Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalqların İslama meyllənməsi imperialistləri dəhşətə gətirir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Xarici İşlər Naziri, XİN-in yüksək vəzifəli rəsmiləri və İİR-in müxtəlif ölkələrdəki səfirləri ilə görüşdü. Görüş zamanı o qeyd etdi ki, regiondakı islami oyanış və Qərb ölkələrində baş verənlər daha öncə rast gəlinməmiş, olduqca mühüm proseslərdir. O vurğuladı: “Bu həssas və mürəkkəb situasiyada ölkəmizin diplomatik sistemi İslam dövlətinin yeni sözünü – yəni cəmiyyətdə xalqla ilahi dəyərlərin birgə və aparıcı iştirakının zəruri və mümkün olduğunu dünya xalqlarına açıqlayaraq  öhdəsinə düşən effektiv rolu ifa etməlidir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, XİN-in rəsmiləri və İran İslam Respublikasını dünya ölkələrində təmsil edən səfirlər beynəlxalq diplomatiya aləmində gedən böyük savaşın ön sıralarında duran fəallardır. O dedi: “Müxtəlif ölkələrin maraqları toqquşduğuna görə diplomatiya bir savaş, qarşıdurma meydanıdır. İİR-in diplomatiya aparatının tərkibində fəaliyyət göstərmək isə dünyadakı ənənəvi diplomatik fəaliyyətdən daha yüksək dəyər və əhəmiyyətə malikdir. Çünki İranın səfirləri elə bir dövləti təmsil edirlər ki, imperialistlərin təbiəti onun islami mahiyyəti ilə dərin təzad təşkil edir”.
İmperialist blokunun “İslam” sözündən dəhşət və nigaranlıq keçirdiyini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “İslam dini imperializmin əsaslarına, yəni zülm, təcavüz və işğalçılığa qarşı mübarizə aparır. Buna görə də xalqların İslama meyllənməsinin mehini duymaq dünyanın hegemon dövlətlərini dəhşətə gətirir. Elə son aylar regionda gedən proseslər zamanı da onlar xalq etirazlarında dini ideologiya əlamətlərinin özünü büruzə verməsindən, seçkilərdə islamçıların qalib gəlməsindən narahat olduqlarını açıq-aşkar surətdə bildirirdilər”.
Dünya imperializminin İslam dövlətinə qarşı genişmiqyaslı düşmənçiliyi haqda daha ətraflı danışan Ali Məqamlı Rəhbər bildirdi ki, İslam Respublikasının formalaşmasında, İran xalqının son 30 ildə əldə etdiyi nailiyyətlərdə İslam dininin rolu misilsizdir. O dedi: “İran xalqının seçdiyi hakim quruluş İslam dininin adını və şüarlarını rəhbər tutaraq irəli gedib. Belə ki hal-hazırda bu ölkənin nüvə və nano texnologiyaları kimi ən son elm və sənaye sahələrində qabarıq şəkildə təmsil olunan gənc alimləri bəsici olduqlarını iftixarla deyirlər. İmperialistlər də məhz buna görə – ölkəmizdə İslamın aparıcı rola malik olması ucbatından İslam Respublikası əleyhinə mübarizə aparırlar”.
“Dünyadakı zorakı və hegemon dövlətlərin müsəlman İranına qarşı ədavəti ölkəmizin diplomatiyası üçün heç də adi olmayan problem və çətinliklər yaradır” – deyən Həzrət Ayətullah Xamenei bu reallığa istinadən, xarici siyasət orqanı rəsmiləri üçün aşağıdakı fikri vurğuladı: “Bu sferada effektiv fəaliyyət göstərə bilmək üçün ilk növbədə güclü iradəyə, özünəinama, böyük əzmə ehtiyac var. Bu keyfiyyətlərə isə yalnız ixlas və təvəkküllə, Yaradana inamla, Allahın sadiq vədlərinə optimist yanaşmaqla, diplomatik sistemin daxili strukturunu möhkəmlətməklə nail olmaq mümkündür”.
O, qeyd etdi ki, ölkənin diplomatik sisteminin daxili strukturunun möhkəmlənməsi XİN-ə və İran səfirliklərinə aidiyyəti olan fəal kadrların mənəvi cəhətdən mümkün qədər gücləndirilməsindən asılıdır. Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu daxili möhkəmlənmə üçün eyni zamanda səfirlərin ailə üzvlərinin də mənəvi məsələlərə diqqət göstərmələrinə, Uca Yaradanla əlaqələrini günü-gündən artırmalarına, Allahın vədlərinə hamılıqla həqiqi optimizmlə yanaşmalarına ehtiyac var. İstənilən toplum daxildən möhkəmlənərsə, heç bir şey ona qarşı mübarizə aparmaq iqtidarında olmaz”.
“İran İslam Respublikasının hazırkı statusu Allahın mücahid möminlərə verdiyi vədlərin gerçəkləşməsinin açıq-aşkar nişanələrindəndir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Xalqımızın və rəsmilərimizin gərgin zəhmət və səylə yanaşı olan imanı sayəsində, İslam İnqilabının ilk illərində məruz qaldığımız məhrumiyyət və təklənmə vəziyyəti bu gün qürur və başucalığı ilə əvəz olunub. Belə ki bu gün İran xalqının şüarları elə ölkələrdən eşidilir ki, onlar 30 il ərzində bu xalqla düşmənçilik ediblər. Tərəqqi, möhkəmlənmə və qüdrətin əsl mənası da elə budur”.
“Bir vaxtlar Ənvər Sadatın və Hüsni Mübarəkin ağalıq etdiyi Misirdə bu gün “Allahu-Əkbər!” sədaları eşidilir, İslamın digər şüar və nişanələri görünür” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu şüarların haradan ilham aldığı önəmli deyil. Mühüm olan budur ki, bu gün Orta Şərqdə, Fars Körfəzində və Şimali Afrikada İran xalqının 30 illik şüarları və arzuları baş qaldırıb. Bu reallıq kəramətli Allahın İran xalqı kimi çətinliklərə dözüb, Yaradanın göstərdiyi doğru yolla getmək üçün səy göstərən,  mübarizə aparan mömin qövmlərə verdiyi kömək vədinin gerçəkləşməsinin açıq-aşkar təzahürüdür”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, incə, riskli, son dərəcə effektiv bir sfera olan diplomatiya sahəsində irəli gedə bilmək üçün qeyd olunan reallıqlara diqqət yetirmək vacibdir. O, ehtimal olunan təhlükələri dəyərləndirərək dedi: “Müəyyən dövrlərdə diplomatik və qeyri-diplomatik sferada fəaliyyət göstərən bəzi şəxslər dəyərlərə bağlılığın uğur qazanmağa imkan verməyəcəyini düşünürdülər. Lakin təcrübə göstərdi ki, prinsip və ideallara bağlılıq nə qədər güclü olsa, qarşı tərəfin gözündə İslam Respublikasının nüfuz və əzəməti bir o qədər artar”.
Diplomatiya sferasında mövcud ola biləcək digər bir təhlükəni qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Müəyyən etapda bəzi rəsmilər elə güman edirdilər ki, diplomatik görüşlər zamanı qarşı tərəfin son 100 ildə dediyi sözləri başqa bir formada təkrar etsələr, müsbət nəticə əldə edəcəklər. Lakin bu metod həmin diplomatların səriştəsizliyini ortaya qoyduğuna görə onları qarşı tərəfin gözündə açıq-aşkar kiçildərək nüfuzdan salırdı”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, prinsipial, məntiqli və arqumentlərlə əsaslandırılmış sözünün üzərində möhkəm durmaq diplomatiya sahəsində nüfuzun güclənməsinə səbəb olur və problemin həllini, müzakirə edən tərəfləri istiqamətləndirmək üçün əsas faktordur. O, əlavə etdi: “Müzakirə masasında qalib gəlmək üçün uzaqgörənliyə, incə yanaşmaya, özünəinama, güclü ağıla və arqumentlərini qarşı tərəfə qəbul etdirmək bacarığına ehtiyac var. Sadalanan keyfiyyətləri isə insan yalnız ixlas, Allaha təvəkkül və mənəviyyat sayəsində, həqiqətən özündə əks etdirə bilər”.
Diplomatiya sahəsində ehtimal oluna biləcək təhlükələri qarşıya çıxaran amillər haqqında danışan Ali Məqamlı Rəhbər diplomatların öz ailə üzvlərinin mənəviyyatına, zahirən kiçik görünən boşluqlara diqqətlə yanaşmasının vacibliyini vurğuladı. O, tarixi həqiqətlərdən misal gətirərək dedi: “Əmirülmöminin Əlinin (ə) buyurduğuna görə, Zübeyr çətin vaxtlarda onunla çiyin-çiyinə vuruşub. Lakin oğlu böyüyüb boya-başa çatandan sonra bu böyük səhabə onun sözlərinin və istəklərinin təsiri altına düşərək tədricən haqqa qarşı çıxıb, Əmirülmömininin üstünə qılınc çəkib. Bu, onu göstərir ki, kiçik boşluqlar bəzən böyük azğınlıqlara yol açır”.
Çıxışının digər hissəsində Həzrət Ayətullah Xamenei dünyanın siyasi mənzərəsinin əsaslı dəyişikliklərə uğramasına toxunaraq dedi: “Regionumuzda, Avropada və dünyada böyük proseslər getməkdədir. Onları son dərəcə uzaqgörənliklə izləmək lazımdır”.
Müsəlman ölkələrində, əsasən də ərəb dövlətlərində son aylar baş vermiş hadisələrin əsl, lakin müxtəlif miqyaslı inqilablar olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Miladi təqvimlə 20-ci əsrin 60-cı illərində regionun bəzi ərəb ölkələrində müəyyən dəyişikliklər baş vermişdi. 90-cı illərdə Şərqi Avropa da böyük proseslərə şahid oldu. Lakin hal-hazırda regionumuzda baş verən hadisələr və Qərbdə baş qaldırmış zəncirvari xalq etirazları miqyası və mahiyyətinin dərinliyi baxımından həmin dəyişikliklərdən çox əsaslı surətdə fərqlənir”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, regionda və dünyada gedən hazırkı prosesləri ötən onilliklərdə baş vermiş oxşar hadisələrdən fərqləndirən iki başlıca cəhət var: 1. Xalqın real, aparıcı və istiqamətverici rolu; 2. Amerikanın bu proseslərin əleyhinə olması;
O dedi: “Bəziləri elə bilirlər ki, prosesləri səhnə arxasından idarə edən Amerikadır. Lakin bu, sırf fantaziyadır. 30 il əvvəl də bəziləri reallığı təxəyyülün gücü ilə qiymətləndirərək İslam İnqilabının Amerikanın ssenarisi olduğunu düşünürdülər”.
Amerikanın Misirdə və başqa ölkələrdə baş verən son hadisələrə təzadlı mövqe nümayiş etdirdiyinə toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, Hüsni Mübarəkin əvəzinə, xalqa yaxın olan bir demokratı əllərində saxlamaq amerikalılar üçün heç də pis olmazdı. Lakin bu, mümkün deyildi. Çünki xalqa yaxın, vətənpərvər, həqiqi demokrat olan bir şəxs hakimiyyətə gəlsə, hökmən, ABŞ və sionizmin əleyhinə çıxardı”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, diplomatik sferada güclü və effektiv fəaliyyət nümayiş etdirmək üçün dünya və regionun siyasi arenasını realistcəsinə qiymətləndirmək vacibdir. O, əlavə etdi: “Xalqların başlatdığı möhtəşəm hərəkatlar onların oyanışının göstəricisidir. Göz önündə olan saysız-hesabsız reallıqlar nəzərə alınarsa, bu oyanışın islami xarakter daşıdığına heç bir şübhə yeri qalmır. Əlbəttə, bu islami oyanış inqilab edən xalqların hamısının islami hökumət istədiklərini, yaxud İranın dinə əsaslanan dövlət quruluşu modelini qəbul etdiklərini ifadə etmir”.
“Qərb mediası region ölkələrində baş tutacaq hazırkı və gələcək seçkilərdə islamçıların qələbə çalacağını etiraf edir və bu, regiondakı inqilabların islami xarakter daşımasının daha bir göstəricisidir” –  deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu həssas və mürəkkəb şəraitdə ölkəmizin xarici siyasət aparatı geniş və effektiv bir arena olan beynəlxalq diplomatiya arenasında İslam Respublikasının yeni sözünü dünya ictimaiyyəti və dünya xalqlarına açıqlamalıdır”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, İslam Respublikasının dünyaya çatdırmaq istədiyi yeni və əsas fikir cəmiyyətdə xalqla dini dəyərlərin yanaşı surətdə aparıcı rola malik olması, xalqa zorla yük edilən yox, onun iradəsini müşayiət edən dini-mənəvi dəyərlərin rəhbər tutulmasıdır. O vurğuladı: “Diplomatlarımız qarşı tərəflərin mövqeyini müdriklik və məntiqlə, tədricən öz mövqelərinə yaxınlaşdırmağa nail olmalı, müdrikliyə, vüqara, ölkənin maraqlarına əsaslanaraq, milli və şəxsi qüruru uca tutaraq öhdələrinə düşən çətin vəzifələri yerinə yetirməlidirlər. Bu işdə nə ideoloji, nə də əməli müstəvidə heç bir güzəşt və səbatsızlığa yol verilməməlidir”.
Çıxışının digər qismində Ali Məqamlı Rəhbər ölkənin ardıcıl inkişafına toxunaraq dedi: “Əlbəttə, bu ümumi inkişaf prosesi fonunda iqtisadiyyat, mədəniyyət və digər sferalarda müəyyən nöqsan və çatışmazlıqlar var. Lakin əsas odur ki, biz onları aradan qaldırmaq niyyətindəyik. Yeri gəlmişkən, bu nöqsanlar düşmənin ölkəmizin güclü cəhətlərini kölgədə qoymaq üçün şişirdilmiş formada təqdim etdiyindən dəfələrlə azdır”.
Sonda o vurğuladı: “Dünya və regionda baş verən görünməmiş, dərin əhəmiyyətli hadisələri uzaqgörənliklə izləmək, bu arenada müdrik, ağıllı qərar və tədbirlərlə effektiv rol oynamaq lazımdır”.
Görüş əsnasında Ali Məqamlı Rəhbərin çıxışından öncə Xarici İşlər Naziri ölkənin xaricdəki səfirik və nümayəndəliklərinə rəhbərlik edən diplomatların iştirakı ilə “Diplomatiya və islami oyanış” mövzusunda keçirilmiş dəyirmi masanın işi haqda məlumat verərək dedi: “Ölkənin diplomatik sistemi İslam İnqilabının prinsip və əsaslarının, habelə İmam Xomeyni (r.ə)  və Ali Məqamlı Rəhbərin ölkənin xarici siyasətinin inkişaf etdirilməsi istiqamətindəki ideyalarına əsaslanan diskursun həyata keçirilməsi üçün çalışır”.
700 /