Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

22 bəhmən yürüşünün mesajı kimə çatmalı idisə, çatdı!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Azərbaycan əhalisini təmsil edən müxtəlif təbəqələrin nümayəndələri, din alimləri və rəsmilərlə görüşdü. Builki 22 bəhmən yürüşündə xalqın 10 milyonlarla nümayəndəsinin həmişəkindən daha izdihamlı və emosional iştirak etdiyinə toxunan Ali Məqamlı Rəhbər qeyd etdi ki, dəyərli İran xalqının əzəmətinin, belə ecazkar addımlara imza atmasının səbəbi onun uzaqgörənliyi və lazımi anı dəyərləndirmə bacarığıdır. O vurğuladı: “Bu uzaqgörənliyi, mübarizliyi və lazımi anda meydanda olma özəlliyi sayəsində, İran xalqı heç bir zaman məğlub olmayacaq! 12 isfənd seçkilərində də xalqımız bir daha öz sayıqlığını, həssas anı dəyərləndirmə bacarığını nümayiş etdirəcək, 9-cu çağırış parlament seçkilərində genişmiqyaslı iştirakı ilə düşmənə daha bir ağır zərbə vuracaq!”

Təbriz əhalisinin şah rejimi əleyhinə 29 bəhmən 1356-cı il (18 fevral 1978) qiyamının ildönümü ərəfəsində keçirilən görüşdə Ali Məqamlı Rəhbər İslam İnqilabı fonunda baş verən hadisələrin ibrət dərsləri ilə dolu olduğunu, zirvələrə, hədəflərə aparan yolda önəmli meyar rolu oynaya biləcəklərini dedi. O, İran xalqının 22 bəhmən günündə baş tutan möhtəşəm yürüşünə toxunaraq dedi: “Bu il 22 bəhmən yürüşünün əvvəlki illərə nisbətən daha izdihamlı və emosional şəraitdə keçdiyini ölkənin dörd bir yanında hər kəs vurğuladı. Görəsən nə üçün biz bu il daha möhtəşəm bir yürüşün şahidi olduq?”

Həzrət Ayətullah Xamenei dedi: “Bu sualın cavabı birdir: səbəb İran xalqının misilsiz uzaqgörənliyi, həssas anı dəyərləndirmə bacarığıdır. İran xalqı bu il ölkəsinin, dövlətinin və dininin bu iştiraka ehtiyac duyduğunu hiss etmişdi”.

Haqqa qarşı çıxan, mənfur düşmən cəbhəsinin təbliğat maşınının, kütləvi informasiya vasitələrinin dünya sionist şəbəkəsinin göstərişinə əsasən, irihəcmli, geniş təbliğat apardığını deyən Ali Məqamlı Rəhbər vurğuladı: “Bu təbliğatın əsas məqsədi şücaətli, mömin, sınaqlardan çıxmış İran xalqının İslam dininə, İslam İnqilabına, öz uca amallarına həvəs və marağı itirdiyi ilə bağlı böyük bir yalanı beyinlərə yeritmək idi”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu təbliğatda əsas diqqət isə 22 bəhmən yürüşü üzərində cəmlənmişdi ki, bəlkə, xalqın iştirakını zəiflətmək mümkün olsun. Lakin İran xalqı özünün heyrətamiz uzaqgörənliyi, lazımi anı dəyərləndirmə bacarığı sayəsində,  düşmənin bu hiyləsindən duyuq düşdü, builki 22 bəhmən yürüşündə möhtəşəm iştirakı ilə düşmənin ağzından vurdu”.

22 bəhmən günü ölkənin 850 şəhərində əhalinin yürüşlərdə olduqca genişmiqyaslı iştirak etdiyi ilə bağlı təsdiqlənmiş məlumatların mövcud olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Bu, İran xalqıdır! Bu müdriklik, həssas anı dəyərləndirmə və meydanda olma bacarığı ilə bu xalq heç vaxt məğlub olmayacaq!”

Ali Məqamlı Rəhbər vurğuladı: “İran xalqının 22 bəhmən yürüşündə belə möhtəşəm iştirakının mesajı kimlərə çatmalı idisə, çatdı. İçkili, anormal beyinlərində cürbəcür xəyallar quranlar anladılar ki, İranda vəziyyət nə yerdədir, qəhrəman İran xalqı daim meydanda hazırdır”.

“İmperializm cəbhəsinin təbliğat maşını xalqın iştirakının əzəməti, həqiqəti işıqlanmasın deyə əlindən gələni edir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İnformasiya və mətbuat azadlığı iddiasında olanlar bu yürüşlə bağlı xəbərlərə senzura qoydular, Tehranda yürüşə çıxmış yüz minlərlə insanı bir neçə min nəfər, ölkə üzrə yürüşlərdə iştirak etmiş milyonlarla əhalini isə yüzminlər kimi qələmə verdilər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İslam İnqilabının qələbəsinin ilk aylarından etibarən düşmən daim cürbəcür yalan və hiylə metodlarından istifadə edib. Lakin xalqın ürəyindən qopan səmimi mesaj öz işini görür, insanların inqilabi emosiyaları, hərəkətə keçmə, proseslərdə iştirak etmə əzmi ürəkaçan bahar havası kimi hər yerə yayılıb, hər kəsə xoş təsir bağışlayır”.

O, əlavə etdi: “Bu reallığın bariz nümunəsi Şimali Afrika, İslam dünyası və ərəb ölkələrində baş verən son dəyişikliklərdir. Bu gün həmin regionları bir vaxtlar İran xalqının dünyaya məzlumcasına çatdırmağa çalışdığı şüarlar bürüyüb”.

Ali Məqamlı Rəhbər vurğuladı: “İslam dini öz əzəmətli hərəkatının həssas bir mərhələsinə çatıb. Gələcək nəsillər dünyanı dəyişdirəcək, imperialistlərin dünyaya ağalıq edən kapitalizm siyasətinə son qoyacaq mühüm hadisələrin şahidi olacaqlar!”

Həzrət Ayətullah Xamenei dedi: “Bu hərəkatın əsas ocağı İran İslam Respublikasıdır, onun ilk qığılcımı da İranda olub. İran xalqı əvvəlki kimi, yenə də mətin və mübarizdir!”

“İslam dövlətinin uğurlarının və böyük nailiyyətlərinin sirri İran xalqının mətinliyindədir!” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalq müqavimət göstərirsə, zəhmli və hay-küylü düşmən şəbəkəsi qarşısında qorxunu özünə yaxın buraxmırsa, elm, texnologiya, iqtisadiyyat, sosial məsələlər, başqa xalqlara təsir göstərmək, beynəlxalq siyasət kimi müstəvilərdə böyük irəliləyiş əldə edəcək, məfkurəsi, dini və şüarları yayılacaq”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Allahın lütfü ilə, İran xalqının mətinliyinin və mənəvi sarsılmazlığının bərəkəti sayəsində, təpərli və mübariz gənclərimiz ölkəmizin yüksəlişinə və çiçəklənməsinə nail olacaq, İranı İslam dünyası üçün uğurlu və mütərəqqi bir nümunəyə çevirəcəklər!”

Ölkənin tərəqqi və quruculuğu üçün Allahın göstərdiyi doğru yolla – İslamın, dəyanət və şəriətin yolu ilə hərəkəti davam etdirmək, sayıqlığı və uzaqgörənliyi qorumaq, öhdəsinə düşən vəzifəyə əməl etmək lazım  olduğunu bildirən Həzrət Ayətullah Xamenei qarşıdan gələn 9-cu çağırış parlament seçkilərinə toxunaraq dedi: “İmperializm cəbhəsinin təbliğat maşını, həmişəki əlaltıları olan media orqanları parlament seçkilərinə marağı azaltmaq üçün geniş təbliğata start veriblər. Lakin hər kəs bilməlidir ki, xalqın seçkidə yüksək səviyyəli iştirakı ölkəni irəli aparacaq, düşməni məkrli planlarının icrasına tərəddüd etməyə, geri çəkilməyə vadar edəcək”.

O vurğuladı: “İzdihamlı seçki düşmənə ağır zərbə olacaq!”

“İnsanların qəlbini istiqamətləndirmək Allahın əlində olan bir işdir” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Uca Yaradanın lütfü və köməyi ilə, 9-cu çağırış parlament seçkiləri izdihamlı və emosional bir şəraitdə, xalqın böyük uzaqgörənliyi, yüksək səviyyəli iştirakı atmosferində keçəcək!”

Həzrət Ayətullah Xamenei 12 isfənd seçkiləri nəticəsində layiqli namizədlərin seçiləcəyinə, zəhmət və xalqa xidmət meydanı üçün yaxşı bir parlamentin formalaşacağına ümidvar olduğunu bildirdi.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər ölkədə 100 il öncə cərəyan etmiş proseslərdə, baş vermiş dəyişikliklərdə Azərbaycanın, xüsusilə də Təbriz şəhərinin roluna və mövqeyinə toxunaraq dedi: “Təbrizin Səttarxan və Bağırxan kimi qəhrəmanlarının ən mühüm özəlliyi onların dindarlığı, dinin, din alimlərinin yolu ilə getmələri olub”.

O həmçinin islami hərəkatda, İslam İnqilabının qələbəsi fonunda və bundan sonra baş verən hadisələrdə Azərbaycan əhalisinin və təbrizlilərin, bu diyarın din alimlərinin oynadığı mühüm rola da toxunaraq dedi: “Beş mehrab şəhidindən ikisinin bu torpağın oğlu olması, qəhrəman “Aşura” bölüyünün Müqəddəs Müdafiənin ön sıralarında göstərdiyi şücaət Azərbaycan əhalisinin parlaq xidmətlərinə nümunədir”.

Görüşün əvvəlində vəli-fəqihin Azərbaycandakı nümayəndəsi və Təbrizin imam-cüməsi Ayətullah Müctəhid Şəbüstəri çıxış edərək 29 bəhmən 1356-cı il qiyamının ildönümünü andı, İslam İnqilabının müxtəlif sferalarında Azərbaycan əhalisinin daim avanqard sırada olduğunu qeyd edərək dedi: “Qeyrətli və uzaqgörən Azərbaycan camaatı 12 isfənd seçkilərində də unudulmaz bir qəhrəmanlığa imza atacaq!”


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /