Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

“Qadın və ailə” mövzusuna həsr edilmiş 3-cü strateji ideyalar konfransında iştirak etdi

Bu gün (çərşənbə günü) axşam yüzlərlə alim, tədqiqatçı, elmi əsər müəllifi, universitet və teoloji mərkəz müəllimi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə birgə İslam Respublikasında keçirilən 3-cü strateji ideyalar konfransında bir araya gələrək “Qadın və ailə” mövzusunun müxtəlif aspektlərini araşdırdı.

Bundan əvvəlki iki iclası “Tərəqqinin İran-İslam modeli” və “Ədalət” mövzularına həsr olunmuş strateji ideya konfranslarının keçirilməsində məqsəd ölkədə fərqli rəy və düşüncələrin ifadəsi, praktik elmi diskursun formalaşdırılması, ehtiyac duyulan strateji mövzularla bağlı mühüm qərarların qəbulu üçün elmi-professional atmosferin yaradılmasıdır.

4 saata yaxın davam edən bugünkü iclasda konfransın katibliyinə təqdim olunmuş 188 elmi məqalə və tədqiqat işi arasından ən yaxşıları kimi seçilmiş elmi işlərin müəllifləri çıxış edərək mövzi ilə əlaqədar rəy və fikirlərini bildirdilər.

Pedaqoji Universitetin müəllimi xanım Dr. Nəvvabinejad iclasın ilk çıxışçısı olaraq, “Ailə üçün təhlükə yaradan amillər və arzuolunan ailə modelləri” adlı məqaləsi ilə ailə institutunun son bir neçə onillikdə üzləşdiyi mənfi və müsbət dəyişikliklərə toxundu.

Xanım Nəvvabinejad müasir dövrdə qadın və ailə üçün təhlükə yaradan amillər sırasında nikah modelinin uğradığı dəyişiklikləri, qadının təhsil alması və məşğulluğu nəticəsində bəzi cütlüklərin həyat tərzinin dəyişilməsini, bəzi insanların nikaha müqəddəs bir ittifaq kimi yanaşmamasını, çoxuşaqlılığa meylin azalmasını, bəzi kişilərin ailədə qadına qarşı fiziki və psixoloji aqressiyasını, peyk telekanalları vasitəsilə aparılan mənfi təbliğatı qeyd etdi.

Arzuolunan ailə modelinin meyarları haqda danışan Dr. Nəvvabinejad sağlam və dinamik bir ailə həyatı üçün səmimiyyət, uyğunlaşma bacarığı, qarşılıqlı anlaşma və əməkdaşlıq kimi amillərin roluna toxunaraq vurğuladı: “Sosioloji tədqiqatlar, reallıqda müşahidə olunan vəziyyət və Qərbdə aparılan araşdırmalar onu göstərir ki, fərdi, ailədaxili və ictimai həyatda sağlam psixoloji durumun bərqərar olunması ilə din və mənəviyyat arasında mühüm bir əlaqə mövcuddur və müasir cəmiyyətdə bu aspekt gücləndirilməlidir”.

İsfahan Universitetinin dosenti Dr. Bankipurfərd da çıxışında İran-müsəlman cəmiyyətinə xas tərəqqi modelindəki ailə ilə Qərbə xas inkişaf modelindəki ailə arasındakı fərqli cəhətləri araşdıraraq aşağıdakı nəticəyə gəldiyini qeyd etdi: Qərb modelindən fərqli olaraq, İslamın yanaşmasında ailə canlı bir orqanizm olan cəmiyyətin əsas hüceyrəsi hesab olunur.

Son illərin nikah və boşanma statistikasını qeyd edən Dr. Bankipurfərd nikah yaşında müşahidə olunan nisbi artımın səbəblərini nəzərdən keçirdi, beşilllik inkişaf proqramlarının icra tempini tənqid edərək aşağıdakıları vurğuladı: “İqtisadi problemlər, urbanizasiyanın yüksəlməsi, fərdi rifah üzərində təmərküzləşmə nikaha əngəl olan amillər sırasına daxildir. Lakin bu problemlərin əksəriyyətinin kökü ictimai-mədəni faktorlara gedib çıxır. Məhz onların çarəsini düşünüb tapmaq lazımdır”.

Dr. Bankipurfərd çıxışını bir neçə təkliflə tamamladı. İnkişaf proqramları ilə dövlətin ailə siyasəti arasında koordinasiyanın təmin olunması, nikahı asanlaşdıran qanunların yaradılması və icrası, möhkəm ailələrin qurulması ideyasını təbliğ edən ümummilli bir hərəkatın həyata keçirilməsi, ailənin üzvlərinə həyati bacarıq və vərdişlərin öyrədilməsi həmin təkliflər arasında ən önəmliləri idi.

Növbəti çıxışçının – xanım Dr. Əlasvəndin məqaləsi “Ailə və dövlətin qarşılıqlı əlaqəsi” adlanırdı. Dr. Əlasvənd qeyd etdi ki, ictimai etibarın və maddi kapitalın qazanılmasında ailənin potensialının gücləndirilməsinin, müasir həyat tərzi modelinin islahının, ümumilikdə, aparıcı bir faktor kimi ailənin rolu çox mühümdür. O, dəyərlərə relyativ (nisbi) yanaşmanı tənqid edərək bildirdi ki, ailənin məzmun və mahiyyət baxımından strukturu ənənəvi prinsiplər əsasında qurulmamalıdır.

Dövlət və ailə arasındakı arzuolanan əlaqə modeli haqda danışan Dr. Əlasvənd dedi: “Bu əlaqənin qeyri-müstəqim metodunda dövlət ailənin nüfuzunun gücləndirilməsi, “ana, ata və həyat yoldaşı”nın himayəsi kimi məsələlərlə məşğul olur. Əlaqələrin müstəqim metodunda isə ailə üçlü hakimiyyət qüvvələrinin yürütdüyü istənilən siyasətdə, hər bir dövlət proqramında mehvər rolunu oynayır”.

3-cü strateji ideyalar konfransının növbəti çıxışçısı Höccətül-İslam Piruzmənd “İslam dini baxımından qadının ictimai məsuliyyətinin təkamülü” adlı məqaləsini təqdim etdi.

Universitetdə və teoloji mərkəzdə fəaliyyət göstərən bu tədqiqatçı qadınların təkamülü ilə bağlı mövcud olan müxtəlif fikirlərə toxunaraq dedi: “Qadınların təkamülü dedikdə onların məsuliyyətli, inqilabi ruhlu, səmərəli fəaliyyətlə məşğul olan, təkamülə can atan yeni nəslin tərbiyəsinə təşəbbüs göstərməsi başa düşülür və ədalətin bərqərar olunmasında ictimai məsuliyyəti qəbul etməyin əhəmiyyəti vurğulanmaqla İran-İslam modelli həyat tərzinin təyin edilməsi və gerçəkləşməsində qadının aparıcı rolu ifadə olunur”.

Höccətül-İslam Piruzmənd bu konsepsiyaya əsaslanaraq qadınların ictimai məsuliyyətinin artırılması üçün aşağıdakı strategiyaları irəli sürdü: azad fikir klublarının keçirilməsi yolu ilə qadınların ictimai fəaliyyəti üçün ən yaxşı konsepsiyanın seçilməsi, daha məqsədəuyğun modellərin tədricən və hərtərəfli öyrənilməsi, qadın və kişinin təbii xüsusiyyətlərinə uyğun məşğulluq sahələrinin qanunvericiliklə dəstəklənməsi.

Konfransın davamında Pedaqoji Universitetin Elmi Şurasının üzvü xanım Dr. Mirxani analıq missiyası, dinin məqsədləri, beynəlxalq məktəb və konvensiyalarla bağlı rəy və görüşlərini bildirdi.

Dr. Mirxani İslam dini baxımından dinin qorunmasında anaların öhdəsinə düşən böyük missiyanın nədən ibarət olduğunu, nəslin qorunmasında, ailə üzvlərinin tərbiyəsi və intellektual cəhətdən mühafizəsində ananın rolunu nəzərdən keçirərək dedi: “Humanizm və feminizm məktəblərində ananın rolu kəskin surətdə kiçildilir, qadının və ananın statusu maddi bir element səviyyəsinə endirilir”.

Universitetin bu tədqiqatçısı analıq missiyasının gerçəkləşməsi üçün aşağıdakını təklif etdi: “Analar pensiya və iş qabiliyyətini itirmə sığortasının himayəsi altına alınmalı, ananın məqamı ilə bağlı Quranın təqdim etdiyi mədəniyyət təbliğ olunmalıdır”.

3-cü strateji ideyalar konfransının daha bir çıxışçısı – İmam Sadiq (ə) adına Universitetin elmi şurasının üzvü xanım Dr.Əzimzadə çıxışının mövzusu kimi, feminizmlə ailənin funksiyaları arasındakı ziddiyyət mövzusunu seçmişdi.

Xanım Əzimzadə sosiologiya elmində ailənin funksiyaları sırasında övladların ictimailəşməsi, ailə həyatının uzunömürlülüyü, ailə üzvlərinin biri-birinə mənəvi-emosional baxımdan dəstək olması, ailənin ictimai mövqeyinin ifadəsi kimi məsələlərin yer aldığını qeyd etdi. O dedi: “Feminizm Avropa tarixinin ötən əsrlərinə əks-reaksiya kimi, ailənin funksiyalarına çox destruktiv təsirlər göstərib və faktiki olaraq, Qərbdə ailənin əsaslarını məhv edən bir faktora çevrilib”.

Dr. Əzimzadə bildirdi ki, bir çox problemlərin başlıca həlli yolu ailənin əsaslarının möhkəmləndirilməsidir.

İclasın növbəti çıxışçısı Şəhid Beheşti adına Universitetin dosenti xanım Dr. Cəmilə Elmülhuda oldu. O, qadınların təhsili ilə bağlı dövlət siyasəti prinsiplərinin dəyişdirilməsi məsələsinə toxunaraq dedi: “Bu siyasət cinslər arasındakı təbbi, fitri fərqə əsaslanmalıdır, çünki əks halda qadının daha artıq məhrumiyyət və bədbəxtliyinə səbəb olacaqdır”.

Qadının savadlı və təhsilli olmasının nisbi üstünlüklərini nəzərə almaq lazım olduğunu vurğulayan xanım Elmülhuda dedi: “Gender bərabərliyi anlayışına tam dərinliyi ilə, təhsilin hədəflərindən biri kimi hərtərəfli diqqət yetirilməlidir”.

Humanitar Elmlər və Kulturoloji Tədqiqatlar Mərkəzində fəaliyyət göstərən qadın problemləri ilə bağlı araşdırmalar qrupunun rəhbəri xanım Zəfərançı “Müsəlman qadınlar və onların beynəlxalq sistemə təsir metodları” adlı məqaləsində İslamın qadına yanaşma tərzinin dünyaya təqdim olunmasında müsəlman qadınların roluna, özəlliklə də onların qeyri-hökumət təşkilatları, beynəlxalq konfranslar çərçivəsində fəaliyyətinin effektinə toxundu.

Məqalədə qadın və ailə problemi ilə bağlı Qərbə xas iki mürtəce yanaşma, onların dünyada qadınlar üçün verdiyi mənfi nəticələr qeyd olunaraq aşağıdakı fikirlər vurğulanır: İslam dininin təlim və prinsiplərindən götürülmüş keyfiyyətlərə sahib olan qadınlar haqda yeni nəşrlərin hazırlanması metodu ilə İslamın maraqlı və cəlbedici diskursu dünya ictimaiyyəti arasında təbliğ olunmalıdır.

Xanın Zəfərançı məqaləsində bir neçə təklif də irəli sürdü. Bu təkliflər sırasında beynəlxalq konsepsiyalarda ailə ocağının mövqe və rolunun önə çəkilməsi üçün ciddi və hərtərəfli səy göstərilməsi, bu nöqteyi-nəzərdən həmin sənədlərə yenidən baxılması, onlarda lazımi düzəlişlər edilməsi üçün beynəlxalq arenada fəal və planlı iştirakın vacibliyi də yer alırdı.

Konfransda “İslam və feminizm məktəblərinin qadının iqtisadi təhlükəsizliyi məsələsinə yanaşma metodlarının tətbiqi müqayisəsi” adlı məqaləsi ilə çıxış edən xanım Sabiri dini və qeyri-dini təmayüllü fəlsəfi məktəblərin sözügedən problemə yanaşma tərzləri haqda danışdı.

İslam dinində qadının ailə və cəmiyyətdəki statusunun paralel surətdə götürüldüyünü qeyd edən xanım Sabiri ölkədə qadınların iqtisadi təhlükəsizliyi ilə bağlı mövcud olan problemlərə, xüsusilə də qanunvericilikdəki boşluqlara, qadınların mənasız surətdə yalançı iş yerlərində çalışmasına, ailədə qadının rolunun arxa plana keçməsinə toxundu.

Konfransın sonuncu çıxışçısı, Qum Teoloji Mərkəzində fəaliyyət göstərən Qadın Problemlərini Araşdırma İdarəsinin rəsmisi Höccətül-İslam Zibayinejad “İslama xas qadın və ailə modelinin işlənib hazırlanmasında başlıca fiqhi tələblər” adlı məqaləsində administrativ, strateji fiqhin İslam dövlətindəki roluna, dinamiklik qabiliyyətinə və ictimai imkanlarına toxunaraq aşağıdakı nəticəni qeyd etdi: “Administrativ, strateji fiqh İslama xas nümunəvi modelləri, xüsusilə də qadın və ailə ilə bağlı modeli cəmiyyətdə yaratmaq və reallaşdırmaq iqtidarındadır”.

Cənab Zibayinejad fiqhi yanaşmada mövcud olan problemləri, o cümlədən abstrakt baxışların üstünlük təşkil etməsini, birtərəfli yanaşmanı, inanc və əxlaq məsələlərinə qarşı həssaslığın zəifliyini, hüquqi qurumların münasibətlərinə qarşı diqqətin azlığını xüsusi qeyd edərək fiqhin yenidən işlənməsinin, cəmiyyətin idarəçiliyi üçün konkret administrativ fiqh nəzəriyyəsini təqdim etməyin vacibliyini vurğuladı.

10 nəfər müəllim və mütəxəssisin çıxışından sonra 3-cü strateji ideyalar konfransında iştirak edən alim və mütəfəkkirlər qeyd olunan məsələlərə tənqidi münasibət bildirdilər, məqalələrlə bağlı fikir mübadiləsi apardılar. Çıxışçılar verilən sualları cavablandıraraq irəli sürülən fikirləri elmi cəhətdən əsaslandırdılar.

Görüşün əvvəlində strateji ideya konfranslarının katibi Dr. Vaizzadə katibliyin fəaliyyəti haqda məlumat verərək dedi: “Ötən il ərzində “Tərəqqinin İran-İslam modeli” və “Ədalət” mövzularına həsr edilmiş iki strateji ideya konfransı keçirilib. Elmi-akademik mərkəzlərdə böyük əks-səda doğurmuş bu mövzuların müzakirəsinin davamı olaraq, müxtəlif konfranslar baş tutub”.

Strateji ideya konfranslarında müzakirəyə qoyulan mövzuların ictimailəşdirilməsində KİV-in rolunun əhəmiyyətinə toxunan Dr. Vaizzadə əlavə etdi: “Ötən strateji ideya konfranslarında baş tutmuş müzakirələrin mətni toplu halında nəşr olunub. Universitet və teoloji mərkəz müəllimlərinin dəyərli fikirlərini ehtiva edən bu nəşrlər tədqiqatçılar üçün gözəl mənbədir”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /