Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Vəhdət İslam ümmətinin təcili ehtiyaclarından biridir!

Böyük İslam peyğəmbəri Məhəmməd Mustafanın (s) və Həzrət İmam Sadiqin (ə) mübarək milad günü olan rəbiüləvvəl ayının 17-si ərəfəsində – bu gün (cümə günü) hökumət rəsmiləri, xalqın müxtəlif təbəqələrinin nümayəndələri, həmçinin 25-ci İslami Vəhdət Konfransında iştirak edən qonaqlar və müsəlman ölkələrini təmsil edən səfirlər Ali Məqamlı Rəhbərlə görüşdülər.

Görüş zamanı Həzrət Ayətullah Xamenei iştirakçıları əzəmətli İslam peyğəmbərinin (s) və Həzrət İmam Sadiqin (ə) mübarək miladı münasibətilə təbrik edərək bu günün bəşəriyyətin tarixində ən böyük bayram olduğunu dedi. O vurğuladı: “İslam ümmətini həqiqi nüfuz və əzəmətə, maddi və mənəvi səadətə qovuşduracaq yeganə yol İslam peyğəmbərinin varlığının, dahi şəxsiyyətinin müxtəlif aspektlərindən ibrət almaqdır”.

Əziz İslam peyğəmbərini (s) elmin, əmanətdarlığın, ədalətin, gözəl əxlaqın, mərhəmətin və ilahi vədlərə əminliyin təcəssümü adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Tarix boyu əldə etdiyi bütün maddi nailiyyətlərə, həyatındakı dəyişikliklərə baxmayaraq, bəşəriyyət  daim bu yüksək keyfiyyət və dəyərlərə can atıb. Yeri gəlmişkən, bu gün İslam ümməti bu ülvi xüsusiyyətlərə başqalarından daha artıq ehtiyac duyur”.

Müsəlmanların bir-birinə qarşı qardaşcasına, səbir və güzəştlə davranmasının vacib olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “İslam ümmətinin bugünkü ehtiyaclarından biri də ilahi vədlərə etimad etməkdir. Çünki Allah-Taala vəd edib ki, təzyiqlərə qarşı müqavimət göstərənlər, çətinliklərə qatlaşıb çalışanlar, dünyanın həvəslərinə, var-dövlət və mənsəbə boyun əyməyənlər son nəticədə məqsədə çatacaqlar”.

Peyğəmbəri-Əkrəmin (s) Mədinədə 10 il davam etmiş idarəçiliyinə toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu idarəçiliyin ömrü qısa olsa da, nəticədə uzun əsrlər boyu bəşəriyyət üçün elm, sivilizasiya, maddi və mənəvi inkişaf baxımından daim zirvədə duran bir baza yaradıldı”.

“İslam ümmətinin təcili ehtiyaclarından biri də vəhdətdir” – deyən Həzrət Ayətullah Xamenei xalqların oyanışına, regionda baş qaldırmış islami xarakterli qiyamlara toxunaraq əlavə etdi: “Regionda gedən proseslər və baş verən inqilablar, Amerikanın və dünya imperializm maşınının ardıcıl məğlubiyyətləri, sionistlərin günü-gündən zəifləməsi İslam ümməti üçün misilsiz şansdır və bu şansdan maksimum dərəcədə yararlanmaq lazımdır”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Şübhə yoxdur ki, Allahın lütfü ilə, İslam ümmətinin, ziyalıların, elm, siyasət və din xadimlərinin əzmi sayəsində, bu hərəkat davam edəcək və İslam ümməti izzət, yüksəliş və çiçəklənmə dövrünə bir daha qədəm qoyacaq!”

Həzrət Ayətullah Xamenei həmçinin bu il İslam peyğəmbəri (s) və Həzrət İmam Sadiqin (ə) milad günlərinin İslam İnqilabının qələbəsinin ildönümü ərəfəsinə təsadüf etdiyini də qeyd edərək dedi: “Bu inqilab Peyğəmbərin (s) başlatdığı əzəmətli hərəkatın tarixdə verdiyi bəhrələrdən biridir! İslam İnqilabı, əslində, İslam dini üçün yeni bir dirçəliş oldu!”

O dedi: “Müstəmləkəçi dövlətlər həyata keçirdikləri tədbirlər sayəsində hər hansı bir mənəviyyat, islamçılıq təzahürünün özünü büruzə verməsi üçün əsla zəmin saxlamadıqlarını güman edirdilər. Məhz belə bir dövrdə İslam İnqilabının əzəmətli, sarsılmaz və tarixi səsi ucaldı, düşmənləri dəhşətə gətirməklə yanaşı, ağıllı dostlara, müdrik və uzaqgörən insanlara ümid verdi”.

Müstəmləkəçi dövlətlərin İran İslam İnqilabının səsini boğmaq üçün əllərindən gələni etdiklərini, cürbəcür dolaşıq planlar qurduqlarını qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Bütün təzyiqlərə və xəbis niyyətli planlara baxmayaraq, dahi İmam Xomeyninin (r.ə) rəhbərliyinin, İran xalqının mübarizliyinin bərəkəti sayəsində, İslam İnqilabı varlığını qorudu, günü-gündən inkişaf edərək qüdrətləndi”.

“İran xalqı İmam Xomeyninin (r.ə) müəyyən etdiyi hədəflərə doğru irəliləməkdə davam edir!” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “İmamın kursuna sadiq qalmaqla, bu kursun üzərində möhkəm durub təzyiqlərə dözməklə İran xalqı sübut etdi ki, onun iradəsi düşmənlərin planlarından üstündür”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İslam İnqilabının qələbəsi, günü-gündən möhkəmlənərək genişlənməsi İslam dininin, əzəmətli İslam peyğəmbərinin (s) başlatdığı hərəkatın bərəkəti sayəsində mümkün olub. O vurğuladı: “İran xalqının ötən 33 il ərzində nümayiş etdirdiyi dinamiklik, çalışqanlıq, mübarizlik və cihad ruhu dəyərli bir təcrübə, ibrət dərsidir. Bu təcrübə, bir tablo kimi, dünya xalqlarının və İslam ümmətinin gözü önündədir”.

Görüşün əvvəlində çıxış edən ölkə başçısı cənab Mahmud Əhmədinejad Peyğəmbəri-Əzəmin (s) və Həzrət İmam Sadiqin (ə) miladı münasibətilə hamını təbrik etdi. Ölkə başçısı qeyd etdi ki, tarix boyu azadlıq və islahatlar uğrunda aparılmış bütün hərəkatlar, o cümlədən İran İslam İnqilabı ilahi peyğəmbərlərin mübarizəsinin, xüsusilə də İslam peyğəmbərinin (s) möhtəşəm və mükəmməl hərəkatının nəticəsidir. Cənab Əhmədinejad əlavə etdi: “Peyğəmbəri-Əzəm (s) tövhid bayrağının göylərə ucalması, həqiqi dəyərlərin təbliği, çirkin əməllərin, zülm və cəhalətin yox edilməsi, cəmiyyətdə ədalət və əxlaqın hökmranlıq etməsi naminə ayağa qalxıb mübarizə apardı. İran İslam İnqilabı, əslində, o möhtəşəm hərəkatın davamı idi”.

Ölkə başçısı regionda baş verən son qiyamların da İslam peyğəmbərinin (s) hərəkatının davamı olduğunu bildirərək vurğuladı: “Son dəyişikliklər qısa zamanda elə bir böyük hərəkat üçün zəmin yaradacaq ki, onun sayəsində, tövhid dünyaya hakim olacaq, dünya sionistlərin zülm və şərindən xilas olacaq”.

Görüşün sonunda 25-ci İslami Vəhdət Konfransında iştirak edən xarici qonaqlardan bir qrupu Ali Məqamlı Rəhbərlə yaxından görüşüb söhbət etdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /