Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Rəsmilər öz işlərinin, qürurverici xidmətlərinin keyfiyyətini mümkün qədər artırmalıdırlar

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamanei Kirmanşah vilayətinə səfərinin sonuncu – 9-cu günündə müxtəlif hökumət strukturlarında çalışan rəsmilər və rəhbər kadrlarla görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər bildirdi ki, İslam dövlətində sədaqətlə, saf ilahi niyyətlə xalqa xidmət etmək Allahın insana nəsib etdiyi mənəvi dəstəkdir və Yaradanın məmnunluğuna, xalqa yardıma və İslam dövlətinin daha da möhkəmlənməsinə səbəb olur. O vurğuladı: “İstər ölkə administrasiyasının başında duran, istərsə də bölgələrdə fəaliyyət göstərən vəzifəli şəxslərin işinin keyfiyyəti İslam dövlətinin nüfuzunun artmasına və ya Allah eləməmiş, azalmasına səbəb ola bilər. Buna görə də rəsmilər öz işlərinin, qürurverici xidmətlərinin keyfiyyətini mümkün qədər artırmalıdırlar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İran xalqının inqilabın və ölkənin ehtiyac duyduğu istənilən sferada iştirak etmək üçün həmişəki kimi yüksək səviyyədə hazırlığı heyranedici bir faktdır. O, əlavə etdi: “Xalqa layiqincə təşəkkür etmək üçün dil, doğrudan da, acizdir. Mövcud problem və çatışmazlıqlara baxmayaraq, insanlarımız dinin və inqilabın müdafiəsində daim vəzifəli şəxslərdən öndədirlər”.

“Kirmanşah vilayətində yaşayan əhalinin ardıcıl zəhmət və səyləri, dinə və inqilaba sədaqəti, daim büruzə verdiyi dərin sevgi və bağlılıq ölkə və vilayət rəsmilərinin məsuliyyətini ikiqat artırır” – deyən Ali Məqamlı Rəhbər ölkə və bölgə rəsmilərinə xitabən aşağıdakıları əlavə etdi: “Harada vəzifə postu tutmağınızdan asılı olmayaraq, bu əziz, nəcib və səbirli camaata xidmətdə öhdənizə düşən rolu ən yüksək səviyyədə ifa edin!”

Həzrət Ayətullah Xamenei Kirmanşah vilayətinin inkişaf və yüksəliş üçün gözəl potensiala malik olduğunu bildirərək dedi: “Vilayətin quruculuğu və abadlaşması, əhalinin yüksək həyat səviyyəsinə və rifaha nail olması üçün dövlət tərəfindən də mühüm qərarlar qəbul olunub. Bu qərarlar ölkə və regionun bütün rəsmilərinin hamılıqla əzm nümayiş etdirməsi və geniş fəaliyyəti sayəsində düzgün icra olunmalıdır”.

Həzrət Ayətullah Xamenei qəbul edilmiş qərarların tam icrasına ciddi nəzarət olunacağı ilə bağlı verilən vədə görə Nazirlər Şurasına təşəkkürünü bildirərək dedi: “Yerli strukturların rəsmiləri də öz vəzifələrinə əməl edərək ayrılan büdcənin düzgün və rasional xərclənməsinə diqqət yetirməli, qəbul edilən qərarların icrasına ardıcıl şəkildə nəzarət etməlidirlər ki, vilayətdəki problemlərin, xüsusilə də işsizlik probleminin həlli üçün nəzərdə tutulan ümumi və planlı hərəkat daim lazımi sürət tempinə malik olsun”.

Səmimi münasibətə, qucaq dolusu, xoş sevgi hislərinə, çəkilən zəhmətə görə əhaliyə və yerli strukturların rəsmilərinə təşəkkürünü bildirən Ali Məqamlı Rəhbər səfərin təbliğatı məqsədi ilə vilayətdə ifrat həddə fotoşəkil və tabloların asılmasından gileylənərək dedi: “Böyük məsrəflərə səbəb olan belə səs-küylü təbliğat bizim ruhani xarakterimizə uyğun gəlmir, İslam dövlətinə yaraşmır, eyni zamanda elmi cəhətdən də müsbət təsirə malik olmayacaq”.

Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xalqın düşmənlərinin öz məkrli planlarını davam etdirməsi İslam Respublikasının inkişaf etməkdə olduğunu göstərir. O dedi: “İmperialistlərin təbliğat, siyasət, iqtisadiyyat və kəşfiyyat sahəsindəki ardı-arası kəsilməyən hücumları İran xalqının öz məqsəd və amallarını gerçəkləşdirmək yolunda sürətlə irəlilədiyinə sübutdur. Çünki xalqımızın hərəkatı ətalət, gerilik və zəifləməyə düçar olsaydı, düşmən özünü bu qədər oda-közə vurmazdı”.

Regiondakı islami oyanışa toxunan Ali Məqamlı Rəhbər bildirdi ki, xalqların İran xalqının diskursunu – yəni “İslam və şəriətə itaət” diskursunu dəstəkləyərək rəhbər tutması onların bir örnək kimi, İran İslam Respublikasına diqqət yetirdiyini göstərir.

Həzrət Ayətullah Xamenei dedi: “İran xalqının region üçün örnəyə çevrildiyi bu həssas şəraitdə hamımız diqqətli olmalıyıq ki, əziz İranımızın siması xalqların düşüncəsində daha gözəl, daha cəlbedici və harmonik surətdə canlansın, düşmənin bu simanı pozmaq üçün göstərdiyi ardıcıl səylər nəticəsiz qalsın”.

Görüşün əvvəlində Kirmanşah vilayətinin başçısı vilayətin mübariz əhalisinin və qəhrəman döyüşçülərinin 8 illik tarixi qəhrəmanlıq salnaməsi olan Müqəddəs Müdafiə savaşında parlaq iştirak etdiklərini qeyd edərək dedi: “İslam dövlətinin xidmətləri sayəsində, vilayətin hazırkı siması İslam İnqilabından öncəki ilə müqayisəedilməzdir”.

Cənab Haşimi IX hökumətin müxtəlif sferalarda göstərdiyi xidmətlər haqqında daha ətraflı danışaraq dedi: “Bütün səylərə baxmayaraq, vilayətdə hələ də cürbəcür problemlər var. Cənabınızın məsələni dəfələrlə vurğuladığını nəzərə alaraq demək olar ki, inşallah, rəsmilərin ciddi şəkildə hərəkətə keçməsi, Nazirlər Şurasının dünənki iclasında qəbul edilmiş qərarların tam şəkildə izlənməsi və icrası sayəsində, həmin problemlərin həlli istiqamətində böyük addımlar atılacaq”.

Görüş əsnasında prezidentin strateji planlaşdırma və nəzarət işləri üzrə müavini də çıxış edərək Kirmanşah vilayətinin zəngin təbii resurslara, insan kapitalına malik olduğunu qeyd etdi. O, dövlətin vilayətdə inkişaf göstəricilərinin yüksəldilməsi istiqamətində hazırladığı fəaliyyət proqramları barədə ətraflı məlumat verdi.

Cənab Əzizi bildirdi ki, vilayət ictimaiyyətinin inkişaf və tərəqqisi ilə bağlı milli sənəd dövlətin nəzərdə tutduğu özəl proqramlardandır. O, əlavə etdi: “Vilayətin nəcib, dini hakimiyyətə bağlı olan əhalisinə xidmət etmək hökumət üçün qürur mənbəyidir”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /