Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Nicat yolu İslam dünyasının timsalında güclü bir qütb formalaşdırmaqdır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin əzəmətli həcc mərasimi münasibətilə hacılara ünvanladığı müraciətdə qeyd olunur ki, bəzi müsəlman ölkələrində baş qaldırmış inqilablar İslam dünyasının ən mühüm məsələlərindəndir, bu olayların mahiyyətində isə Allahın açıq-aşkar möcüzələri gizlənmişdir. Müraciətdə həmçinin qeyd olunur ki, bu taleyüklü etapda gənc, oyanmış nəslin, ruhani alim və ziyalıların öhdəsinə son dərəcə həssas bir vəzifə düşür. Ali Məqamlı Rəhbər öz müraciətində aşağıdakıları da vurğulayır: “İslam ümməti, xüsusilə də ayağa qalxmış xalqlar tutduqları yolu davam etdirmək üçün iki mühüm elementə – ardıcıl mübarizəyə və beynəlxalq arenadakı hegemon qüvvələrin hiylələrinə qarşı ayıq-sayıqlığa ehtiyac duyurlar. Müsəlman ölkələri qarşıdakı təhlükələrdən yalnız birlik, həmrəylik və İslam dünyasının timsalında güclü bir qütbün formalaşdırılması sayəsində qurtula bilərlər”.  
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahını adı ilə!
الحمدلله رب العالمین و صلوات الله و تحیاته علی سیدالانام محمدٍ المصطفی و آله الطیبین و صحبه المنتجبین
Hazırda Tanrıdan gələn mənəvi bir təravət və saflıqla dolu olan, möhtəşəm həcc baharı yetişib, mömin, həsrətli qəlbləri tövhid və vəhdət Kəbəsinin ərafına pərvanə tək dolanmağa sövq edib. Məkkə, Mina, Məşər və Ərəfat  " و اذّن فی الناس بالحج ..  " – “İnsanları həccə cağır ...”  çağırışına cavab verərək Bağışlayan və Kərim Allahın ziyafətində iştirak etmək şərəfinə nail olmuş xoşbəxt insanların məskəninə çevrilib. Bura Allahın açıq-aydın, möcüzəli nişanələrinin aşkara çıxdığı, hər kəsin əmin-amanlıq kölgəsi altında olduğu hidayət ocağı, mübarək bir evdir . Qəlbinizi saf niyyət, zikr və itaət Zəmzəminin suyu ilə yuyub təmizləyin! Gözlərinizi Həzrəti-Həqqin açıq-aydın möcüzələrini görmək üçün açın! Əsl bəndəçiliyn nişanəsi olan ixlas və itaətkarlığa üz tutun! İtaətkarcasına və tam təslimçiliklə öz İsmayılını qurbangaha aparmış atanın xatirəsini qəlbinizdə dönə-dönə yad edin, bununla da Cəlil Allahın dostluğuna nail olmaq üçün qarşımızda açıq-aşkar olan yolu tanıyın, bu yolda qədəm götürüb addımlamağı öz mömin əzminizə, saf niyyətinizə həvalə edin.
“İbrahim məqamı” həmin aşkar, möcüzəli nişanələrdən biridir. Həzrət İbrahimin (ə) Kəbe-ye Şərifin yaxınlığında olan ayaq izi “İbrahim məqamı”nın yalnız simvolik bir cəhətidir. “İbrahim məqamı” ixlas, güzəşt və fədakarlıq məqamıdır; o həzrətin nəfsani istəklərə, qəlbindəki atalıq duyğularına, həmçinin dövrün Nəmrudunun küfr, şirk və zülmkarlığına qarşı mübarizəsinin təcəssümüdür.
Bu gün o iki nicat yolu İslam ümmətinin nümayəndələri olan bizlərdən hər birimizin üzünə açıqdır. Hər birimizin güclü əzmi, cəsarət və təpəri bizi elə hədəflərə doğru hərəkətə keçirə bilər ki, Adəmdən Xatəmə qədər ilahi missiyanın daşıyıcıları olan peyğəmbərlər bəşəriyyəti həmin hədəflərə səsləmiş, onların yolunu tutanlara dünya və axirətdə izzət və səadət vəd etmişlər.
Həcc ziyarətinə gəlmiş zəvvarlar ümmətin əzəmətinin təzahür etdiyi bu məkanda İslam dünyasının ən mühüm problemləri haqda düşünsələr, daha gözəl olar. Bu gün həmin problemlərin ön sırasında mühüm əhəmiyyət kəsb edən bəzi müsəlman ölkələrində baş qaldırmış qiyam və inqilablar durur. Keçənilki və builki həcc ziyarətləri arasında olan müddət ərzində İslam dünyasında müsəlman ümmətinin müqəddəratını dəyişə biləcək, ona parlaq, maddi-mənəvi izzət və yüksəlişlə dolu bir gələcəyi müjdə verəcək hadisələr baş verib. Misir, Tunis və Liviyada diktator, korrupsiyaçı, xaricdən asılı olan despotlar hakimiyyətdən devrilib, bəzi digər ölkələrdə isə güclü xalq hərəkatı dalğaları dəbdəbə və zülm saraylarını viran və məhv olmaqla hədələyir.  
Ümmətimizin tarixində açılmış bu yeni səhifə Allahın açıq-aydın möcüzələrindən olan həqiqətləri aşkara çıxarır və bizə tarixi dərslər verir. Müsəlman xalqları atdıqları hər addımda bu həqiqətləri nəzərə almalıdırlar.
Birincisi, on illər boyunca yadellilərin siyasi ağalığı altında yaşamış xalqların içərisindən hal-hazırda təqdirəlayiq bir özünəinamla təhlükənin üstünə atılan, işğalçı dövlətlərlə qarşıdurmaya girən, olduğu vəziyyəti dəyişmək üçün özündə təpər hiss edən bir gənc nəsil baş qaldırıb.
İkincisi isə bu ölkələrdə dinə yad olan, sekulyar dövlət başçılarının hakimiyyətdə olmasına, dini yox etmək üçün göstərdikləri gizli və aşkar cəhdlərə baxmayaraq, İslam dini qəlbləri və dilləri istiqamətləndirməkdə açıq-aydın müşahidə olunan, möhtəşəm bir rol oynadı, milyonların əməllərinə və sözlərinə, toplantılarına və davranışlarına çağlayan bir bulaq kimi, həyat və təravət bəxş etdi. Azan və namaz üçün ayrılan məkanlar, səslənən təkbirlər və İslam şüarları bu reallığın aşkar nişanələridir. Tunisdə baş tutmuş son seçkilər isə buna qəti sübutdur. Sözsüz ki, istənilən başqa müsəlman ölkəsində də azad seçki baş tutsa,  Tunisdəkindən savayı bir nəticə alınmaz.
Bu bir il ərzində baş vermiş hadisələr hamıya daha bir həqiqəti nümayiş etdirdi: Əziz və Qadir Allah xalqların əzminə elə bir güc bəxş edib ki, başqa heç bir qüvvə ona qarşı mübarizə apara bilməz. Xalqlar Allahdan gələn bu qüvvə sayəsində, müqəddəratlarını dəyişməyə, Allahın yardımına layiq olmağa qadirdirlər. Baş verən hadisələrin ortaya qoyduğu daha bir fakt isə budur ki, on illər ərzində siyasi-kəşfiyyat planları ilə region ölkələrini ona itaət etməyə məcbur etmiş, özlüyündə dünyanın bu strateji hissəsində günü-gündən artacaq iqtisadi, mədəni və siyasi ağalığı üçün geniş və maneəsiz bir yol açdığını güman edən Amerika başda olmaqla, imperialist dövlətlər bu gün region xalqlarının nifrət və bezginliyinin birinci səbəbkarıdırlar. Əmin olmaq lazımdır ki, inqilablar nəticəsində yaranmış quruluşlar heç vaxt əvvəlki alçaldıcı bərabərsizliyə boyun əyməyəcək, bu regionun siyasi coğrafiyası xalqların əli ilə, onların milli qürur və istiqlalının tam təminatı istiqamətində sabitləşəcək.
Daha bir məqam isə budur ki, inqilab edən xalqlar üçün imperialistlərin riyakar və hiyləgər təbiəti aşkara çıxdı. Amerika və Avropa Misir, Tunis və Liviyada (hərəsində ayrı bir formada) öz marionetlərini qoruyub saxlamaq üçün əllərindən gəldiyi qədər çalışdılar. Xalqların əzmi onların istəklərinə üstün gələndə isə qalib xalqların üzünə riyakarcasına, dostmuş kimi gülümsəməyə başladılar. Son bir il ərzində regionda baş vermiş hadisələrin ehtiva etdiyi dəyərli həqiqətlər və ilahi möcüzələr sadaladıqlarımdan daha artıqdır. Onları görmək və qiymətləndirmək düşünən beyinlər üçün çətin deyil.
Bütün bunlara baxmayaraq, bu gün İslam ümməti, xüsusilə də ayağa qalxmış xalqlar iki başlıca elementə ehtiyac duyurlar: birincisi, müqaviməti davam etdirmək, bu böyük əzmin zəifləməsindən qəti surətdə çəkinmək. Allah-Taala Qurani-Kərimdə əzəmətli İslam peyğəmbərinə (s) buyurur:
فاستقم كما امرت و من تاب معك و لاتطغوا
“(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar. (Allahın əmrlərini pozub) həddi aşmayın”.  
Və başqa bir ayədə:
فلذلك فادع و استقم كما امرت
“(Ya Peyğəmbər!) Buna görə də sən dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol”   – deyə buyurulur.
Qurani-Kərimdə həmçinin Həzrət Musanın (ə) dilindən də belə buyurulur:
قال موسي لقومه استعينوا بالله و اصبروا، ان الارض لله يورثها من يشاء من عباده و العاقبه للمتقين
“Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbir edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir!” – dedi”.  
Ayağa qalxmış xalqlar üçün bu etapda təqvanın ən böyük meyarı budur ki, başladıqları mübarək hərəkatı dayandırmasınlar, bu mərhələdə əldə etdikləri nailiyyətlərlə baş qarışdırıb qalmasınlar. Təqvanın ən mühüm hissəsi budur və ona malik olanlar “Aqibət müttəqilərindir!” vədinə əsasən, qalib və başıuca olmuşlar.
İkinci vacib element isə beynəlxalq arenada bu qiyamlar nəticəsində zərbə almış hegemon və imperialist qüvvələrin hiylələrinə qarşı ayıq-sayıq olmaqdır. Onlar boş oturmayacaq, bu ölkələrdə öz nüfuz və ağalıqlarını yenidən bərpa etmək üçün bütün siyasi, kəşfiyyat və maliyyə imkanlarını səfərbər edəcəklər. Onların istifadə etdiyi metodlar isə şirnikləndirmə, təhdid və yalandır. Təcrübə göstərib ki, yüksək təbəqə içərisində bu metodların təsir edə bildiyi şəxslər var. Qorxu, şirniklənmə və qəflət onları qəsdən, yaxud bilmədən düşmənə xidmət etməyə sövq edir. Gənclərin, ruhani alim və ziyalıların sayıq gözləri diqqətli və ehtiyatlı olmalıdır.  
Ən böyük təhlükə inqilabların baş verdiyi ölkələrdə küfr və imperializm cəbhəsinin yeni siyasi quruluşların formalaşması prosesinə təsir və müdaxilə etməsidir. Onlar əllərindən gələni edəcəklər ki, yeni siyasi sistemlər İslamın və xalqın hakimiyyətinə əsaslanmasın. Həmin ölkələrdə xalqına can yandıran bütün insanlar, ölkəsinin istiqlalında, nüfuz və tərəqqisində  maraqlı olan hər kəs yeni qurulan hökumətlərdə İslamın və xalqın hakimiyyətinin tam təmin olunması üçün çalışmalıdır. Bu arada konstitusiyaların rolu da son dərəcə böyükdür. Milli birliyin rəhbər tutulması, irq, məzhəb və etnik baxımdan müxtəlifliyin rəsmən tanınması gələcək zəfərlər üçün şərtdir.
Misir, Tunis və Liviyada ayağa qalxmış qəhrəman insanlar, habelə digər ayıq və mübariz xalqlar bilsinlər ki, Amerika və digər Qərb müstəmləkəçilərinin zülm və məkrindən qurtulmağın yeganə yolu dünyadakı güc balansının onların xeyrinə dəyişdirilməsidir. Müsəlmanlar dünyanı soyub-talayanlarla aralarında olan problemləri ciddi şəkildə həll etmək üçün özlərini dünyanın böyük qüvvəsi statusuna çatdırmalıdırlar. Bu isə yalnız müsəlman ölkələrinin həmkarlığı, həmrəyliyi və birliyi sayəsində mümkün ola bilər. Bu, dahi İmam Xomeyninin (r.ə) unudulmaz vəsiyyətidir.  Amerika və NATO xəbis və diktator Qəddafini ələ keçirmək bəhanəsi ilə Liviya xalqının başına aylarla güllə yağdırdı. Qəddafi isə Liviya xalqının qəhrəmancasına etdiyi qiyamdan öncə onların yaxın dostlarından hesab olunan bir şəxs idi; onu bağırlarına basırdılar, onun əli ilə Liviyanın sərvətini qarət edir, başını aldatmaq üçün əlini sıxır, üzündən öpürdülər ... Xalq ayağa qalxandan sonra isə elə Qəddafini bəhanə edib Liviyanın bütün infrastrukturunu dağıtdılar. NATO-nun Liviyanı viran etməsinin, xalqı faciəli şəkildə qırmasının qarşısını hansı dövlət ala bildi? Vəhşi və qaniçən Qərb dövlətlərinin caynaqları və dişləri qırılmayınca müsəlman ölkələrini daim belə təhlükələr gözləyəcək. Bundan nicat yolu isə yalnız İslam dünyasının timsalında güclü bir qütb formalaşdırmaqdır.
Qərb, Amerika və sionizm bu gün həmişəkindən zəifdir. İqtisadi problemlər, Əfqanıstan və İraqda üzləşdikləri ardıcıl uğursuzluqlar, Amerikada və digər Qərb ölkələrində baş qaldırmış, gün-gündən genişlənməkdə olan güclü xalq etirazları, Fələstin və Livanda xalqın canfəşanlıqla apardığı mübarizə, Yəməndə, Bəhreyndə və Amerikanın nüfuz dairəsində olan bəzi digər ölkələrdə camaatın cəsarətlə qiyama qalxması – bütün bunlar özündə İslam ümməti, xüsusən də yenicə inqilab etmiş ölkələr üçün böyük müjdələr ehtiva edir. İslam dünyasının hər yerində, xüsusilə də Misir, Tunis və Liviyada mömin kişi və qadınlar bu şansdan İslamın beynəlxalq güc mərkəzini formalaşdırmaq üçün maksimum dərəcədə bəhrələnməlidirlər. Hərəkatların liderləri  və əsas simaları Uca Yaradana təvəkkül etməli, Onun möminlərə verdiyi kömək vədinə inanmalı, İslam ümmətinin tarixində açılmış bu yeni səhifəni Allahın razılığına səbəb olan, Onun yardımı üçün zəmin yaradan qürurverici, unudulmaz əməlləri ilə zinətləndirməlidirlər.
Saleh bəndələrə Allahın salamı olsun!
Seyid Əli Xamenei
5 noyabr 2011-ci il
29 ziqədə 1432                         
700 /