İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin dörd bir yanında xalqın müxtəlif təbəqələrini təmsil edən nümunəvi bəsicilərlə bu gün (bazar günü) səhər baş tutan möhtəşəm görüşü zamanı bəsic hərəkatını “Aşura məktəbinin şanlı ardıcılı, İran xalqının tarixdəki unudulmaz, ilhamverici yadigarı, xalqın içərisindən baş qaldırmış və xalqa xidmət edən bir hərəkat” adlandırdı. O, İslam dövlətinin başqa xalqlara örnək olma qabiliyyətinin dünyadakı hegemon qüvvələri əsəbiləşdirdiyini qeyd edərək dedi: “Misir və Tunis xalqlarının şüarları bu gün Nyu-York və Kaliforniyada təkrarlanır. Misir və Tunis xalqları isə Hizbullah, Həmas və Cihad təşkilatlarını özlərinə örnək götürdüklərini açıq-aşkar elan edirlər. Hamı bilir ki, bu təşkilatlar imperializm bütlərini qırmaq, onlara müqavimət göstərmək dərsini yeni əsrin ilk müəllimindən – yəni İran xalqının bəsici ruhlu imamından və onun qüdrətli, səbirli xalqından almışlar”.
Bəsic Təşkilatının inzibati binasının yerləşdiyi məkanda baş tutan mərasim zamanı Ali Baş Komandan bəsicin həqiqət və mahiyyətinin Məhərrəm ayının və Aşura gününün həqiqət və mahiyyəti ilə uyğun olduğunu qeyd edərək dedi: “Əba-Əbdillah Hüseyn (ə) və silahdaşları Haqq sözünü ucaltmaq, xalqı xilas etmək üçün bütün varlıqları ilə, fədakarlığın ən yüksək zirvəsini nümayiş etdirərək meydana gəldilər, tarixə Allahı tanıma, bəsirət, ixlas və zəruri məqamı düzgün dəyərləndirmənin toxumunu səpdilər. Bu həqiqətlər Aşuranın günorta çağından başlayaraq bu günə qədər inkişaf prosesi keçmiş, bundan sonra da həmişə genişlənməkdə olacaq bir hərəkatın formalaşması üçün zəmin yaradıb”.
“Bəsic hərəkatı Aşura məktəbinin ruhundan və həqiqətindən doğan bir hərəkatdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bəsic hərəkatı cəmiyyətin bütün təbəqələrinin iştirak etdiyi, xalqın içərisindən baş qaldırmış və xalqa xidmət edən bir hərəkatdır. Bu hərəkat müdafiə, elm, incəsənət, quruculuq, siyasət, mədəniyyət, köməksizlərə yardım, istehsal, texnologiya, idman və beynəlxalq uğurlar da daxil olmaqla bütün sferalarda, hər bir xeyirli işdə bərəkətli iştirak nümayiş etdirib”.
Ali Məqamlı Rəhbər ölkədəki bəsiciləri “Haqq yolunun əsl yolçuları olan, mömin bir kollektiv” adlandırdı. O, bəsic mədəniyyəti və bəsici təfəkkür tərzi haqda aşağıdakıları qeyd etdi: “Bəsic siyasi xarakterli bir qurumdur, lakin siyasiləşmiş, siyasətbaz və firqəçi deyil. Bəsici mücahid olsa da, intizamsız və ifratçı deyil. Varlığının dərinliklərinə qədər dindar və ibadətkardır, lakin mürtəce və xurafatçı deyil. Gözüaçıqdır, amma özündənrazı deyil. Özünə qarşı müsbət münasibət formalaşdırmanın, özünə cəlb etmənin maksimum tərəfdarı olsa da, qeyrətlidir – söhbət prinsiplərdən gedirsə, heç bir güzəşt və dözümlülük nümayiş etdirməz. Elmin tərəfdarıdır, amma quru, səmərəsiz elmin aludəsi deyil. İslam əxlaqına riayət edir, lakin bunu riyakarlıq naminə etmir. Dünyanı abad etmək üçün fəallıq göstərir, amma özü dünyanın əsiri deyil”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bəsici mədəniyyəti xalqların içərisində böyük kütlələr formalaşdıracaq, onların düzgün kurs üzrə hərəkətinin qarantı ola biləcək bir sıra bilik və davranışları, xarakter keyfiyyətlərini özündə birləşdirir.
O vurğuladı: “Bəsici təfəkkürü xarici aləmdə obyektiv reallığa çevrilmiş bir təfəkkür tərzidir, özünəməxsus mədəniyyəti və spesifik cəhətləri ilə İran miqyasında, eləcə də İrandan kənarda taleyüklü rol oynaya bilər”.
Region xalqları arasında getdikcə genişlənməkdə olan oyanış və qiyam dalğasına toxunan Ali Məqamlı Rəhbər qeyd etdi ki, mübarizlik, yalançı mifləri darmadağın etmək İmam Xomeyninin (r.ə) və bəsici ruhlu İran xalqının dünya xalqlarına öyrətdiyi böyük dərsdir. O, Amerikanın müxtəlif şəhərlərində və region ölkələrində oxşar şüarların səsləndiyini xatırladaraq əlavə etdi: “Bu həqiqətlər onu göstərir ki, İran xalqının təfəkkür tərzi və mədəniyyəti obyektiv reallığa çevrilərək başqalarına örnək olub”.
Region xalqlarının getdikcə genişlənməkdə olan islami hərəkatını yüksək qiymətləndirən Həzrət Ayətullah Xamenei dedi: “İslam İnqilabının ilhamverici mahiyyəti ilə tanış olan şəxslər 30 il idi ki, bu bərəkətli qiyamı gözləyirdilər. Eynilə dünyadakı imperialist qüvvələr də 30 il idi ki, günlərin bir günü İslam İnqilabından ilham almış qiyamların başlayacağını təsəvvürlərinə gətirərək dəhşətə gəlir, əsim-əsim əsirdilər. Hal-hazırda isə İslam Respublikası xalqların oyanış hərəkatının əsas mehvərinə çevrilib və bu, düşmənləri qəzəbləndirir”.
“Dünyaya ağalıq etmək istəyən qüvvələrin işlətdiyi başlıca metod müxtəlif xalqlara və ölkə başçılarına qara-qorxu gəlməkdir” – deyən Ali Məqamlı Rəhbər müstəmləkəçilərin İslam Respublikasına qarşı aqresiyasının səbəbini daha geniş açıqlayaraq əlavə etdi: “İran xalqı imperialistlərin qorxunc maskasını kənara atdı, xalqlara göstərdi ki, dünyadakı hegemon qüvvələrin ehtişamı formal və qondarmadır, onu darmadağın etmək mümkündür. Elə buna görə də dünyanın zalım dövlətləri İslam Respublikasının əlindən zəncir çeynəyirlər”.
Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının regiondakı qiyamlara müdaxilə etməsi ilə bağlı Qərbin siyasi-təbliğat orqanlarının səsləndirdiyi ittihamları rədd edərək dedi: “İslam Respublikasının buna ehtiyacı yoxdur, çünki İslam dövlətinin öz varlığını davam etdirməsi, mübarizliyi və prinsiplərinə sadiqliyi, öz-özlüyündə, xalqlar üçün ilhamverici və istiqamətləndirici bir reallıqdır”.
Qərb dövlətlərinin region xalqlarının islami hərəkatını boğmaq, yanlış istiqamətə yönəltmək cəhdlərinə toxunan Ali Məqamlı Rəhbər bu səylərin nəticəsiz qalacağını deyərək vurğuladı: “Hal-hazırda ərəb regionunda formalaşmış islami oyanış cərəyanı bütün dünyanı təsiri altına salıb. Amerika və Avropada baş qaldırmış hərəkatlar dünyanın gələcəkdə şahid olacağı böyük dəyişikliklərdən xəbər verir”.
Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Xalqların islami hərəkatı, heç şübhəsiz, qalıcı olacaq və daha da genişlənəcək. Xalqların ardıcıl oyanışı imperializmin əli ilə hakimiyyətə gətirilmiş qüvvələri bir-birinin ardınca meydandan kənarlaşdıracaq, İslamın qüdrəti günü-gündən daha da artacaq”.
Həzrət Ayətullah Xamenei İran xalqının son 32 il ərzində həyata keçirdiyi hərəkatın getdikcə inkişaf etməsinə, bu xalqın düşmənlə cürbəcür qarşıdurmalardan qalib çıxmasına toxunaraq aşağıdakıları vurğuladı: “Məhz həmin mədəniyyət və təlimlər sayəsində, İran xalqı qeyri-mümkün görünən bir çox şeyləri mümkün edib, bundan sonra da o əhval-ruhiyyə və psixologiyanı davam etdirərək qəti qələbəyə nail olacaq”.
İran xalqının qarşısında maneə yaratmaq üçün düşmənlərin yeni cəhdlər etdiyini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqı öz imanına, mübarizliyinə və ayıq-sayıqlığına söykənərək təhdidlərə, sanksiyalara və bu qəbildən olan əngəllərə qalib gəlməyə vərdiş edib. Uca Yaradan belə bir xalqın və nəhayət, İslam ümmətinin və əziz İslam dinimizin qələbəsini öz fəziləti ilə ilahi təqdirdə müəyyən edib”.
“Xalqımız və rəsmilərimiz cürbəcür olaylara hazır olmalıdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Rəsmilər bu xalqın qədrini bilməli, üçlü hakimiyyət qüvvələri öhdələrinə düşən vəzifələrə ən yüksək səviyyədə əməl etməlidirlər”.
Mərasim Ali Məqamlı Rəhbərin meydana daxil olması və İran İslam Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.
Daha sonra Həzrət Ayətullah Xamenei şəhidlərin anım məkanını ziyarət etdi, “Fatihə” oxuyaraq Allahdan İslam dövlətinin qürur və başucalığı naminə şəhid olmuş insanlara dərgahında ən ali dərəcələri nəsib etməsini dilədi.
Ali Məqamlı Rəhbərin müxtəlif təbəqələri təmsil edən nümunəvi bəsici birləşmələri ilə görüşünün digər qismi meydanda düzülmüş qüvvələri təntənəli salamlama mərasimi ilə davam etdi.
Həzrət Ayətullah Xamenei həmçinin Müqəddəs Müdafiədə – İran İslam dövlətinin cihadında iştirak etmiş əlil və veteranlarla da görüşüb hal-əhval tutdu.
Mərasim əsnasında Keşikçi Korpusun Baş Komandanı briqada generalı Cəfəri bəsic qüvvələrində kəmiyyət və keyfiyyət baxımından dəyişikliklər edilməsi proqramına toxunaraq dedi: “Görülən tədbirlər sırasında bəsicin strategiyasının hərtərəfli müdafiə istiqamətində dəyişdirilməsini, yumşaq müharibəyə qarşı mübarizə məqsədilə yeni qərargahların yaradılmasını, bəsicin bütün təbəqələrinin hüquq və səlahiyyətlərinin genişləndirilməsini, inqilab müdafiəçilərini birləşdirən sosial şəbəkələrin yaradılmasını qeyd etmək olar”.
General Cəfəri əlavə etdi: “Bəsicin quruculuq fəaliyyətinin genişləndirilməsi sayəsində yoxsulluğun aradan qaldırılması, həmçinin elmi cihadda fəal iştirak bəsicin digər strategiyaları olaraq müəyyən edilmişdir”.
Bəsic Təşkilatının sədri general Nəqdi isə məlumatında aşağıdakıları qeyd etdi: “Təşkilatın həyata keçirdiyi tədbirlər sırasında bəsicilərin mənəvi cəhətdən gücləndirilməsi, “Nur yolçuları karvanları” kimi mədəni tədbirlərin köməyi ilə müdafiə və fədakarlıq ruhiyyəsinin qorunması, elmi və iqtisadi cihad ətrafında mərkəzləşmə, bəsicilərdə uzaqgörənlik və əxlaq kimi keyfiyyətlərin yüksəldilməsinə xidmət edən tərbiyə sistemindən istifadəyə başlanması kimi tədbirlər yer almışdır”.
Mərasim əsnasında həmçinin ali təhsil, mədəniyyət, orta təhsil və idmanın müxtəlif sferalarında nümunəvi olan bəsicilərə təşəkkürnamələr təqdim olundu. Bəsicin 30 il ərzində müxtəlif sahələrdəki parlaq fəaliyyətindən ruhlanaraq hazırlanmış meydan nümayişi də yüksək səviyyədə keçirildi.