Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dini ideologiyaya söykənən hər bir hərəkat qalıcı və sarsılmaz olacaqdır!

Əziz İslam peyğəmbərinin (s) mövludunun bayram edildiyi, Vəhdət həftəsinin qeyd olunduğu bu ərəfədə islami oyanış mövzusuna həsr edilmiş beynəlxalq poeziya festivalının iştirakçıları İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.

Regiondakı inqilablardan və islami oyanışdan baş qaldırmış hiss və emosiyalarla dolu, səmimi bir atmosferdə baş tutan görüş zamanı əvvəlcə Tunis, Misir, Yəmən, Bəhreyn, Livan, Sudan, İraq, Suriya, Ərəbistan, Küveyt və İran İslam Respublikasından olan şairlər böyük İslam peyğəmbərinə (s), islami oyanışa və regiondakı inqilablara, Fələstinə, Qüdsi-Şərifə, İslam İnqilabının 33-ci ildönümünə, İran xalqının müqavimətinə həsr etdikləri ərəbcə şerləri oxudular.

Daha sonra çıxış edən Ali Məqamlı Rəhbər gözəl, dərin məzmunlu şerlərin effektiv və stimullaşdırıcı təsirə malik olduğunu qeyd edərək vurğuladı: “İslam ümmətinin şairləri öz dolğun məzmunlu şerləri ilə islami oyanış kimi mühüm bir hadisədə rol oynamalıdırlar”.

“İslami oyanış mövzusuna toxunan şerlər İslam ümmətinin uzaqgörənliyini artırmağa xidmət etməlidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslami oyanışa həsr olunan şerlərdə bu böyük dəyişikliyin istiqamətlərinə və ali hədəflərinə, bu ali hədəflərə aparan yollara, düşmənlərə və onların törətdiyi maneələrə xüsusi önəm verilməlidir”.

O dedi: “Şerlərdə dinin, Allaha imanın, Quran təlimlərinin islami oyanışda kəsb etdiyi rola da ciddi diqqət yetirilməlidir. Çünki dini ideologiyaya söykənən hər bir hərəkat qalıcı və sarsılmaz olacaqdır!”

İslami oyanışın bütün İslam ümməti üçün taleyüklü və effektiv olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam tendensiyalı əsl oyanış olan bu hərəkat ərəb xalqlarının uzun illərdən bəri topladığı təcrübələrin, bir sıra məsələləri dərindən dərk etmələrinin və yüksək əzminin nəticəsidir. Elə buna görə də “ərəb baharı” bu əzəmətli hərəkat üçün  naqis bir addır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu hərəkat başa çatmayacaq! Davam edəcək və Allahın izni ilə, İslam ümmətinin tarixi dəyişəcək!”

Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu hərəkat İslam ümmətində möhtəşəm bir dəyişiklik yaradacaq böyük bir tarixi hadisənin göstəricisidir”.

O dedi: “İslam ümmətinin şairləri belə möhtəşəm və taleyüklü hadisədə özünəməxsus rol oynamalıdırlar”.

İslami oyanışa həsr olunan şerlərdə müsəlmanların vəhdətinə önəmli yer ayırmaq lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Müsəlmanlar arasına təfriqə salmaq yolu ilə möhtəşəm islami oyanış hərəkatını məğlub etmək, durdurmaq üçün böyük səylər göstərilir. Lakin İslam ümməti məzhəb, etnik mənsubiyyət və siyasət zəminində təfriqələr yaradan ünsürlərə qalib gəlməli, bu ixtilaflara yol açan amilləri yox etməlidir”.

Ali Məqamlı Rəhbər həmçinin şer sənətinin təkmilləşdirilməsində forma və ifadə tərzinin roluna da toxunaraq dedi: “Effektli, sənət baxımından yüksək səviyyəli şer formalarından, söz və ifadələrdən istifadə etməklə gözəl, güclü şer nümunələri yaratmaq lazımdır ki, onlar uzun illər boyu öz təsirini və qalıcılığını qoruyub saxlasın”.

Görüş əsnasında Ümumdünya İslami Oyanış Təşkilatının baş katibi Dr. Vilayəti çıxış edərək bildirdi ki, regionda baş verən inqilabların yanlış istiqamətə çevrilməsinə mane olmaq üçün islami oyanış ədəbiyyatını zənginləşdirmək, bu sahədə konkret diskurs yaratmaq vacibdir. O dedi: “Məhz bu əsasda 10 ölkəni təmsil edən 77 şairin iştirakı ilə islami oyanış mövzusuna həsr edilmiş beynəlxalq festival keçirildi”.

O, qeyd etdi ki, bu festival Beynəlxalq İslami Oyanış Konfransına, eləcə də Gənclər və İslami Oyanış Konfransına dəstək verməyə xidmət edir və islami oyanış hərəkatının hədəfləri istiqamətində irəliyə atılan bir addımdır.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /