzgün dəyərləndirmələri, həmçinin sürətli hərəkət templəri sayəsində, bütün daxili imkan və potensialı ortaya qoyaraq imperializm cəbhəsinin arzularını bir daha puça çıxaracaqlar”.

Ali Məqamlı Rəhbər vurğuladı: “30 ildən artıqdır ki, İslam dövlətinə qarşı tətbiq olunan iqtisadi sanksiya və təzyiqlərin heç bir effekt verməməsi, İranın günü-gündən inkişaf edərək qüdrətlənməsi imperialist blokunun səylərinin nəticəsiz olduğuna ən aşkar sübutdur”.

“Milli istehsala dəstək verilməsi istiqamətində hərtərəfli fəaliyyət göstərmək, imperialist blokunun səylərinə qarşı mübarizə aparmaq üçün vacib olan şərtlərdən biri parlament və hökumət arasında həmrəylik və həmkarlığa nail olunmasıdır” – deyən Həzrət Ayətullah Xamenei qanunverici və icraedici hakimiyyət strukturlarına aşağıdakıları tövsiyə etdi: “Bu gün ölkəmiz müxtəlif sferalarda dinamikliyə, gərgin fəaliyyətə, novatorluğa və təşəbbüskarlığa ehtiyac duyur. Bu məqsədə çatmaq üçün rəsmilər, xüsusilə də parlament və hökumət arasında həmrəylik və əməkdaşlığa nail olmaq, birgə tədbirlər görmək lazımdır”.

Ali Məqamlı Rəhbər İran İslam Respublikasına qarşı dünyanın imperialistlərindən, irticaçı qüvvələrindən, nəhəng kapitalistlərindən, üzüqara və fasid dövlətlərindən, habelə onlardan asılı olan elementlərdən ibarət mürəkkəb bir blokun formalaşdığını qeyd edərək dedi: “İndiyə qədər – ötən 30 ildən artıq müddət ərzində İslam dövlətini diz çökdürmək üçün bir neçə dəfə analoji bloklar yaranıb. Lakin bu Şeytan cəbhələri bütün etaplarda nəzərdə tutulan nəticəni əldə etməyərək məğlubiyyətə uğrayıb”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam dövlətinin düşmənlərinin və müxaliflərinin məğlubiyyətinə ən ümdə sübutlardan biri ölkənin daxili vəhdəti və həmrəyliyi olmuşdur”.

Milli istehsala əməli surətdə dəstək verməyin vacibliyini bir daha vurğulayan Ali Məqamlı Rəhbər bu məsələdə hökumətin öhdəsinə mühüm rol düşdüyünü, həmçinin parlamentin islahatçı rola malik olduğunu qeyd edərək dedi: “Hökumət və parlament milli istehsala dəstək olmaq üçün aralarında səmimi əməkdaşlıq edərək əməli addımlar atmalıdırlar”.

Cəmiyyətdə xarici malın istehlakına üstünlük verilməsi kimi qeyri-düzgün bir mədəniyyətin mövcudluğuna toxunan Həzrət Ayətullah Xamenei daxili məhsuldan istifadə mədəniyyətinin formalaşdırılmasında “Səda və sima” Dövlət Teleradiosunun rolunun son dərəcə mühüm olduğunu bildirərək aşağıdakıları vurğuladı: “Daxili məhsulun istehlakını mədəniyyətə çevirmək üçün sözügedən mövzu ətrafında düşünmək, araşdırma aparmaq, fəaliyyət proqramları hazırlamaq, problemə dərindən yanaşmaq və onun sosial-psixoloji aspektlərini nəzərə almaq lazımdır. “Səda və sima” Dövlət Teleradiosu və digər media strukturları bu istiqamətdə ciddi səy nümayiş etdirməlidirlər”.

Sonda Ali Məqamlı Rəhbər üçlü hakimiyyət qüvvələrində təmsil olunan rəsmilərə bir daha Haqqa sığınmağı, səbirli və dözümlü olmağı, ümid və ruh-yüksəkliyi ilə çalışıb xalqa xidmət etməyi, bir-birinə dayaq olmağı və Uca Yaradandan yardım diləməyi tapşırdı.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /