Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sünni və şiələr arasına ixtilaf salmaq yadellilərin yürütdüyü strateji siyasətdir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kirmanşah vilayətinə səfərinin 6-cı günündə Pave və Ouramant məntəqələrinin mehriban və istiqanlı əhalisi ilə izdihamlı bir atmosferdə görüşdü. Əhali qarşısında çıxış edən Ali Məqamlı Rəhbər bildirdi ki, şiə və sünnilər arasına təfriqə salmaq İslam düşmənlərinin əl atdığı həmişəki vasitədir. O vurğuladı: “Vahid və bölünməz İran xalqı İslam İnqilabının amallarına sədaqətini rasionallıq, elmi və iqtisadi inkişaf, müxtəlif ictimai-siyasi meydanlarda aktiv iştirakla uzlaşdıraraq region xalqlarının əzəmətli hərəkatı üçün istiqamətverici bir örnək yaradır”.

Ali Məqamlı Rəhbər Pave, Cəvanrud, Rəvansər və Solas-e Babacani rayonlarının dəyərli əhalisi ilə görüşündən son dərəcə məmnun qaldığını bildirdi. O, bu məntəqədə yaşayan sünni və şiə məzhəbli əhalinin İslam İnqilabının qələbə çaldığı ilk aylarda separatçı əks-inqilab qüvvələrinə qarşı nümayiş etdirdiyi sayıqlıq və müqaviməti yüksək dəyərləndirdiyini qeyd etdi. Ali Məqamlı Rəhbər Pave və Ouramanat məntəqələrinə dəfələrlə etdiyi səfərlərlə bağlı xatirələrini yada salaraq dedi: “Əks-inqilabçı qüvvələrin bütün səy və təhdidlərinə baxmayaraq, Pave əhalisi 1979-cu ildə dövlət quruluşunun müəyyən edilməsi ilə bağlı keçirilən ümumxalq referendumunda olduqca fəal iştirak etdi. Sonrakı illərdə də Müqəddəs Müdafiədə qəhrəmancasına və başucalığı ilə iştirak edərək İran xalqının müqavimət tarixində müstəsna bir fəallıq və öncüllüyə imzasını atdı”.

“İranlı-müsəlman kimliyinin qorunub saxlanması olduqca mühüm bir məsələdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam İnqilabının qələbəsinin, xalqın ölkədəki müxtəlif məsələlərdə ardıcıl iştirakının və müdaxiləsinin bərəkəti sayəsində, bu gün dünya İran xalqını müdrik və gözüaçıq, müxtəlif sfaralarda öndə gedən və inkişafa nail olmuş müsəlman bir xalq kimi tanıyır. İran xalqı özünün bu ümumxalq kimliyinə arxalanaraq islami oyanışın hiss olunduğu hazırkı dövrdə effektiv rol oynaya bilər”.

İran xalqı və İslam dövlətinin region xalqlarına başçılıq etmək kimi bir iddiada olmadığını qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Hər bir xalq öz istedadına, bacarığına və şəxsiyyətinə uyğun bir yol seçir. Lakin heç şübhəsiz, İran xalqının son 32 ildə özünü büruzə vermiş qabiliyyət və potensialı region xalqlarında bu böyük xalqa qarşı xüsusi bir yanaşmanın formalaşmasına səbəb olub”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, region xalqlarının İran xalqına sevgi və ehtiramla yanaşması İslam dünyasının ictimai təfəkkürünə daha çox təsir göstərmək üçün münasib bir fürsətdir. O, əlavə etdi: “Böyük və müdrik İran xalqı xalqların təfəkküründə bir meyara, etibar etalonuna çevrilə bilər. Bu mühüm məsələ həm İran xalqının, həm də region xalqlarının xeyrinədir və inşallah, vahid və bölünməz İslam ümmətinin formalaşmasına da effektiv təsir göstərəcək”.

“Düşmən İran xalqının başqa xalqlara örnək olma potensialını dərk edir” – deyə xatırladan Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslama və İrana düşmən olan qüvvələrin təfriqəçilik cəhdlərinin əsl məqsədi xalqların gözündə uğurlu İslam Respublikası örnəyinin yaranmasının qarşısını almaqdır”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, istər İslam dünyası miqyasında, istərsə də İranın daxilində sünni və şiələr arasına ixtilaf salmaq yadellilərin yürütdüyü strateji siyasət kursudur. O vurğuladı: “Bizim – sünni və şiə müsəlmanların dini-ideoloji baxımdan ortaq olduğumuz geniş miqyaslı və dərin mahiyyətli məqamlar var və faktiki olaraq müştərək maraq və mənafeyə malikik.  Düşmən isə bu nicatverici müştərək məqamları inkar etmək, zəif çalarlarda təqdim etməklə öz qara niyyətli, işğalçı məqsədlərini həyata keçirmək istəyir”.

Sünni-şiə ixtilafı planına qarşı İran İslam Respublikasının nə qədər dərindən mübarizə apardığını açıqlayan Həzrət Ayətullah Xamenei dedi: “İslam hərəkatının liderləri hələ İslam İnqilabının qələbəsindən öncəki illərdə müxtəlif İslam məzhəbləri arasında vəhdətin yaradılması üzərində dərindən düşünürdülər. İslam dövlətinin əsası qoyulduqdan sonra da heç bir ölkə əsasən sünni olan fələstinli qardaşlarımıza yardım etmək üçün İran qədər mehribancasına və səmimiyyətlə səy göstərməyib”.

“İranın sünni və şiələri arasındakı ixlas, birlik və həmrəylik xəbis planlar quranların ağzından vurulan möhkəm bir yumruqdur” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “Bu qardaşlığın və səmimi münasibətin davam etdirilməsi düşməni məcbur edir ki, İranın ixtilaf və ikitirəlik üçün münasib bir məkan olmadığını, vahid İran xalqının və dövlət rəsmilərinin keçmişdə olduğu kimi, gələcəkdə də heç kəsə bac-xərac verməyəcəyini, heç bir təzyiq qarşısında bir addım belə olsun geri çəkilməyəcəyini dərk etsin”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /