Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Kiberməkan Ali Şurasının təsis edilməsi haqda sərəncam imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə prezidentinə Kiberməkan Ali Şurasının yaradılması ilə bağlı müvafiq göstəriş verməklə yanaşı, şuranın həqiqi və hüquqi üzvlərini təyin etdi. Ali Məqamlı Rəhbər şuranın yaradılması zərurətini ortaya çıxaran əsas amillər sırasında qlobal internet şəbəkəsinin fərdi və ictimai həyatın müxtəlif sferalarına mühüm təsirini, bu təsirdən doğa biləcək təhlükələrin qarşısını almaq məqsədilə müvafiq planlama və koordinasiyanın, habelə əhaliyə genişmiqyaslı və faydalı xidmət göstərmək üçün mövcud imkanlardan maksimum istifadənin vacibliyini qeyd edərək vurğuladı: “Şura “Milli Kiberməkan Mərkəzi” adlı mərkəzin yaradılmasını təşkil etməlidir”.

Ali Məqamlı Rəhbərin sərəncamının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

İnformasiya və kommunikasiya texnologiyalarının, xüsusən də  dünya internet şəbəkəsinin sürətlə genişlənməsi, bu şəbəkənin fərdi və ictimai həyatın müxtəlif sferalarına mühüm təsirə malik olması, ölkənin hərtərəfli inkişafı, əhalinin müxtəlif təbəqələrinə genişmiqyaslı və faydalı xidmət göstərilməsi üçün internetin yaratdığı imkanlardan maksimum istifadənin təmin edilməsi istiqamətində geniş və məqsədyönlü investisiya qoyuluşuna, həmçinin qlobal şəbəkədən qaynaqlanan təhlükələrin qarşısının alınması üçün ardıcıl planlama və koordinasiyanın qurulmasına ehtiyac duyulması ölkənin virtual məkanında məqsədyönlü siyasi strategiya və koordinasiyanı həyata keçirəcək, lazımi qərarlar verəcək mərkəzi bir strukturun formalaşdırılmasını zəruri edir. Bu məqsədlə ölkə prezidentinin rəhbərliyi altında, tam səlahiyyətlərə malik Kiberməkan Ali Şurasının yaradılmasını qərara alıram. Şuranın bütün qərarları qanuni qüvvəyə malikdir.

Şuranın hüquqi üzvləri aşağıdakılardır: ölkə prezidenti (Ali Şuranın sədri), İslami Şura Məclisinin sədri, Məhkəmə Hakimiyyətinin sədri, İran İslam Respublikasının Dövlət Teleradiosunun rəhbəri, Ali Şuranın katibi və mərkəzin sədri, Rabitə və Kommunikasiya Texnologiyaları Naziri, Mədəniyyət və İslam İrşadı Naziri, Elmi Tədqiqat və Texnologiyalar Naziri,  İnformasiya Naziri, İslami Şura Məclisindəki Mədəniyyət Komissiyasının sədri, İslami Təbliğat Komitəsinin sədri, İnqilab Keşikçiləri Korpusunun baş komandanı, İİR Polis Qüvvələrinin komandanı;

Həqiqi üzvlər: (Höccətülislamlar) Dr. Həmid Şəhriyari, Seyid Cavad Məzlumi, Məsud Əbutalibi, Dr. Kamiyar Səqəfi, Dr. Rəsul Cəlili, Dr. Məhəmməd Sərəfraz və Əlirzaşah Mirzayi. Həqiqi üzvlər üç il müddətinə təyin olunur.

Şura ölkədaxili və qlobal miqyasda kiberməkanla bağlı tam və ən son informasiyanın əldə olunması, bu sahədə qarşıya çıxan problemlərlə Ali Şuranın qəbul etdiyi qərarlar çərçivəsində texniki avadanlıq və proqram təminatı baxımından  fəal və tədbirli mübarizə metodları tətbiq etmək üçün müvafiq qərarların qəbul olunması, qəbul olunan qərarların bütün sferalarda dəqiq icrasına nəzarətin həyata keçirilməsi məqsədilə “Milli Kiberməkan Mərkəzi” adlı mərkəzi təsis etməlidir. Ali Şuranın və Milli Kiberməkan Mərkəzinin vəzifələri ilə bağlı əsas müddəalar, onlara ciddi diqqət yetirilməsinin vacibliyi vurğulanmaqla sərəncamın qoşmasında qeyd olunur.

Sonda ümidvar olduğumu bildirirəm ki, Ali Şuranın möhtərəm sədri və üzvləri Milli Kiberməkan Mərkəzinin yaradılması prosesini sürətləndirməklə yanaşı, mərkəzin müəyyən edilmiş hədəflərə nail olması istiqamətində lazımi səylərini əsirgəməyəcəklər. Bütün hökumət strukturları mərkəzlə hərtərəfli əməkdaşlıq etməlidirlər.

Seyid Əli Xamenei
7 mart 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /