Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerika heç bir xalqın suverenliyini qəbul etmir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) günortadan sonra Türkiyə Respublikasının baş naziri cənab Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər iki ölkə arasında əməkdaşlığı əvvəlkindən də artıq dərinləşdirmək lazım olduğunu vurğulayaraq dedi: “İran İslam Respublikası Türkiyə ilə əməkdaşlığı genişləndirməyin vacib olduğuna ciddi surətdə inanır. İran  və Türkiyə müxtəlif məsələlərlə bağlı nə zaman həmrəy olublarsa, bu həmrəylik İranın, Türkiyənin, eləcə də İslam dünyasının xeyrinə olub”.

Məşhəddəki müqəddəs İmam Rza (ə) hərəminin aynalı zalında keçirilən görüş zamanı Ali Məqamlı Rəhbər iki ölkə arasında müxtəlif istiqamətlərdə, xüsusən də neft və qaz  sahəsində əməkdaşlığı genişləndirmək üçün geniş imkanların mövcud olduğuna toxunaraq dedi: “İran dünyadakı ümumi neft və qaz resursları baxımından çox zəngin bir ölkədir”.

Regionda formalaşmış həssas şəraitə də toxunan Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Allahın lütfü sayəsində, bu günə qədər regionda baş verən dəyişikliklər İslamın və müsəlmanların xeyrinə olub. Bundan sonra da belə olacaq!”

O, əlavə etdi: “Regionun hazırkı həssas şəraitində ən mühüm məsələ odur ki, müstəqillik əldə etmiş dövlətlər düzgün qərarlar qəbul etsinlər”.

Ali Məqamlı Rəhbər dünyaya ağalıq edən dövlətlərin, xüsusilə də Amerikanın region dövlətlərinə bir alət kimi baxdıqlarını qeyd edərək dedi: “Amerikalılar heç bir xalqın suverenliyini qəbul etmirlər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikalılar bütün ölkələrə qarşı belə rəftar edirlər. Buna görə də qərarlar qəbul olunduğu zaman daim müsəlman ölkələrinin mənafeyi nəzərə alınmalıdır”.

Ali Məqamlı Rəhbər Türkiyə dövlətinin başında islamyönlü siyasətçilərin durduğuna toxunaraq aşağıdakıları vurğuladı: “Türkiyədə belə bir vəziyyətin olması Amerika və Qərb üçün, qətiyyən, arzulanan deyil. Türkiyədə yüksək dövlət postlarını müsəlman qardaşlarımızın tutmağı Amerikaya nə qədər xoş gəlmirsə, İran İslam Respublikasını bir o qədər çox sevindirir”.

Suriyadakı vəziyyətə toxunan Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İran İslam Respublikası Suriya məsələsi ilə bağlı Amerikadan başlanğıc götürən istənilən layihənin kəskin surətdə əleyhinədir. O dedi: “İran İslam Respublikası Suriyanı sionizmə qarşı müqavimət kursu tutduğuna görə daim dəstəkləyəcək və xarici qüvvələrin bu ölkənin işlərinə istənilən formada müdaxiləsinə kəskin şəkildə etiraz edir”.

O vurğuladı: “Biz Suriyada islahatların keçirilməsini həmişə dəstəkləyəcəyik. Ölkədə start verilmiş islahatlar davam etdirilməlidir”.

Görüş əsnasında Türkiyə Respublikasının baş naziri cənab Rəcəb Tayyib Ərdoğan Ali Məqamlı Rəhbərlə görüşmək fürsəti əldə etdiyi üçün son dərəcə məmnun olduğunu bildirərək İran və Türkiyə arasında tarixi bağların mövcud olduğunu qeyd etdi. O dedi: “Biz düşünürük ki, bu çoxəsrlik keçmişi nəzərə alaraq, iki ölkə arasında, xüsusilə də infrastruktur sahələrində əməkdaşlığı daha da dərinləşdirmək lazımdır”.

Cənab Rəcəb Tayyib Ərdoğan bildirdi ki, səfərdə onu müşayiət edən nümayəndə heyətinin tərkibi Türkiyənin İranla əlaqələri, xüsusilə də enerji sektorunda əməkdaşlığı ciddi şəkildə genişləndirmək niyyətində olduğunun göstəricisidir. O, regiondakı vəziyyətə toxunaraq dedi: “Regionumuz son dərəcə çətin bir şəraitlə üz-üzədir. Ümidvarıq ki, bu mərhələni arxada qoya biləcəyik”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /