Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam Respublikası imperialistlərin qanunsuz istəkləri qarşısında aslan kimi durub!

1391-ci ilin gözəl və təravət dolu baharının ilk günündə – bu gün günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 8-ci imam Həzrət Əli ibn Musa Rzanın (ə) müqəddəs məqbərəsini ziyarətə gəlmiş insanlar, eləcə də yaxınlıqda yaşayan əhali ilə görüşərək bu böyük izdihamın qarşısında çıxış etdi. İran xalqının düşmənin siyasi, iqtisadi, hərbi və təhlükəsizlik müstəvisindəki cürbəcür iddialı bəyanatlarına baxmayaraq, 1390-cı ildə qazandığı müxtəlif uğurlar haqqında ətraflı danışan Ali Məqamlı Rəhbər bildirdi ki, dünyaya ağalıq etmək niyyətində olan hegemon dövlətlərin İslam dövlətinə qarşı apardıqları ədavətin səbəbi İranın öz neft resurslarını qeyrətlə qorumasıdır. O vurğuladı: “İslam Respublikası İran xalqının hüquqlarının keşiyində aslan kimi durub!”

Çıxışının ilk qismində bütün iranlıları bir daha Novruz bayramı münasibətilə təbrik edən Həzrət Ayətullah Xamenei İran xalqı ilə düşmənləri arasında gedən strateji qarşıdurmada tərəflərdən hər birinin tutduğu mövqeyi daha konkret təsvir etmək üçün xalqın geridə qalan 1390-cı ildəki fəaliyyətinin güclü cəhətlərinin, eləcə də düşmənlərin qurduğu məkrli planların dəqiq və obyektiv şərhini verdi.

O bildirdi ki, Amerikanın və digər bədxah yadellilərin İran əleyhinə iddialı danışmaqda, təbliğat, siyasət və iqtisadiyyat müstəvisində hücumlar həyata keçirməkdə, hərbi-təhlükəsizlik tədbirləri ilə bağlı təhdidlər səsləndirməkdə əsas məqsədi İran xalqının gözünü qorxutmaq, onu pessimizmə düçar etmək, inkişafını durdurmaqdır. Ali Məqamlı Rəhbər əlavə etdi: “Onlar “İranlılar heç nəyə qadir deyil!” iddiasını bu cəsur, dinamik, optimist ruh dolu xalqa sübut etmək üçün 1390-cı ildə əllərindən gələni etdilər. İran xalqı isə İmam Xomeynidən (r.ə) öyrəndiklərinin sayəsində, dəfələrlə dünyaya və bütün bədxahlarına başa saldı ki, elə düşmənin acığına “Biz bacarırıq!”

Həzrət Ayətullah Xamenei İran xalqının fəaliyyətindəki güclü cəhətlərin yekun nəticədə zəif cəhətlərdən qat-qat çox olduğu faktına toxunaraq qeyd etdi ki, xalqın rəsmilərlə təqdirəlayiq əməkdaşlığı 1390-cı ildə iqtisadiyyat sferasında diqqətəlayiq nəticələrin əldə olunmasına səbəb olub. Ali Məqamlı Rəhbər subsidiyaların məqsədyönlü istiqamətləndirilməsi tədbirinin bu uğurlar içərisində ən əhəmiyyətlilərindən biri olduğunu dedi.

Bütün iqtisadi ekspertlərin subsidiyaların məqsədyönlü istiqamətləndirilməsi layihəsinin icrasının zəruri olduğu barədə yekdil rəyə malik olduqlarını qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Sanksiyaların yaratdığı çətin və mürəkkəb şəraitə baxmayaraq, 1390-cı ildə hökumət və parlament xalqın dəstəyi və həmrəyliyi sayəsində, bu böyük işin mühüm və diqqətəlayiq mərhələlərini gerçəkləşdirməyə müvəffəq oldu. Əlbəttə ki, bu sahədə işlər hələ tamamlanmayıb”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, subsidiyaların ədalətli bölgüsü və yoxsul təbəqələrin həyat səviyyəsinin yaxşılaşması subsidiyaların məqsədyönlü istiqamətləndirilməsi layihəsinin müsbət nəticələrindəndir. O, əlavə etdi: “Ötən il xalqın və rəsmilərin əzmi sayəsində reallaşmış digər hədəflər istehsal siklində müşahidə olunan nöqsanların nisbətən aradan qaldırılması, istehsal xərcləri və mənfəətin balanslaşdırılmasında müəyyən irəliləyişə nail olunmasıdır”.

Enerji daşıyıcılarının idarə edilməsinə toxunan Ali Məqamlı Rəhbər bildirdi ki, benzin sərfinin azalması, bu sahədə daxili istehsalın təqribi gücünə uyğun səviyyədə qənaət olunması ölkə üçün böyük bir üstünlükdür. O, əlavə etdi: “Bu mühüm iş sanksiyalar şəraitində həyata keçirilərək düşmənin planlarını puça çıxardı”.

İran xalqının 1390-cı ildə qazandığı uğurları şərh edən Ali Məqamlı Rəhbər daha bir mühüm məqam kimi, elm və texnologiya sahəsində əldə olunmuş nailiyyətlərdən, bu nailiyyətlərin iqtisadi məsələlərə müsbət təsirindən danışdı.

Ölkənin elm və texnologiya sahəsindəki inkişafına daim xüsusi həssaslıqla yanaşdığını xatırladan Həzrət Ayətullah Xamenei bildirdi ki, bu məqsədin reallaşması İranın iqtisadi gücünün və siyasi suverenliyinin əsaslarından birini təşkil edir. O, dünyanın mötəbər elmi mərkəzlərinin hesabatlarına istinadən dedi: “İranın elmi nailiyyətlərinin səviyyəsi indiyə qədər əhaliyə məlumat verildiyindən qat-qat yüksəkdir”.

Ali Məqamlı Rəhbər dedi: “Mötəbər beynəlxalq hesabatlar göstərir ki, 20 faizlik elmi inkişafa nail olmuş İran dünya miqyasında ən sürətli elmi inkişaf tempinə malikdir. 1390-cı ildə elmi inkişafına görə region üzrə lider mövqe tutan İran dünya üzrə 7-ci sırada yer almışdır və bu son dərəcə dəyərli uğurlar düşmənlərin ölkəmizin inkişafına əngəl olmaq üçün, özlərinin təbiri ilə desək, “iflicedici” sanksiyalara sərmayə qoyduğu, bu tədbirlərin effekt verəcəyi barədə mərcə girdiyi bir şəraitdə əldə olunmuşdur”.

Gənc İran alimlərinin biotexnologiya, nanotexnologiya və aerokosmos sahəsində əldə etdikləri inkişafa toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqın iftixarı olan gənc alimlər 1390-cı ildə uranı 20 faiz zənginləşdirməyə müvəffəq olaraq düşməni mat qoydular”.

O dedi: “Halbuki 1389-cu ildə amerikalılar xalqımızın dərman preparatlarına olan ehtiyacından xəbərdar olduqlarına baxmayaraq, İranın zənginləşdirilmiş uranını əvəzində 20 faizlik uran vermək bəhanəsi ilə ölkədən çıxarmaq, zorakılıqla ölkəmizdən bac qoparmaq istəyirdilər. Lakin öz bacarığına, tərifəlayiq zəkasına güvənən gənclərimiz bu çətin və mürəkkəb işi həyata keçirdilər və bu gün minlərlə xəstə insanın müxtəlif radiodərman preparatlarına duyduğu ehtiyac daxili nüvə yanacağı hesabına təmin olunur”.

1390-cı ili İran xalqı üçün parlaq, bu xalqın düşmənləri üçün isə ümidsizləşdirici bir il kimi səciyyələndirərkən Ali Məqamlı Rəhbərin istinad etdiyi daha bir fakt ölkə daxilində nüvə yanacağı lövhələrinin istehsalı oldu.

O dedi: “Yadellilər hasil olunan uranı başqa ölkədə 20 faiz zənginləşdirməyi və üçüncü bir ölkədə nüvə yanacağı lövhəsinə çevirməyi təklif edirdilər. Cavanlarımız isə bu işlərin hamısını özləri gördülər”.

Ali Məqamlı Rəhbər 1390-cı ildə əldə olunmuş digər nailiyyətlər sırasında yeni tərkibli dərman preparatlarının istehsalının 6 dəfə artmasını, eləcə də elmi əsaslı xidmət sferalarının genişləndirilməsini qeyd etdi. O, neft sənayesinin elmi-tədqiqat mərkəzinə ötən həftə baxış keçirdiyini xatırladaraq dedi: “Həmin sərgidə bir zamanlar təsəvvür belə olunmayan nailiyyətlər nümayiş olunurdu. Bu reallığın müxtəlif mərkəzlərdə müşahidə olunması onu göstərir ki, bu tip stimulverici təzahürlər artıq müstəsna bir şey deyil və normal hala çevrilib”.

Ölkənin gənc alimlərində cihad əhval-ruhiyyəsi və məfkurəsi, eləcə də yüksək milli özünəinam psixologiyası kimi keyfiyyətlərin müşahidə olunduğunu qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Neft sənayesinin elmi-tədqiqat mərkəzinə baxış keçirdiyimiz zaman bir daha əmin olduq ki, ölkəmizin zəkalı və çalışqan gəncləri sanksiyaları inkişaf etmək üçün şans hesab edir. Hökumət strukturlarının gənclərə etimadı, universitetlərlə sənaye sektoru arasında əməkdaşlığın genişləndirilməsi  ilə müşayiət olunan bu dəyərli yanaşma iranlı gənclərin coşub-daşan yaradıcı istedadının daha da çiçəklənməsinə səbəb olub”.

Elmi-texnoloji nailiyyətlərin iqtisadiyyata göstərdiyi birbaşa təsirə toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu qəbildən olan nailiyyətlər iqtisadi cihadın əsl göstəriciləridir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xalqın bədxah düşmənlərinin 1390-cı il boyu hay-küy salaraq aqressiya nümayiş etdirməsi onların bütün tədbirlərinin nəticəsiz qaldığını göstərir. O dedi: “Amerikanın dünyadakı əlaltıları öz aləmlərində sanksiyaları reallaşdırmaq, İran xalqına zərbə vuraraq camaatı hakim rejimdən uzaqlaşdırmaq üçün əl-ayağa düşüblər. Lakin bu səylər də heç bir nəticə verməyəcək!”

Xalqın 1390-cı ildə qazandığı digər nailiyyətlərdən danışan Ali Məqamlı Rəhbər regional məsələlərlə bağlı aktiv diplomatik fəaliyyətin həyata keçirildiyinə toxunaraq dedi: “Ötən il İslam Respublikası dini və siyasi cəhətdən oyanmış İslam dünyasının diqqət mərkəzinə çevrildi”.

İqtisadi xidmətlər sahəsində görülmüş işlərə də toxunan Ali Məqamlı Rəhbər bildirdi ki, minlərlə evin inşası, yolların salınması və kəndlilər üçün evlərin tikilməsi “Ədalət və tərəqqi onilliyi”nin ilk işartılarındandır. O dedi: “Bu reallıqlar bədxah düşmənlərimizin ümidlərini daha da çox qırır”.

“Əhalinin 12 isfənd parlament seçkilərində izdihamlı iştirakı xalqın ötən il ərzindəki təqdirəlayiq davranışlarına daha bir nümunədir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ümidvarıq ki, seçkinin ikinci mərhələsində də bu əzəmət və gözəllik təkrarlanacaq”.

İran xalqının pisliyini arzulayan düşmənlərin seçkinin əleyhinə yönəlmiş tədbirləri haqda danışan Ali Məqamlı Rəhbər onların işlətdiyi metodlar sırasında yadelli media vasitələrinin əhalini seçkidən soyutmaq üçün 6 ay ərzində durmadan təbliğat aparmasını, habelə xalqı qorxutmaq məqsədilə nüvə alimlərinin terror edilməsini qeyd etdi.

Xalqın 12 isfənd seçkilərindəki iştirak göstəricisinin dünya xalqlarının parlament seçkilərindəki orta iştirak göstəricisindən çox olduğunu bildirən Həzrət Ayətullah Xamenei Amerika xalqının konqres, parlament və senat seçkilərində 30-40 faiz iştirak nümayiş etdirdiyini qeyd edərək vurğuladı: “İran xalqının 62 faizi aşan, əhəmiyyətli iştirakı bu statistik göstəricilərlə müqayisədə öz gerçək mahiyyətini daha çox aşkara çıxarır”.

“Xalqın parlament seçkilərindəki təqdirəlayiq iştirakı İran reallıqlarını dünyaya çatdırmaq üçün güclü və qərəzsiz bir rupordur” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Yadellilər hay-küy salıb, seçki əleyhinə əhval-ruhiyyə yaymaqla 12 isfənd gününü xalqın və hakim rejimin ümidsizliyə uğradığı bir gün etmək istəyirdilər. Lakin xalqın uzaqgörənliyinin və optimizminin bərəkəti sayəsində, bu gün xalqın və dövlətin başucalığı gününə çevrildi”.

İran xalqının və onun düşmənlərinin 1390-cı ildə tutduqları mövqeyi şərh etdikdən  sonra Ali Məqamlı Rəhbər önəmli bir sualın cavabını açıqladı: İmperialist bloku  bu xalqla və İslam dövləti ilə nə üçün düşmənçilik edir?

Sualın cavabında Həzrət Ayətullah Xamenei nüvə və insan haqları daxil olmaqla yadellilərin növbə ilə gətirdikləri cürbəcür bəhanələri rədd edərək aşağıdakıları vurğuladı: “Hegemon dövlətlərin düşmənçilik və kin-küdurətinin əsl səbəbi budur ki, İslam dövləti İran xalqının zəngin neft və qaz sərvətlərini qüdrətlə qoruyur”.

Mövzunu daha geniş şərh edən Ali Məqamlı Rəhbər Qərb ölkələrinin neft və qaz resurslarına güclü asılılıq hiss etdiklərinə toxunaraq dedi: “Onlar bilirlər ki, öz neft resursları maksimum 10 ildən sonra tükənəcək və həyat əhəmiyyətli arteriyaları tamamilə dünyanın digər regionlarının, xüsusilə də Fars Körfəzi regionunun resurslarından asılı vəziyyətə düşəcək. Məhz buna görə də neft ehtiyatlarına malik olan ölkələrin, xüsusən də İslam Respublikasının üzərində ağalıqlarını bərqərar etmək onlar üçün misilsiz, strateji və həyati əhəmiyyət kəsb edir”.

Həzrət Ayətullah Xamenei İranın ümumilikdə dünyanın ən irihəcmli neft və qaz ehtiyatlarına malik olduğunu qeyd edərək dedi: “İmperialist dövlətlər onlar üçün strateji əhəmiyyət daşıyan resursları təmin etmək üçün neft ehtiyatlarına malik olan ölkələri əllərində muma çevirmək istəyirlər. Lakin İslam Respublikası onların bu qanunsuz istəkləri qarşısında aslan kimi durub”.

O, əlavə etdi: “Nüvə məsələsində geri çəkilməklə Amerikanın düşmənçiliyinin sona çatacağını güman edənlər yanılırlar. Çünki regionumuzda nüvə silahı olan, lakin Amerikanın heç bir həssaslıq nümayiş etdirmədiyi ölkələr var. Deməli, hegemon dövlətlərin ədavətinin əsl səbəbi nüvə silahı və ya bəşər hüquqları deyil. Bu düşmənçiliyin səbəbi xalqın və İslam dövlətinin milli neft və qaz sərvətlərinin keşiyində qeyrətlə durmasıdır”.

Təzyiqlər, təhdidlər və sanksiyalar sayəsində İran İslam Respublikasını məhv edəcəyini, zəiflədəcəyini, yaxud geri çəkilməyə vadar edəcəyini güman edən amerikalıların açıq-aşkar səhvə yol verdiyini qeyd edən Həzrət Ayətullah Xamenei onlara bu böyük səhvin acısını çəkəcəkləri barədə xəbərdarlıq edərək dedi: “Odur ki İran xalqına qarşı daha hörmətcil davransalar, daha yaxşı olar!”

Ali Məqamlı Rəhbər qeyd etdi ki, yaratdığı hay-küy və ajiotajın, aldadıcı güc nümayişinin arxasında Amerikanın zəif və sarsılmış mövqeyə malik bir dövlət olduğu inkaredilməz faktdır. O, əlavə etdi: “Amerikanın hazırkı prezidenti “Dəyişikliklər!” şüarı ilə gəldi və Amerika xalqı bərbad vəziyyətinin yaxşılığa doğru dəyişəcəyinə ümidlə ona səs verdi. Lakin bu gün Amerika iqtisadi cəhətdən heyrətləndirici həcmdə borclar və saysız-hesabsız problemlər içərisindədir, sosial cəhətdən ölkədə “Vol-Striti işğal et!” hərəkatı baş qaldırıb, siyasi cəhətdən isə İraq, Əfqanıstan, Pakistan, Misir və Şimali Afrikada vəziyyəti əvvəlkindən dəfələrlə betərdir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, Amerika ağılsızlığa yol verərək riskə gedə bilər. Biz atom silahımızın olmadığını, bu silahı istehsal etmədiyimizi vurğulamaqla yanaşı, elan edirik ki, onların və ya sionist rejiminin ehtimal olunan hücumuna qarşı analoji səviyyədə hücuma keçəcəyik”.

“Haqq cəbhəsinə hücum edən batilin məğlubiyyəti Allahın dəyişməz qanunudur!” – deyən Ali Məqamlı Rəhbər vurğuladı: “Əzmkar, daim hazırlıqlı və optimist İran xalqı heç kəsə təcavüz etmək fikrindən deyil. Lakin öz milli kimliyinə, sərvətinə, dininə və İslam Respublikasına bütün varlığı ilə bağlıdır və bunları müdafiə edəcək!”

Ali Məqamlı Rəhbər həmçinin yeni ilin “Milli istehsal, İran insanının əməyinə və sərmayəsinə dəstək ili” elan edildiyinə toxunaraq dedi: “Bu olduqca mühüm hədəfin gerçəkləşməsində hər kəsin öhdəsinə müəyyən vəzifə düşür”.

Həzrət Ayətullah Xamenei yeni ilin şüarının reallaşması istiqamətində hökumətin öhdəsinə düşən vəzifələr sırasında ən önəmlisi kimi, Milli İnkişaf Fondundan istifadə etməklə daxili istehsala dəstək verməyin, fondun köməyi ilə milli istehsalı gücləndirməyin əhəmiyyətini vurğuladı.

O, əlavə etdi ki, parlament də bu prosesdə hökumətlə əməkdaşlıq edərək öz fəaliyyətində milli istehsalın rövnəqləndirilməsinə mühüm yer ayırmalıdır.

“İşçi qüvvəsinin və investorların öhdəsinə düşən vəzifələrdən biri də keyfiyyətli və davamlı məhsul istehsal etmək, məhsulun maya dəyərini mümkün qədər aşağı salmaqdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu məsələdə də hökumət və parlament istehsalat sektoruna dəstək olmalıdır”.

Xarici məhsulun istehlakı ilə öyünməyi yanlış bir mədəniyyət kimi tənqid edən Ali Məqamlı Rəhbər dedi: “Bu yanlış mədəniyyət ucbatından bəzi daxili məhsullar xarici marka altında satışa çıxarılır. Ölkənin zərərinə olan bu hal İranın inkişafına və gələcəyinə zərbə vurur. Dəyərli xalqımız öz əzmkarlığı və iradəsi sayəsində bu yanlış mədəniyyəti düzəltməlidir. Bunun özü, bir növ, iqtisadi cihaddır”.

Yeni ilin ilk günündəki çıxışının son qismində Həzrət Ayətullah Xamenei ölkənin birlik və həmrəyliyə ciddi ehtiyac duyduğunu qeyd edərək hamını bir-birinə qarşı sevgi və mehribanlıqla davranmağa dəvət etdi. O dedi: “Fərqli ictimai-siyasi mövqe və görüşlər ixtilaf və ikitirəliyə səbəb olmamalıdır”.

Cürbəcür siyasi, iqtisadi və şəxsi məsələlər ucbatından baş verən konfliktlərin düşməni cəsarətləndirdiyini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam Respublikasını və haqqı dəstəkləyən, lakin yanlış kurs üzrə gedən müxaliflərə qarşı dövlətin əleyhinə çıxan şəxslər kimi davranmaq olmaz”.

Bəzi internet saytlarının konfliktləri qızışdırmağa yönəlmiş, saymazyana fəaliyyətindən təəssüfləndiyini bildirən Ali Məqamlı Rəhbər dedi: “Rəsmilər bununla bağlı hansısa yolla tədbir görməlidirlər”.

Hamını İslam əxlaqına və qanuna riayət etməyə çağıran Həzrət Ayətullah Xamenei dedi: “Məbada kimsə bu sözləri bəhanə edərək inqilabi əhval-ruhiyyəli gənclərə tənə edə! Belə ki mən bütün mömin və inqilabçı gəncləri öz övladım hesab edir və dəstəkləyirəm. Əlbəttə ki, İslam əxlaqına və qanuna hər kəs riayət etməlidir”.

Ali Məqamlı Rəhbər həmçinin parlament və hökumətə də bir-birinin nüfuzuna hörmətlə yanaşmağı təkidlə tövsiyə edərək sonda İran xalqına bir daha uğur, xoşbəxtlik və sevinclə dolu yeni il arzuladı.

Ali Məqamlı Rəhbərdən öncə çıxış edən müqəddəs İmam Rza (ə) hərəminin hamisi Ayətullah Vaeztəbəsi ötən il ərzində dünya və region miqyasında böyük dəyişikliklərin baş verdiyinə, nəticədə yeni dövlətlərin qurulduğuna və bəzi diktator rejimlərin devrildiyinə toxundu. O, qeyd etdi ki, bu fundamental dəyişikliklər mərhum İmam Xomeyninin (r.ə) ictimai-siyasi rolunun, kəlamlarının və ideyalarının, eləcə də İslam dövlətinin apardığı siyasətin, onun Ali Rəhbərliyinin müsəlman ümmətinə verdiyi düzgün istiqamətləndirmənin nəticəsidir.

İslamın gələcəyinin aydın və ümidverici olduğunu bildirən Ayətullah Vaeztəbəsi dedi: “Siyasət, iqtisadiyyat və mədəniyyət müstəvisində üzləşdiyi bütün təzyiqlərə baxmayaraq, İslam Respublikası ötən bir ildə düşmənin bütün planlarına qalib gəldiyini nümayiş etdirdi”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /