Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Suriyanın yeganə “günahı” Fələstin və Livan müsəlmanlarının müqavimət hərəkatını dəstəkləməkdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fələstin İslam Cihadı Təşkilatının baş katibi cənab Ramazan Abdullah və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, ötən bir il ərzində baş verən dəyişiklikləri və islami oyanışı nəzərə almaqla dünyanın hazırkı reallığını Qərbin günü-gündən artan zəifliyi, İslam dünyasının isə qüdrətlənməsi kimi dəyərləndirmək olar. O vurğuladı: “Müxtəlif ölkələrdə təmsil olunan İslam ümməti cihad və müqavimətə hazır olsa, Allaha inam və təvəkküllə yanaşsa, Yaradanın möminlərə verdiyi kömək vədi, sözsüz ki, gerçəkləşəcək. Ötən il ərzində biz bunun şahidi olduq”.

Ötən il ərzində regionda gedən dəyişikliklərin Allahın müjdə, rəhmət və lütflərindən olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Bu dəyişikliklər başlanğıcdır. Allahın lütfü ilə, irəlidə hələ daha böyük qalibiyyətlər var”.

Allahın köməyinə layiq görülmək üçün cihad haqqını yerinə yetirmək, mücahidəyə hazır olmaq lazım olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Geridə qoyduğumuz 32 il ərzində İran İslam Respublikası daim ağır, çətin mərhələlərdən keçib və Allahın lütfü ilə, bundan sonra da öz kursunu qüdrətlə davam etdirəcək”.

O həmçinin Suriyadakı vəziyyətə də toxunaraq dedi: “Suriyaya gəlincə, orada gedən prosesləri kompleks surətdə, hərtərəfli analiz etdikdə Amerikanın bu ölkə üçün plan qurduğu açıq-aşkar görünür. Təəssüf ki, bəzi xarici və region ölkələri də Amerikanın bu planında iştirak edirlər”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Suriya ilə bağlı planlarında Amerikanın əsas məqsədi regiondakı müqavimət kursuna zərbə vurmaqdır, çünki Suriya Fələstin və Livandakı islami müqavimət hərəkatını dəstəkləyir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Suriya dövləti Fələstin və Livanın islami müqavimət hərəkatını dəstəkləməyəcəyi barədə Amerikaya söz versə, bütün problemlərə son qoyular. Suriyanın yeganə “günahı” müqaviməti dəstəkləməkdir”.

O, əlavə etdi: “Amerika və bəzi Qərb dövlətləri region ölkələrində, o cümlədən Misir və Tunisdə son dövrdə üzləşdikləri məğlubiyyətlərin intiqamını Suriyada almaq istəyirlər”.

Ali Məqamlı Rəhbər dedi: “İran İslam Respublikasının Suriya ilə bağlı mövqeyi bu ölkədə xalqın mənafeyinə xidmət edən istənilən islahatı dəstəkləməkdən, Amerika və ondan asılı olan ölkələrin Suriyanın daxili işlərinə müdaxiləsinin əleyhinə çıxmaqdan ibarətdir”.

Ali Məqamlı Rəhbər həmçinin Fələstin İslam Cihadı Təşkilatının üzvlərinin İranda əldə olunmuş böyük və diqqətəlayiq elmi nailiyyətlərlə bağlı səsləndirdikləri fikirlərə toxunaraq vurğuladı: “Ölkənin bütün elm və texnologiya sferalarında genişmiqyaslı elmi hərəkat həyata keçirilir. Müəyyən məqamlarda isə bu hərəkat bir çoxlarına qeyri-real görünür”.

Həzrət Ayətullah Xamenei Misir, Tunis və Liviya kimi digər müsəlman ölkələrində də belə bir elmi hərəkatın gerçəkləşəcəyinə, müsəlman ümmətinin yüksək elmi-texnoloji imkanlar əldə edəcəyinə ümidvar olduğunu bildirdi.

Görüş əsnasında Fələstin İslam Cihadı Təşkilatının baş katibi cənab Ramazan Abdullah Fəcr öngünlüyü və İran İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə təbriklərini bildirərək Fələstində, özəlliklə də Qəzzada gedən proseslər haqda məlumat verdi. O dedi: “İslami oyanış və regionda gedən dəyişikliklər müsəlman xalqları, xüsusilə də Fələstin xalqı üçün dəyərli fürsətdir, lakin düşmənin fitnə və provokasiyalarına qarşı hamımız ehtiyatlı olmalıyıq”.

O dedi: “İslam sivilizasiyası öz yüksəliş və təntənəsinə bir daha qayıdır. Bu sivilizasiyanın yenidən yüksəlişində İran İslam Respublikasının rolu böyük və əvəzsizdir. Məhz buna görə də imperialist bloku İrana qarşı təzyiqlərini şiddətləndirib”.

Fələstin İslam Cihadı Təşkilatının baş katibi Suriyada gedən proseslərə də toxunaraq dedi: “Qərblilər regionda müqavimətin dayağı olan Suriyanı müqavimət cəbhəsindən yox etmək istəyirlər”.

Görüş zamanı Fələstin İslam Cihadı Təşkilatının liderlərindən olan cənab Dr. Məhəmməd də Qəzzadakı vəziyyət haqda məlumat verdi, İranın heyrətamiz elmi nailiyyətlərinə toxunaraq bütün müsəlmanların bundan iftixar duyduqlarını bildirdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /