Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Daxili istehsalı rövnəqləndirə bilsək, iqtisadiyyatımız güclənəcək!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1391-ci hicri-şəmsi ilinin gəlişi münasibətilə xalqa ünvanladığı müraciətində qeyd edir ki, İran xalqının iqtisadiyyatın müxtəlif sferalarında cihad əzmi ilə iştirak edərək əlindən gələn səy və zəhməti əsirgəməməsi bir zərurətdir. Müraciətdə deyilir: “İqtisadi cihadın mühüm bir hissəsi də milli istehsaldır. Xalqımız əzm, təpər və uzaqgörənliklə, habelə rəsmilərin işləri düzgün planlaması sayəsində daxili istehsal problemini çözə bilsə, heç şübhəsiz, düşmənin yaratdığı maneələrə qalib gələcək”.

İqtisadiyyat sferasına rəhbərlik edən bütün rəsmiləri, o cümlədən xalqın nümayəndələrini yeni ildə daxili istehsalı daha da rövnəqləndirməyə çağıran Ali Məqamlı Rəhbər 1391-ci ili “Milli istehsal, İran insanının əməyinə və sərmayəsinə dəstək ili” elan etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

يا مقلّب القلوب و الأبصار يا مدبّر اللّيل و النّهار يا محوّل الحول و الأحوال حوّل حالنا الى احسن الحال

“Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü sahmana salan! Ey illəri dolandıran, qəlbləri və halları dəyişən! Halımızı dəyişib ən gözəl şəklə sal!”

اللّهمّ كن لوليّك الحجّة بن الحسن صلواتك عليه و على ءابائه فى هذه السّاعة و فى كلّ ساعة وليّا و حافظا و قائدا و ناصرا و دليلا و عينا حتّى تسكنه ارضك طوعا و تمتّعه فيها طويلا

اللّهمّ اعطه فى نفسه و ذريّته و شيعته و رعيّته و خاصّته و عامّته و عدوّه و جميع اهل الدّنيا ما تقرّ به عينه و تسرّ به نفسه

Novruz bayramı və yeni ilin gəlişi münasibətilə ölkənin dörd bir yanındakı dəyərli həmvətənlərimizi, dünyanın istənilən yerində yaşayan iranlıları, eləcə də Novruz bayramını qeyd edən bütün xalqları təbrik edirəm. Xüsusilə də əziz şəhidlərimizin ailə üzvlərinə, əlil və veteranlara, onların ailələrinə, müxtəlif sferalarda fəallıq və fədakarlıq etmiş hər kəsə təbriklərimi çatdırıram. Arzu edirəm və Allaha dua edirəm ki, Uca Yaradan bu yeni ildə İran xalqına gözəl günlər, sevinc və könül xoşluğu nəsib etsin, bu xalqın pisliyini istəyənlərin məqsədlərini, səylərini, inşallah, puç etsin!

Geridə qoyduğumuz 1390-cı il dünya, region, eləcə də bizim ölkəmizin miqyasında müxtəlif hadisələrlə dolu oldu. Baş verənlərə kompleks şəkildə nəzər salsaq görərik ki, bu hadisələr ümumilikdə xalqımızın xeyrinə olmuş, hədəflərinə dəstək verilməsi ilə nəticələnmişdir. İran xalqı, İran İslam Respublikası və iranlılarla bağlı bədxah planlar quranlar Qərb ölkələrində cürbəcür problemlərlə üzləşmişlər. Region miqyasında İslam Respublikasının daim dəstəklədiyi xalqlar böyük məqsədlərə nail ola bilmişlər. Region ölkələrində diktaturalar devrilmiş, İslama əsaslanan konstitusiyalar qəbul olunmuşdur. İslam ümmətinin və İran xalqının bir nömrəli düşməni olan sionist rejimi hər tərəfdən sıxışdırılır. Ölkə daxilində isə 1390-cı il, sözün əsl mənasında, İran xalqının qüdrətinin özünü büruzə verdiyi bir il oldu. Siyasi cəhətdən bu ildə İran xalqı istər 22 bəhmən yürüşündə, istərsə də 12 isfənd parlament seçkilərində əvvəllər çox nadir hallarda rast gəlinən bir fəallıq nümayiş etdirərək region tarixində milli iqtidarın misil
siz bir nümunəsinə imza atdı.

Bu qədər düşmənçiliyə, bu qədər təbliğata, bu qədər xəbis və bədxah hücumlara rəğmən, İran xalqı ötən il ərzində meydanlarda var olduğunu, ruh yüksəkliyini, elm, ictimaiyyət, siyasət və iqtisadiyyatın müxtəlif sferalarında irəli getməyə hazır olduğunu bütün varlığı ilə nümayiş etdirə, təsdiqləyə bildi. Bütün çətinliklərə baxmayaraq, 1390-cı il, əlhəmdulillah, böyük nailiyyətlərlə müşayiət olunan bir il oldu. Əvvəllər də qeyd etdiyim kimi, biz Bədr və Xeybər şəraitində idik, yəni çətinlikləri, maneələri qəbul edərək onlara qələbə çaldıq. Ötən ilin əvvəlində elan olunduğu kimi, 1390-cı il “İqtisadi cihad ili” idi. Hərçənd müdrik və uzaqgörən insanlar 1390-cı il üçün belə bir şüar və istiqamətin müəyyən olunmasının, ilə məhz bu adın verilməsinin lazımlı bir iş olduğunu bilirdilər, lakin daha sonra – il ərzində düşmənin göstərdiyi səylər bunu açıq-aşkar sübuta yetirdi. Düşmənlərimiz ilin əvvəllərindən başlayaraq iqtisadiyyat sferasında xalqımıza qarşı düşmənçi davranışlara start verdilər. Buna baxmayaraq, İran xa
lqı, rəsmilərimiz, xalqımızın nümayəndələri, müxtəlif strukturlar uzaqgörən tədbirlər sayəsində bu sanksiyalara qarşı mübarizə aparmağa müvəffəq oldular. Bu müqavimət sanksiyaları müəyyən dərəcədə neytrallaşdıra, düşmənin qılıncını kəsərdən sala bildi. 1390-cı il böyük elmi fəaliyyətlər ili oldu. İnşallah, çıxışım əsnasında elmi və iqtisadi uğurlarımızdan bəzilərini, müxtəlif sahələrdə müşahidə olunmuş təqdirəlayiq səyləri dəyərli xalqımız üçün qeyd edəcəyəm. 1390-cı il maneələrlə, eyni zamanda ruh yüksəkliyi və optimizmlə dolu bir il idi və İran xalqı, Allahın fəziləti sayəsində, mövcud maneə və çətinliklər üzərində qələbə çaldı.

Bu il isə önümüzdə başqa bir il durur. Allaha ümid və təvəkküllə deyirəm ki, bu il də İran xalqı öz fəaliyyəti, zəhməti, müdrikliyi və uzaqgörənliyi sayəsində özünə bir sıra uğurlar ərməğan edəcək. Aldığım məlumatlara, səlahiyyətli şəxslərlə keçirdiyim müşavirələrə əsasən, belə bir nəticəyə gəlmişəm ki,  bu gündən, bu saatdan etibarən başlayan cari ildə də mühüm səy və mübarizə tələb edəcək sfera iqtisadiyyat sferasıdır. İqtisadi cihad yekunlaşacaq bir şey deyil. İqtisadi cihad, iqtisadiyyatın müxtəlif sferalarında cihad əzmi ilə çalışıb-vuruşmaq İran xalqı üçün bir zərurətdir.

Bu il mən iqtisadi cihadla bağlı məsələlərin bölgüsünü aparmaq istəyirəm. İqtisadi problemlərin mühüm bir hissəsi daxili istehsalla bağlıdır. Allahın yardımı və dəstəyi, İran xalqının yüksək əzm və iradəsi, eləcə də rəsmilərin gərgin fəaliyyəti sayəsində, biz daxili istehsal məsələsini layiqincə aktuallaşdıra, bu sahədə irəliləyişə nail ola bilsək, heç şübhəsiz, düşmənin səylərinin böyük bir qismi puça çıxacaq. Demək, iqtisadi cihadın mühüm bir hissəsi milli istehsal məsələsidir. İran xalqı öz əzmi, təpəri, müdrikliyi və uzaqgörənliyi, rəsmilərin dəstəyi, işlərin düzgün planlanması sayəsində, daxili istehsal problemini çözüb bu sferada irəli gedə bilsə, heç şübhəsiz, düşmənin yaratdığı əngəllər üzərində tam və qəti qələbə çalacaq. Odur ki daxili istehsal məsələsi çox mühüm bir məsələdir.

Biz daxili istehsalı rövnəqləndirə bilsək, inflyasiya və işsizlik kimi problemlər öz həllini tapacaq, ölkə iqtisadiyyatı, sözün həqiqi mənasında, möhkəmlənəcək, vəziyyəti belə görən düşmən də ümidini itirəcək. Düşmən pessimizmə qapılsa, bütün səyləri və məkrli planları sona çatacaq.

Odur ki mən iqtisadiyyat sferasına rəhbərlik edən bütün rəsmiləri, dəyərli xalqımızın bütün nümayəndələrini yeni ili daxili istehsalın canlandırılması ili kimi qəbul etməyə çağırır, 1391-ci ili “Milli istehsal, İran insanının əməyinə və sərmayəsinə dəstək ili” elan edirəm. Biz İran fəhləsinin əməyinə, İran investorunun kapitalına dəstək olmağı bacarmalıyıq.  Bu isə yalnız milli istehsalın gücləndirilməsi sayəsində mümkündür. Bu məsələdə dövlətin öhdəsinə düşən vəzifə daxili sənaye və kənd təsərrüfatı istehsalına dəstək verməkdir. İnvestorların və zəhmətkeşlərin payına istehsal zəncirində istehsal və keyfiyyət bəndini möhkəmlətmək düşür.  Xalqın payına isə, zənnimcə, bütün bunlardan daha mühüm olan bir vəzifə – daxili məhsulları istehlak etmək düşür. Hər hansı bir malı alarkən, əgər onun daxili məhsullar içərisində analoqu varsa, daxili istehsal həmin istiqamətə diqqət yönəldibsə, biz məhz ölkə istehsalı olan məhsulun üzərində durmalı,  İran malını almalı, xarici məhsulun istehlakından qəti surətdə çəkinməliyik. Buna vərdiş etməli, daxili məhsula üstünlük verməyi özümüzdə  bir mədəniyyət kimi formalaşdırmalıyıq. Bütün sferalarda belə olmalıdır: istər gündəlik istehlakda, istərsə də daha mühüm sferalarda. Ümidvarıq ki, bu tendensiyanın, bu strategiyanın genişlənməsi sayəsində, İran xalqı 1391-ci ildə düşmənin iqtisadi sahədə qurduğu məkrli planlara, bədxahlarının hiylələrinə  qalib gələ biləcək.

Uca Yaradana dua edirəm ki, İran xalqına bu müstəvidə və bütün müstəvilərdə uğur qazanaraq özünü təsdiq etməyi nəsib etsin. Dahi İmam Xomeyninin (r.ə) ruhunu şad və bizdən məmnun etsin. Əziz şəhidlərimizin pak ruhlarını məhşərə övliyaları ilə birgə gətirsin.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /