İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günorta cari ilin həcc ziyarətinə ölkə üzrə təşkilatçılıq etmiş məsul şəxslərlə görüşdü. Həcci “böyük bir şans, Allahın lütfü və neməti” adlandıran Ali Məqamlı Rəhbər dedi: “Bu böyük ilahi nemətin mükəmməl surətdə şükürü bu misilsiz fürsətin qədrini bilməkdə, ondan maksimum yararlanmaqdadır. Builki həcc ziyarəti zamanı “Kümeyl” və “Ərəfat” dualarının oxunuş mərasimlərinin çox möhtəşəm və arzulanan şəkildə keçirilməsi buna nümunə ola bilər”.
Həccin potensialının daha geniş və yüksək olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Həccin yaratdığı böyük imkanlardan biri də vəhdət, dözümlülük, siyasət, habelə həyatın müxtəlif sferalarında dinin rolu ilə bağlı İslam məfkurəsini təbliğ etmək şansıdır. Əsl İslamın təlimləri bu həqiqətlərə təşnə olan insanlara dəqiq və əsaslı surətdə çatdırılmalıdır”.
Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər İslam Respublikasındakı reallıqların dünya müsəlmanlarına təqdim olunmasında iranlı zəvvarların davranışının nə qədər böyük rola və əhəmiyyətə malik olduğuna toxunaraq dedi: “Həcdə İranı təmsil edən bir zəvvar ədəb-ərkanlı, maddi rifahı normada olan, intizamlı, ətrafdakılara qarşı mehriban və müsəlman qardaşlığına inanan bir insan təsiri bağışlamalıdır. Bu əməli təbliğat istənilən söz və çıxışdan effektlidir”.
Həzrət Ayətullah Xamenei həmçinin əlavə etdi: “Həcc mərasiminin proqramı elə qurulmalıdır ki, vəhy diyarında olmaq şansı qazanan hər bir hacı Qurandan, dualardan və bu ziyarətə xas təlimlərdən ən yüksək mənəvi fayda götürsün”.
Görüşün əvvəlində – Ali Məqamlı Rəhbərin çıxışından öncə vəli-fəqihin nümayəndəsi və iranlı hacıların kuratoru Höccətül-İslam vəl-muslimin Qazi Əsgər çıxış edərək builki həcc ziyarətinə ölkə üzrə təşkilatçılıq etmiş səlahiyyətli şəxslərin həccin mədəni-mənəvi aspektlərinin inkişaf etdirilməsi ilə bağlı Ali Məqamlı Rəhbər tərəfindən verilmiş tövsiyələri həyata keçirməyə çalışdıqlarını qeyd etdi, Ali Məqamlı Rəhbərliyin Məkkədəki nümayəndəliyinin bu istiqamətdə gördüyü kompleks tədbirlərdən danışdı.
Həmçinin Həcc və Ziyarətlər Komitəsinin sədri cənab Ləyali də cari ildə həcc ziyarətinə təşkilatçılıq etmiş strukturların fəaliyyəti ilə bağlı məlumat verərək zəvvarların Məkkəyə daşınması və geri qaytarılması sahəsində mövcud olan vəziyyət, görülən qənaət tədbirləri haqda danışdı, həcc karvanlarına rəhbərlik etmiş müəssisələrin işini dəyərləndirdi.