Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İraqda sabitlik və təhlükəsizliyin bərqərar edilməsi İranı sevindirir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraq Kürdüstanı Muxtariyyətinin prezidenti cənab Məsud Barzani ilə bu gün (bazar günü) səhər baş tutan görüşü zamanı hal-hazırda İraqda sabitlik və müstəqilliyin bərqərar olunmasına toxunaraq vurğuladı: “İraqdakı bütün məzhəb və etnosların Amerikanın təzyiqlərinə qarşı birgə müqaviməti, işğalçı hərbçilərin hüquqi toxunulmazlığı əleyhinə aparılan mübarizə və sonda Amerikanın İraqı tərk etmək məcburiyyətində qalması bu ölkənin tarixindəki qızıl səhifələrdən biridir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “ABŞ-ın İraqdakı hərbi və siyasi mövcudluğuna, ölkəyə göstərdiyi təzyiqlərə baxmayaraq, kürdlər, ərəblər, sünnilər və şiələr daxil olmaqla bütün İraq Amerikaya “Yox!” dedi. Bu isə çox mühüm bir məsələdir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İraqda müxtəlif məzhəb və etnosların sülh şəraitində birgə yaşaması dəyərli bir faktdır. O dedi: “Hal-hazırda İraqda sabitlik, asayiş və təhlükəsizliyin bərqərar edilməsi İran İslam Respublikasını sevindirir. Ölkədəki bütün etnoslar əl-ələ verib yeni İraqın quruculuğu istiqamətində çalışmalıdırlar”.

Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “İran İslam Respublikası bir yumruqda birləşmiş, sabitliyi bərqərar olunmuş İraqı dəstəkləyəcək. İraqda yaranmış dağıntılar və ölkəyə dəymiş ziyan mümkün qədər sürətlə aradan qaldırılmalıdır ki, bütöv İraq öz həqiqi statusuna yetişə bilsin”.

“İraqdakı bütün məzhəb və etnoslar İranın yaxın qardaşlarıdır və İran xalqı ilə köklü tarixi əlaqələrə malikdirlər” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İran İslam Respublikası ilə İraq arasında hazırda müsbət əlaqələr mövcuddur, lakin bu əlaqələr gün-gündən daha da genişləndirilməlidir”.

Görüş əsnasında İraq Kürdüstanı Muxtariyyətinin prezidenti cənab Məsud Barzani Ali Məqamlı Rəhbərlə görüşündən son dərəcə məmnun olduğunu bildirərək qeyd etdi ki, İran İslam Respublikası İraq xalqına çox yaxın olan, dost ölkədir. O dedi: “Biz İran xalqının İraqın ağır günündə göstərdiyi mehriban münasibəti və yardımları heç vaxt unutmayacağıq”.

Cənab Barzani həmçinin vurğuladı: “İraqdakı bütün məzhəb və etnoslar bu qələbəni qoruyub saxlamaq üçün birləşməlidirlər. Sözsüz ki, biz İranın yardımına və istiqamətləndirməsinə həmişə ehtiyac duyacağıq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /