Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslami oyanış hərəkatı üçün sünni-şiə yoxdur!

Dünyanın 73 ölkəsini, o cümlədən Misir, Tunis, Liviya, Livan, Yəmən, Bəhreyn və Fələstini təmsil edən yüzlərlə gənc bu gün (bazar ertəsi) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə olduqca səmimi, dini və inqilabi emosiyalarla dolu bir atmosferdə görüşdü.

Regionun bir neçə müsəlman ölkəsini təmsil edən nümayəndələrin çıxışlarından  sonra sözə başlayan Ali Məqamlı Rəhbər region xalqlarının xaricdən asılı diktaturalara qarşı qiyama qalxmasını son dərəcə mübarək və mühüm bir hadisə adlandıraraq bildirdi ki, bu hərəkatlar çürük, xəbis sionizm və və imperializm şəbəkəsinin qlobal diktaturası əleyhinə qiyamların başlanğıcıdır. O vurğuladı: “Bu mübarək hərəkatın aydın üfüqlərində, Allahın yardımı və dəstəyi ilə, İslam ümməti bir daha izzət, istiqlal və iqtidarın zirvəsinə yüksələcək”.

Həzrət Ayətullah Xamenei müsəlman ölkələrinin gənclərini “İslam ümmətinin gələcəyi üçün böyük ilahi müjdələrin daşıyıcıları” adlandıraraq dedi: “İslam dünyasının dörd bir yanında gənclərin oyanışı müsəlman xalqların ümumi oyanışına ümidləri artırıb”.

Bəşər tarixinin böyük bir dönüşün, möhtəşəm bir dəyişikliyin astanasında olduğunu deyən Ali Məqamlı Rəhbər vurğuladı: “Bəşəriyyət marksizm, liberal demokratiya, sekulyar nasionalizm də daxil olmaqla bütün materialist məktəb və ideologiyalardan keçib və hal-hazırda yeni bir dövrün başlanğıcıdır. Bunun ən böyük göstəricisi xalqların Uca Yaradana diqqət yönəltməsi, Allahın sonsuz qüdrətindən yardım diləyərək ilahi vəhyə söykənməsidir”.

“Sionizmin və imperialist dövlətlərinin yaratdığı dolaşıq, təhlükəli, çürük və şeytani xarakterli diktatura şəbəkəsi dünyaya ağalıq edir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Region xalqlarının xarici qüvvələrdən asılı olan diktatorlar əleyhinə qiyamı bəşəriyyətin qlobal sionist diktaturası əleyhinə ürəkaçan mübarizəsinin bir hissəsidir. Bəşər cəmiyyəti böyük bir tarixi dönüşdən keçərək bu təhlükəli diktaturanın ağalığından xilas olmaqdadır. Allahın sadiq vədinə əsasən, bu böyük dəyişiklik xalqların azadlığa qovuşması, mənəvi və ilahi dəyərlərin hakimiyyəti ilə sonuclanacaq”.

Həzrət Ayətullah Xamenei sionistlərin qlobal diktatura şəbəkəsinə qalib gəlməyin qeyri-mümkün olduğunu düşünən insanların mövcud ola biləcəyinə toxunaraq dedi: “Əvvəllər də kimsə mömin hizbullahçı gənclərin İsrail ordusuna qalib gəlməsindən, Misirdəki despotun süqutundan və ya Şimali Afrikada heyrətamiz dəyişikliklərdən danışanda çoxları buna inanmırdılar. Eynilə İran İslam Respublikasının mübarizəsi, qalibiyyəti və tərəqqisi də bəzilərinə inanılmaz və qeyri-real görünürdü. Buna baxmayaraq, Allahın qüdrətinin hər şeydən üstün olduğu bu inanılmaz qələbə və dəyişikliklərdə özünü büruzə verdi”.

“Xalqların ayıq-sayıqlığı və mübarizəsi Allahın möminlərə verdiyi yardım vədlərinin şəksiz olaraq gerçəkləşməsi üçün zəmin yaradacaq” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İlahi vədlərin gerçəkləşməsi sayəsində, sionistlər, böyük Şeytan olan Amerika və Qərb dövlətləri bu gün islami oyanış qarşısında özlərini çarəsiz hiss edirlər. Onların bu məğlubiyyət və zəiflik duyğusu günü-gündən daha da artacaq!”

Həzrət Ayətullah Xamenei müsəlman ölkələrində gedən dəyişiklikləri “səadət və nicat yolunun başlanğıcı” adlandıraraq dedi: “Əsas odur ki, əldə olunmuş qələbələrlə işin bitdiyini güman etməyək, xalqların iradə və əzminə arxalanıb mücahidəyə davam edək, dünyada hegemonluq edən qüvvələrə və onların əlaltılarına qarşı mübarizəni Qadir Allaha təvəkkül və inamla davam etdirək”.

İslam Respublikasının nüvə texnologiyası, biotexnologiya, tibb və digər sahələrdə nail olduğu böyük elmi tərəqqiyə toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “Düşmənlərin pik həddə olan inamsızlığına, pozucu planlarına rəğmən, bu məmləkətin mömin gəncləri bütün müsəlman xalqların gənclərinə örnək ola biləcək nailiyyətlərə imza atıblar”.

Dünyadakı istibdadçı qüvvələrin müsəlman xalqlarının ictimai təfəkkürünə iki yanlış fikri aşılamağa səy göstərdiklərini deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “İslam ümmətinin düşmənləri müsəlman xalqlarına bacarıqsızlıq psixologiyasını, dünyaya ağalıq edən böyük dövlətlərin yenilməzliyi fikrini təlqin etməklə artıq iki əsrə yaxındır ki, onları inkişafdan geridə saxlayırlar. Lakin hal-hazırda İslam ümməti oyanıb və hər iki təsəvvürün yüz faiz yanlış olduğunu, müsəlman xalqların İslam sivilizasiyasının əzəmət və ehtişamını yenidən dirçəltməyə qadir olduqlarını dərk edib”.

Yaşadığımız əsrin İslam və mənəviyyat əsri olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam rasionallıq, mənəviyyat və ədaləti paralel olaraq xalqlara hədiyyə edir. İslamın ilahi təlimlərində rasionallıq, təfəkkür, dərin düşüncə, Uca Yaradana təvəkkkül, cihad, zəhmət və təşəbbüs kimi aspektlər vurğulanır”.

Həzrət Ayətullah Xamenei imperializmin Misir, Tunis, Liviya və digər müsəlman ölkələrində baş qaldırmış qiyamlar nəticəsində üzləşdiyi zərbə və ziyanları kompensasiya etməyə çalışdığını qeyd edərək dedi: “Düşmən cürbəcür məkrli planlar cızmaqla məşğuldur. Müsəlman xalqları, xüsusilə də islami oyanışın hərəkətverici qüvvəsi olan müsəlman gənclər tam ayıq-sayıqlıq və diqqətlə, başqalarının təcrübəsindən yararlanaraq imkan verməməlidirlər ki, qlobal istibdad şəbəkəsi bu inqilabları onların əlindən alsın, bu günün və gələcəyin kursunu yanlış istiqamətə yönəltsin”.

Ali Məqamlı Rəhbər İslam Respublikasının Amerikanın, habelə İslamın başqa düşmənlərinin müxtəlif xarakterli planlarına qarşı 32 illik mübarizə təcrübəsinə malik olduğunu xatırladaraq dedi: “İmperialistlər İslam Respublikasını məğlub etmək üçün əllərindən gələn hər şeyi ediblər. Lakin bu vaxta qədər bütün etaplarda İran xalqından layiqli cavab aldıqları kimi, bundan sonra da nəsibləri yalnız məğlubiyyət və uğursuzluq olacaq!”

“İslam ümmətinin içərisinə ixtilaf salmaq da düşmənlərin məkrli planlarına daxildir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslami oyanış hərəkatı üçün sünni-şiə yoxdur! Bütün İslam məzhəblərinin ardıcılları vəhdət və həmrəyliklə mübarizə meydanındadırlar!”

Müsəlman xalqlarını birləşdirən çoxlu sayda müştərək prinsiplərin mövcudluğuna toxunan Həzrət Ayətullah Xamenei dedi: “Müsəlman xalqlarının müəyyən fərqli cəhətləri də var. Aralarındakı coğrafi, sosial və tarixi fərqlər nəzərə alınarsa, bütün müsəlman ölkələri üçün heç bir vahid modelin olmadığını demək mümkündür. Əsas odur ki, onların hamısı Amerika və sionistlərin şeytani ağalığına qarşıdırlar, “İsrail” adlı öldürücü xərçəng şişinin varlığını davam etdirməsinə dözə bilmirlər”.

Baş verən proseslərlə bağlı mühakimə yürütmək üçün yeganə bir meyar olduğunu deyən Ali Məqamlı Rəhbər aşağıdakıları qeyd etdi: “Amerika və İsrailin mənafeyinə uyğun gələn istənilən fəaliyyətə, layihəyə qarşı ayıq-sayıq olmalı, onu xalqların mənafeyinə yad və zidd bir hərəkət kimi qiymətləndirməliyik. Və harada İslama xidmət edən, sionizmin, imperializmin, istibdadın, fəsadın əleyhinə çıxan bir hərəkat varsa, müsəlman xalqları birlik və həmrəylik nümayiş edərək onu dəstəkləyəcəklər”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /