Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Şanlı İran xalqı möhkəm və mətin addımlarla öz yoluna davam edəcək!

Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei Kirmanşah vilayətinə səfərinin 8-ci günündə Kəngavərin və ətraf şəhərlərin əhalisi ilə ruh yüksəkliyi ilə dolu, izdihamlı bir atmosferdə görüşdü. Çıxışı əsnasında Ali Məqamlı Rəhbər böyük İran xalqının son 30 ildə əldə etdiyi nailiyyətlərə istinadən aşağıdakıları vurğuladı: “Əziz xalqımız seçdiyi yolun son dərəcə çətin etaplarını qüdrət və iftixarla arxada qoyub. O, qazandığı nailiyyətlərlə kifayətlənməyəcək, qarşıdakı bütün mərhələləri də birlik, optimizm və mətinliyi sayəsində uğurla qət edəcək”.

Kəngavərin şəhid Qəlivənd adına stadionunda baş tutan görüşdə böyük sevgi və mehribanlıqla iştirak etdiklərinə görə Kəngavərin, habelə Səhne, Sunqur və Hərsin şəhərlərinin mömin gənclərini, kişi və qadınlarını təqdir edən Ali Məqamlı Rəhbər qeyd etdi ki, rəsmilərlə xalq arasındakı qarşılıqlı sevgi və səmimiyyətin göstəricisi olan belə izdihamlı toplantılar İran İslam Respublikası üçün xarakterikdir.

Həzrət Ayətullah Xamenei bildirdi ki, sevinc, özünəinam, daim işə hazır olma və inqilaba sədaqət əhval-ruhiyyəsi bu regionun və ümumilikdə bütün ölkə əhalisinin bariz xüsusiyyətlərindən biridir. O, əlavə etdi: “İnqilabın və İslam dövlətinin olduqca çətin mərhələlərdən, təhlükəli və dolanbac yollardan ötüb keçməsini təmin edən də məhz həmin xüsusiyyətlər olub və olacaq!”

Hamılıqla mətin durmağın, böyük İran xalqının ümummilli hərəkatını davam etdirməyin vacib olduğunu vurğulayan Ali Məqamlı Rəhbər qeyd etdi ki, əldə olunmuş nailiyyətlərlə hələ yolun ortasında ikən kifayətlənmək, habelə son hədəflərə çatmaqdan ümidini üzmək bu yolda ətalətə səbəb olan iki böyük bəladır. O, əlavə etdi: “Şanlı İran xalqı  inkişaf, yüksəliş və iftixar yolunun yarısında dayanıb qalmayacaq, Uca Yaradanın Quranda verdiyi əmrlərə itaət edərək ədaləti, dinamikliyi, intellekti, dinə əsaslanan gerçək xalq hakimiyyətini özündə əks etdirən müsəlman toplumuna yetişənə qədər  möhkəm və mətin addımlarla öz yoluna davam edəcək!”

Ali Məqamlı Rəhbər İslam dövlətinin uğurlarını davam etdirməyin daha bir şərti kimi, milli birliyi qeyd edərək dedi: “Xoşbəxtlikdən, xalqımızın müxtəlif təbəqələri, o cümlədən xalqla rəsmilər arasında çox gözəl birlik var. Bu birlik daha da dərinləşdirilməli və genişləndirilməli, qarşılıqlı sevgi və etibar artırılmalıdır”.

“Təhsilli, intellektli, inqilabın müsbət xüsusiyyətlərindən bəhrələnən gənc nəsil dövlətimizin və xalqımızın ümid yeridir” –  deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Düşmən cürbəcür üsullarla, o cümlədən ölkədəki vəziyyəti tünd çalarlarda təqdim etməklə xalqımızın möhkəm sıralarında, ardıcıl və optimist hərəkatında boşluq yaratmaq məqsədi güdür”.

Zalım, ədalətsiz dövlət başçılarının qeyrətsizliyinə, Amerika və İngiltərənin siyasətinə və tapşırıqlarına sözsüz itaət etmələrinə toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “Düşməni yandıran budur ki, onun qarşısında müti vəziyyətdə olmuş İran İslam İnqilabı sayəsində, sinəsini imperializmin qarşısında sipər edən, tam qürur və müstəqilliklə hegemonluğa və işğalçılığa qarşı mübarizə aparan bir ölkəyə və xalqa çevrilib”.

Amerikanın İran xalqına qarşı bəslədiyi qəzəb və aqressiyanın köklərini araşdıran Həzrət Ayətullah Xamenei xatırlatdı ki, ABŞ rəsmiləri ölkələrinin yürütdüyü siyasətlərin, xüsusilə də Orta Şərq siyasətinin nəticəsiz qalmasına müsəlman İranının göstərdiyi təsiri etiraf ediblər. O dedi: “Şeytanlar bilirlər ki, oyanmış region xalqları gözlərini əziz vətənimizə dikiblər. Elə buna görə də İranın və İran insanının əzəmətli islami oyanış hərəkatına örnək olmasını, İran xalqının müqavimət kursunun başqa xalqların arasında yayılmasını əngəlləmək üçün bütün imkan və metodlarını səfərbər ediblər”.

Düşmənlərin zəif cəhətləri böyüdüb, nailiyyətləri solğunlaşdırmaqla ölkədəki vəziyyəti bərbad kimi qələmə verməyə çalışdıqlarını qeyd edən Həzrət Ayətullah Xamenei hamını, xüsusilə də qələm əhlini, mətbuat nümayəndələrini, insanlara səslənmək imkanına malik olan medianı bu sahədə diqqətli və ayıq-sayıq olmağa çağırdı. O, əlavə etdi: “Məbada, kimsə səsləndirdiyi mövqe, söylədiyi söz və ya qələmindən çıxan yazı ilə qəsdən, yaxud bilmədən düşmənin bu istəyinə yardımçı ola!”

Mövzunu davam etdirən Ali Məqamlı Rəhbər ölkənin müxtəlif səviyyəli rəsmilərinə də əhalinin problemlərinin həlli, çatışmazlıqların aradan qaldırılması istiqamətində səylərini artırmağı təkidlə tövsiyə etdi.

Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei bir daha vilayətin dörd bir yanında yaşayan əhalinin özünəməxsus keyfiyyətlərini təqdir edərək dedi: “Kəngavər bölgəsinin əhalisi isə həmin keyfiyyətlərdən əlavə, qədimdən bəri Kərbəla yolçularını, Hüseyn aşiqlərini evində qonaq edib. Dinə, ruhani insanlara dərin sevgi ilə yanaşan bu əhali Müqəddəs Müdafiədə və başqa ilahi sınaqlarda parlaq sətirlərin müəllifi olub. Bütün bu xüsusiyyətlər onlara daha işıqlı bir gələcək ərməğan edəcək!”

Görüşün əvvəlində Kəngavər əyalətinin imam-cüməsi Ali Məqamlı Rəhbəri salamlayaraq bölgə əhalisinin Müqəddəs Müdafiədə nümayiş etdirdiyi rəşadət və fədakarlıqlara toxundu. O dedi: “Dini hökumətə ürəkdən bağlı olan bu əhali inqilabın, mərhum İmam Xomeyninin (r.ə) və şəhidlərin yolunda əvvəlki kimi möhkəm addımlarla irəliləyir. Əhalinin icraedici strukturların rəsmilərindən istəyi isə budur ki, bölgənin problemlərinə, xüsusilə də işsizlik probleminə xüsusi diqqət yetirilsin”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /