Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalqın iradəsi qarşısında bütün çətinliklər, ən böyük maneələr aradan qalxır

Bu gün (bazar ertəsi) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 9 deyin tarixi bir gün kimi qeyd olunması məqsədilə yaradılmış təşəbbüs mərkəzinin üzvləri ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər qeyd etdi ki, Uca Yaradanın iradəsi, Allahın dəstək və yardımına inam İran xalqını müxtəlif siyasi-ictimai meydanlarda iştiraka istiqamətləndirən başlıca amil olmuşdur. O dedi: “Xalqımızın 1388-ci ilin 9 dey günündə (30 dekabr 2009) möhtəşəm və emosional iştirakı İslam İnqilabının xarakter və mahiyyətinə, yəni insanların qəlbinə hakim olan dəyanət ruhuna bariz nümunədir”.

9 dey gününü tarixi qəhrəmanlıq günü kimi xarakterizə edən Ali Məqamlı Rəhbər iki elementə – xalqın genişmiqyaslı iştirakı və dini etiqadı məsələlərinə toxunaraq dedi: “1388-ci ilin 9 dey günü kiçik bir hadisə deyil. Bu əzəmətli və unudulmaz xalq hərəkatı ilə xalqımızın İslam İnqilabının ilk günlərindəki möhtəşəm hərəkatı arasında oxşarlıq var. Çalışmaq lazımdır ki, bu tarixi günün ildönümündə İran xalqının başlıca istəyi – dini rəhbər tutaraq irəli getmək, ilahi vədləri gerçəkləşdirmək arzusu açıq-aşkar duyulsun”.

Birinci elementin – xalqın siyasi-ictimai meydanlarda genişmiqyaslı iştirakının əhəmiyyətini açıqlayan Həzrət Ayətullah Xamenei dedi: “İmam Xomeyninin (r.ə) məharətlə atdığı başlıca atdım xalqı meydanlara çıxarmaq, onun proseslərdə iştirakına təkan vermək oldu. Xalqın proseslərə şücaət və uzaqgörənliklə, qəlbindəki imana uyğun səviyyədə müdaxilə etdiyi istənilən məqamda onun iradəsi qarşısında bütün çətinliklər, ən böyük maneələr aradan qalxır”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Dünyanın istənilən nöqtəsində xalq konkret şüar və məqsədlə, mütənasiblik təşkil edən iman və əməllə meydanlara çıxsa, heç bir faktor ona müqavimət göstərmək iqtidarında olmaz. Bu formul istisnasız olaraq bütün xalqlara aiddir. İmam Xomeyni (r.ə) bu formula əməl etdi, İran xalqı isə dahi liderinə etimad göstərərək onun doğruluğunu əməli sürətdə sübuta yetirdi”.

Həzrət Ayətullah Xamenei həmçinin unudulmaz 9 dey gününün ikinci əhəmiyyətli elementi kimi, xalqın dini imanına da toxunaraq əlavə etdi: “Xalqı səfərbər edərək meydanlara gətirən, bütün çətinliklərə baxmayaraq, insanları orada tutub saxlayan möcüzəvi faktor dinə səmimi-qəlbdən bəslənən imandır. Çünki məhz dinə iman sayəsində istənilən şəraitdən qalibiyyətlə çıxmaq olar və məğlubiyyət insan üçün heç bir məna kəsb etməz”.

Ali Məqamlı Rəhbər 9 dey tarixi qəhrəmanlığının bu baxımdan eynilə İslamın Yer üzündə bərqərar olunduğu ilkin dövrlərə, eləcə də İslam İnqilabının qələbə qazandığı günlərə bənzədiyini qeyd edərək dedi: “Həmin gün insanlar dini vəzifələrinə əməl edərək meydanlara çıxdılar ki, İran xalqının – fitnəkarların təbliğatının tam əksinə olaraq – İslam Respublikası quruluşuna sadiq qaldığını, möhkəm dini əzm və iradəyə malik olduğunu nümayiş etdirsinlər”.

2009-cu il iğtişaşlarını, bununla bağlı baş vermiş xoşagəlməz hadisələri xatırladan Həzrət Ayətullah Xamenei dedi: “Bu fitnə sırf bir qrup insanın küçələrdə törətdiyi əməllərlə məhdudlaşmırdı. Baş verənlər siyasi-təhlükəsizlik tədbirləri ilə aradan qaldırılması mümkün olmayan bir mərəzdən doğurdu və onları neytrallaşdırmaq üçün xalqın möhtəşəm və genişmiqyaslı iştirakına ehtiyac var idi. Belə də oldu!”

9 dey tarixi qəhrəmanlığının gerçəkləşməsində Aşura gününün və Məhərrəm ayının rolunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Eynilə İslam İnqilabının əvvəllərində də Məhərrəm ayı bu xalqın köməyinə çatmış və İmam Xomeyninin (r.ə) buyurduğu kimi, qan qılınca qalib gəlmişdi. 9 dey hadisələrində də Aşura xalqın köməyinə yetişərək böyük və unudulmaz bir tarixi qəhrəmanlıq yaratdı”.

Bu böyük hadisəni xalqın yaddaşında qoruyub saxlamaq lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei 9 dey gününün tarixi bir gün kimi qeyd olunması məqsədilə yaradılmış təşəbbüs mərkəzinin rəhbər işçilərinə iki şeyi tövsiyə etdi: “Əvvəla, 9 dey gününün qeyd olunmasında şüarçılıq aspektləri önə keçməməlidir, ikincisi isə İran xalqının başlıca amallarını ifadə edən şüarlara diqqət yetirilməlidir”.

Görüşün əvvəlində İslami Təbliğat üzrə Koordinasiya Şurasının sədri Ayətullah Cənnəti şuranın genişmiqyaslı, möhtəşəm tədbirlərin koordinasiyası istiqamətində 32 illik fəaliyyətinə toxunaraq dedi: “Xalqın 1388-ci il 9 dey günündə imza atdığı tarixi qəhrəmanlığın səviyyəsi proqnozları aşdı və əks-inqilab cəbhəsinin ümidlərini tamamilə qırdı”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /