Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Statistika müxtəlif sferalar üçün hazırlanan fəaliyyət proqramlarının onurğa sütunudur!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər – əhalinin və mənzil şəraitinin ümumi siyahıyaalınmasına start verildiyi ilk gündə bu ümummilli layihədə iştirak etdi.

Çıxışı əsnasında Ali Məqamlı Rəhbər əhaliyə siyahıyaalma layihəsini həyata keçirən statistika işçiləri ilə əməkdaşlıq etməyi tövsiyə edərək aşağıdakıları vurğuladı: “Siyahıyaalma ölkə üçün zəruri olan bir məsələ, məntiqi, rasional, arzulanan bir gələcəyə sahib olma məqsədinə xidmət edən düzgün bir proqramdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, statistika müxtəlif sferalar üçün işlənib hazırlanan fəaliyyət proqramlarının onurğa sütununu təşkil edir. Əhalinin siyahıyaalmadakı roluna toxunan Ali Məqamlı Rəhbər dedi: “Ölkəmizin dəyərli əhalisindən xahişimiz budur ki, statistika işçiləri ilə əməkdaşlıq edərək onların suallarına düzgün və səbirlə cavab versinlər”.

Həzrət Ayətullah Xamenei müxtəlif strukturları da əhalinin və mənzil şəraitinin siyahıyaalınması layihəsində ölkənin Statistika İdarəsi ilə əməkdaşlıq etməyə çağıraraq dedi: “Statistika İdarəsi də öhdəsinə düşən vəzifəni dəqiqliklə, elmi surətdə, reallığa əsasən və bitərəfcəsinə yerinə yetirməlidir”.

“Heç bir siyasi və ya qeyri-siyasi motiv siyahıyaalmanın yekun məlumatlarının emalına təsir göstərməməlidir” – deyə vurğulayan Ali Məqamlı Rəhbər Statistika İdarəsinin rəsmilərinə xitabən aşağıdakıları qeyd etdi: “Siz informasiyanın, toplanan məlumatların emalında tamamilə bitərəf mövqe tutduğunuzu və reallığa tabe olduğunuzu əməli surətdə göstərməlisiniz ki, müxtəlif strukturlar işinizin nəticəsinə, təqdim etdiyiniz statistikaya tam etimadla yanaşsınlar”.

Ölkədəki müxtəlif strukturlara da statistik göstəricilərin açıqlanmasında tələskənliyə yol verməməyi tövsiyə edən Həzrət Ayətullah Xamenei dedi: “Rəsmi statistika səlahiyyətli orqan olan Statistika İdarəsi tərəfindən elan edilməli, yalnız bundan sonra müxtəlif strukturlar həmin göstəricilər əsasında informasiya yayaraq fəaliyyət proqramlarını qurmalıdırlar”.

Ali Məqamlı Rəhbər həmçinin siyahıyaalmanı həyata keçirəcək əməkdaşlara da insanlarla təmkinlə, İslam etikasına tam uyğun şəkildə davranmağı tövsiyə etdi.

Görüş zamanı Statistika İdarəsinin direktoru cənab Adil Azər əhalini və mənzil şəraitini ümumi siyahıyaalma layihəsi haqda məlumat verərək dedi: “Aban ayının 22-nə qədər davam edəcək layihədə 22 milyon ailə üçün siyahıyaalma blankı nəzərdə tutulub”.

Siyahıyaalma nəticəsində əldə olunacaq məlumatların emalı üçün ən son texnologiya və avadanlıqlardan istifadə olunacağını qeyd edən cənab Azər əlavə etdi: “Siyahıyaalma blanklarındakı suallar elə formada tərtib olunub ki, onlar əhali ilə bağlı məlumatlarla yanaşı, hökumətin müxtəlif sferalarda həyata keçirdiyi proqramların hansı səviyyədə icra olunduğunu və effektini də dəyərləndirməyə imkan verəcək”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /