Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmənin istənilən destruktiv hərəkətinə qətiyyətli və peşmanladıcı reaksiya verəcəyik!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei  Kirmanşah vilayətinə səfərinin 5-ci günü vilayət universitetlərinin minlərlə tələbə və müəllimi ilə izdihamlı bir atmosferdə görüşdü. Ali Məqamlı Rəhbər İslam dövlətinin məqsəd və amallarının mahiyyət etibarilə daim aktual və həmişəyaşar olduğunu dəlillərlə əsaslandıraraq qeyd etdi ki, rejimin strukturundakı elastiklik, bu amalları gerçəkləşdirən siyasət və mexanizmlərdə vaxtında dəyişiklik və islahatların aparılması İslam dövlətinin dəyərli potensiallarından biridir. Amerikanın son zamanlar İslam Respublikasına qarşı işə saldığı, səs-küy və ajiotaja səbəb olmuş terrorizm ittihamları ssenarisinin pərdəarxası məqsədlərini qeyd edən Həzrət Ayətullah Xamenei İran xalqının düşmənlərinə belə bir xəbərdarlıq etdi: “İstənilən destruktiv, qıcıqlandırıcı tədbir və yaxud plan İslam Respublikasının qətiyyətli və peşmanladıcı müqaviməti ilə üzləşəcək!”

Kirmanşah vilayətindəki universitetlərin tələbə-müəllim kollektivi ilə möhtəşəm, məna dolu və son dərəcə ürəyəyatan görüşündən məmnunluğunu ifadə edən Ali Məqamlı Rəhbər qeyd etdi ki, həyat eşqi və enerji ilə dolu gənclərin əhatəsində olmaq vəzifəli şəxslərə ikiqat sevinc və ruh yüksəkliyi bəxş edə bilər. O, əlavə etdi: “Ölkənin dünənində, bu günündə və gələcəyində gənclərin rolu son dərəcə qabarıqdır. Ona görə də təhsilli tələbə gənclərlə görüşlər bu baxımdan da xüsusi əhəmiyyətə malikdir”.

“Bu gün mücahidə, müqavimət və bəsirət günüdür!” – deyən Həzrət Ayətullah Xamenei islami oyanışa, Misir, Tunis və digər region ölkələrindəki hakimiyyət dəyişikliklərinə, bu ölkələrdə meydana gəlmiş gizli və aşkar çəkişmələrə, cürbəcür tendensiyalara toxunaraq əlavə etdi: “Regionda yeni hakimiyyət rejimlərinin formalaşdığı bu həssas şəraitdə İran İslam Respublikasındakı ümumi vəziyyət regionun bu günündə və gələcəyində mühüm rol oynaya biləcək effektiv amillərdən biridir. Odur ki İslam dövlətinin ümumi mahiyyətinin yenidən nəzərdən keçirilməsi, bu haqda dərindən düşünmə ikiqat əhəmiyyət kəsb edib”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İslam dövlətinin ümumi mahiyyətinin yenidən nəzərdən keçirilməsi reallığı görmənin, rejimin şüurlu hərəkətini dəyərləndirmənin vacibliyi baxımından da əhəmiyyətlidir. O, əlavə etdi: “Reallığı nəzərə almadan, uzaq perspektivlərə diqqət yetirmədən atılan addımlar əksər hallarda yanlışlıq və sapınma ilə müşayiət olunur. Odur ki keçdiyimiz yolu və hazırkı vəziyyətimizi bu baxımdan da yenidən nəzərdən keçirməliyik”.

Həzrət Ayətullah Xamenei ortaya bir neçə sual qoyaraq mövzunun əhəmiyyətini Kirmanşah vilayətinin tələbə-müəllim kollektivi üçün daha artıq vurğuladı: “İslam dövlətinin təzəliyi və ya köhnəliyi məsələsi müzakirə mövzusu ola bilərmi? Rejim günlərin bir günü köhnəlib sıradan çıxacaqmı? Bu köhnəlmənin qarşısını almaq üçün bir yol varmı? Belə bir vəziyyət yaransa, çıxış yolu olacaqmı?”

Ali Məqamlı Rəhbər ziyalı və düşünən insanlara, xüsusilə də universitetlərin və teoloji mərkəzlərin tələbə-müəllim kollektivinə, qərar qəbul etmək və onları həyata keçirmək səlahiyyətinə malik olan şəxslərə yuxarıda qoyulan suallar ətrafında dərindən düşünməyi tövsiyə edərək zehinlərdə 3 mərhələdən – İslam dövlətinin formalaşması, irəliyə doğru hərəkəti və varlığını davam etdirməsi mərhələlərindən ibarət məntiqi bir zəncir yaratdı. O dedi: “İslam İnqilabı – yəni çürük şah diktaturasını devirərək yeni bir dövlətin qurulması üçün zəmin yaratmış bir hərəkat, İslam dövləti – yəni xalqın ölkə üçün seçdiyi ümumi bir mahiyyət, İslam dövlətinin təşkili – yəni ölkənin idarəetmə orqanlarını özündə birləşdirəcək vahid bir sistemin bərqərar edilməsi, müsəlman cəmiyyətinin, ardınca isə İslam ümmətinin təşkili – bütün bunlar ölkəmizin keçmiş, indiki və gələcək kursunu müəyyən edən zəncirin müxtəlif halqalarıdır”.

Bu zəncirin ilk üç halqasının formalaşması prosesinə toxunan Ali Məqamlı Rəhbər dördüncü mərhələnin – yəni müsəlman cəmiyyətinin formalaşması mərhələsinin  aralıq, lakin çox mühüm və ali bir hədəf olduğunu dedi və öz önəmli çıxışını bu mövzu ətrafında qurdu.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /