Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalqın nə düşündüyünü, İslam dövlətinə nə qədər bağlı olduğunu 12 isfənd günü hər kəs gördü!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və üzvləri ilə bu gün (cümə axşamı günü) səhər baş tutan görüşündə 12 isfənd parlament seçkiləri günü xalqın tam zamanında, müdriklik və uzaqgörənliklə həyata keçirdiyi əzəmətli hərəkatı sonsuz təqdir edərək bu möhtəşəm iştirakın hansı təsir və mesajlara malik olduğunu açıqladı. O vurğuladı: “Əhalinin mütləq əksəriyyətinin parlamentin 9-cu çağırışına seçkilərdə verdiyi səs, əslində, İslam dövlətinin özünə verilən səs idi və xalqın rejimə tam etimadının göstəricisi idi. Bu səsvermənin nəticəsi İslam dövləti, onun gələcəyi və xalqla bağlı fantaziyalara qapılan şəxsləri ayıldıcı bir sillə kimi özlərinə gətirdi, həqiqəti aşkara çıxardı”.

Ölkənin dəyərli əhalisinin bu seçkidə üzərinə düşən vəzifənin öhdəsindən, həqiqətən də, layiqincə gəldiyini vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Xalqımız 12 isfənd seçkilərində – dövlətimizin əleyhdarları ilə qarşıdurma meydanında imanından və uzaqgörənliyindən qaynaqlanan gücü ortaya qoydu və bu möhtəşəm hərəkəti ilə düşmənlərin artıq bir neçə aydır ki, seçkini passivləşdirmək üçün qurduğu planları puça çıxardı”.

Həzrət Ayətullah Xamenei dedi: “Xalqın seçkidə genişmiqyaslı iştirakı, əslində, Allahın ölkəmizə yağdırdığı ilahi rəhmət idi. Buna görə Uca Yaradana şükür etməli, bu ilahi rəhmətin müqabilində şükranlıqla alnımızı səcdəyə qoymalıyıq”.

İlahi rəhmətin nazil olması üçün müəyyən şərtlərə cavab vermək lazım olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “İran xalqı zəruri anda meydanda olması, uzaqgörənliyi və mətinliyi ilə ilahi rəhmətin nazil olması üçün vacib olan şərtləri təmin etdi. Allahın xalqımıza nəsib etdiyi bu mənəvi uğura görə də Ona şükürlər etməliyik!”

Ali Məqamlı Rəhbər bir daha vurğuladı: “Bütün varlığımla əziz İran xalqına təşəkkür edirəm!”

Parlamentin 9-cu çağırışına seçkilərə təşkilatçılıq etmiş bütün məsul qurumlara, xüsusilə də öhdəsinə ağır və mühüm bir vəzifə düşən Keşikçi Şuraya qədirdanlığını bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu seçkidə hökumət, DİN, təhlükəsizlik orqanları və rəsmiləri, media qurumları, habelə “Səda və sima” Dövlət Teleradiosu, doğrudan da, böyük və önəmli bir iş gördülər, son dərəcə həyati əhəmiyyət daşıyan bu prosesi ən yüksək səviyyədə yekunlaşdırmağa müvəffəq oldular”.

Daha sonra Ali Məqamlı Rəhbər dinə əsaslanan xalq hakimiyyəti modelinə və bu dövlət quruluşunda seçkinin malik olduğu mövqeyə toxunaraq dedi: “Seçki dövlətimizin mühüm əsaslarından biridir. Dini demokratiya seçkiyə əsaslanır. Buna görə də İslam dövlətini dəstəkləyən hər bir şəxs müəyyən məqamlara tənqidi yanaşsa belə, seçkidə iştirak etməyi öz şəri vəzifəsi hesab edir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Cümə günü seçkidə iştirak etmiş hər kəs, əslində, vacib şəri vəzifəsinə əməl etməklə yanaşı, düzgün dərkə malik olduğunu nümayiş etdirdi. Çünki dini əsaslı xalq hakimiyyəti rejimində bəzi tənqidi fikirləri  bəhanə gətirərək seçkidə iştirakdan imtina etmək olmaz”.

Daha sonra Həzrət Ayətullah Xamenei 12 isfənd seçkilərinin verdiyi effektə toxunaraq aşağıdakıları vurğuladı: “Bu seçki qəfil bir sillə kimi, İslam dövləti və xalqla bağlı fantaziyalara qapılan bəzi insanları özlərinə gətirdi, həqiqəti onların gözü önünə qoydu”.

Amerika prezidentinin İranla müharibə haqda düşünmədiyi ilə bağlı səsləndirdiyi son fikirlərə toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu, yaxşı sözdür və onların fantaziyalardan uzaqlaşdığını göstərir. Lakin Amerika prezidenti bu sözlərinin ardınca İran xalqını sanksiyalarla diz çökdürmək istədiklərini deyib. Fikrinin bu hissəsi onun bu məsələdə hələ də xam xəyallar qurduğunu göstərir”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da qeyd etdi: “Bu fantaziyaları davam etdirmələri Amerika rəsmilərinə zərbə vuracaq, onların planlarını məğlubiyyətə sürükləyəcək. Belə ki İran İslam Respublikasına müxalif olan  blok, xüsusilə Amerika 33 il bundan əvvəl İran xalqına qarşı sanksiyalara başlamaqla, özəlliklə də son bir ildə bu sanksiyaları şiddətləndirməklə xalqı İslam dövlətindən uzaqlaşdırmaq niyyətində idi. Lakin xalqın nə düşündüyünü, İslam dövlətinə nə qədər bağlı olduğunu 12 isfənd günü hər kəs gördü”.

Həzrət Ayətullah Xamenei cümə günü baş tutmuş seçkidə daha bir mühüm məqam kimi, xalqın İslam dövlətinə olan etimadını qeyd edərək dedi: “2009-cu ildə keçirilən qalmaqallı prezident seçkilərindən sonra bəziləri xalqın İslam dövlətinə olan etimadının zəiflədiyini proqnoz verirdilər. 12 isfənd seçkiləri bu yanlış gümana qətiyyətli və aydın bir cavab oldu”.

O dedi: “Cümə günü baş tutan seçki parlament seçkisi olsa da, xalqın verdiyi hər bir səs, əslində, İslam dövlətinə verilən dəstək idi. Əhalinin mütləq əksəriyyətinin seçki məntəqələrinə gələrək səs verməsi, ötən 33 il ərzində seçkilərdə müşahidə olunmuş ən yüksək iştirak göstəricilərindən birinin ortaya qoyulması, xalqın İslam dövlətinə olan tam etimadının sübutudur”.

“9-cu çağırış parlament seçkilərinə xas olan digər qabarıq xüsusiyyət xalqın gözüaçıqlığı və yüksək düşüncəsidir” –  deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Seçki yaşına yenicə girmiş şəxslərdən tutmuş ahıl insanlara qədər – bütün seçiciləri seçkidə iştiraka təşviq edən hansısa analitik rəy və səbəb var idi. Bu səbəblərdən ən önəmlisi düşmən cəbhəsinin seçki ilə bağlı qurduğu planlar, həyata keçirdiyi məqsədli fəaliyyət idi. Bu, xalqın gözüaçıqlığının nişanəsidir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Seçki ilə əlaqəli daha bir mühüm məqam odur ki, belə bir seçkinin nəticəsi olaraq formalaşan parlamentin çiyinlərinə ağır məsuliyyət düşür. Seçilmiş millət vəkilləri öhdələrinə düşən vəzifələri, o cümlədən effektiv qanunların qəbulu işini ağıl və müdrikliklə yerinə yetirməlidirlər”.

Nazirlərin seçilməsi, hökumət kabinetlərinin təşkili işində parlamentin öhdəsinə düşən vəzifəyə də toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu vəzifəsini icra edərkən də parlament həm diqqətli, həm də qərəzsiz olmalıdır. Diqqət qərəzli mövqe sərgilənməsinə gətirib çıxarmamalıdır”.

Ali Məqamlı Rəhbər yeni formalaşmış parlamentə müdriklik və ixlası rəhbər tutaraq fəaliyyət göstərməyi tövsiyə edərək dedi: “İxlas, öhdəsinə düşən şəri vəzifəyə əməl etmək məsuliyyəti üçlü hakimiyyət qüvvələrində təmsil olunan bütün rəsmilərin, həmçinin yüksək ruhani və hərbi post tutan şəxslərin fəaliyyətində əsas prinsip olmalıdır”.

“Dinə əsaslanan xalq hakimiyyəti rejimində dövlətin fəaliyyət meyarı, iş metodu seçkilərdir, xalqın fikridir!” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Dini əsaslı xalq hakimiyyəti rejiminin başlıca prinsipi İslam dinidir. Bu prinsip heç bir vəchlə pozulmamalıdır”.

O, əlavə etdi: “İslam dini bir ölkəyə nüfuz, başucalığı, elmi-texnoloji tərəqqi, mənəvi-əxlaqi inkişaf,  uca amallar bəxş edə, bu amallara yetişməyin ən münasib yollarını göstərə bilər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, dini əsaslı xalq hakimiyyəti rejimində xalqın hakimiyyəti də elə İslamdan qaynaqlanır. O dedi: “Bəziləri demokratiyanın – xalq hakimiyyətinin Qərbdən əxz olunduğunu güman edirlər. Bu, yanlış bir fikirdir. Çünki İslam Respublikasında və Qərb dövlətlərində xalq hakimiyyətinin forması oxşar olsa da, mənbəyi fərqlidir”.

Dinə əsaslanan xalq hakimiyyəti quruluşunun xalqın rəyinə dəyər və önəm verdiyini vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Dini əsaslı xalq hakimiyyəti rejimində Qərb demokratiyalarından tam fərqli prinsip və meyarlar mövcuddur. Belə ki Qərb demokratiyalarında rəhbər tutulan prinsiplər zülmkar xarakterlidir”.

Həzrət Ayətullah Xamenei Qərb demokratiyasının yanlış və zülmkar meyarlarına misal olaraq qeyd etdi ki, Qərb dövlətlərində uydurma yəhudi soyqırımını inkar etmək və ya buna şübhə ilə yanaşmaq cinayət hesab olunduğu halda, İslam peyğəmbərinin (s) açıq-aşkar təhqir edilməsinə etiraz bildirmək hüququ tanınmır. O dedi: “Xanımların işə  hicabla gəlməsinə qoyulan qadağa buna daha bir misaldır”.

Ali Məqamlı Rəhbər dini əsaslı xalq hakimiyyəti rejimində dinə, şəriətə, ilahi hökmlərə riayət etməyin fərdi və sosial həyatın vacib meyarı olduğunu qeyd edərək dedi: “Belə bir dövlətdə qanunverici və icraedici hakimiyyətin formalaşdırılması da daxil olmaqla bütün işlər xalqın seçiminə əsaslanır. İslam Respublikası bu meyarı mükəmməl surətdə, İslam dinində  müəyyən olunmuş formada reallaşdırmağa çalışır”.

Görüşün əvvəlində Xubriqan Məclisinin sədri Ayətullah Mehdəvikəni çıxış edərək 12 isfənd seçkilərində möhtəşəm iştirakına görə xalqa təşəkkür etdi, insanların bu tarixi iştiraka təşviq olunmasında Ali Məqamlı Rəhbərin tövsiyə və tapşırıqlarının effektiv rol oynadığını qeyd edərək dedi: “İslam İnqilabının və İslam dövlətinin başlıca dayaqlarından biri xalqın ictimai-siyasi meydanlarda varlığıdır. İmam Xomeyni (r.ə) bunu dəfələrlə vurğulayıb”.

“İslam dövlətinin qorunub saxlanması, varlığını davam etdirməsi onun əsas sütunu olan dini rəhbərliyin qorunub saxlanmasından asılıdır” – deyən Ayətullah Mehdəvikəni əlavə etdi: “Xubriqan Məclisinin üzvləri Ali Dini Rəhbərliklə bağladıqları əhdə sadiqdirlər və Ali Məqamlı Rəhbərliyin, dini hakimiyyətin mövqeyini qorumağı özlərinə borc  bilirlər”.

Görüş zamanı Xubriqan Məclisinin sədr müavini Ayətullah Yəzdi məclisin iki gün davam etmiş iclasında müzakirə olunmuş məsələlər haqda məlumat verdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /