Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Cümə günü xalqımız imperializmə möhkəm bir sillə vuracaq!

Xalqın müxtəlif təbəqələrinin minlərlə nümayəndəsi, şəhid ailələri, əlil və veteranlarla bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cümə günü baş tutacaq parlament seçkilərinin əvvəlki çağırışlara seçkilərlə müqayisədə daha həssas əhəmiyyət daşıdığını bildirdi. 9-cu çağırış İslami Şura Məclisinə səsvermədə xalqın genişmiqyaslı iştirakının son dərəcə əhəmiyyətli olduğunu qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Allahın lütfü ilə, cümə günü baş tutacaq seçkidə İran xalqı imperializmə 22 bəhməndəkindən daha möhkəm bir sillə vuracaq, öz güclü əzmini və iradəsini düşmənə sübut edəcək ki, imperialist bloku bu xalqın əleyhinə heç nə edə bilməyəcəyini anlasın”.

Xalqı parlament seçkilərində iştirakdan soyutmaq üçün imperializm cəbhəsinin kütləvi informasiya vasitələrinin artıq neçə aydır ki, genişmiqyaslı təbliğat apardıqlarını bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün dünyada izdihamlı seçkilər xalqın dinamikliyinin, güclü əzm və iradəsinin təzahürüdür. Buna görə də istənilən ölkədə əhalinin seçkidə geniş iştirakı xalqın ayıq-sayıqlığını, öz hökumət rejimini dəstəklədiyini göstərir”.

Son illər Amerika xalqının müxtəlif prezident seçkilərində aşağı faizlə iştirak etdiyinə toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu göstəricilər xalqımızın 2009-cu il prezident seçkilərində, həmçinin 8-ci çağırış İslami Şura Məclisinə seçkidə nümayiş etdirdiyi izdihamlı iştirakla əsla müqayisə oluna bilməz. İmperializm cəbhəsinə işləyən media vasitələrinin apardığı geniş təbliğatın məqsədi də İran xalqını bu izdihamlı və coşqun iştirakdan məhrum etməkdir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Allahın lütfünə güvənərək çox güclü ehtimalla hiss edirəm ki, cümə günü baş tutacaq seçkidə İran xalqı imperializmə daha kəskin bir sillə vuracaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İnsanların qəlbi, onların doğru səmtə istiqamətləndirilməsi Uca Yaradanın əlindədir. Xalqın, rəsmilərin, ölkənin müqəddəratına can yandıran insanların qəlbi Allah-Taala ilə olsa, Uca Yaradan da onlara yol açar, mənəvi dəstək olar və uğuru nəsib edər. Allahın fəziləti ilə, cümə günü bu mənəvi dəstək və uğur İran xalqına nəsib olacaq!”

Seçkidə iştirakın, həqiqətən də, imperializmin sifətinə vurulan möhkəm bir zərbə olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Seçkidə son dərəcə mühüm olan amil xalqın genişmiqyaslı iştirakıdır. Çünki xalqın iştirakı nə qədər yüksək olsa, bir o qədər səriştəli, qətiyyətli, möhkəm dayağı olan parlament formalaşacaq. Bu keyfiyyətləri özündə əks etdirən parlament xalqın səsini dünyaya layiqincə çatdıra biləcək”.

Ali Məqamlı Rəhbər dedi: “Əlbəttə ki, xalqın genişmiqyaslı iştirakı ilə yanaşı, əməlisaleh namizədlərə səs verilməsi məsələsi də əhəmiyyətlidir”.

Həzrət Ayətullah Xamenei cümə günü baş tutacaq seçkilərin parlamentin əvvəlki çağırışlarına seçkilərlə müqayisədə daha həssas əhəmiyyət daşıdığını bildirərək vurğuladı: “Bu seçkinin həssaslığı ondadır ki, İran xalqına qarşı mübarizədə bütün güllələrini sərf etmiş imperializm cəbhəsinin artıq sonuncu güllələri qalıb. Buna görə də xalqımız möhkəm durub, öz əzm və iradəsini düşmənə sübut etməlidir ki, imperializm cəbhəsi bu xalqın qarşısında müqavimət göstərə bilməyəcəyini anlasın”.

“İmperializm cəbhəsinin başında duran simalar sanksiya və təzyiqlərin İran xalqını yormaq, işdən soyutmaq məqsədi güddüyünü öz bəyanatlarında açıq-aşkar söyləyirlər” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqı İslam dünyasının ümumi oyanışına gətirib çıxarmış, başqaları üçün örnəyə çevrilmiş bir yolda irəliləyir.  Amerika, qərb və sionizm bu irəliləyişə əngəl olmaqla xalqlara göstərmək istəyir ki, inkişafda olan İran xalqının əli işdən soyuyub, bu model süquta uğrayıb”.

Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “Qəribə burasıdır ki, aradan 30 il ötdüyünə, hətta iqtisadiyyat, siyasət, təbliğat və təhlükəsizlik müstəvilərində təzyiqlərin daha da artırıldığına baxmayaraq, İran xalqı hər zaman olduğundan daha optimist, dinamik, mətin və qətiyyətlidir”.

O dedi: “Bu ilin 22 bəhmən günündə baş tutan yürüş, xalqın İslam dövlətinə möhtəşəm şəkildə dəstək verməsi imperializmə dəyən sillə oldu. Çünki İran xalqının düşmənləri müəyyən azsaylı qrupların küçələrə çıxıb İslam dövləti əleyhinə şüarlar səsləndirməsini arzulayır”.

Avropa xalqlarının öz hökumətləri əleyhinə etiraz mitinqləri keçirdiyinə toxunan Ali Məqamlı Rəhbər dedi: “Düşmənin İran xalqı ilə bağlı gördüyü yuxu bu gün özü üçün çin çıxıb. Bu, İran xalqının qələbəsidir!”

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bütün təzyiqlərə, hətta ölkənin gənc alimlərinin şəhid edilməsinə baxmayaraq, İran xalqı imperialist cəbhəsinin məkrli planlarının nəticə verməsi üçün şərait yaratmayıb”.

Ölkədəki vəziyyəti kompleks surətdə dəyərləndirən Ali Məqamlı Rəhbər aşağıdakıları qeyd etdi: “Strateji baxımdan yanaşılarsa, bu gün İran xalqı bütün müstəvilərdə irəli gedir və hər zaman olduğundan daha qətiyyətli və yüksək əhval-ruhiyyədədir”.

Hazırkı gənc nəslin optimist və həyatsevər ruhda olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Ümumilikdə, gənc nəslin təmsilçisi olmuş şəhidlər indi gənclərimiz və xalqımız üçün əzəmətli bir örnəyə çevriliblər”.

İslam tarixində örnək rolunu oynamış gənclərə misal gətirən Həzrət Ayətullah Xamenei Həzrət İmam Əsgəri (ə) və İmam Cavadın (ə) adlarını xüsusi qeyd edərək dedi: “Şəhidlər xalq və yetişməkdə olan gənc nəsil üçün bir örnək olaraq, hər zaman İran xalqının əməllərini və müqəddəratını seyr edirlər. Ölkənin irəliyə doğru hərəkət tempini sürətləndirəcək istənilən addım və iştirak, sözsüz ki, dahi İmam Xomeynimizin (r.ə) və şəhidlərimizin ruhunu şad edəcək”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /