Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Təhdidlərin çoxluğu İranın qüdrətli olduğunu göstərir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şərşənbə günü) günorta silahlı qüvvələrin yüksək rütbəli zabitləri, habelə vəli-fəqihin bu qüvvələrdəki nümayəndəliyində çalışan rəsmi şəxslərlə görüşdü. Ali Məqamlı Rəhbər bütün silahlı qüvvələrə müdafiə hazırlığını yüksəltməklə yanaşı, özlərində dini-mənəvi stimulu da qoruyub saxlamağı və gücləndirməyi tövsiyə etdi. O vurğuladı: “İran İslam Respublikasının Silahlı Qüvvələri 8 illik Məcburi Müharibə kimi son dərəcə mühüm və dəyərli təcrübəyə malikdirlər. Bu dəyərli təcrübəni daim nəzərdən keçirmək və ondan yararlanmaq lazımdır”.

Məcburi Müharibə illərində qazanılmış təcrübənin İran tarixində misilsiz olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu 8 ildə, əslində, Şərq və Qərb dünyası daxil olmaqla dünyanın bütün güclü dövlətləri və onlardan asılı olan ölkələr İran İslam Respublikasına qarşı səf çəkib durmuşdular. Onlar İraqda hakimiyyətdə olan BƏSA rejimini ən son hərbi texnika ilə təchiz edirdilər”.

Ali Məqamlı Rəhbər dedi: “İnsan haqları və demokratiya iddiasında olan Qərb dövlətləri İslam dövlətini və İran xalqını diz çökdürə bilmək üçün Səddam Hüseyn rejiminə hətta kimyəvi silah verməkdən belə, çəkinmirdilər”.

Həzrət Ayətullah Xamenei əlvə etdi: “Bütün bu səylərə, Səddam rejiminə verilən dəstəyə baxmayaraq, güclü dövlətlər İran İslam Respublikasını diz çökdürə bilmədilər. İran tarixinin bu fəsli silahlı qüvvələrimiz üçün böyük və dəyərli bir təcrübədir”.

Ali Məqamlı Rəhbər bildirdi ki, xalqların səadət və xoşbəxtliyi tarixin müxtəlif mərhələlərini uğurla arxada qoymaq üçün səbir və mübarizlik nümayiş etdirməkdən asılıdır. O vurğuladı: “İslam İnqilabı və Məcburi Müharibə kimi dəyərli təcrübəyə, həmçinin bugünkü kimi müsbət mövqeyə malik olan İran xalqı, sözsüz ki, hazırkı etapı da başucalığı ilə arxada qoyacaq”.

İran xalqının düşmənlərinin səsləndirdiyi təhdidlərə toxunan Ali Məqamlı Rəhbər dedi: “Təhdidlərin çoxluğu İranın qüdrətli olduğunu göstərir. Belə ki İslam Respublikası böyük güc və nüfuza malik olmasaydı, İran xalqının bədxahları belə çaşqınlıqla özlərini oda-közə vurmazdılar”.

Çıxışının sonunda Həzrət Ayətullah Xamenei silahlı qüvvələrdə insan faktorunun rolunun son dərəcə əhəmiyyətli olduğunu qeyd edərək indiyə qədər əldə olunmuş nailiyyətlərlə kifayətlənməməyin, Müqəddəs Müdafiə ruhiyyəsini qoruyub saxlamağın vacibliyini  vurğuladı.

Görüşün əvvəlində Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Firuzabadi sözügedən qüvvələrin müdafiə hazırlığı, yeni il üçün hazırlanan fəaliyyət proqramları haqda hesabat verdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /