Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İraq və Əfqanıstan xalqlarına Qərb elmindən yalnız bomba və kimyəvi silahlar nəsib olur!

Kirmanşah vilayətinin yüzlərlə görkəmli, sayılıb-seçilən elm, mədəniyyət, ədəbiyyat, idman, incəsənət, ictimaiyyət və iqtisadiyyat xadimi Ali Məqamlı Rəhbərin vilayətə səfərinin yeddinci günü – bu gün (çərşənbə axşamı) səhər onunla görüşərək müxtəlif mövzularda fikir mübadiləsi etdilər.

Kirmanşahın 13 görkəmli xadiminin saat yarıma qədər davam edən çıxışlarını dinlədikdən sonra Həzrət Ayətullah Xamenei çıxışına başlayaraq qeyd etdi ki, İran xalqının milli karvanının parlaq hədəflərə və üfüqlərə doğru irəliləməsi üçün zəmin hazırdır. Ali Məqamlı Rəhbər ölkənin gələcək perspektivlərini müəyyən edərkən gənc nəslin qarşıya yüksək hədəflər qoymasını təqdir edərək aşağıdakıları vurğuladı: “Allahın yardımı, camaatın, xüsusən də ziyalıların və görkəmli xadimlərin hamılıqla əzm və səy nümayiş etdirməsi sayəsində, əziz xalqımız daha böyük elmi, mədəni və sivil potensiala malik olacaq”.

Kirmanşah vilayətinin görkəmli xadimləri ilə unudulmaz və mənalı görüşündən məmnunluğunu ifadə edən Həzrət Ayətullah Xamenei bu vilayətin elm, incəsənət, mədəniyyət və ədəbiyyat sahələri üzrə ölkənin qabarıq sinəsi, gözəl siması olduğunu bildirdi. Vilayətdə qəhrəmanlıq əhval-ruhiyyəsinin, təqdirəlayiq inqilabi fəaliyyətin mövcud olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bütün lazımi xüsusiyyətlər və yaxşı keyfiyyətlər görkəmli şəxsiyyətlərin beşiyi olan bu vilayətdə toplanıb”.

Kirmanşah vilayətinin bir sıra görkəmli ziyalıları və elm xadimləri ilə uzun zamandan bəri tanışlığı olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Təəssüf ki, bu bölgənin əsl elmi, ədəbi və incəsənət siması layiqincə işıqlandırılmayıb. Dövlət Teleradiosunun təbliğat redaksiyaları bölgə ziyalılarının köməyi ilə bu istiqamətdə iş aparmalıdırlar”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, görkəmli xadimlər və ziyalılarla keçirilən görüşlərin əsl məqsədi müstəsna xidmətləri olan şəxsiyyətlərə, düşünən və yaradıcı insanlara yüksək ehtiram mədəniyyətinin genişləndirilməsidir. O dedi: “Cəmiyyətin sayılıb-seçilən nümayəndələrinin qədrini bilmək, onlara hörmətlə yanaşmaq hamının riayət etdiyi bir ənənəyə çevrilməlidir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, görkəmli insanların tanıtdırılması və onlara göstərilən yüksək ehtiram cəmiyyətdə nümunəvi şəxsiyyət modelinin formalaşması üçün zəmin yaradır. O, əlavə etdi: “Rəhbərliyin bu tip görüşlərdə iştirak etməkdə daha bir məqsədi isə gənc nəsil üçün bütün sferalarda nümunəvi şəxsiyyət modelinin yaradılmasının vacibliyini vurğulamaqdır”.

“Qlobal istibdadın media şəbəkəsi yanlış, ucuz, sionist protokollarındakı təhlükəli məqsədlərdən qaynaqlanan örnəkləri önə çəkib təbliğ etməyə çalışır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Şəbəkəli surətdə baş verən bu proses konkret və tənzimlənmiş siyasətlər əsasında aparılır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, üzdə olan, görkəmli insanlarla görüşməkdə ikinci məqsədi İran xalqının malik olduğu fitri istedadı işıqlandırmaqdır. Müstəmləkəçilərin çoxdan bəri yürütdüyü siyasətə – İran xalqını alçaltmaq, iranlıları bacarıqsız insanlar kimi qələmə vermək siyasətinə toxunan Ali Məqamlı Rəhbər aşağıdakı fikri vurğuladı: “Son 32 ildə xalqımızın gəncləri və görkəmli insanları zaman-zaman heyrətamiz olan elmi-texnoloji nailiyyətləri ilə bu antiiran siyasətinin puçluğunu sübut ediblər”.

İran insanının istedadının orta ümumdünya göstəricisindən yüksək olduğunu bir daha vurğulayan Ali Məqamlı Rəhbər ölkənin qürur doğuran mədəni tarixini və mirasını xatırladaraq əlavə etdi: “Qərbin elmi cəhətdən mütləq zülmət içərisində olduğu dövrlərdə İran müsəlman ölkələrinin dünya şöhrətli elm karvanının avanqardı idi”.

O, əlavə etdi: “Bu tarixi reallıq dünyanın bu regionundakı yüksək istedadın, tükənməz insan potensialının göstəricisidir. Bu parlaq və fitri istedad günümüzdə bir daha aşkara çıxmalıdır”.

“Qlobal tədqiqat mərkəzlərində aparılan araşdırmaların nəticələri İran elminin inkişaf tempinin dünya elminin orta inkişaf tempi ilə müqayisədə bir neçə dəfə sürətli olduğunu ortaya qoyub” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran gənclərinin öz istedadına olan inamına söykənərək, həmçinin bu ümidverici sürət tempini qoruyub, daha da artıraraq dünya elminin hazırkı səviyyəsinə çatacaq, dünya ictimaiyyətinin gözü önündə yeni elmi üfüqlər açacağıq!”

Ali Məqamlı Rəhbər söylədi ki, insanlığın yüksəlişinə xidmət etmək bəşərin bütün inkişaf və nailiyyətlərinin əsas, həqiqi hədəfidir. O, dünyadakı hegemon və kapitalist qüvvələrin elm və incəsənətdən sui-istifadə etdiklərinə toxunaraq dedi: “Dünya kinosunun mərkəzi kimi ad qazanmış “Holivud” bəşəriyyətin tənəzzülünə xidmət edir. Qərbin elmi inkişafından İraq və Əfqanıstanda yaşayan xalqlara nəsib olan isə yalnız bombalar və kimyəvi silahlardır”.

Həzrət Ayətullah Xamenei elm və incəsənətin təbiəti etibarilə ilahi nemət olduqlarını deyərək əlavə etdi: “İran xalqı və İslam Respublikası quruluşu bu ilahi təzahürlərin İslama, mənəviyyata və bəşəriyyətin yüksəlişinə xidmət etməsinə nail olacaq”.

Çıxışının yekununda Ali Məqamlı Rəhbər qeyd etdi ki, bütün sferalarda fəaliyyət göstərən gənclərin istedadından, görkəmli şəxslərin dühasından düzgün və planlı surətdə istifadə etmək rəsmilərin öhdəsindəki ən vacib vəzifələrdən biridir. O vurğuladı: “Ölkədə gedən novatorluq və kreativlik tendensiyası gücləndirilməlidir ki, inşallah, iranlıların gələcəyi parlaq olsun”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /